Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10530/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi, mənzildən istifadəyə yaradılan maneçiliyin aradan qaldırılması və zərərin əvəzinin ödənilməsi barədə” ilk iddiasına, Cavabdeh MTK-nın İddiaçı qarşı “mənzil üzərində mülkiyyət hüququna xitam verilməsi, mənzilin əvəzində daha böyük sahəli mənzilin verilməsi barədə müqavilənin bağlanması və yaşayış binası istifadəyə təhvil verilənədək müvəqqəti kirayədə yaşamaq üçün kirayə xərcinin ödənilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 06.09.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə ünvan 1 ünvanında yerləşən mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil iddiaçının mülkiyyətindədir, faktiki qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mənzilin yaxınlığında hündürmərtəbəli bina inşa edir, bununla əlaqədar tikintisöküntü işləri aparır. Tələb və onun həlli: İddiaçının ilk iddia ərizəsində tələb olunub ki, mənzil ərazidə tikinti-söküntü işlərinin başlanmasından əvvəlki vəziyyətdə bərpa olunsun, mənzilə istifadə hüququnun həyata keçirilməsinə maneçilik aradan qaldırılsın, mənzilə giriş-çıxış üçün yol düzəldilsin, cavabdeh tərəfindən tikinti işləri mənzil ilə ara məsafəsi gözlənilməklə aparılsın, maddi zərərin (əldən çıxmış icarə haqqının) əvəzi kimi 8.500 manat, mənəvi zərərin əvəzi 10.000 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Cavabdehin qarşılıqlı iddia ərizəsində tələb olunub ki, mənzil üzərində iddiaçının mülkiyyət hüququna xitam verilsin, mənzilin əvəzində iddiaçıya həmin ünvanda cavabdeh tərəfindən inşa olunacaq 11 mərtəbəli yaşayış binasının 2-ci girişinin 5-ci mərtəbəsində yerləşən, tikililərinin xarici ölçüləri nəzərə alınmaqla 86,0 kv.m, daxili ölçüləri nəzərə alınmaqla 71,7 kv.m təşkil edən təmirli mənzilin verilməsi barədə müqavilə bağlansın, hazırkı tələbin təmin edilməsi barədə qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq cavabdeh tərəfindən 11 mərtəbli yaşayış binası istifadəyə təhvil verilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşməsi üçün iddiaçıya hər ay 500 manat məbləğində pul vəsaiti ödənilsin. Qətnamə ilə qət olunub ki, ilk iddia rədd olunsun, qarşılıqlı iddia təmin olunsun, mənzil üzərində iddiaçının mülkiyyət hüququna xitam verilsin, mənzilin əvəzində iddiaçıya həmin ünvanda cavabdeh tərəfindən inşa olunacaq 11 mərtəbəli yaşayış binasının 2-ci girişinin 5-ci mərtəbəsində yerləşən, tikililərinin xarici ölçüləri nəzərə alınmaqla 86,0 kv.m, daxili ölçüləri nəzərə alınmaqla 71,7 kv.m təşkil edən təmirli mənzilin verilməsi barədə müqavilə bağlansın, hazırkı tələbin təmin edilməsi barədə qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq cavabdeh tərəfindən 11 mərtəbli yaşayış binası istifadəyə təhvil verilənədək müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşməsi üçün iddiaçıya hər ay 500 manat məbləğində pul vəsaiti ödənilsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, ilk iddia təmin olunsun, qarşılıqlı iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili Vəkil3 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: İlk iddianın həlli qarşılıqlı iddianın həllindən asılı olduğuna görə əvvəlcə qətnamənin ilk iddiaya aid hissəsi, daha sonra isə qarşılıqlı iddiaya aid hissəsi yoxlanılmalıdır. Qarşılıqlı iddia barədə: Cavabdeh iddiaçının mənzil üzərində mülkiyyət hüququna xitam verilməsini tələb etmək hüququna malik deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. "xxxx" MTK-nın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31.05.2020-ci il tarixli qərarında qeyd olunub “... konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun mədudlaşdırılması üçün əsas kimi çıxış edə bilər”. Lakin həmin qərarda qəza vəziyyətdə olan tikilidən bəhs olunur. Müvafiq olaraq Mənzil Məcəlləsinin 28-ci maddəsində qəza vəziyyətində olan mənzillərin (yaşayış binalarının) yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasından bəhs olunur. “Qəza vəziyyəti” anlayışı isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 26.08.2008-ci il tarixli, 68 nömrəli əmri ilə təsdiq edilmiş “AzDTN 1.7-1.Bina və qurğuların yükdaşıyan inşaat konstruksiyalarının müayinəsi Qaydaları”nda müəyyən olunub. Qayadların 3-cü bəndinə görə “qəza vəziyyəti” deyildikdə yükgötürmə qabiliyyətinin tükənməsinə və dağılma təhlükəsinin mövcudluğuna əyani sübut olan zədələnmə və deformasiyalarla xarakterizə olunan tikinti konstruksiyalarının və ya bina və qurğuların texniki vəziyyətinin kateqoriyası başa düşülür. Hazırkı işdə mənzillə bağlı verilmiş, “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən təsdiq edilmiş rəydə evin qəza vəziyyətində olduğu təsdiq edilməyib, həmin rəydə ümumiyyətlə “qəza” sözü yoxdur. Belə vəziyyətdə qarşılıqlı iddianın təmin edilməsi, yəni mülkiyyətçinin iradəsinə zidd olaraq mənzil üzərində onun mülkiyyət hüququna xitam verilməsi mülkiyyətin toxunulmazlığı barədə konstitusion normanın pozulmasına səbəb ola bilər. İlk iddia barədə: İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə görə tikililərinin xarici ölçüləri nəzərə alınmaqla mənzilin sahəsinin 65,6 kv.m, daxili ölçüləri nəzərə alınmaqla mənzilin sahəsinin 49,9 kv.m təşkil etdiyi müəyyən olunur. Mənzilin daxili konstruksiyaları üzərində linoliumun cırılması, kafelin qoparılması, elektrik naqilinin, giriş qapısının və əl-üz yuyanın sökülməsi, dirvarların üzərinin cızılması və divarların bir hissəsinin sökülməsi kimi qüsurların olduğu nəzərə alınaraq, həmin qüsurların təbii aşınmadan yox, kənar təsirlər nəticəsində əmələ gəldiyi müəyyən olunur. Bundan başqa rəydə qeyd olunub ki, mənzilin çöl divarnın bir hissəsi zədələnib. Rəydə daha sonra qeyd olunub ki, yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 5.201 manat müəyyən olunur. Rəyə həmçinin müvafiq smeta əlavə olunub. Göründüyü kimi, ekspert rəyində qüsurların kənar təsir nəticəsində əmələ gəldiyi qeyd olunub. İddiaçı iddia edir ki, qüsurlar cavabdehin həyata keçirdiyi söküntütikinti işləri nəticəsində əmələ gəlib. Cavabdehin qarşılıqlı iddia verməsi onu təsdiq edir ki, qüsurlar cavabdehin həyata keçirdiyi söküntü-tikinti fəaliyyəti nəticəsində yaranıb. Cavabdehin bu hərəkəti delikt sayılır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Odur ki, iddiaçı zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı zərərin əvəzinin naturada ödənilməsini, yəni mənzilin ərazidə tikintisöküntü işlərinin başlanmasından əvvəlki vəziyyətdə bərpa olunmasını tələb edir. Mülki Məcəllənin 1115-ci maddəsindən görünür ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Odur ki, cavabdehin üzərinə mənzildəki qüsurları aradan qaldırmaq vəzifəsi qoyulmalıdır. Qüsurların aradan qaldırılması üçün ekspert rəyinə əlavə edilmiş smetada göstərilən təmir-tikinti işləri görülməlidir. Həmin işlər bu qətnamənin nəticə hissəsində göstərilib. Təmir-tikinti işləri orta keyfiyyətli inşaat metariallarından istifadə edilməklə orta keyfiyyətdə həyata keçirilməlidir. Belə ki, Mülki Məcəllənin 436-cı maddəsinə görə əgər icranın keyfiyyəti müqavilədə müfəssəl müəyyənləşdirilməyibsə, borclu ən azı orta keyfiyyətli iş görməli və orta keyfiyyətli əşya verməlidir. Bu qayda müqavilədən əmələ gələn öhdəliklərə aid olsa da zərər vurmadan əmələ gələn öhdəliklərə də şamil oluna bilər. Belə ki, Mülki Məcəllənin 396-cı maddəsinə görə öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir. Söküntü-tikinti işlərindən əvvəl mənzilin hansı vəziyyətdə olduğunu müəyyənləşdirmək mümkün deyil, ona görə də orta keyfiyyət əsas götürülməlidir. İlk iddianın qalan hissəsi əsassızdır. Belə ki, mənzilə istifadə hüququnun həyata keçirilməsinə maneçiliyin aradan qaldırılması tələb olunsa da, cavabdehin iddiaçının mənzildən istifadə etməsinə maneə yaratdığı müəyyən olunmur. Mənzilə giriş-çıxış üçün yolun düzəldilməsi tələb olunsa da, belə bir yolun cavabdeh tərəfindən sıradan çıxarılması müəyyən olunmur. Tikinti işlərinin mənzil ilə ara məsafəsi gözlənilməklə aparılması tələb olunsa da, ara məsafəsinin pozulması ilə bağlı sübut təqdim edilməyib. Əldən çıxmış icarə haqqının əvəzi kimi 8.500 manat tələb edilsə də, əvvəlki dövr (söküntü-tikinti işlərinin başlanmasına qədərki dövr) üçün icarə haqqı alınması barədə ödəniş sənədləri təqdim olunmayıb. Mənəvi zərərin əvəzi 10.000 manat tələb olunsa da, cavabdehin həyata keçirdiyi söküntü-tikinti işləri nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi və ya iztirab çəkməsi təsdiq olunmur. Ona görə də məhkəmə Mülki Məcəllənin 14, 18 və 21-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, göstərilən tələblərə aid hissədə ilk iddia təmin oluna bilməz. Beləliklə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli, ilk iddia qismən təmin olunmalı, mənzildə qüsurların yaranması nəticəsində vurulmuş zərərin əvəzinin naturada ödənilməsi, yəni qüsurların aradan qaldırılması vəzifəsi cavabdehin üzərinə qoyulmalı, ilk iddianın qalan hissəsi və qarşılıqlı iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 06.09.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı ilk iddiası qismən təmin olunsun. İddiaçı məxsus olan, ünvan 2 ünvanında yerləşən, sahəsi xarici ölçüləri nəzərə alınmaqla 65,6 kv.m, daxili ölçüləri nəzərə alınmaqla 49,9 kv.m təşkil edən mənzildə yaranmış qüsurlar orta keyfiyyətli inşaat metariallarından istifadə edilməklə orta keyfiyyətli təmir-tikinti işləri ilə Cavabdeh MTK tərəfindən aradan qaldırılsın. Qüsurların aradan qaldırılması üçün aşağıdakı materiallardan istifadə edilməklə aşağıdakı təmir-tikinti işləri görülsün: 1) zədələnmiş divarın kərpic materialı ilə hörülməsi, 30 kv.m sahə, kərpic 1680 ədəd, sement 5 kisə, qum 1 kisə; 2) daxili və xarici divarların sement məhlulu ilə suvanması, 60 kv.m sahə, sement 10 kisə, qum 2 kisə; 3) divardan köhnə divar kağızının qaşınması, 55 kv.m sahə; 4) divar səthinin şpaklyovkalanması və divar kağızının yapışdırılması, 55 kv.m sahə, divar kağızı 10 rulon, divar kağızının yapışqanı 2 qutu, şpaklyovka 2 kisə; 5) divar səthinin şpaklyovkalanması və boya ilə rənglənməsi, 125 kv.m sahə, boya 50 qutu, şpaklyovka 4 kisə; 6) divarın kafellə üzlənməsi, 2 kv.m sahə, kafel 2 kv.m, mata 1 kisə; 7) damın ruberoidlə qırlanması, 30 kv.m sahə; 8) döşəmədən köhnə linolimun sökülməsi və yenisinin vurulması, 40 kv.m sahə, linolium 40 kv.m; 9) su kranı 1 ədəd; 10) əl-üz yuyan 1 ədəd; 11) plastik qapı 1 ədəd; 12) jalüz qapı (metal) 1 ədəd; 13) elektrik xəttinin yenidən çəkilməsi; 14) su və istilik sistemin dəyişdirilməsi. İlk iddianan qalan hissəsi təmin edilməsin. Cavabdeh MTK-nın qarşılıqlı iddiası təmin edilməsin. Ekspertiza xərci olan 100 (yüz) manat Cavabdeh MTK-dan Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutlsun. Tərəflərin ödədiyi dövlət rüsumu onların özlərinə aid edilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10530/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10530/2021
17.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver