Məhkəmə qərarları › İş №2(103)-10739/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10739/2021

27.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10739/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1099/2019 saylı, 30 avqust 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi, Bakı şəhəri 22 saylı Notariat kontoru və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarəsi cəlb edilməklə) “miras əmlaka dair buraxılmış müddətin bərpası və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1099/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1099/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1099/2019 saylı, 30 avqust 2021-ci il tarixli qərardadı ilə müddətin bərpasına dair ərizə təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət rayon məhkəməsinin eyni saylı, 23 sentyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, İddiaçı sözügedən qətnaməni almadığını və qətnamənin alınmasına dair xəbərnamədəki imzanın ona və onunla birlikdə yaşayan qızı X1 məxsus olmadığını bildirmişdir. Bununla əlaqədar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 49-cu vərəqəsində İddiaçı adına olan poçt göndərişində (xəbərnamədə) “etibarnamə ilə” qrafasındakı imza-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 49-cu vərəqəsində İddiaçı adına olan poçt göndərişində (xəbərnamədə) “etibarnamə ilə” qrafasında imza-X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçının özünün xəstəlik keçirməsi və sonradan Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar Nəsimi Rayon Məhkəməsinin 2(006)-1099/2019 saylı, 24 yanvar 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi xahiş edilsə də, həmin hal üzrlü səbəb kimi sayıla bilməz. Belə ki, iddiaçı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadə edərək apelyasiya şikayətini vaxtında poçt vasitəsilə məhkəməyə göndərə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsininə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə olan halda Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən buraxıldığından rayon məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Hazırkı halda iddiaçı buraxılmış müddətin üzürlü hesab olunması üçün əsaslı səbəb bildirməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1099/2019 saylı, 30 avqust 2021-ci il tarixli qərardadı onun şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar