Məhkəmə qərarları › İş №2(103)-10828/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10828/2021

15.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10828/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3295/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Tornado-Ş” MMC-nin direktoru Maarif Əhmədovun 07 iyun 2021-ci il tarixli 4/527 nömrəli əmrinin ləğv edilməsi, "xxxx" MMC-də mühafizəçi vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh MMC-nin direktoru X1 07 iyun 2021-ci il tarixli 4/527-№-li əmri ilə Cavabdeh MMC-də mühafizəçi vəzifəsindən azad edilmişdir. İddiaçı hesab edir ki, onun işdən azad edilməyinə dair əmri qanunsuz və əsassızdır. Belə ki, o, 2021-ci ilin aprel ayının 17-də Cavabdeh MMC-nin mühafizəçi vəzifəsinə müddətsiz olaraq təyin olunmuş və onunla əmək müqaviləsi bağlanmışdır. İşdən azad edildikdən sonra sorğusu əsasında əmək kitabçası ona qaytarılarkən bəlli olmuşdur ki, əmək kitabçasında Amil Xankişiyevin arayışına əsasən, heç bir əsas olmadan 70 (d) bəndinə əsasən işdən azad edilmiş, Cavabdeh MMC-yə dəfələrlə müraciət etsə də, bu arayışı tələb etdikdə onlar bu arayışı ona təqdim etməmişlər. Çünki işlədiyi 23 il ərzində peşəkar mühafizəçi olaraq işində heç bir nöqsana yol verməmişdir. İşlədiyi müddətdə Cavabdeh MMC-nin ona qarşı qanunsuzluqları və hüquq pozuntuları olmuşdur və onun barəsində Cavabdeh MMC idarəsi tərəfindən heç bir inzibati-tənbeh belə almamış, işlədiyi ‘'mühafizəçi'’ vəzifəsində qüsursuz fəaliyyəti olmuşdur. İşlədiyi müddətdə iddiaçı Cavabdeh MMC-də olan qanunsuzluqlar barəsində dəfələrlə qanuni olaraq idarəyə, dövlət qurumlarına və əmək müfəttişliyinə müraciət etmişdir. Bu müraciətlərindən sonra Cavabdeh MMC tərəfindən onun işdən azad edilməsi halı prinsipial olaraq baş vermişdir. Onun cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Cavabdeh MMC özəl mühafizə qanununun tələbinə zidd olaraq onu geyim forması ilə təmin etməməsinə baxmayaraq, guya iddiaçının xidmət vaxtı geyim qaydasını pozduğuna görə və özəl mühafizə haqqında qanundan, gündəlik iş təlimatlarından xəbərsiz olduğı onu üçün işdən azad ediblər. (12.1.Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi mühafizəçiləri geyim forması və müvafiq mühafizəçi vəsiqəsi ilə təmin etməlidir. 10.2.6. tutduğu vəzifədən azad edildikdə istifadəsində olan xüsusi vasitələri, mühafizəçi vəsiqəsini və geyim formasını özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbərinə təhvil vermək). Mühafizəçi işlədiyi dövrdə (17.04.21-07.06.21) xidmət etdiyi postlarda, post jurnalında onun qüsursuz xidməti qeyd olunmuşdur (Maddi sübutlar,fotolar). Bundan başqa hər gün xidmətə başlamamışdan öncə gündəlik iş təlimatları keçdiyi haqda sənədləri imzalamağı təsdiq edir ki, o, gündəlik iş təlimatları və özəl mühafizə haqqında qanundan xəbərsiz deyil, bundan əlavə onun Qarabağ veteranı olmağı, 23 il peşəkar, nöqsansız, qüsursuz fəaliyyəti, Sertifikatı nəzərə alınmamışdır. Əks halda onu xidmətə buraxmazdılar. Sadalanan faktlar cavabdehin qərəzli şəkildə onun əmək müqaviləsinə xitam verilməsini göstərir. Şifahi və yazılı olaraq dəfələrlə müraciət etsə də, ona AR ƏM maddə 88, maddə 173 əmək haqqı haqda haqq hesab sənədini verməyiblər. Digər müraciətləri (geyim forması, iş vəsiqəsi, postda normal əmək şəraitinin olmaması, SƏTƏM qaydalarının pozulması və sair) cavabsız qaldığından müvafiq dövlət qurumlarına müraciət etmişdir. Maaş kartının başqa tanımadığı mobil nömrəyə bağlanması haqda müraciətinə Mərkəzi Bankdan bildirilmişdir ki, onun kartının bağlandığı nömrə Cavabdeh MMC-nin mühasibliyi tərəfindən təqdim edilib. Ona qarşı edilən qanuna zidd hərəkətləri araşdırıb həll etmək əvəzinə Cavabdeh MMC əmək müqaviləsinə xitam vermişdir. Cavabdehin ona hər hansısa rəsmi bildirişi, töhməti olmamışdır. Buradan da açıq aydın görünür ki, 17.05.2021-ci il tarixində etdiyi müraciətdən sonra onu işdən azad etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3295/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi və iddiasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlilləri ilə əsaslandırılmış, həmçinin göstərilmişdir ki, cavabdehin iddiaların yalan olduğunu sübut üçün məhkəməyə maddi sübutlar (17.04.21-07.06.21 tarixədək nöqsansız xidmət apardığı haqqında rəhbərliyin post jurnalında qeydiyatları), onun qanunlardan cavabdehin iddia etdiyi kimi xəbərsiz olduğunu təkzib edən faktlar (gündəlik iş təlimatları aldığı üçün imzaların, sertifikatın, post jurnalında rəhbərliyin onun nöqsansız xidmət apardığı haqqında qeydləri) ona qarşı qanunazidd əməlləri barədə məlumatlar (əmək haqqı maaş kartının başqa mobil nömrəyə bağlanmasının məsuliyyətinin Tornado-Ş mühasibin təqsirinin olduğunu təsdiq edən Mərkəzi bankın araşdırmasının cavab məktubu) nə hakimi nə də vəkili maraqlandırmamışdır. Əksinə,qarşı tərəfin iddia ərizəsinə aidiyati olmayan məsələlərlə, hətta hakim və vəkilin hansı formada əldə etdiyi məlum olmayan və onun hüququ olan dövlət qurumlarına müraciətləri haqqında məhkəmədə müzakirə edilmiş və buna görə onu qınamışlar. Bundan başqa qarşı tərəfin vəkili dəfələrlə onun şikayətlərini geri götürəcəyi təqdirdə yenidən Tornado-Ş MMC yə işə düzəlməsi təklif olunmuşdur. Bu təklifi qəbul etmədiyi üçün sahibkarın nüfuzuna xələl gətirən şikayətlər etdiyinə görə barəsində müvafiq tədbirlər görüləcəyi ilə təhdid edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddia tələbinin məzmununa uyğun izahat verməklə, əlavə olaraq bildirdi ki, cavabdeh tərəf müdafiə kimi ona istinad edir ki, guya onun tərəfindən geyim qaydaları pozulmuşdur, lakin həmin istinadlar əsassızdır, belə ki, 20 ildən artıqdır ki, mühafizəçi işləyir və işində heç bir nöqsana yol verməmişdir. Bundan başqa ona barəsində tərtib edilmiş raport, rəsmi bilidirş və ya töhmət barəsində hər hansı bir sənəd verilməmişdir. Hesab edir ki, onun işdən çıxarılması qanunsuz olmuşdur və iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etməklə izahatında göstərmişdir ki, cavabdeh "xxxx" MMC-yə dair ümumilikdə 21 təlimat vardır ki, həmin təlimatları da məhkəmə kollegiyasına təqdim edir, bunlar hər gün mühafizəçilərə keçirilir. Post-bölgü cədvəli də təqdim edir və bildirir ki, 20:00-da növbə təhvil verilir. Yeni mühafizəçi gəlir, səhər saat 8:00-a kimi növbədə olur. İddiaçı da növbəni təhvil alması ilə bağlı imza edib. Bölmə rəisi tərəfindən ona günün təlimatı ilə bağlı təlim də keçirilir. Həmin qovluqlar bütün postlara qoyulur. Sonra yoxlama komissiyaları həftədə bir dəfə və ya iki həftədən bir yoxlama edirlər ki, mühafizəçi həmin təlimatı bilir ya yox. İddiaçı təlimatdan ümumiyyətlə xəbəri olmayıb. Bununla bağlı raportlar var. Raportlar əsasında şöbə rəisi direktora arayışla çıxış edir. İddiaçının işə birinci instansiya məhkəməsində baxılması zamanı verdiyi izahatda da qeyd edilir ki, ona "Etalon Security” MMC-nin forması verilmişdir. Bundan başqa qeyd edir ki, təqdim etdiyi təlimatlar ayrı-ayrı olmaqla İSO standartlarının tələbləridir. Məsələn may ayının 9-u postda olub. Gecə növbəsi olduğu üçün may ayının 8-i təlimat keçirildiyi qeyd edilib. İşçiyə verilən sual-cavablar qeyd edilir. İşçinin bu cür yoxlanması İSO standartının tələbidir. Atestasiya isə 5 ildən bir keçirilir. Onlar bütün işçiləri bu cür formada yoxlayırlar həmçinin hazırlıq kurslarına da cəlb olunurlar. Bununla bağlı da təlimat var. Mühafizəçi vəzifə təlimatı ilə məşğul olmalıdır. Şəxsi nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı təlimatla tanış olur. İddiaçı hər gün təlimatlandırılır. Postda xidmət aparan mühafizəçilərin təlimatı ilə tanış olmalıdır, burada mühafizəçilərin hüquq və vəzifələri var. Daha sonra şəxsi nəqliyyat vasitəsinin mühafizə ərazisinə buraxılması ilə bağlı təlimat var. Onunla tanış olmalıdırlar. Daha sonra odlu və ya soyuq silahdan yaralanma ilə bağlı ilkin tibbi yardım barədə təlimat var, tibbi yardımla bağlı müddəalar mövcuddur. Göründüyü kimi işçi təlimatlandırılır, sonra posta göndərilir. Həftədə bir dəfə də reydlər keçirilir. Şöbə rəisi özü yoxlamaya getmir, bununla bağlı işçilər gedir. Ona yoxlamanın həyata keçirilməsi səlahiyyətinin verilməsi ilə bağlı əmr də verilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 17 aprel 2021-ci il tarixdə bağlanmış 5/818 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 3 aylıq sınaq müddəti müəyyən edilməklə Cavabdeh MMC mühafizəçi vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilədə əmək müqaviləsinin müddəti müəyyən olunmamışdır. İş materiallarında olan Cavabdeh MMC-nin 17.06.2021-ci il tarixli 4/385 saylı əmrinin surətindən görünür ki, İddiaçı 3 aylıq sınaq müddəti müəyyən edilməklə Cavabdeh MMC mühafizəçi vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC-nin Mühafizənin təşkil və ona nəzarət şöbəsinin şöbəsinin rəisi Amil Xankişiyevə K.Əliyev tərəfindən ünvanlanmış 08.05.2021-ci il tarixli raportun surətindən görünür ki, “Bahar Enerji Ə.Ş” layihəsinin mühafizəsini həyata keçirən 14 saylı komandanın mühafizəçisi İddiaçı dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, geyim qaydasını dəfələrlə pozmuşdur. 29 aprel 2021-ci il 13:00-da K.Əliyev tərəfindən postlara yoxlama baxışı keçirilmişdir. Bundan əlavə, İddiaçı geyim qaydasını pozmuşdur. Həmçinin 04.05.2021-ci il 01:10-da postlara yoxlama baxış keçirilməsi nəticəsində məlum olmuşdur ki, İddiaçı şifahi xəbərdarlıq olunmağına baxmayaraq onun tərəfindən geyim qaydaları kobud surətdə pozulmuşdur. O, izahat verməkdən imtina etmişdir. Onun barəsində tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan müfəttiş T.T.Həsənli tərəfindən Cavabdeh MMC-nin Mühafizənin təşkili və və ona nəzarət şöbəsinin rəisi Amil Xankişiyevə ünvanlamış olduğu 10.05.2021-ci il tarixli raportun surətindən görünür ki, 09.05.2021-ci il saat 01:00-dan 06:00-dək “Bahar Enerji Ə.Ş” lahiyəsində gecə yoxlaması keçirilmişdir. Yoxlama zamanı 5 nömrəli postun mühafizəçisi İddiaçı “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunu, verilmə tarixindən, tələblərindən, vəzifə və iş təlimatlarından xəbərsiz olduğu müəyyən edilmişdir. Gecə yoxlamasında olan zaman müfəttişə xidmətə aid olmayan suallar verərək, xidmət sahəsində onun haqlı sual və tələblərindən yayınmağa çalışmışdır. İş materiallarında olan 10.05.2021-ci il tarixli Mühafizənin təşkili və ona nəzarət şöbəsinin rəisi A.Xankişiyev tərəfindən Cavabdeh MMC-nin direktoru M.Əhmədova ünvanlanmış arayışının surətindən görünür ki, 09.05.2021-ci il saat 01:00- dan 06:00-dək “Bahar Enerji Ə.Ş” lahiyəsində gecə yoxlaması keçirilmişdir. Yoxlama zamanı 5 nömrəli postun mühafizəçisi İddiaçı “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunu, verilmə tarixindən, tələblərindən, vəzifə və işə təlimatlarından xəbərsiz olduğu müəyyən edilmişdir. Gecə yoxlamasında olan zaman müfəttişə xidmətə aid olmayan suallar verərək, xidmət sahəsində onun haqlı sual və tələblərindən yayınmağa çalışmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin direktorunun dərkənarı ilə İddiaçı ünvanlanmış 02.06.2021-ci il tarixli xəbədarlıq məktubunun surətindən görünür ki, İddiaçı A.Xankişiyevin arayışına əsasən onunla bağlanılmış əmək müqaviləsinin şərtlərinə və vəzifə təlimatlarına uyğun olaraq əmək funksiyalarını keyfiyyətlə və düzgün yerinə yetirməməsi ilə bağlı onunla bağlanılmış 17.04.2021-ci il tarixli əmək müqaviləsinə həmin müqavilənin 2.2-ci maddəsinə uyğun olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru Maarif Əhmədovun 07 iyun 2021-ci il tarixli 4/527 saylı əmrinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə 07.06.2021-ci il tarixdən sınaq müddəti ərzində özünü doğrutmadığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən xitam verilmiş və ona istifadə etmədiyi 6.5 məzuniyyət günü üçün pul əvəzinin hesablanıb verilməsi müəyyən olunmuşdur. İş materiallarında olan X2 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 02 iyul 2021-ci il tarixli ********** nömrəli məktubun surətindən görünür ki, Cavabdeh MMC tərəfindən xidmətə təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, onunla cəmiyyət arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən 07.06.2021-ci il tarixdə qabaqcadan xəbərdarlıq edilməklə xitam verilməsi və son haqqhesabın ödənilməsi bildirilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə sınaq müddəti ərzində işçi özünü doğrultmaması əsası ilə xitam verilmişdir. İşçi özünü sınaq müddətində doğrultmadıqda işəgötürən onunla əmək münasibətlərini davam etdirilməsini mümkünsüz hesab edə bilər. İddiaçı cavabdeh tərəfindən özünü doğrultmaması ilə bağlı əmək münasibətlərinə xitam verilməzdən öncə xəbərdarlıq edilmişdir. İddiaçının əmək müqaviləsi üzrə əmək münasibətlərində olduğu vəzifədə özünü doğrultmadığından və buna görə də onunla əmək münasibətlərinin davam etdirilməsi mümkün olmadığından iddiaçı ilə əmək münasibətlərinə xitam verilmişdir. Göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsinə 07.06.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən xitam verilmiş, əmək müqaviləsinə xitam verilməzdən əvvəl işəgötürən tərəfindən Əmək Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əməl edilmiş və İddiaçı son haqqhesabını almışdır. Bu baxımdan, İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən sınaq müddəti ərzində işçi özünü doğrultmaması ilə bağlı qanunla müəyyən edilmiş şərtlərə əməl edilmiş və Əmək Məcəlləsinin qeyd edilən normaları pozulmamışdır. Buna görə də bir halda ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələblərinə əməl olunub, belə olan halda, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab olunması üçün də əsas yoxdur. Həmçimim iddiaçının mübahisələndirdiyi əmrin ləğv edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. İşəgötürən tərəfindən işçini müvafiq qaydada xəbərdar etməklə, onun özünü sınaq müddəti ərzində özünü doğrultmaması əsaslandırılmış, bununla bağlı müvafiq sənədləşmələr aparıldıqdan sonra əmək müqaviləsinə xitam verilməsi qənaətinə gəlinmişdir. İddiaçının Cavabdeh MMC-nin mühafizəçi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi tələbinə dair hissələri də, əsas tələbə törəmə tələb olduğundan təmin edilməməlidir Aşağıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, iddiaçının işdən azad olunması zamanı qanunvericiliyin tələblərinə əməl edildiyi qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 53-cü maddəsinin 1-ci hissəsinə görə sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Həmin Məcəllənin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda işəgötürən tərəfindən əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 70-ci maddsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı 3 aylıq sınaq müddəti müəyyən edilməklə Cavabdeh MMC mühafizəçi vəzifəsinə işə qəbul olunmuşdur. Bundan sonra İddiaçı barəsində raportlar və arayışlar tərtib edilərək İddiaçı şifahi xəbərdarlıq olunmasına baxmayaraq, onun tərəfindən geyim qaydalarının kobud surətdə pozulması, eləcə də “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunu, verilmə tarixindən, tələblərindən, vəzifə və iş təlimatlarından xəbərsiz olması müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan xidməti ərazilərdə yoxlamaların aparılması haqqında Cavabdeh MMC-nin təlimatına əsasən geyim qaydalarınariayət olunması, mühafizə əməkdaşlarının bilik səviyyəsinin yoxlanılması eləcə də mühafizə bölməsi əməkdaşlarının təlimatlar qovluğundakı təlimatları bilməsi səviyyəsi istiqamətində xidmətin təşkili yoxlanılır və yoxlamanı direktor eləcə də mühafizənın təşkili və ona nəzarət şöbəsinin rəisi apara bilər. Həmçinin Cavabdeh MMC-nin 04 aprel 2016-cı il tarixli əmrindən görünür ki, mühafizənın təşkili və ona nəzarət şöbəsinin rəisi Cavabdeh MMC-də yoxlamaların keçirilməsi üzrə məsul şəxs təyin edilmişdir. Digər tərəfdən iş materiallarında olan xidmətdən öncə keçirilmiş təlimatlar barədə tərtib edilmiş cədvəllərdən görünür ki, xidmətdən qabaq müvafiq təlimlər keçirilmiş və mühafizəçilər imzaları ilə həmin halı təsdiq etmişlər. Göründüyü kimi Cavabdeh MMC-də daxili qaydalara uyğun olaraq təlimatlar nəzərdə tutulmuş və həmin təlimatlar işə başlamadan əvvəl, yəni xidmətdən öncə təlimlər şəklində işçilərə məlumatlandırılmışdır, eləcə də təlimatların öyrənilməsinin müəyyən edilməsi məqsədilə məqsədi ilə mütəmadi olaraq yoxlamalar keçirilmişdir və həmin yoxlamalar məhz səlahiyyətli şəxs tərəfindən həyata keçirilmişdir, həmin yoxlamaların nəticəsi olaraq iddiaçı xidməti geyim formasını pozması eləcə də təlimatdan məlumatsız olmasına dair bir neçə dəfə şifahi və yazılı olaraq xəbərdarlıq edilmiş, nəticə etibarı ilə də Cavabdeh MMC-nin direktoru Maarif Əhmədovun c İddiaçı əmək müqaviləsinə 07.06.2021ci il tarixdən sınaq müddəti ərzində özünü doğrutmadığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən xitam verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya müvafiq xəbərdarlıqlar edilsə də, iddiaçı işində dönüş yaratmamış və barəsində 07.06.2021-ci il tarixdən sınaq müddəti ərzində özünü doğrutmadığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən xitam verilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3295/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar