Məhkəmə qərarları › İş №2(103)-10678/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10678/2021

26.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10678/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2(010)-3386/2020 saylı qərardadından İddiaçı2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 0.06 ha (çıxarışda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0.08 ha torpaq sahəsi) torpaq sahəsinin zəbt edilmiş 0.02 ha hissəsindən çıxarılması; həmin 0.02 ha torpaq sahəsində tikilmiş özbaşına tikilinin sökülməsi; həmin 0.02 ha torpaq sahəsinin İddiaçı2 təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 0.02 ha hissəsindən çıxarılması; həmin 0.02 ha torpaq sahəsinin İddiaçı2 təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin iddiaçılar iddia ərizəsinə iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə əlavə edərək, ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin İddiaçı2 satılmış 0.02 ha hissəsində hər hansı təmir, tikinti, söküntü işlərinin aparılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3386/2021 nömrəli iş üzrə qəbul etdiyi 18 iyun 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin İddiaçı2 məxsus 0.02 ha hissəsində (Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində) hər hansı təmir, tikinti, söküntü işlərinin aparılmasının Cavabdeh1 və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3386/2021 nömrəli iş üzrə qəbul etdiyi 20 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3386/2021 nömrəli iş üzrə qəbul etdiyi 20 sentyabr 2021-ci il tarixli qərardadı ilə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin İddiaçı2 məxsus 0.02 ha hissəsində (Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində) hər hansı təmir, tikinti, söküntü işlərinin aparılmasının Cavabdeh1 və digər şəxslərə qadağan edilməsi barədə məhdudiyyətin ləğv edilməsi qərara alınmışdır. İddiaçı2 vəkili və nümayəndəsi Vəkil şikayət ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətin işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbi rədd edilsə də, iddianı təminetmə tədbiri məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək saxlanıla bilər. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(010)- 3386/2021 saylı qərardadına əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3386/2021 nömrəli iş üzrə qəbul edilmiş 20 sentyabr 2021-ci il tarixli qərardadından İddiaçı2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin olunmamış və şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin məcəllənin 157.2-cimaddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin məcəllənin 162.3-cü maddəsinin, iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Göründüyü kimi qanunverici iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbir görülməsini nəzərdə tutmuşdur. Müvəqqəti təminat tədbirlərinin qəbul edilməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü ilə əlaqədardır. Belə olan halda, məhkəmə çəkişməsi başa çatdığına görə, birinci instansiya məhkəməsi iddianı təmin etmə tədbiri barədə qərardadı ləğv etməkdə haqlı olmuşdur. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətin dəlilləri formal xarakter daşıyır və iddiaçının subyektiv mülahizələrinə əsaslanır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki İddiaçı2 vəkili və nümayəndəsi Vəkil şikayəti təmin edilməməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2(010)-3386/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 vəkili və nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli 2(010)- 3386/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar