Məhkəmə qərarları › İş №2(103)-10424/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10424/2021

24.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10424/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4739/2021 saylı, 11.08.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və vurulmuş zərərə görə kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə 31.05.2021-ci il tarixli, 032 nömrəli əmrinin ləğv olunması, əvvəlki vəzifəyə bərpa olunması, məcburi işsiz qaldığı, qətnamənin icra olunacağı tarixədək olan dövr üçün əmək haqqının, eləcə də istifadə etmədiyi 2 illik dövr üçün əmək məzuniyyətinə görə kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi, əlavə olaraq iddiaçının keçirdiyi mənəvi sarsıntıya görə isə 20000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 01.06.2019-cu il tarixdə Cavabdeh MMC-nə əmək müqaviləsi əsasında xadimə vəzifəsinə işə qəbul olunmuşdur. Həmin vaxtdan etibarən qeyd edilən müəssisənin istehsalat şöbəsində işləmişdir və bu müddət ərzində vəzifəsini qüsursuz icra etmişdir. 23.04.2021-ci il tarixdə müəssisədə istehsalat müdiri işləyən Şahmurad Cəfərov iddiaçıya rəhbərliyin göstərişi ilə işdən çıxarıldığını və iddiaçının əvəzinə başqa işçi işləyəcəyini bildirmişdir. İddiaçı ona etiraz etmiş və işində heç bir qüsur olmadığını, rəhbərliyin onunla şəxsi qərəzlə davrandığını bildirmişdir. Bundan sonra, iddiaçı insan resursları bölməsinin rəhbəri Yeganə xanım və icraçı direktor Əzizə xanımla da görüşüb onların fikrini öyrənmişdir. Onlar da, birmənalı şəkildə iddiaçının işdən çıxarılacağını bildirmişdir. Bundan sonra, iddiaçı onlara da etiraz edib işində heç bir qüsura yol vermədiyini, onu işdən çıxarmağın əsassız olduğunu, şəkər xəstəsi olduğunu və işə ehtiyacı olduğu üçün iddiaçıya qarşı ədalətsiz davrandıqlarını bildirmişdir. Lakin onlar fikirlərindən dönməmiş və artıq yeni işçinin iddiaçının əvəzinə dəvət olunduğunu bildirmişlər. İddiaçıya işə gəlməyinə ehtiyac olmadığını, özləri lazım olanda onu çağıracaqlarını bildirmişlər. Bundan sonra, iddiaçı bir müddət şirkətdən xəbər gözləmişdir. Lakin bir müddət sonra iddiaçını şirkətə dəvət edib əmək müqaviləsinə 31.05.2021 -ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə (ştatların ixtisarı) xitam verilməsi bildirilmişdir. Buna görə də, iddiaçı əmək hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun hüquqları kobud şəkildə pozulmuş, nəticədə iddiaçı işindən məhrum olmuş və ona maddi və mənəvi zərər dəymişdir. Belə ki, iddiaçı şəkərli diabet xəstəliyindən əziyyət çəkir və bu xəstəliyi barədə şirkətdə məlumat olduğu halda əmək qanunvericiliyini kobud şəkildə pozaraq iddiaçı ilə əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. 31.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən əmək müqaviləsinə xitam verildi və bir neçə gün sonra iddiaçıya əmək kitabçasını təhvil verdilər. Cavabdeh MMC iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 31.05.2021 -ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən xitam verməsinə baxmayaraq iddiaçı ilə edilən son haqq-hesabı əmək haqqı kartına 5-6 gün sonra köçürmüşdür. Əmək müqaviləsinə xitam verildikdən sonra son haqq-hesabın hansı formada və necə hesablanması barədə məlumatı yoxdur. İşlədiyi 2 il ərzində ona əmək məzuniyyəti də verilməmişdir. Bütün bu yuxarıda yazılanlardan da göründüyü kimi iddiaçının əmək müqaviləsinə qərəzli olaraq əsassız xitam verilmiş, işdən çıxarılmağı şirkət rəhbərliyinin göstərişi əsasında həyata keçirilmişdir. Bundan başqa, şirkət rəhbərliyinin iddiaçıya qarşı bu cür qərəzli və qanusuz hərəkətləri nəticəsində şiddətli əsəb və stress keçirmişdir. Şəkər xəstəsi olduğu üçün ona qarşı edilmiş bu haqsızlıq ciddi mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4739/2021 saylı, 11.08.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 01.06.2019-cu il tarixdə Cavabdeh MMC-də əmək müqaviləsi əsasında xadimə vəzifəsinə işə qəbul olmuşdur. Həmin vaxtdan etibarən qeyd olunan müəssisənin istehsalat şöbəsidə işləmiş və bu müddət ərzində vəzifəsini qüsursuz icra etmişdir.23.04.2021-ci il tarixdə müəssisədə istehsalat müdürü işləyən Şahmurad Cəfərov ona rəhbərliyin göstərişi ilə işdən çıxarıldığını və onun əvəzinə başqa işçinin işləyəcəyini bildirmişdir.İddiaçı ona etiraz etmiş və işində heç bir qüsur olmadığını, rəhbərliyin onunla şəxsi-qərəzlə davrandığını bildirmiş və dərhal iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Bu xəbəri eşidəndən bir saat sonra insan resursları bölməsinin rəhbəri Yeganə xanım və İlhahə xanım onun yerinə təyin edilmiş yeni işçi ilə istehsalat şöbəsinə gəlmişdilər.Daha sonra iddiaçı onlara da etiraz edib işində heç bir qüsura yol vermədiyini, onu işdən çıxarmağın əsassız olduğunu, şəkər xəstəsi olduğunu və iddiaçıya qarşı ədalətsiz davrandıqlarını bildirmişdir. Lakin onlar artıq yeni işçinin iddiaçının əvəzinə təyin olunduğunu bildirmişdilər və bildirmişdirlər ki, rəhbərliyin göstərişidir.Birinci gün pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədən sonra şirkətə gələndə ona bildirmişdilər ki, evinə poçt vasitəsilə əmr göndərimişdir. Bundan sonra iddiaçı onlara bu əmrin ona bir ay əvvəldən verilməli olduğunu bildirmişdir. Əmrin vaxtında verilməməsi də qanunun göstərişlərinin pozulmasıdır.İşlədiyi müddət ərzində məzuniyyətə çıxmamışdır.Pandemiyanın ilk ərəfələrində onlara karandaşla yazılmış kağızlar imzalatmışdılar və bu kağızların məzuniyyət kağızları olduğunu bildirmişdilər.Bundan əlavə üç məhkəmə iclasının heç birində Cavabdeh MMC-nin nümayəndələri iştirak etməmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi X4 çıxışı zamanı onun işcə çıxarılmağında səhvlər olduğunu bildirmişdir.Amma kompensasiyanın çox olduğunu da qeyd etmişdir.Halbuki, onun tələb etdiyi kompensassiya ona dəymiş olan maddi zərərlə bağlıdır və həmin maddi zərərin məbləğindən artıq deyil.Belə ki, AR Əmək Məcəlləsinin 195-ci maddəsinin tələblərinə əsasən əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda işçiyə dəymiş olan olan maddi zərər ödənilməlidir.İddiaçı, şikayətinin hüquqi əsasları olaraq Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci, 294-cü, 75-ci, 79-cu, 77-ci, 70-ci maddəsinin "b " bəndinə istinad etmişdir. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4739/2021 saylı, 11.08.2021ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən görünür ki, əmək kitabçası 01 sentyabr 1977-ci il tarixdə İddiaçı adına açılmışdır. 01.06.2019-cu il tarixdə, 21 nömrəli əmr əsasında Cavabdeh MMC-də xadimə vəzifəsində çalışmağa başlamışdır. 31.05.2021ci il tarixdə, 032 nömrəli əmr əsasında, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (ştatın ixtisarı) tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 30.06.2021-ci il tarixli ambulator kartdan çıxarışa əsasən görünür ki, İddiaçı 16 saylı şəhər poliklinikasında qeydiyyatdadır. Sonuncu dəfə 26.06.2020-ci il tarixdə endokrinoloji kabinetə müraciət etmişdir. Diaqnozu şəkərli diabet tip 2 xəstəliyidir. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi barədə çıxarışa əsasən görünür ki, Cavabdeh MMC 13.11.2018-ci il tarixdən dövlət qeydiyyatına alınmışdır. VÖEN kodu ********** kimi qeyd edilmişdir. 15.05.2020-ci il tarixli, 01.06.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsinə dair 18 nömrəli əlavəyə əsasən görünür ki, işəgötürən ilə işçi arasında, işçiyə 15.05.2020-ci il tarixindən etibarən hər ay 250 manat məbləğdə ştat cədvəli ilə təyin olunmuş əmək haqqının ödənilməsi, əmək haqqının ayda bir dəfə ödənilməsi barədə razılıq əldə edilmişdir. 23.04.2021-ci il tarixli bildirişə əsasən görünür ki, İddiaçı 01.06.2019-cu il tarixdən Cavabdeh MMC ilə arasında bağlanmış əmək müqaviləsinə 24.04.2021-ci il tarixdən etibarən 4 həftə sonra AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilməsi, əmək qanunvericiliyinə əsasən xəbərdarlıq müddəti əvəzinə əmək haqqının 0,9 misli miqdarında birdəfəlik vəsait almaq hüququnun mövcud olması barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamənin surətinə əsasən görünür ki, İddiaçı 23.04.2021-ci il tarixli bildirişi 27.04.2021-ci il tarixdə qəbul etmişdir. İş materiallarında olan 06 aprel 2020-ci il tarixli, 013 nömrəli əmrə əsasən görünür ki, İddiaçı 01.06.2019-01.06.2020 iş ili dövrü üçün 13.04.2020-ci il tarixdən 03.05.2020-ci il tarixədək 21 gün müddətinə əmək məzuniyyətinin verilməsi, 04.05.2020-ci il tarixində işə başlaması, 21 məzuniyət günü üçün ödənişin təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan 31 may 2021-ci il tarixli, K-032 nömrəli əmrə əsasən, İddiaçı 31.05.2021-ci il tarixdən AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən işçilərinin sayı və ya ştatların ixtisarı ilə bağlı əmək müqaviləsinə xitam verilməsi, 01.06.2019-31.05.2021-ci il müddəti üçün istifadə edilməmiş əsas əmək məzuniyyətinin 18 gününə düşən məbləğdə kompensasiya və orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir. 10.08.2021-ci il tarixli, **********796407000 nömrəli hesab üzrə hesab haqqında məlumata əsasən iddiaçıya 31.01.2020-ci il tarixdən başlayaraq 08.05.2021-ci il tarixə qədər hər ay əmək haqqı, 04.06.2021-ci il tarixdə son haqq-hesab, 04.06.2021-ci il tarixdə işdən çıxarılma müavinət haqqı olmaqla, 474 manat məbləğində ödənişlər edilmişdir. Apellyasiya şikayətinin dəlillərinin araşdırılması baxımından Kollegiya Cavabdeh MMC-yə sorğu edərək göstərmişdir ki, Cəmiyyətin istehsal sahəsinin xadiməsi İddiaçı əmək müqaviləsinə 31 may 2021-ci il tarixli K-032 nömrəli əmrlə xitam verilmişdir.Odur ki, işçilərin sayı və ştatların belə ixtisarına səbəb olmuş zərurətlə bağlı məlumat və sənədlərin, o cümlədən, hal-hazırda Cavabdeh MMC-də istehsal sahəsinin xadimə ştatında neçə nəfərin işlədiyi və İddiaçı yerinə xadimə təyin olunub-olunmaması barədə məlumatların təcili olaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi tələb olunur. İş materiallarına əlavə olunmuş sorğuya cavab olaraq Cavabdeh MMC tərəfindən “Elektron Kabinet” vasitəsilə məhkəməyə təqdim olunmuş “Xidməti məlumat”dan müəyyən olunur ki, istehsal sahəsində təmizlik xidmətinin kənar şəxslərə həvalə olunması planlaşdırıldığından 18 may 2021-ci il tarixli əmrlə şirkətdə xadimə ştatı ləğv olunmuşdur.Lakin aparılmış danışıqlar nəticəsiz bitdiyindən 01.07.2021-ci il tarixdə yeni xadimə ilə əmək müqaviləsi bağlanmışdır.İlk olaraq bu ştata X2 namizədliyi nəzərdən keçirilsə də, qeyd olunan xanımın aqressiv davranışı, həmçinin mənəvi zərər tələbi razılaşmaya imkan verməmişdir. Kollegiya ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296cı maddəsinin 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 31 may 2021-ci il tarixli, K-032 nömrəli əmrə əsasən, İddiaçı 31.05.2021-ci il tarixdən AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən işçilərinin sayı və ya ştatların ixtisarı ilə bağlı əmək müqaviləsinə xitam verilməsi, 01.06.2019-31.05.2021-ci il müddəti üçün istifadə edilməmiş əsas əmək məzuniyyətinin 18 gününə düşən məbləğdə kompensasiya və orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi əmr edilmişdir. İddiaçı 31 may 2021-ci il tarixli 032 nömrəli əmrin mövcudluğu barədə məlumatı 05.06.2021-ci il tarixdə olmuş, bu iddia ərizəsində, həmçinin iddiaçının izahatında (05.06.2021-ci il tarixdə həmin əmrdən məlumatı olduğunu məhkəmə iclas zalında bildirmişdir) öz əksini tapmışdır. Göründüyü kimi, İddiaçı 2021-ci ilin iyun ayının 5-də 31 may 2021-ci il tarixli 032 nömrəli əmrin mövcudluğunu bilməklə, hüququnun pozulduğunu aşkar etmiş, iddia ərizəsindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsi ilə 30 iyun 2021-cu il tarixdə məhkəməyə müraciət etmiş, iş materiallarında (i/v-13) olan Bakı şəhər Yasamal rayon məhkəməsinin 07 iyul 2021-ci il tarixli 2(004)-4707/21 saylı qərardadından görünür ki, lakin iddia ərizəsi imzalanmadığından iddia ərizəsi geri qaytarılmış və iddiaçı elə həmin tarixdə (07.07.2021-ci il tarixdə) nöqsanları aradan qaldıraraq yenidən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndinə əsasən Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin hüququdur. Kollegiya işin yuxarıda sadalanan və apellyasiya baxışında araşdırılan hallarına münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsində hansı zərurətlərdən dolayı Cavabdeh MMC-də “təşkilati-struktur dəyişikliyi ilə bağlı ştat ixtisar etmək hüququndan istifadə edilməsi araşdırılmamamış və bu səbəbdən işin hallarına hüquqi qiymət verilməmişdir. Bununla belə apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, 31.05.2021-ci il tarixdə, 032 nömrəli əmr əsasında, Besting” MMC-də xadimə vəzifəsində çalışan İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (ştatın ixtisarı) tutduğu vəzifədən azad edilməsi əmr edilmişdir.Cavabdeh MMC-nin Bakı apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq Cavabdeh MMC tərəfindən “Elektron Kabinet” vasitəsilə məhkəməyə təqdim olunmuş “Xidməti məlumat”dan müəyyən olunur ki, 18 may 2021-ci il tarixli əmrlə şirkətdə xadimə ştatı (həm də yeganə xadimə ştatı) ləğv olunmuşdur. Lakin sonradan bu ştat bərpa olunaraq 01.07.2021-ci il tarixdə yeni xadimə ilə əmək müqaviləsi bağlanmışdır. Kollegiya qeyd edir ki, iddiaçı öz xadimə işinə bərpa olunması ilə bağlı məhkəməyə müraciət etməsinə və işinə bərpa olunması arzusunda olmasına baxmayaraq, cavabdeh xadimə ştatını yenidən bərpa etmiş, lakin 01.07.2021-ci il tarixdə yeni xadimə ilə əmək müqaviləsi bağlamışdır.Cavabdehin iddiaçı X2 aqressiv davranışına, həmçinin mənəvi zərər tələbinə istinad etməsi Cavabdeh MMC-də xadimə vəzifəsində çalışan İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (ştatın ixtisarı) tutduğu vəzifədən azad edilməsinə dair 31.05.2021-ci il tarixli, 032 nömrəli əmrin qanuni olmasına əsas, yaxud haqq qazandıran hal kimi qəbul edilə bilməz. Kollegiya onu da qeyd edir ki, əvvəla iddiaçının hansı aqressiv davranışının onun öz işinə bərpa olunmasına maneə olması barədə ümumiyyətlə hər hansı sübut təqdim edilməmiş, ikincisi iddiaçının işdən çıxarılmazdan əvvəl hansı davranışı yuxarıda qeyd edilən əmrin verilməsinə şərait yaratması ilə bağlı heç bir dəlil irəli sürülməmişdir.Əksinə xadimə ştatının ləğv olunması, Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (ştatın ixtisarı) iddiaçının tutduğu vəzifədən azad edilməsi əmrinin verilməsi, daha sonra qısa müddətdə həmin ştatın bərpa oluması, lakin yeni xadimə ilə əmək müqaviləsi bağlanmasının qanuniliyi və əsaslılığı hər hansı mötəbər sübutlarla təsdiqini tapmamışdır. Halbuki, Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən Əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır.İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir.Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Göründüyü kimi, cavabdeh tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin obyektiv zərurətdən yaranması və əsaslı olması iş materialları ilə təstiqini tapmamışdır. Əmək qanuvericiliyi işəgötürənə öz sturukturunu və ştat tərkibini müstəqil surətdə müəyyən etmək imkanı yaradır. Yəni konkret müəssisədə işçilərin say və ştat tərkibini müəyyənləşdirmək hüququ məhz işəgötürənə məxsusdur. İşəgötürən işin həcminə, mövcud iqdisadi vəziyyətə, müəssisənin gələcək plan və hədəflərinə uyğun olaraq ştat və işçi sayını artıra və ya azalda bilər. Ştat ixtisarı dedikdə müəyyən olunmuş qaydada müvafiq vəzifə üzrə bir, yaxud bir neçə ştat vahidinin ləğvi, eləcə də işlərin həcminin azaldılması başa düşülür. Bir qayda olaraq ştatların ixtisarı müəssisədə istehsalın və idarəçiliyin təşkilini təkmilləşdirmək, təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq, artıq xərclərin qarşısını almaq məqsədi ilə həyata keçirilir. Ştatın ixtisan həm də işlərin ümumi həcmi saxlanılmaqla işçilərin vəzifələri yenidən bölüşdürüldükdə və nəticədə zəruri işlərin sayı azaldıqda mümkündür. Həmçinin, Əmək Məcəlləsi işçilərin saylarının və ya ştatlarının ixtisarı zamanı işəgötürənin üzərinə bir sıra vəzifələr qoymuşdur. ƏM-nin 77-ci maddəsində qeyd edilir ki, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edİlməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi: bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi: beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi: on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi. Beləliklə, qeyd edilənlərə hüquqi qiymət verərək Kollegiya hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin 31.05.2021-ci il tarixli, 032 nömrəli əmrinin ləğv olunması, əvvəlki vəzifəyə bərpa olunması, məcburi işsiz qaldığı, qətnamənin icra olunacağı tarixədək olan dövr üçün əmək haqqının ödənilməsinə dair tələbi əsaslıdır və bu hissədə iddia təmin olunmalıdır. Kollegiya iddia tələbinin iddiaçının istifadə etmədiyi 2 illik dövr üçün əmək məzuniyyətinə görə kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi, əlavə olaraq iddiaçının keçirdiyi mənəvi sarsıntıya görə isə 20.000,0 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə münasibətdə qeyd edilir ki, göstərilən tələblərin əsaslı olması iş materialları ilə təstiqini tapmamışdır, iddiaçı ona mənəvi zərərin dəyməsini sübuta yetirə bilməmişdir, məhkəməyə bu barədə sübutlar təqdim edilməmişdir. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə də təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4739/2021 saylı, 11.08.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. Cavabdeh MMC-nin 31.05.2021-ci il tarixli, 032 nömrəli əmri ləğv olunsun. İddiaçı Cavabdeh MMC-də əvvəlki işinə-xadimə vəzifəsinə bərpa olunsun. İddiaçı məcburi işsiz qaldığı gündən qətnamənin icra olunacağı tarixədək olan dövr üçün əmək haqqı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar