Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10867/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(005)- 866/2021 nömrəli qətnaməsindən İddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 06L000000823 saylı kredit razılaşması üzrə 8767 (səkkiz min yeddi yüz altmış yeddi) manat 10 (on) qəpik məbləğində kredit borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 xüsusi mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu, Gülüstan qəsəbəsində 17 nömrəli evin 1-ci mərtəbəsində yerləşən 65.6 kv.m ümumi, 40.5 kv.m yaşayış, 25.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 12 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması cəmi 8767 (səkkiz min yeddi yüz altmış yeddi) manat 10 (on) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutulması, Cavabdeh1 Gəncə şəhəri Nizami rayonu, Gülüstan qəsəbəsində 17 nömrəli evin 1-ci mərtəbəsində yerləşən 65.6 kv.m ümumi, 40.5 kv.m yaşayış, 25.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 12 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzilə istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 16.05.2008-ci il tarixli 06L000000823 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 40000 (qırx min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 05.11.2014-cü il tarixli 006R********** saylı kredit razılaşması əsasında 24 aymüddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18500 (on səkkiz min beş yüz) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 14.06.2016-cı il tarixli 006R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05.07.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 9732.9 manat ödəmiş, onun manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 25.11.2020-ci il tarixə 1542 gün üçün hesablanmış faiz borcu 0 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 5 % məbləğində cərimə ödəməlidir. 25.11.2020-ci il tarixə 1542 gün üçün hesablanmış cərimə 0 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh1 iddiaçı ilə bağladığı 29.08.2013-cü il tarixli 06M000001033 saylı ipoteka müqaviləsi (Gəncə şəhər 5 saylı dövlət notariat kontorunun dövlət notariusu A.E.Ələkbərov tərəfindən təsdiq edilib) əsasında Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində 17 nömrəli evin 1-ci mərtəbəsində yerləşən xüsusi mülkiyyətində olan 65.6 kv.m ümumi, 40.5 kv.m yaşayış, 25.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 12 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən 100 №-li reyestr kitabının 28 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, ev 17, mənzil 12 Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh-ipoteka qoyan Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq 31.08.2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, 02.09.2017-ci il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 06.09.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxanda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətli müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(005)- 866/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 06L000000823 saylı kredit razılaşması üzrə 8767 (səkkiz min yeddi yüz altmış yeddi) manat 10 (on) qəpik məbləğində kredit borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 xüsusi mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu, Gülüstan qəsəbəsində 17 nömrəli evin 1ci mərtəbəsində yerləşən 65.6 kv.m ümumi, 40.5 kv.m yaşayış, 25.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 12 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən məbləğlərin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana - Cavabdeh1 qaytarılması, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 35.000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu, Gülüstan qəsəbəsində 17 nömrəli evin 1-ci mərtəbəsində yerləşən 65.6 kv.m ümumi, 40.5 kv.m yaşayış, 25.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 12 nömrəli mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh mənzildən çıxmazsa, məcburi qaydada çıxarılması, ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-866/2021 saylı iş üzrə 19.08.2021-ci il tarixli qətnaməsinin qismən –ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılmasının təmin edilməməsinə dair hissədə dəyişdirilərək iddia tələbinin həmin hissədə də təmin edilməsini xahiş etmişlər. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli qətnaməsi qismən ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılmasının təmin edilməməsinə dair hissədə əsassızdır, ona görə də qətnamə dəyişdirilərək iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə evdən çıxarılma tələbini təmin edib, boşaldılma tələbini təmin etməməklə, evdən çıxarılmalı olan şəxsin əşyalarının həmin əmlakda qalmasına səbəb olmuş, bununla da ipoteka predmetini yüklü vəziyyətdə saxlamış və nəticədə gələcəkdə hərrac üzrə əmlakın üçüncü şəxslər tərəfindən alınması imkanını məhdudlaşdırmışdır. Belə ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. İpoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. İpoteka kreditoru (ipoteka saxlayan) dedikdə, borclunun onun qarşısında yaranan pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs nəzərdə tutulur. Məhkəmə kollegiyasının iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılmasının təmin edilməməsinə dair hissədə dəyişdirilərək iddia tələbinin həmin hissədə də təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Kollegiya apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra əmlakın boşaldılması hissəsində mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 16.05.2008-ci il tarixli 06L000000823 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 40,000 (qırx min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 16.05.2008-ci il tarixli 06L000000823 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18500.00 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 18500.00 manat məbləği aylıq 1.8333 %-lə 24 ay müddətinə, aylıq 963 manat, son ay 953 manat annuitetlə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 14.06.2016-cı il tarixli 006R**********S saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən Bank ilə Kredit Alan arasında 16 may 2008-ci il tarixli 06L000030823 saylı Kredit Xətti Müqaviləsi üzrə 05 noyabr 2014-cü il tarixdə bağlanmış 006R143C993008 Kredit Razılaşması («Kredit Razılaşması») əsasında Kredit Alan, Kredit Razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan 14 iyun 2016-cı il tarixli Ödəniş Planına uyğun olaraq Banka ödəməlidir. İş materiallarında olan İddiaçı QSC ilə zamin Cavabdeh4 arasında 07.05.2013cü il tarixli, 06S000010687 №-li, zamin Cavabdeh2 arasında 16.05.2008-ci il tarixli, 06S000000877 №-li, zamin Cavabdeh3 arasında bağlanmış 05.11.2014-cü il tarixli, 006S**********01 №-li zaminlik müqavilələrinə əsasən zaminlər kredit müqaviləsi üzrə borclu Cavabdeh1 ilə birgə öhdəlik daşımağı öz üzərlərinə götürmüşlər. İş materiallarında olan "AccessBank” QSC-nin 27.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 05.11.2014- cü il tarixli 006R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 8767,1 manat əsas borcu, 0 manat faiz borcu və 0 manat cərimə olmaqla, ümumilikdə cəmi 8767,1 manat borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Gəncə” filialının Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 ünvanladığı 09.02.2017-ci il tarixli xəbərdarlıq məktublarının məzmunundan görünür ki, müvafiq kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış kredit razılaşmalarına əsasən hesablanmış əsas, faiz və cərimə məbləğlərinin ondan məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir; İş materiallarında olan Cavabdeh1 İddiaçı QSC ilə arasında bağlanmış 29.08.2013-cü il tarixli 06M000001033 saylı ipoteka müqaviləsindən görünür ki, Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində 17 nömrəli evin 1-cı mərtəbəsində yerləşən 65.6 kv.m ümumi, 40.5 kv.m yaşayış, 25.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 12 nömrəli mənzil "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Gəncə şəhəri Nizami rayonu, Gülüstan qəsəbəsi, ev 17, 12 nömrəli mənzili xüsusi mülkiyyət hüququ kimi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 100 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində 15.02.2013-cü il tarixdə qeydiyyata alınmışdır; İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 100№-li reyestr kitabının 28 №-li vərəqində qeydiyyata alınmış və RX 0247309№-li çıxarışdan görünür ki, daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Gəncə şəhəri Nizami rayonu, Gülüstan qəsəbəsi, ev 17, 12 saylı mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 04 iyun 2021-ci il tarixli ƏEM/İ 15-571/21 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində 17 nömrəli evin 1-ci mərtəbəsində yerləşən 65.6 kv.m ümumi, 40.5 kv.m yaşayış, 25.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 12 nömrəli mənzilin 04.06.2021-ci il tarixinə bazar dəyəri 40.000 manat, likvid dəyəri 35.000 manat müəyyən edilmişdir. Əmlakın qiymətləndirilməsi üzrə göstərilən xidmətin dəyəri 150 manat təşkil edir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 16.05.2008-ci il tarixli 06L000000823 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 40,000 (qırx min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Həmçinin kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 16.05.2008-ci il tarixli 06L000000823 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18500.00 manat məbləğində kredit götürmüşdür. Nəticədə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 09R000008019 saylı kredit razılaşması üzrə 8767,1 manat əsas borcu, 0 manat faiz borcu və 0 manat cərimə olmaqla, ümumilikdə cəmi 8767,1 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsi tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində 17 nömrəli evin 1-cı mərtəbəsində yerləşən 65.6 kv.m ümumi, 40.5 kv.m yaşayış, 25.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 12 nömrəli mənzili yüklü etmişdir. Həmin əmlakların dəyəri 18 826 manat qiymətləndirilmişdir. Göstərilənlərə əsasən 1-ci instansiya məhkəməsi hesab etmişdir ki, girov predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında bağlanmış müqavilədə razılaşma olmuş və 18 826 manat məbləğində məbləğində müəyyən edilmişdir. Əmlak Ekspert Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyi ilə Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsində 17 nömrəli evin 1-ci mərtəbəsində yerləşən 65.6 kv.m ümumi, 40.5 kv.m yaşayış, 25.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 12 nömrəli mənzilin likvid dəyəri 35.000 manat müəyyən edilmişdir. Həmin əmlak satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(005)- 866/2021 nömrəli qətnaməsi ilə həmçinin, digər tələblərlə yanaşı Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri Nizami rayonu, Gülüstan qəsəbəsində 17 nömrəli evin 1ci mərtəbəsində yerləşən 65.6 kv.m ümumi, 40.5 kv.m yaşayış, 25.1 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 12 nömrəli mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh mənzildən çıxmazsa, məcburi qaydada çıxarılması qət olunmuşdur. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli qətnaməsi ilə ipoteka predmeti olan evdən çıxarılma tələbini təmin edib, boşaldılma tələbini təmin etməməklə, evdən çıxarılmalı olan şəxsin əşyalarının həmin əmlakda qalmasına səbəb olmuş, bununla da ipoteka predmetini yüklü vəziyyətdə saxlamış və nəticədə gələcəkdə hərrac üzrə əmlakın üçüncü şəxslər tərəfindən alınması imkanını məhdudlaşdırmışdır. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, əvvəla cavabdehin çıxarılması onun əşyaları ilə birgə çıxarılmasını ehtiva edir.Həmçinin, iddiaçı cavabdehin əşyaları ilə birgə çıxarılmasında qeyri-müəyyənlik yarandığına istinad edirsə bu halda qətnaməyə izah verilməsi ilə bağlı müraciət edə bilər. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(008)-866/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-10867/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10867/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver