Məhkəmə qərarları › İş №2(103)-10388/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10388/2021

30.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10388/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(006)-4191/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsini işə cəlb etməklə Cavabdeh qarşı «ümumi mülkiyyət hüququnda payın artırılması, mülkiyyət hüququnun tanınması və s» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi iddiaçının, ½ hissəsi isə iddiaçının əmisi Abdul Qurban oğlunun xüsusi mülkiyyətində olmuş, 14.03.2003-cü ildə əmisi özünə məxsus ½ hissədən ibarət payını bui ş üzrə cavabdeh Niftullayeva (Quliyeva) Hülya Saleh qızına satmış, ona görə də hazırda bu ev üzərində hər birinin ½ hissədən ibarət payları vardır. 16.09.2016-cı il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə iddiaçı tərəfindən olunaraq bildirilmişdir ki, evləri bir mərtəbədən ibarətdir. Hazırda iddiaçı, həyat yoldaşı, iki uşaqları və iki bacısı burada yaşayırlar. Cəmi evinin yaşayış sahəsi 35,5 kv.m. olan iki otaqdan ibarətdir. İddiaçının oğlu hərbi xidmətdən çoxdan qayıtmış, laki onu evləndirmək istəsələr də yaşayış sahələri az olduğundan onu evləndirə bilmədikləri səbəbindən yaşadıqları evin birinci mərtəbəsinin üstündə, yəni ikinci mərtəbədə üç otaqdan ibarət biri 12,10 kv.m., 9,8 kv.m. və 21,7 kv.m. ibarət olan, cəmi 43,6 kv.m. hissədən ibarət yaşayış sahəsi tikmək istəmiş və həmin layihəni hazırlayaraq İH-nə göndərmişlər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına əsasən evin ikinci mərtəbəsində tikiləcək bu yaşayış otaqlarının layihəsi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə göndərilməklə onlar məlumatlandırılmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən tikinti ilə bağlı heç bir etiraz daxil olunmamış, ona görə də evin birinci mərtəbəsinin üstündə həmin tikili tikilməyə başlanmışdır. 28.03.2017-ci il tarixdə ərizə ilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə müraciət olunaraq bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyətində olan ½ hissəsində evin 2-ci mərtəbəsində 3 otaqdan ibarət 43,6 kv.m. yaşayış sahəsinin tikilməsi üçün 16.09.2016-cı il tarixdə onun layihəsi göndərilməklə məlumat verilmiş, hazırda tikintinin başa çatması barədə müvafiq aktla rəsmiləşdirilməlidir. Bundan sonra Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları bu tikilən sahəyə baxmış və etiraz olmadığından, 28.03.2017-ci il tarixində tikintinin başa çatması ilə bağlı ərazi üzrə 59 saylı MİS tərəfindən bu sahənin faktiki sxemi çəkilmiş və müvafiq akt tərtib etmişdir. Həmin aktda göstərilir ki, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, 65 saylı fərdi yaşayış evi DƏDRX-nin 30/4936 saylı, 14.03.2003-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ümumilikdə 5 otaq, 92,9 kv.m.yaşayış sahəsindən, 109,7 kv.m. ümumi sahədən ibarətdir. Həmin mülkün ½ hissəsi İddiaçı məxsusdur. Yerində müayinə zamanı məlum olmuşdur ki, İddiaçı istifadəsində olan sahə faktiki olaraq 7 otaqdan, 107.2 kv.m. yaşayış sahəsindən, 161,18 kv.m. ümumi sahədən ibarətdir. Eyni zamanda bu aktla birlikdə həm də 59 saylı MİS tərəfindən iddiaçının evinin istifadədə olan faktiki sahəsinin plan sxemi də çəkilmişdir. Tikintinin başa çatmasına dair adı çəkilən akt və plan sxem məlumat üçün Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə göndərilmişdir. Aktda birinci mərtəbədə yerləşən təsərrüfat otaqları və qaraj göstərilmədiyindən ümumi sahə 161,18 kv.m. göstərilmiş, lakin 59 saylı MİS tərəfindən çəkilmiş plan sxemdə isə ümumi sahə 204,58 kv.m. qeyd edilmişdir. 2017-ci ildə bu iş üzrə Cavabdeh iddiaçıya qarşı Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi verərək evin bölünməsi tələbi ilə müraciət etmiş, Nəsimi rayon Məhkəməsinin 2(006)-3396/2017 saylı 11.10.2017-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilməmişdir. Cavabdeh bu qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-604/2018 saylı 29.11.2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəsimi rayon Məhkəməsində icraat vaxtı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi 17.08.2017-ci il tarixli 12701 saylı rəy vermiş və «ünvan 2 ünvanında yerləşən yaşayış evinin tərəflər arasında paylarına uyğun şəkildə bölünməsinin texniki cəhətdən mümkün olduğunu bildirmişdir. Bunun üçün həyatyanı sahə ümumi istifadədə saxlanılmaqla, «A» saylı yaşayış evinin 2,4,8,9,10,11 saylı tikililəri, eləcə də «Q» saylı tikilinin bütövlükdə iş üzrə Cavabdeh istifadəsində, «A» saylı yaşayış evinin 1,3,5,6,7 saylı tikililərin, eləcə də «B», «V» saylı tikililərin bütövlükdə iş üzrə cavabdehin İddiaçı istifadəsinə verilə bilər». Bakı Apellyasiya Məhkəməsində icraat zamanı məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzi özünün 16.10.2018-ci il tarixli 18583 saylı digər rəyi ilə «ünvan 2 ünvanında yerləşən yaşayış evinin tərəflər arasında paylarına uyğun şəkildə bölünməsinin texniki cəhətdən mümkün olmadığını bildirmişdir». 2016-cı ildə evin iddiaçıya məxsus və yaşadıqları ½ hissəsinin üstündə ikinci mərtəbəsinin tikilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh heç bir etiraz bildirmədi və özü də gələcəkdə birinci mərtəbənin üzərində yaşayış sahəsini tikəcəyini bildirdi. 01.04.2019-cu il tarixdə iddiaçı tərəfindən adı çəkilən sənədlər sənədlər toplanılaraq Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanına müraciət edərəkünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində inşa etdiyi yaşayış sahəsinin reyestrdə qeydə alınmasını xahiş etmişdir. Orada evin paylı mülkiyyətdə olduğunu bildirərək digər palı mülkiyyətçinin də razılıq ərizəsi verməli olduğunu bildirmişlər. İddiaçı Cavabdeh müraciət edərək belə razılıq ərizəsi verməsini xahiş etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr gətirmiş, gah demişdir ki, «istifadə etdiyim B tikilisi olan mətbəxi mənə ver». İddiaçı hətta həyətdə ümumi istifadədə olan sanitar qovşağı da cavabdehə vermişdir. Lakin yenə də cavabdeh razılıq ərizəsi verməmişdir. Ona görə də bu iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mülki Məcəlləsinin normalarına uyğun olaraq ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçıya məxsus ½ hissəsinin 1-ci mərtəbəsinin üstündə 2-ci mərtəbədə inşa etdiyi və müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş 21,7 kv.m., 12,1 kv.m.və 9,8 kv.m. yaşayış otaqlarından, 13,0 kv.m. mətbəxdən, 4,20 kv.m. sanitar qovşağı, 2,5 kv.m. dəhliz, 2,3 kv.m. metr pilləkən qovşağından ibarət cəmi, 65,6 kv.m. sahəyə mülkiyyət hüququ tanınmaqla iddiaçının mülkiyyətinə daxil olmalıdır. Evin tərtib olunmuş texniki pasportuna və akta uyğun olaraq isə İddiaçı mülkiyyətində olan sahə faktiki olaraq 7 otaqdan, 107,2 kv.m. yaşayış sahəsindən, 161,18 kv.m. ümumi sahədən ibarətdir ki, bu sahəyə mülkiyyət hüququ tanınmaqla daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınmaqla, mülkiyyət hüququna dair çıxarış verilməlidir. Göstərilənlərə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinin 1-ci mərtəbəsinin üstündə 2-ci mərtəbədə inşa etdiyi (21,7+12,1+9,8+13,0+4,20+2,5+2,3 kv.m.)=65,6 kv.m. ümumi sahə və 82,6 kv.m. mansard həcmində ümumi mülkiyyətdə iddiaçının payı artırılmaqla, cəmi 7 otaqdan, 107,2 kv.m. yaşayış sahəsinin, 204,57 kv.m. ümumi sahəsinin üzərində mülkiyyət hüququ tanınmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışla rəsmiləşdirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(006)- 4191/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsində yerləşən 65 saylı evə paylı mülkiyyət hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı isə ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etmədən cavabdehə aparılmış tikinti işləri barədə qabaqcadan məlumat verməmiş, onun razılığı alınmamış və digər payçınında payına düşən hissədən ( rəsmi çıxarışla müəyyən edilmiş sahədən 50% daha çox sahə) tam istifadə edərək iddiaçı ümumi əmlakdakı sahənin artırılmasını həyata keçirmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 214.3, 217-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apelyasiya şikayəti vermiş və qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(006)-4191/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası şikayətə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, apellyasiya sikayəti qətnamənin ləğvinə yönəldildiyindən qətnamə tam yoxlanılmalıdir. Kollegiya işin materiallarını, apelyasiya şikayətinin dəlillərini, apelyatorun apelyasiya məhkəməsində verdiyi izahatında göstərdiklərini müzakirə edib hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materialları ilə müəyyən edilir ki, hazırki iddia tələbini irəli sürməkdə iddiaçının məqsədi paylı mülkiyyətdə olan yaşayış evinin üstündə inşa etdiyi tikililərə mülkiyyət hüququnun tanınması və həmin hüququn müvafiq dövlət orqanında rəsmiləşdirilməsi üçün məhkəmə aktının qəbul edilməsinə nail olmaqdır. Yəni inzibati orqanın səlahiyyətlərinə aid olan məsələnin mülki mühakimə qaydasında həll edilməsini istəmişdir. Bununla əlaqədar kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). Şərh olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini nəzərə almayaraq, hazırki mübahisənin inzibati mübahisə olduğunu nəzərə almadan, işə mülki mübahisə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən isə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənləri nəzərə almaqla kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(006)-4191/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən iddiaçıya izah edir ki, o, əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı lazımi sənədlərlə müvafiq icra hakimiyyəti orqanına müraciət edə, müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın qərar(lar)ından, yaxud hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(006)-4191/2021 saylı qətnaməsi ləğv edilsin və İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini işə cəlb etməklə Cavabdeh qarşı «ümumi mülkiyyət hüququnda payın artırılması, mülkiyyət hüququnun tanınması və s.» tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə, müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın qərar(lar)ından, yaxud hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar