Məhkəmə qərarları › İş №2(103)-10553/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10553/2021

26.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10553/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(001)-5951/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsində istifadədə olan 0,0271 ha. torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 93,1 kv.metr yaşayış, 95,5 kv.metr köməkçi sahədən ibarət 76 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə onun mülkiyyətində olan 3 otaq – 46,9 kv.metr, köməkçi sahələrin – faktiki istifadəsində olan ümumi sahəsi 115,07 kv.metr, o cümlədən yaşayış sahəsi 99,76 kv.metr, yardımçı sahəsi 15,31 kv.metr – natura şəklində bölünməsi, istifadə qaydasının müəyyən edilməsi və evinin altında və həyətində yerləşən 209,93 kv.metr torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh şifahi vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə icraatın dayandırılmasını xahiş edib vəsatətini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsindəki 76 saylı fərdi yaşayış evinin qanuni istifadəsində olan 225,33 kv.metr həyətyanı torpaq sahəsinə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsi üzrə məhkəmənin hazırlıq iclası 06 sentyabr 2021-ci il tarixə təyin edilmiş, İddiaçı üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(001)- 5951/2021 saylı qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin icraatında olan, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin nəticəsi müəyyən olunanadək iş üzrə icraat dayandırılmışdır. İddiaçı qeyd olunan qərardaddan şikayət verərək, qərardadının iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, vəsatətdə qeyd olunan işlə bağlı məhkəmənin hazırlıq iclası 06 sentyabr 2021-ci il tarixə təyin edilmişdir, hazırki işdə isə artıq məhkəmə baxışı mərhələsindədir. Odur ki, hazırki iş üzrə icraat dayandırılmamalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(001)-5951/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2- 1(112)-7619/2021 saly sərəncamından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məmmədxan küçəsindəki 76 saylı fərdi yaşayış evinin qanuni istifadəsində olan 225,33 kv.metr həyətyanı torpaq sahəsinə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsi üzrə məhkəmənin hazırlıq iclası 06 sentyabr 2021-ci il tarixə təyin edilmiş, İddiaçı üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin həlli baxımından Bakı İnzibati Məhkəməsinin icraatında olan, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin nəticəsi mühüm əhəmiyyət kəsb etdiyindən hazırki iş üzrə icraat dayandırılmalıdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(001)-5951/2021 saylı qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(001)-5951/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar