Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-720/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və nümayəndəsi-vəkili Vəkil3, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 Babalı oğlunun iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(008)- 3263/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quliyev Hüseyn Qəhrəman oğlu, Bakı şəhəri 35 saylı notariat ofisi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən reyestrdə 2V-58 nömrə ilə qeydə alınan xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, mərhum Quliyeva Validə Ağəli qızına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 70, 4 saylı mənzilin cavabdeh və iddiaçı arasında bölünməsi, qətnamənin icrasının Bakı şəhəri 35 saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 11 aprel 2022-ci il tarixdə Bakı şəhəri 35 saylı Notariat ofisinə müraciət edərək, mərhum anası Quliyeva Validə Ağəli qızına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 70, 4 saylı mənzilin yalnız özünün adına rəsmiləşdirilməsinə dair vərəsəlik şəhadətnaməsi almışdır. Hesab edir ki, həmin şəhadətnamə ləğv edilməli, sözügedən miras əmlakı iki vərəsə arasında payı müəyyənləşdirilərək bölünməlidir. Çünki Cavabdeh onun qanun üzrə vərəsə olmağını və eyni zamanda həmin notariusa 9 aprel 2022-ci ildə müraciət etməsi nəzərə alınmadan mülki qanunvericiliyin tələblərini pozmaqla belə bir şəhadətnamənin əldə edilməsinə nail olmuşdur. Sözügedən mirasın qəbul edilməsi məqsədi ilə 9 aprel 2022-ci il tarixdə qızı ilə birlikdə Bakı şəhəri 35 saylı Notariat ofisinə o da müraciət etmişdir. Həmin vaxt notariat kontorunun əməkdaşları sənədlərinə baxaraq bildirmişlər ki, arasında doğum haqqında şəhadətnaməsini də təqdim etməlidir. Ancaq doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itdiyi üçün onu həmin gün notariusa verə bilməmişdir. Bu səbəbdən də həmin sənədin dublikatının əldə edilməsi üçün müvafiq qeydiyyat şöbəsinə müraciət edərək, onu 12 aprel 2022-ci il tarixdə əldə etmişdir. 13 aprel 2022-ci il tarixdə sözügedən notariusa bütün sənədləri ilə birlikdə müraciət edəndə məlum olub ki, cavabdeh miras əmlakının özünün xeyrinə tam şəkildə əldə edilməsi barədə vərəsəlik şəhadətnaməsi almışdır. Onu da qeyd edir ki, hazırkı vərəsəlik işinin məhz Bakı şəhəri 35 saylı Notariat ofisində açılmasını yaşadığı Sabunçu rayonu ərazisində olan notariusa müraciət edərkən bilmişdir. Cavabdeh qanunun vicdanlılıq prinsipinə zidd olaraq miras əmlakının qəbulu prosesini bilərəkdən əmlakın yerləşdiyi Sabunçu rayon ərazisindən kənarda, Suraxanı rayonu, Hövsan qəsəbəsində olan notariusda edərək çaşqınlıq yaratmışdır. Bu hal da ona mirasın vaxtında qəbul etməyinə ciddi çətinliklər yaratmışdır. İddia tələbinin dəqiqləşdirilməsi ərizəsində əlavə olaraq bildirilmişdir ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsini üzrlü hesab edərək, həmin müddətin uzadılması, Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən, reyestrdən 2V-58 nömrə ilə qeydə alınan, 11 aprel 2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin ləğv edilməsi, mərhum Quliyeva Validə Ağaəli qızına məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti, ev 70, 4 saylı mənzilin cavabdeh və iddiaçı arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(008)- 3263/2022 nömrəli qətnaməsi ilə (hakim: N.A.Cəfərli) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-683/2023 nömrəli, 7 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.H.Qasımov (sədrlik edən və məruzəçi), F.V.Abdıyev və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(008)-3263/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras payının bölünməsi tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən iddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3071/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-683/2023 nömrəli, 7 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7437/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Mülki Məcəllənin 1243.2, 1246 və 1273.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair sorğu üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-720/2024 nömrəli, 08 yanvar 2024-cü il tarixli qərardadı ilə mülki işin icraatının təzələnməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə yazılı ərizə ilə müraciət edərək apellyasiya şikayətindən imtina etdiklərini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 Babalı oğlu apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quliyev Hüseyn Qəhrəman oğlu və Bakı şəhəri 35 saylı notariat ofisinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quliyev Hüseyn Qəhrəman oğlu və Bakı şəhəri 35 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı nümayəndəsi Nümayəndə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(008)- 3263/2022 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətindən imtinasına dair ərizəsi qəbul edilməli və mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinin 1 və 2-ci bəndində əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarıda olan xx.xx.2022-ci il tarixli AR-İİ 676929 nömrəli etibarnamədən görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74-cü maddəsinə nəzərdə tutulan hüquqlarını (iddia tələblərindən tam və ya qismən imtina edilməsi və.s) etibar etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəlləsinin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsinin apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, apellyasiya şikayətindən imtinaya dair ərizə qəbul edilməklə iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, 2(008)- 3263/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinaya dair ərizə qəbul edilsin və mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-720/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-720/2024
31.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver