Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10479/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X5 və X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4225/2021 saylı, 31 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi, daha sonra isə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 15.01.2021-ci il tarixli k/21-00178 nömrəli əmrinin ləğv edilməsi, onun müvafiq ASC-də işə bərpa olunmağı, ona dəymiş maddi ziyanın 5232 (beş min iki yüz otuz iki) manat və mənəvi ziyanın isə 50000 (əlli min) manat məbləğinin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4225/2021 saylı, 31 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı X3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni əsaslandırılmış qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, 02.05.2015-ci il tarixdə, "xxxx" ASC-nin İnkişaf və İnvestisiya Departamentinin Tikinti və Yenidənqurma İdarəsinə texniki nəzarətçi vəzifəsinə işə qəbul olmuşam. 13.06.2019-cu il tarixdən isə həmin idarədə təmir tikinti bölməsinin rəisi vəzifəsində çalışmışdır. Əslində isə həmin təşkilatda aparıcı mühəndis kimi fəaliyyətə başlamış, buna baxmayaraq əmək kitabçasında yanlışlığa yol verilmişdir. 15.01.2021-ci il tarixdə işə götürən, hazırki cavabdeh, "xxxx" ASC tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən, "ştatın" ixtisarı ilə əlaqədar olaraq, aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra, Departament rəhbərliyi ixtisara düşən işçilərin və əmək kollektivi qarşısında çıxış edərək, aparılmış islahatlara baxmayaraq, heç bir işçinin işsiz qalmyacağını və müxtəlif idarə və şöbələrdə işlə təmin ediləcəyini vəd etmişdir. Həmin vaxtdan hazıradək işsizdır, heç yerdə işləmir, ailənin yeganə qazanc yeri işi ilə bağlıdır, ailə üzvlərinin heç biri işləmir. Bu mənada, yaşamaq, digər təşkilatlar qarşısında müəyyən öhdəlik götürmüş, (bank, kredit borcları və s.) onları ödəmək qabiliyyətindən məhrum olmuşdur. Onunla birlikdə ixtisara düşən iş yoldaşları, cavabdehin əmri ilə daha yüksək vəzifəyə təyin olunmaqla yanaşı yüksək əmək haqları ilə təmin olunmuşdur. Onu narahat edən məqam odur ki, bu vəzifədə 5 il işləmiş, əmək və intizamın pozulmasına yol verməmiş və intizam məsuliyyətinə cəlb edilməmişdir. Həmçinin, işəgötürən tərəfindən “ştatın” ixtisar edilərkən əmrin surətini almamışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə ştat ixtisar edilərkən müharibə iştirakçılarına üstünlük verilir. Lakin işəgötürən müharibə iştirakçısı kimi ona hörmət qoymamış, qanunun tələbini pozmuşdur. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə xitam verilərkən bu orqanın qabaqcadan razılığı tələb olunduğu halda, heç bir razılığı və qərarı olmamış, hər hansı bir qərarla tanış edilməmişdir. Məhkəmə iclasında iddiaçı X3 apellyasiya şikayətini müdafiə etdi, eyni məzmunlu izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndələri X7 və X6 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 2.1, 11, 70, 71.1, 76, 77.1-77.3, 78.1, 78.2, 79.1, 80.1, 80.2, 83, 296.2-ci maddələrinə, Mülki Məcəllənin 21.1, 1096, 1097.1, 372.1-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarlarına istinad edərək qənaətini belə əsaslandırmışdır ki, məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan əmək münasibətlərinə xitam verilə bilməz. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisar edilməsi səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə vaxtında xəbərdarlıq edilmiş, həmkarlar ittifaqı təşkilatına təqdimatla müraciət edilmiş və iddiaçının işdən azad edilməsinə qabaqcadan razılığı alınmışdır. Bundan başqa "xxxx" ASC tərəfindən 15.01.2021-ci il tarixli əmrin çıxarılması barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, əmək kitabçası təqdim edilmişdir. İddiaçının bu məsələdə istinad etdiyi dəlillər əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinin məzmunundan da görünür ki, qanunvericilik işçilərin sayı və ya ştat vahidləri ixtisar edilərkən, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçının işlədiyi ştat vahidi ümumiyyətlə ləğv edilmiş və artıq belə bir ştat olmadığından işəgötürən işçilər arasında seçim etmək imkanına da malik olmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Əmək Məcəlləsinin 79-cu maddəsinin təsiri altına düşən hallar müəyyən edilməmişdir. Beləliklə yuxarıda şərh edilənlərə əsasən məhkəmə iddiada göstərilənlərin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı üçün iddianın rədd edilməsi qənaətinə gəlir. Həmçinin, məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmuşdur. Əvvəla, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsaslı hesab edilə və qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən ştatlar ixtisar olunduğuna görə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsini ləğv etməzdən əvvəl cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq edilməsinə dair iş materialında sübutlar mövcuddur(bax i.v.33). İddiaçı da ona xəbərdarlıq edilməsini mübahisələndirmir. Mübahisələndirdiyi hal cavabdeh "xxxx" ASC tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən, "ştatın" ixtisarı ilə əlaqədar olaraq, aralarında bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra, Departament rəhbərliyinin ixtisara düşən işçilərin və əmək kollektivi qarşısında çıxış edərək, aparılmış islahatlara baxmayaraq, heç bir işçinin işsiz qalmyacağını və müxtəlif idarə və şöbələrdə işlə təmin ediləcəyini vəd etməsi, lakin həmin vaxtdan hazıradək işsiz olduğu, heç yerdə işləməməsi, ailənin yeganə qazanc yeri işi ilə bağlı olması, ailə üzvlərinin heç birinin işləməməsi, bu mənada, yaşamaq, digər təşkilatlar qarşısında müəyyən öhdəlik götürməsi, (bank, kredit borcları və s.) onları ödəmək qabiliyyətindən məhrum olması və digər hallardır. İddiaçının düşdüyü vəziyyət anlaşılan olsa da göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün kifayətedici əsas deyildir. Çünki, cavabdeh qurum dövlət təşkilatıdır və iddiaçının işlədiyi vəzifə ştatı ixtisar olunmuş, yəni artıq mövcud deyildir. Mümkündür ki, Departament rəhbərliyi qeyd etdiyi fikirləri bildirsin, lakin həmin fikirlər də iddianın təmin edilməsi üçün birbaşa əsas ola bilmir. Çünki, iddia hansısa şəxsin şifahi qaydada verdiyi vədinə görə yox, əsaslılığına və qanuniliyinə görə təmin oluna bilər. Ancaq hazırki iddia əsaslı olmamışdır. İkincisi, iddiaçı ilə birlikdə ixtisara düşən iş yoldaşları, cavabdehin əmri ilə daha yüksək vəzifəyə təyin olunmaqla yanaşı yüksək əmək haqları ilə təmin olunmaları faktı da həqiqi olsa belə bunlar hazırki iddianın əsaslılığına dəlalət etmir. Çünki, həmin şəxslər göstərdiyi vəzifəyə məhkəmə qərarı ilə bərpa edilməmişlər. Bu məsələ işəgötürənlə işçi arasında könüllü qaydada həll edilən münasibətlərə aiddir. İddiaçının bu vəzifədə 5 il işləməsi, əmək intizamının pozulmasına yol verməməsi və intizam məsuliyyətinə cəlb edilməməsi də hazırki iddianın təmin edilməsini bilavasitə labüd etmir. Çünki, iddiaçı ilə olan əmək müqaviləsi göstərdiyi hallara yol verdiyinə görə ləğv edilməmişdir. Üçüncüsü, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ştatlar deyil, işçilərin sayı ixtisar edilərkən həmin Məcəllənin 78-ci maddəsinin 2-ci hissəsinin tələbinə əsasən işəgötürən müharibə iştirakçılarının işdə saxlanılmasına üstünlük verməlidir. Lakin hazırki halda iddiaçının işlədiyi ştat ixtisar olunmuş, başqa sözlə bütövlükdə ASC-nin İnkişaf və İnvestisiya Departamenti ləğv edilmişdir. Buna görə də bu vəziyyət cavabdeh tərəfindən qanunun tələbinin pozulması kimi qiymətləndirilə bilməz. Dördüncüsü, "xxxx" ASC-nin X4 30.11.2020-ci il tarixli qərarı ilə ASC-nin İnkişaf və İnvestisiya Departamentinin ləğvi ilə əlaqədar bir neçə şəxsin, o cümlədən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə X4 etiraz etməmişdir. Bu barədə qərarın surəti işdə(bax.i.v.31-32) vardır. Bununla yanaşı, Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin də pozulduğu iş materialları ilə təkzib edilir. Beşincisi, iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi hissəsinin əsaslılığı o zaman əhəmiyyət kəsb edə bilərdi ki, tələbin əsas hissəsi təmin edilmiş olsun. Ancaq tələbin əsas hissəsi təmin olunmadığından ondan doğan törəmə tələb də təmin edilə bilməz. Çünki, maddi və mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkətlər və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin bu hallar hansısa mötəbər sübutlarla təsdiq edilmir. Buna görə də iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi də inandırıcı deyildir. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə nəticə etibarı ilə düzgün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı X1 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4225/2021 saylı, 31 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10479/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10479/2021
06.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver