Məhkəmə qərarları › İş №2(103)-1046/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1046/2025

21.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1046/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh PHŞ-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin ləğv edilməsi və s.”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4409/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh PHŞ-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cavabdeh 1838 nömrəli, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsini, onun işə bərpa edilməsi, iddiaçının məcburi iş buraxmağa görə əmək haqqı (maddi ziyan) hesablanması və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, habelə vurulmuş mənəvi ziyana görə 8000 (səkkiz min) manat məbləğində pulun, dövlət rüsumu və mediasiya xərcinə görə ümumilikdə ödənilmiş 155 (bir yüz əlli beş) manat pulun iddiaçının xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək, İddiaçı Cavabdeh PHŞ-yə qarşı iddiasının əsassız olduğundan və iddia müddəti ötürüldüyündən rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.

3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4409/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Günay Abidova) ilə İddiaçı Cavabdeh PHŞ-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməmişdir.

4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı qətnamədən apellyasiya verərək qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv edərək, iddianın tam şəkildə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Eyni zamanda, bildirdi ki, iddiaçıya əmək kitabçası təqdim edilməsi barədə məlumat yoxdur, ona görə də müddət ötürülməsindən söhbət gedə bilməz. Həmçinin bildirdi ki, iddiaçı barəsində olan cinayət işinə hazırda Nərimanov Rayon Məhkəməsində baxılır.

7. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

9. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 Milli Hematologiya və Transfuziologiya Mərkəzinin:

10. 17.01.2022-ci il tarixli, 110 nömrəli “töhmət verilməsi haqqında” əmrindən görünür ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin X1 şöbəsinin Talassemiyanın profilaktikası bölməsinin laborantı İddiaçı müəssisə daxili nizam-intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən intizam tənbehi – töhmət verilmişdir.

11. 26.09.2022-ci il tarixli, 1228 nömrəli “şiddətli töhmət verilməsi haqqında” əmrindən görünür ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin X1 şöbəsinin Talassemiyanın profilaktikası bölməsinin laborantı İddiaçı daxili nizam intizam qaydalarını və mütəmadi olaraq iş davamiyyətini pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

12. 23.12.2022-ci il tarixli, 1609 nömrəli “əmək və icra intizamının pozulmasına dair yazılı xəbərdarlıq verilməsi haqqında” əmrindən görünür ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin X1 şöbəsinin Talassemiyanın profilaktikası bölməsinin laborantı İddiaçı əmək və icra intizamını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən yazılı xəbərdarlıq edilmişdir. Gələcəkdə belə hallar təkrar baş verərsə qanunvericiliyə əsasən ona qarşı daha ciddi tədbirlər görüləcəyinin işçiyə çatdırılması qeyd edilmişdir.

13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin icraçı direktoru V.T.Hüseynova X1 şöbəsinin müdiri Ə.Məmmədova tərəfindən ünvanlanmış:

14. 03.02.2023-cü il tarixli təqdimatdan görünür ki, həmin şöbənin Talassemiyanın profilaktika bölməsinin laborantı İddiaçı əmək müqaviləsi üzrə tutduğu vəzifə öhdəliklərini layiqincə icra etmədiyinə, daxili nizam-intizam qaydalarını dəfələrlə kobud şəkildə pozduğuna, subordinasiya qaydalarına riayət etmədiyinə, vəzifəsi üzrə rəhbərliyin müvafiq tapşırıqlarına əməl etmədiyinə görə iclaslar keçirilmiş və bununla bağlı qərarlar qəbul edilmişdir. Qeyd edilənləri və İddiaçı əmək müqaviləsinin bitməsini nəzərə alaraq əmək müqaviləsinə xitam verilməsinə dair münasibət bildirilməsi xahiş edilmişdir.

15. X1 şöbəsinin müdiri Əfsanə Məmmədova tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, İddiaçı xx.xx.2023-cü il (saat 15:48), xx.xx.2023-cü il (saat 15:53) tarixlərində iş yerini vaxtından əvvəl tərk etmiş, xx.xx.2023-cü il (saat 09:16), xx.xx.2023-cü il (saat 09:06), xx.xx.2023-cü il (saat 09:05), xx.xx.2023-cü il (saat 09:14), xx.xx.2023-cü il (saat 09:05) tarixlərində isə işə gecikmişdir. xx.xx.2023-cü il tarixində icazə verilmədiyi halda iş yerini tərk edib, saat 09:09-da geri dönmüş, xx.xx.2023-cü il tarixində isə ümumiyyətlə işə gəlməmişdir. İddiaçı haqqında Nizamintizam Komissiyasının iclasının qərarı əsasında şiddətli töhmət verilmiş, lakin işçi heç bir nəticə çıxarmayaraq müəssisənin qaydalarına əməl etməmişdir. Kadrlar şöbəsi tərəfindən şöbə müdiri kimi ona işçi haqqında edilən iradın haqlı olduğunu düşünür. Qeyd edilənləri nəzərə alaraq, müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir.

16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin:

17. Nizam-intizam Komissiyasının 3 nömrəli xx.xx.2023-cü il tarixli protokolundan və Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nın xx.xx.2023-cü il tarixli, 919 nömrəli əmrindən görünür ki, X1 şöbəsinin Talassemiyanın profilaktikası bölməsinin laborantı İddiaçı iş yerində əmək və icra intizamının normal ahəngini, müəssisədaxili nizam-intizam qaydalarını və mütəmadi olaraq iş davamiyyətini pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

18. Nizam-intizam Komissiyasının 3 nömrəli xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, X1 şöbəsinin laborantı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

19. İcraçı direktoru V.T.Hüseynova X1 şöbəsinin müdiri VMİE Q.Orucov tərəfindən ünvanlanmış təqdimatdan görünür ki, həmin şöbənin laborantı İddiaçı xx.xx.2023-cü il tarixində işə gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir (şöbə müdiri və kadrlar şöbəsi). İddiaçı tərəfindən belə hallar dəfələrlə və əsasən cümə günlərində təkrar olunmuşdur. Əməkdaş tərəfindən gəlməməyi ilə bağlı heç bir rəsmi sənəd təqdim edilməmişdir.

20. 19.07.2023-cü il tarixli, 1382 nömrəli əmrindən görünür ki, laborantı İddiaçı iş yerində əmək funksiyasını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əmrə əlavə edilmiş xx.xx.2023-cü il tarixli imzası ilə təsdiq etdiyi izahatından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində işə gələrkən səhhətində problem yaranması (halsızlıq, baş ağrısı və boğaz şişmiş) ilə əlaqədar şöbə müdirinə məlumat vermək istəmiş, lakin əlaqə yarada bilməmişdir. Dərhal kadrlar şöbəsinə məlumat vermişdir.

21. 03.08.2023-cü il tarixli Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri R.D.İbrahimxəlilova, həmin şöbənin mütəxəssisləri C.X.Rzayeva , N.M.Əlimusayeva, T.R.Şabanova və V.Ç.Abdullayeva tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş Aktdan görünür ki, Mərkəzin X1 şöbəsinin Talassemiyanın profilaktikası bölməsində laborantı İddiaçı özünün bildirdiyi və şəxsi işində qeyd etdiyi ünvanda yaşamadığı, həmçinin Bakı şəhərində kirayə qaldığı evləri mütəmadi olaraq dəyişməsi səbəbindən qeydiyyat ünvanına iş ilə əlaqədar hər hansı sənədlərin göndərilməsi barədə xəbəri olmayacağı üçün onunla şöbə tərəfindən xx.xx.2023-cü il tarixində telefon əlaqəsi saxlanılmışdır. İddiaçı tərəfindən isə işə gəlməməsi barədə hər hansı səbəb bildirilməmiş və heç bir rəsmi sənəd təqdim edilməmişdir. Ona işə heç bir üzürlü səbəb olmadan və bununla bağlı rəsmi sənəd təqdim edilmədən gəlməməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olacağı bildirilmişdir.

22. xx.xx.2023-cü il tarixli, 1838 nömrəli əmrindən görünür ki, Mərkəzin X1 şöbəsinin Talassemiyanın profilaktikası bölməsində laborantı İddiaçı onun barəsində tətbiq edilmiş şiddətli töhmət növündə intizam tənbehlərindən nəticə çıxarmayaraq uzun müddət işəgötürənə məlumat vermədən işə gəlməməsini nəzərə alaraq onunla bağlanmış xx.xx.2021-ci il tarixli, 0552 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir.

23. xx.xx.2023-cü il tarixli Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri R.D.İbrahimxəlilova, həmin şöbənin mütəxəssisləri C.Rzayeva , N.Əlimusayeva, T.Şabanova və V.Abdullayeva tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş Aktdan görünür ki, Mərkəzin Talassemiyanın profilaktikası şöbəsinin laborantı vəzifəsində işləyən İddiaçı heç bir üzürlü səbəb olmadan günlərlə işə gəlməmiş və bununla bağlı heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Səbəblərini araşdırmaq üçün əlaqə saxlanıldığı zaman İddiaçı zənglərə cavab vermədiyindən onunla əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmin günü İddiaçı İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri R.İbrahimxəlilova ilə telefon vasitəsilə əlaqə saxlayaraq işdən azad edilməsinin səbəblərini soruşduğu zaman sonuncu tərəfindən ona günlərlə işdə olmadığı, bununla əmək vəzifələrini pozduğuna görə əmək müqaviləsinə xitam verildiyi bildirilmiş və işdən azad olunması haqqında əmrlə tanış olmaq, əmək kitabçasını götürmək üçün Mərkəzə çağırılmışdır. Lakin İddiaçı Mərkəzə gəlməkdən və əmək kitabçasını götürməkdən imtina etmişdir.

24. xx.xx.2023-cü il tarixli Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin İnsan resurslarının idarə edilməsi şöbəsinin mütəxəssisləri Nərmin Əlimusayeva, Vəfa Abdullayeva, Cəvahir Rzayeva və Təmilə Şabanova tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş Aktdan görünür ki, Mərkəzin Talassemiyanın profilaktikası şöbəsinin laborantı vəzifəsində işləyən İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq əmrin surəti və əmək kitabçasını götürmək üçün dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılmış, lakin o zənglərə cavab verməmişdi. Əmək müqaviləsinə xitam verildiyi gündən sonra İddiaçı müxtəlif vaxtlarda ayrı-ayrı bəhanələrlə Mərkəzə gəldiyi zaman ona İnsan resurslarının idarə edilməsi şöbəsi tərəfindən əmrin surəti və əmək kitabçası təqdim edilmiş, o əmrlə tanış olmuş, lakin imza atmaqdan və sənədləri qəbul etməkdən imtina edərək səbəb olaraq qısa müddət ərzində işə qayıdacağını bildirmişdir.

25. Bakı 18 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00773 nömrəli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, tərəflərə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş və Cavabdeh PHŞ-nin nümayəndəsi X4 mediasiya sessiyasının davam etdirilməsinə razılıq verməmişdir. İddiaçı tərəfindən 50 manat İMS xərci + 5 manat kargüzarlıq xərci olmaqla, 55 manat pul ödənilmişdir.

26. 0077414 nömrəli əmək kitabçasında edilmiş qeydlərdən görünür ki, İddiaçı: - xx.xx.2021-ci il tarixli, 412 nömrəli Əmrə əsasən xx.xx.2021-ci il tarixdən Mərkəzin X1 şöbəsinin Talassemiyanın profilaktikası bölməsində laborant vəzifəsinə işə qəbul olunmuşdur. - xx.xx.2023-cü il tarixli, 1838 nömrəli Əmrə əsasən xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

27. 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.

28. 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.

29. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol veirlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

30. 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. Həmin maddənin a bəndinə görə işçi özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

31. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.

32. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 296.5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər. Maddə 297. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

33. 375.2-ci madəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

34. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu:

35. 3.2. Kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

36. 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

37. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

38. 4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2 ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən.

39. 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

40. 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

41. 21.8. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir.

42. 32.1 və 32.4.2. Mediasiya prosesinə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış tərəflərə təqdim edildiyi gündən xitam verilir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi:

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

46. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

47. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

48. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

49. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

50. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

51. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

52. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

53. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

54. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

55. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

56. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Hazırkı mülki iş materialları ilə müəyyən edilir ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

58. İddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmrlə həmin tarixdən xitam verilmiş, o hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə vermiş, rayon məhkəməsi iddia müddəti tətbiq etməklə iddia tələbini təmin etməmişdir.

59. Hazırda iddiaçı onun tərəfindən müddətin ötürülmədiyini bildirir, belə ki, əmək kitabçasının ona təhvil verilmədiyinə istinad edir.

60. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə görə işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddia müddətinin məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdir.

61. Mülki iş materiallarında olan xx.xx.2023-cü il tarixli Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri R.D.İbrahimxəlilova, həmin şöbənin mütəxəssisləri C.Rzayeva, N.Əlimusayeva, T.Şabanova və V.Abdullayeva tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktdan, xx.xx.2023-cü il tarixli Milli Hematologiya və Transfuziologiya Mərkəzi PHŞ-nin İnsan resurslarının idarə edilməsi şöbəsinin mütəxəssisləri Nərmin Əlimusayeva, Vəfa Abdullayeva, Cəvahir Rzayeva və Təmilə Şabanova tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, Mərkəzin Talassemiyanın profilaktikası şöbəsinin laborantı vəzifəsində işləyən İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq əmrin surəti və əmək kitabçasını götürmək üçün dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılmış, lakin o zənglərə cavab verməmişdi. Əmək müqaviləsinə xitam verildiyi gündən sonra İddiaçı müxtəlif vaxtlarda ayrı-ayrı bəhanələrlə Mərkəzə gəldiyi zaman ona İnsan resurslarının idarə edilməsi şöbəsi tərəfindən əmrin surəti və əmək kitabçası təqdim edilmiş, o əmrlə tanış olmuş, lakin imza atmaqdan və sənədləri qəbul etməkdən imtina edərək səbəb olaraq qısa müddət ərzində işə qayıdacağını bildirmişdir.

62. Göründüyü kimi, iddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verilməsindən ən azından xx.xx.2023-cü il tarixdən məlumatlı olmuş və bu andan müddətin axımı başlamışdır.

63. İddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş 1 (bir) aylıq müddət ötürüldükdən sonra məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.

64. Beləliklə də, məlum olur ki, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməmiş, müddətin ötürülməsini qəbul etsə də, müddətin bərpa edilməsi ilə bağlı rayon məhkəməsinə iddia müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə verməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin ötürülməsi barədə ərizəyə istinadən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etməkdə haqlı olmuşdur.

65. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

66. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

67. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4409/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar