Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10559/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və 42 saylı Dövlət Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında cavabdehin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov rayon Мəhkəməsinin 2(005)-4133/2021 saylı iş üzrə qəbul etdiyi 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və 42 saylı Dövlət Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış 05.09.2007-ci il tarixli “bağışlama” müqaviləsinin ləğv edilməsi və bu müqavilə əsasında cavabdehə verilmiş mülkiyyət hüququnun qeydiyyata alınması haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 09.10 2017-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 atasıdır. İddiaçı 05.09.2007-ci il tarixində mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu Teymur Əliyev küçəsində istifadədə olan 0.11063 ha torpaq sahəsində yerləşən 52 nömrəli evin 55 nömrəli mənzilini qızı, hazırkı iş üzrə Cavabdeh1 ona baxması müqabilində bağışlamış və həmin bağışlama müqaviləsi 42 saylı dövlət notariat kontoru tərəfindən rəsmiləşdirilmişdir. Bağışlama müqaviləsi əsasında Cavabdeh1 Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən 09.10.2017-ci il tarixli çıxarış əldə etmişdir Lakin Cavabdeh1 valideynləri qarşısında övlad olaraq üzərinə düşən vəzifələri yerinə yetirməkdən imtina edir. Cavabdehin anası ölmüşdür, atası tək qalmışdır, yaşı və səhhəti ilə əlaqədar ailə üzvlərinin köməyinə ehtiyacı vardır. Öz-özünə qulluq etmək iqtidarında deyildir. Buna baxmayaraq cavabdeh bir dəfə olsun atası ilə maraqlanmamış, bir gün olsun atasını ziyarətə gəlməmişdir. İddiaçı məcburiyyət qarşısında qalaraq öz pensiyası hesabına qulluqçu tutmuşdur. Qeyd olunan faktları iddiaçıya daimi qulluq edən X1 və Cavabdeh1 oğlu X3 da təsdiq edə bilər. İddiaçı cavabdehə məhz ona baxması müqabilində sözügedən mənzili bağışladığını və onun səhhəti ilə maraqlanmasını xahiş etsə də, cavabdeh həmin mənzildən əlavə olaraq ona baxması üçün pul tələb etmiş və nəticə etibarı ilə iddiaçı çətin günlər üçün yığdığı 50000 manat məbləğdə pul vəsaiti Cavabdeh1 adına olan bank hesabına vəsaiti köçürülmüş, cavabdeh həmin vəsait hesabına yeni bir mənzil də almışdır. Hal-hazırda cavabdeh evdən iddiaçının çıxarılmasını tələb edir, iddiaçını yaşayış yerindən və mənzilindən məhrum edir. Ona görə də, İddiaçı müqavilə bağlanılmasından uzun müddət keçməsinə baxmayaraq, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı 23.07.2021-ci il tarixində Cavabdeh1 pretenziya məktubu göndərərək 7 gün müddətində müqavilənin ləğv edilməsi barədə razılığa gəlməyi təklif etmiş, əks halda məhkəməyə müraciət edəcəyini qeyd etmişdir. Lakin Cavabdeh1 tərəfindən məktuba cavab göndərilməmişdir Tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh üzərinə qanunda nəzərdə tutulan, yəni iddiaçı olan atasına qulluq edib qayğı göstərəcəyi barədə öhdəlik götürmüşdür Lakin bağışlama müqaviləsi bağlandıqdan və mənzil xüsusi mülkiyyətinə keçdikdən sonra bu öhdəlikləri yerinə yetirməkdən imtina etməyə başlamışdır. Məhz buna görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bağışlama müqaviləsinin əvəzsiz olması həmişə hədiyyə alanı öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, bu cür öhdəliklər açıq-aşkar bilavasitə müqavilənin şərtlərində nəzərdə tutulmasa da müqavilə bağlananadək tərəflər bunu öz aralarında danışaraq razılaşdırırlar. Yəni, ağlabatan mühakimə də hansısa şəxsin öz əmlakını heç bir səbəb olmadan başqasına, özü də bilavasitə yaxın qohumu olmayan şəxslərə bağışlanmasının mümkünsüz olduğunu labüd edir. Bununla yanaşı, iddiaçı mənzili qızına bağışlamaqla hansısa bəhrələnmək məqsədi güdməmişdir. Bunu cavabdeh də inkar etmir. İddiaçı sadəcə hədiyyə alan cavabdehin ona qayğı və qulluq göstərməsim istəmişdir. Bu cür öhdəlik bağışlamanın əvəzsizliyinə zidd deyil, iddiaçının zənginləşdirmir və ya onun hansısa maddi təminat alması ilə bağlı deyil. Cavabdeh bağışlanan mənzildən zənginləşsə də iddiaçı qarşısında daha çox əxlaqla bağlı olan hüquqi öhdəliklərini də yetirməlidir. Bunun yerinə yetirilməməsi də iddiaçıya pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Buna görə də cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Əks halda iddiaçının bağışlama müqaviləsindən imtina etməsi cavabdehin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-4133/2021 saylı iş üzrə qəbul etdiyi 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 05.09.2007-ci il tarixli bağışlama müqaviləsinin və Cavabdeh1 adına verilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, 09.10.20017-ci il tarixli Çıxarışın ləğv olunması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiqinə dair ərizəsinə heç bir hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı bağışlamadan imtinaya dair fikrini 23 iyul 2021-ci il tarixli pretenziya məktubunda bildirmiş, lakin iddiaçı tərəfindən iddia müddəti üzrsüz səbəblərdən ötürülmüşdür. İddia müddətinin axımı da 2007-ci ildən başlamışdır. Bundan başqa birinci instansiyası məhkəməsi hədiyyə alan olan cavabdehin hədiyyə verən iddiaçıya münasibətdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrinin kobud pozulması hallarını müəyyən etməsə də, əsassız olaraq iddianın təmin olunması nəticəsinə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq həmin normanı təhrif etmiş, qətnamənin 5-ci səhifəsinin 2-ci abzasında iddianın təmin edilməsi üçün yeganə əsas və səbəb kimi cavabdehin atasına münasibətdə etinasız davranmasını, bir sözlə iddiaçı ilə aralarında bağlanan bağışlama müqaviləsinin şərtlərini pozduğunu (MM-nin 673.1.2-ci maddəsində nəzərdə tutulduğu kimi kobud pozulması deyil) qeyd etmişdir. Halbuki, həmin maddədə imperativ və qəti şəkildə yalnız kobud pozuntu ifadəsindən istifadə edilmişdir. Hazırki iş üzrə cavabdehin iddiaçı olan atasına münasibətdə qarşısında nə müqavilədən, nə də qanundan irəli gələn hər hansı öhdəliyi olmamışdır ki, o, bu öhdəlikləri kobudcasına pozsun. İddiaçı yaşlı olsa da, maddi yardıma ehtiyacı olması, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 90-cı maddəsinin dispozisiyasına uyğun olaraq zəruri yardımı övladlarından almaq imkanında olmaması və bununla bağlı cavabdehə müraciət etməsi və sonuncunun imtina etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı iddiaçının hal-hazırda da mübahisəli mənzildə yaşaması və gələcəkdə də yaşaması üçün cavabdeh tərəfindən hər hansı bir maneə, məhdudiyyət və ya təzyiq olmaması halları müəyyən edilmişdir. İddiaçının hazırki iddianı qaldırmasına səbəb isə faktiki nikah münasibətlərində olduğu Əsli Tanrıverdiyevanın oğlunun mövcud problemlərinin həlli adı altında iddiaçını satışdan əldə olunan pul vəsaitini ona verilməsi məqsədilə vaxtilə qızına bağışladığı mənzili satmağa məcbur etməsi olmuşdur. Bu halı məhkəmə iclasında şahid qismində dindirilmiş X3 da təsdiq etmişdir. İddiaçının öz iddia ərizəsində iddiasını əsaslandırdığı hal kimi qeyd etmişdir ki, guya N.Əliyevin məhkəmə iclasında onun dediklərini və cavabdehin ona baxmayaraq səhhəti ilə maraqlanmamasını və ondan pul tələb etməsini təsdiq edəcəkdir. Lakin N.Əliyev tam əksinə olaraq məhkəmədə cavabdehin daima atasına qulluq etdiyini, son gtinlərədək onların çox yaxşı münasibətlərdə olduqlarını, mənzili satmağa iddiaçının faktiki nikah münasibətlərində olduğu Əsli Tanrıverdiyevamn oğlunun problemlərinin həll edilməsi üçün pul vəsaiti əldə etməyə məcbur etdiyini göstərmişdir. İddiaçı ilə cavabdehin çox mehriban və səmimi münasibətlərini təsdiq edən foşəkillərin məhkəməyə təqdim edilməsinə baxmayaraq qətnamədə bu hala da heç bir qiymət verilməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi baxışı zamanı iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilməsinə baxmayaraq qətnamədə ərizə ilə əlaqədar heç bir münasibət bildirilməmişdir. Bundan başqa cavabdehin iddiaçıya qarşı hansı kobud pozuntuların edilməsi aydın deyil, bunun əksinə olaraq təqdim edilmiş fotoşəkillərdən görünür ki, iddiaçı ilə cavabdehin münasibətləri yaxşı olmuşdur, son vaxtlar münasibətləri pozulmuşdur. Həmçinin iddiaçı münasibətdə olduğu xanıma görə evi satmaq istəyir, bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, o, cavabdehi həmişə çox istəmiş və evi də ona bağışlamışdır, lakin cavabdeh onun qulluğunda durmamışdır. Bu səbəbdən də hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 23.07.2021-ci il tarixli arayışına əsasən Cavabdeh1, X4 ünvan 1 ünvanda pasport qeydiyyatındadırlar. İş materiallarında olan 05.09.2007-ci il tarixdə Bakı şəhəri 42 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu M.N.Soltanov tərəfindən bağlanmış və təsdiq edilmiş bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, İddiaçı küçəsi, ev 52 ünvanda yerləşən yaşayış sahəsi 37.04 kv.m olan 3 otaqlı 55 saylı mənzilini qızı Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən 09.10.2007-ci il tarixdə verilmiş MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində istifadədə olan 0.11063 ha torpaq sahəsində yerləşən 52 nömrəli, 5 mərtəbəli binada 37.04 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 55 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 549 nömrəli reyestr kitabının 50548 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanmış pretenziyanın mətnində “05 sentyabr 2007-ci il tarixli Bağışlama müqaviləsinə əsasən, İddiaçı məxsus olan Bakı şəhəri, İddiaçı küçəsi, ev 52, mənzil 55 ünvanında yerləşən mənzil Cavabdeh1 bağışlanılmışdır. Hal-hazırda aramızdakı münasibətin pozulması ilə əlaqədar 05 sentyabr 2007-ci il tarixli Bağışlama müqaviləsinin ləğv edilməsi barədə razılığa gəlmək niyyətindəyəm. Ona görə də, İddiaçı təklif edir ki, 7 gün ərzində 05 sentyabr 2007-ci il tarixli Bağışlama müqaviləsinin ləğv edilməsi barədə razılığa gələsiniz, əks halda iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəkdir.” göstərilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh üzərinə qanunda nəzərdə tutulan, yəni iddiaçı olan atasına qulluq edib qayğı göstərəcəyi barədə öhdəlik götürmüşdür. Lakin bağışlama müqaviləsi bağlandıqdan və mənzil xüsusi mülkiyyətinə keçdikdən sonra bu öhdəlikləri yerinə yetirməkdən imtina etməyə başlamışdır. Məhz buna görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Bağışlama müqaviləsinin əvəzsiz olması həmişə hədiyyə alanı öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, bu cür öhdəliklər açıq-aşkar bilavasitə müqavilənin şərtlərində nəzərdə tutulmasa da müqavilə bağlananadək tərəflər bunu öz aralarında danışaraq razılaşdırırlar. Yəni, ağlabatan mühakimə də hansısa şəxsin öz əmlakını heç bir səbəb olmadan başqasına, özü də bilavasitə yaxın qohumu olmayan şəxslərə bağışlanmasının mümkünsüz olduğunu labüd edir. Bununla yanaşı, iddiaçı mənzili qızına bağışlamaqla hansısa bəhrələnmək məqsədi güdməmişdir. Bunu cavabdeh də inkar etmir. İddiaçı sadəcə hədiyyə alan cavabdehin ona qayğı və qulluq göstərməsini istəmişdir. Bu cür öhdəlik bağışlamanın əvəzsizliyinə zidd deyil, iddiaçının zəngilləşdırmir və ya onun hansısa maddi təminat alması ilə bağlı deyil. Cavabdeh bağışlanan mənzildən zənginləşsə də iddiaçı qarşısında daha çox əxlaqla bağlı olan hüquqi öhdəliklərini də yetirməlidir. Bunun yerinə yetirilməməsi də iddiaçıya pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Buna görə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Əks halda, iddiaçının bağışlama müqaviləsindən imtina etməsi cavabdehin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, İddiaçı 1936-cı il təvəllüdlü olmaqla, bağışlama müqaviləsi bağlayarkən, qızının vədlərini yerinə yetirəcəyini zənn etmiş, cavabdehi baxıbböyütdüyündən, sonuncunun onun qarşısında olan mənəvi vəzifələrini icra edəcəyinə uzun müddət ümid etmiş, cavabdeh tərəfindən tənha şəxs kimi unudulacağına uzun müddət ərzində inanmamış, son ümidləri tükənəndən sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1 ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki. onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Həmin Məcəllənin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. Həmin Məcəllənin 673-cü maddəsi müqavilənin formasından asılı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. Həmin Məcəllənin 673.1-ci maddəsinə görə isə hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 1) hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 2) hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 3) o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Həmin Məcəllənin 673.1.2-ci maddəsinə əsasən hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.1.3-cü maddəsinə əsasən o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə, hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.4-cü maddəsinə əsasən bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh atasına münasibətdə ailə üzvü kimi öz üzərinə düşən mənəvi borcu yerinə yetirməmiş, iddiaçını unutmuş, iddiaçının 1936-cı il təvəllüdlü olmaqla, nəvaziş, qayğıya ehtiyacı olmasının fərqinə varmamış, iddiaçıya münasibətdə etinasız davranmış, bir sözlə iddiaçı ilə aralarında bağlanan bağışlama müqaviləsinin şərtlərini pozmuşdur. Göründüyü kimi cavabdeh təqdim edilmiş fotoşəkillərə istinad edərək iddiaçı ilə aralarında səmimi münasibətlər olmasını bildirsə də istinad edilən normaların tələblərindən məlum olur ki, bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər ki, hazırki vəziyyətdə də işin faktiki halları ilə müəyyən edilmişdir ki, bağışlama müqaviləsi bağlandıqdan və mənzil cavabdehin xüsusi mülkiyyətinə keçdikdən sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etməyə başlamışdır. Bundan başqa apellyasiya şikayətində eləcə də cavabdehin nümayəndəsi eyni zamanda vəkilinin apellasiya baxışı zamanı verdiyi izahatında cavabdehin iddiaçı ilə olan münasibətlərinin pozulması aydın görünür. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı “münasibətin pozulması ilə əlaqədar 05 sentyabr 2007-ci il tarixli Bağışlama müqaviləsinin ləğv edilməsi barədə razılığa gəlmək niyyətində olması, ona görə də, 07 gün ərzində 05 sentyabr 2007-ci il tarixli Bağışlama müqaviləsinin ləğv edilməsi barədə razılığa gəlməsini əks halda iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyi” barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Göründüyü kimi iddiaçı tərəf imtinanın əsasları barədə cavabdehə 23 iyul 2021-ci il tarixdə müraciət etmiş və bundan sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsinə əsasən iddia müddətini ötürməmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tələblərinə və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-4133/2021 saylı iş üzrə qəbul etdiyi 17 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-10559/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10559/2021
18.11.2021 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver