Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10539/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3221/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 30.04.2015-ci il tarixli, 19- SMEG-9-0-229-15(Ə1) saylı kredit müqaviləsi üzrə 24904,25 ABŞ dolları əsas borc, 38464,24 ABŞ dolları faiz borcu və 2627,88 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 65996,37 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın cavabdehin mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62 kv.m, yaşayış sahəsi 38 kv.m olan 2 otaqlı 32 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması, borcun satışdan əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi qaydada tutulması, mənzil satıldıqdan satıldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin istifadə hüquqları itirilmiş hesab edilməklə mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3221/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi – Cavabdeh 30.04.2015-ci il tarixli, 19-SMEG-9-0-22915(Ə1) saylı kredit müqaviləsi üzrə 24904,25 ABŞ dolları əsas borcu və 21071,24 ABŞ dolları faiz, 227,88 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 46203,37 (qırx altı min iki yüz üç dollar 37 sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun və 42 (qırx iki) manat məhkəmə xərclərinin İddiaçı ASC-nin xeyrinə tutulması; tutmanın ipoteka qoyulmuş, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62 kv.m, yaşayış sahəsi 38 kv.m olan 2 otaqlı 32 saylı mənzilə yönəldilərək ilkin satış qiymətinin 72000 (yetmiş iki min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi; satışdan əldə olunmuş vəsait pul tələbinin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh tutulması; ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 62 kv.m, yaşayış sahəsi 38 kv.m olan 2 otaqlı 32 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində cavabdehin mənzildən çıxarılması və mənzilin boşadılması; iddia tələbinin qalan hissədə təmin edilməməsi; iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 70 (yetmiş) manat hissəsinin Cavabdeh, 30 (otuz) manat hissəsinin isə İddiaçı ASC-dən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş edərək göstərmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyini vaxtıvaxtında yerinə yetirmiş, borcun çox hissəsini ödəmiş və 14000 ABŞ dolları borcu qalmışdır. Əsas, faiz borcu və cərimə hissəsində qətnamə ləğv edilməlidir. 21071,24 ABŞ dolları faiz borcunun yarandığını və hansı müddət üçün tətbiq edildiyini əsaslandırmamışdır. Məhkəmə borc məbləğini öz mülahizəsinə əsasən hesablamışdır.Bundan əlavə, məhkəmə “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin tələblərini pozaraq mənzilin ilkin satış qiymətini 72000 manat müəyyən etməklə gəldiyi nəticə tam əsassızdır. Çünki, mənzilin yerləşdiyi ərazidə əmlakların qiyməti ilə müqayisədə real bazar qiymətlərindən qat-qat aşağı olduğu üçün razılaşmadığını bildirsə də məhkəmə bunu nəzərə almamışdır.Ümumi sahəsi 62 kv.m. yaşayış sahəsi 38 kv.m olan mənzil ipoteka ilə 2015-ci ildə yüklü edilmiş və məhkəmə bu illər ərzində qiymətlərin daim artmasını nəzərə almamışdır. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 445.1, 445.2.1, 448.1, 467, 307.4, 319.1, 319.6-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 34.1.1, 34.1.2, 34.1.3, 34.1.4, 39.3, 59.3.1, 59.3.2, 59.4 istinad etmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin mübahisələndirilən hissədə faktiki əsası (faktiki hallar) tələbin həmin hissələrdə qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin mübahisələndirilən hissələrdə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini vaxtı-vaxtında yerinə yetirdiyini, borcun çox hissəsini ödədiyini və 14000 ABŞ dolları borcu qaldığını, məhkəmənin 21071,24 ABŞ dolları faiz borcunun yarandığını və hansı müddət üçün tətbiq edildiyini əsaslandırmadığını göstərsə də apellyasiya şikayətinin dəlilləri əsassızdır. Çünki, birinci instansiyası məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası keçirilərək rəy alınmışdır. Tələb edilən əsas və faiz borcunun düzgünlüyü xüsusi biliyə malik olan ekspert tərəfindən də yoxlanılmış, əsas borc məbləği müqavilə müddətinin sonuna hesablandığından tələb ediləndən artıq müəyyən edilmiş, yəni müqavilə müddəti bitdikdən sonra ödənilmiş 19671,08 ABŞ dolları nəzərə alınmamış, faiz borcu ilə bağlı məbləğ isə fərqli, yəni müqavilə müddətinin sonuna 21071,24 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə də qərar qəbul edərkən faiz borcu ilə bağlı ekspertin müəyyən etdiyi məbləği nəzərə almışdır. Cavabdeh kredit müqaviləsi üzrə etdiyi ödənişlərə dair sübutları apellyasiya baxışı zamanı da təqdim edə bilərdi, lakin məhkəmə iclasına gəlməmiş və şikayətində göstərdiklərinə dair sübut təqdim etməmişdir. Əgər 14000 ABŞ dolları borcu qaldığını bəyan edirsə artıq bu halı sübut etmək yükü onun üzərinə düşür, lakin bəyan etdiyi bu halları sübut edə bilmir. Ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya bilər, əlavə və təkrar ekspertiza təyin edə bilər. Lakin rəydə bu halların mövcudluğu məhkəmədə hər hansı bir şübhə doğurmamışdır. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. İkincisi cavabdehin göstərdiyi bu dəlillər onu kredit müqaviləsi üzrə bu hissədə öhdəlikdən azad edə bilməz. Çünki, borcalan qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də borcalandan qaytarmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, ... kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır... Üçüncüsü, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılması əsassız olmamışdır. Belə ki, bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. Çünki, iddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı, borcalanın da əmlak mənafeləri nəzərə alınmaqla onun həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Belə ki, tələb edilən cərimə məbləği də əsas və faiz borcuna adekvat olmamışdır. Çünki, eyni müqavilə üzrə əsas və faiz borcu ilə yanaşı, həm də cərimə tələb edilməsi və bütün tələblərin tam təmin edilməsi istər-istəməz borcalanın vəziyyətini ağırlaşdırmaya bilməz. Ancaq tələb edilən 2627,88 ABŞ dolları cərimə 227,88 ABŞ dollarınadək azaldılmışdır. İddiaçı bu məbləğin azaldılmasını mübahisələndirməsə də, cavabdeh mübahisələndirmişdir. Azaldılmış məbləğ hər iki tərəfin mənafeyinə uyğun olmuşdur. Ona görə də cərimə hissəsində də şikayətin dəlili əsassız olduğundan təmin edilə bilməz. Dördüncüsü, cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti ilə bağlıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti də ipoteka predmetinin bazar dəyəri ilə deyil, likvid dəyəri ilə müəyyən edilir. Bazar dəyərinin ilkin satış qiyməti kimi göstərilməsi isə “İpoteka haqqında” Qanunun tələblərinə ziddir. Birinci instansiya məhkəməsi də cavabdehin qeyd etdiyi kimi 6 il əvvəl müqavilədə müəyyən edilmiş qiyməti deyil, ipoteka predmeti barədə müstəqil qiymətləndiricinin 31 may 2021-ci il tarixə olan bazar və likvid dəyəri barədə rəyini almış(i.v.90) və qətnamədə də ipoteka predmetinin likvid dəyəri göstərilmişdir. Ona görə də yenidən qiymətləndirmə keçirilməsinə hər hansı bir zərurət və əsas olmadığından təkrar qiymətləndirmə keçirilməsinə də lüzum yoxdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə həmin hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3221/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10539/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10539/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver