Məhkəmə qərarları › İş №2(103)-1088/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1088/2020

14.01.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1088/2020 14.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və tikilinin cavabdehlərin hesabına sökülməsi tələblərinə dair 2(008)- 3365/2019 saylı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən 0,24 ha torpaq sahəsi (bundan sonra – mübahisəli sahə) daxilindəki zəbt edilmiş torpaq sahəsindən çıxarılması, özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi və yaranmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş; cavabdehlərin ailə üzvləri ilə birlikdə mübahisəli sahədən çıxarılması qət edilmiş; iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli sahədə yerləşən özbaşına tikilidə 2010-cu ildən 2 azyaşlı uşağı və yoldaşı ilə birlikdə yaşayır. 2012-ci ildən kirayə ev axtarıb, Arzu adlı şəxs evin onun olmadığını, lakin orada yaşaya biləcəyini bildirib. O da həmin vaxtdan orada yaşamağa başlayıb. İddiaçı müxtəlif məbləğlər müqabilində sahəni tərk etməyi təklif edib, lakin o bu təkliflə razılaşmayıb. İddiaçının nümayəndəsi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı və digər cavabdeh mübahisələndirməmişdir. İşdə olan sənədlər əsasında müəyyən edilir ki, mübahisəli torpaq sahəsi xx.xx.2006-cı il tarixdə xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 16140 nömrəli rəylə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin daxilində mişar daşından 8 metr enində, 8,5 metr uzunluğunda 2,80 metr hündürlükdə yaşayış evi yerləşir. İddiaçının şikayəti əsasında Sabunçu rayon Polis idarəsi 13-cü Polis bölməsində araşdırma aparılmış, Cavabdeh1 polis bölməsində verdiyi izahatında təxminən 2013-cü ilin yay aylarında yaşayış şəraiti və imkanı olmadığı üçün torpaq sahəsinin sahibinin Arzu müəllimə olduğunu bilərək Qəmər, yəni həyat yoldaşı Arzu müəllimə yaxınlaşaraq qeyd etdiyi 1 otaqlı daxmada yaşamaq üçün icazə istəmiş, lakin, Arzu müəllim bildirmişdir ki, torpaq sahəsi onun deyil, sahibini tanımır, həmin torpaq sahəsində yaşamalarına heç bir şey deyə bilməz, yaşamaq istəyirlərsə, özləri bilərlər. Bundan sonra İ torpaq sahəsinin giriş qapısının açarını əvvəllər qonşusu olmuş adını “Göyüş” kimi bildiyi şəxsdən alıb, orada olan 1 otağı yaşayış üçün yararlı vəziyyətə gətirmişdir. Təxminən həmin yerdə 6 ilə yaxındır ki, torpaq sahibinin icazəsi olmadan yaşayırlar. Təxminən bir neçə gün bundan öncə (izahat xx.xx.2019-cu il tarixdə alınmışdır) torpaq sahibi ona bildirmişdir ki, torpaq sahəsini boşaltsınlar. O, bu izahatı yazaraq söz vermişdir ki, 2019-cu ilin fevral ayının sonunadək torpaq sahəsini boşaldacaq və ailəsi ilə birlikdə həmin torpaq sahəsini tərk edəcək. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəlləsinin 152.1-ci, maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, cavabdehlərin həmin tikili üzərində sahiblik hüquqlarını təsdiq edən sübut mövcud deyil. Cavabdehlərin iddiaçının mülkiyyətində olan torpaq sahəsində iddiaçının razılığı olmadan yaşamaqda davam etməsi iddiaçının torpaq sahəsindən istifadə hüququnu pozduğundan cavabdehlər həmin torpaq sahəsindən çıxarılmalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, iş materiallarında olan hüquq müəyyənedici sənədlərlə mübahisəli sahənin iddiaçının mülkiyyətində olduğu müəyyən edilir. İş üzrə keçirilmiş ekspertiza ilə cavabdehin yaşadığı tikilinin həmin torpaq sahəsində yerləşdiyi müəyyən edilmiş, ümumiyyətlə məhkəmə baxışı zamanı, habelə apellyasiya şikayətində cavabdeh yaşadığı tikilinin iddiaçıya məxsus torpaq sahəsində yerləşdiyini mübahisələndirməmişdir. Buna görə həmin sahənin cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasına dair iddiaçının tələbi əsaslıdır. Cavabdeh mübahisə torpaq sahəsindən istifadə etmək və onun üzərində ev inşa etməklə bağlı qanuni əsaslara malik olduğu barədə heç bir sübut təqdim edə bilmədiyi üçün onun etirazının dəlilləri (mübahisəli sahədə tikiliyə vəsait qoyması, ailə üzvləri ilə həmin evdə yaşaması və s) özü-özlüyündə əsassızdır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 yaşadığı tikilini özünün inşa etmədiyini bildirmişdir. Həmçinin hazırkı mübahisə ilə bağlı iddiaçının şikayəti əsasında polis bölməsində aparılan araşdırma zamanı Cavabdeh2 əri olan digər cavabdeh mübahisəli torpaq sahəsinə özbaşına daxil olduqlarını faktiki etiraf etmişdir. Cavabdeh2 etirazında və apellyasiya şikayətində iddianın təmin olunmasına mane olan hər hansı ağlabatan dəlilə istinad etməmiş və ya bununla bağlı heç bir sübut təqdim etməmişdir. O cümlədən iş materiallarında iddiaçının mübahisəli torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqlarını şübhə altına alan sübut, o cümlədən, məhkəmə aktı və ya normativ akt mövcud deyil. Birinci instansiya məhkəməsi cavabdehlərin mübahisəli sahədən ailə üzvləri ilə çıxarılmasını qət etməsi ilə bağlı Kollegiya qeyd edir ki, cavabdehlərin yetkinlik yaşına çatmış digər ailə üzvlərinin olmadığı işin mübahisəsiz halıdır. Belə ki, Cavabdeh2 özü apellyasiya şikayətində 2010-cu ildən tikilidə digər cavabdeh olan əri Cavabdeh1 və iki azyaşlı uşağı ilə yaşadığını bildirmişdir. Beləliklə cavabdehlərin ailə üzvlərinin dairəsi aydın olduğundan və onların yetkinlik yaşına çatmış digər ailə üzvləri olmadığından Məhkəmə kollegiyası qətnamənin həmin hissədə ləğvi üçün də əsas görmür. Eyni zamanda Kollegiya nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3365/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar