Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1095/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 Rüfət oğlunun və cavabdeh Bakı şəhəri Sabunçu Rayon Balaxanı Bələdiyyəsinin nümayəndəsi X4 oğlunun iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4454/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Sabunçu Rayonu Balaxanı Bələdiyyəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla maneənin aradan qaldırılması və torpaq sahəsinin çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsindən Cavabdeh1 tərəfindən onun istifadəsinə yaradılmış maneələr aradan qaldırılmaqla, Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması və onun torpaq sahəsinə dair istifadə və sahiblik hüquqlarının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4454/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qeyd etmişdir ki, o, ailəsi birlikdə 1988-ci ildə Ermənistan SSR-dən qovularaq qaçqın kimi Azərbavcan S S R - d ə məskunlaşmış, ailə tərkibinin sayının çox olması və yaşayış yerinin yaxşılaşdırması məqsədilə 2003-cü il tarixdə torpaq sahəsi ayrılması üçün Bakı şəhəri Sabunçu Rayon Balaxanı Bələdiyyəsinə müraciət etmişdir. Müraciətin nəticəsi kimi Sabunçu Rayon Balaxanı Bələdiyyəsinin 125/A saylı, 28 noyabr 2003-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri, ünvan 2 ünvanda şəxsi ev tikmək üçün iddiaçıya 600 kv.m torpaq sahəsi ayırmışdır. Bundan sonra, Bakı şəhəri Sabunçu rayon Balaxanı Bələdiyyəsi 27 noyabr 2006-cı il tarixli torpaq sahəsinin yerləşməsinə dair eskiz sxem vermişdir. 2021-ci ilin əvvəlinə kimi iddiaçı istifadəsində olan torpağa qulluq etmiş, ağac əkmiş, torpaq vergisini ödəmiş və maddi imkanı düzələndən sonra müvafiq razılıqlar alıb fərdi yaşayış evi tikmək niyyətində olmuşdur. 2021-ci il tarixdə Cavabdeh1 adlı şəxs kimi təqdim edən, hazırkı iş üzrə cavabdeh iddiaçının 2003-cü il tarixdən sahiblik və istifadə etdiyi torpaq sahəsini zəbt edərək, tikinti işləri aparmaqdadır. Cavabdeh1 mübahisə edilən torpaq sahəsinin cavabdehə Bələdiyyə tərəfindən 2007-ci il tarixdə satıldığını qeyd etməsinə baxmayaraq iddiaçı həmin şəxsi mübahisə edilən torpaq sahəsində bir dəfə görmüşdür. Hazırda Cavabdeh1 iddiaçıya məxsus torpaq sahəsini zəbt etmiş və iddiaçının torpaq sahəsi üzərində istifadəsinə və sahibliyinə maneə yaratmaqdadır. Bundan başqa, Cavabdeh1 birinci instansiya məhkəməsinin 06 iyun 2021-ci il tarixdə, saat 10:30-a təyin olunmuş məhkəmə baxış iclası zamanı izahatında qeyd etmişdir ki, "O, 2007-ci ilin iyun ayında Balaxanı qəsəbəsi ərazisində torpaq sahəsi almaq niyyətində olmuş, bu məqsəd ilə orada olan maklerlər (rieltorlar) ilə torpaq sahələri barədə maraqlanmış, torpaq sahəsi onlarda qiyməti yüksək olduğu üçün Balaxanı Bələdiyyəsindən torpaq sahəsi almaq qərarına gəlmiş, bu məqsəd ilə o, Balaxanı Bələdiyyəsinin o vaxtkı sədri Məmmədov ilə görüşərək, ondan torpaq sahəsi almaq istəmiş, bu məqsəd ilə Bələdiyyə sədrinə 10.000,00 (on min) ABŞ dolları şəxsən ona verməklə və torpağın satış qiymətini isə banka köçürməklə həmin qəsəbədən 600,0 kv.m torpaq sahəsi almışdır. Torpaq sahəsinin pulunu 2007-ci ilin iyun ayında ödəməsinə baxmayaraq, torpaq sahəsini vaxtı olmadığı üçün həmin ilin dekabr ayında sənədləşdirmişdir. Bundan başqa, torpaq sahəsi Bələdiyyə əməkdaşları tərəfindən ona göstərilərkən həmin torpaq sahəsinə bitişik olan qonşu torpaq sahələri ilə maraqlanmış, qonşu torpaq sahələrin sahibləri ona bildirmişlər ki, ona verilən torpaq sahəsinin Simuzər xanım adlı sahibi vardır, bu məsələni Bələdiyyə sədrindən aydınlaşdırmaq istəyərkən, bələdiyyə sədri ona bildirmişdir ki, həmin xanımda olan torpağa dair bələdiyyə sənədləri saxtadır, bundan sonra rahatlaşmışdır. Buna baxmayaraq, torpaq vergisinin ödənilməsi barədə ona heç kim məlumat verməyib və vaxtı olmadığı üçün torpaq sahəsini gec sahiblik etməyə başlamışdır”. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 Rüfət oğlu ayrıayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri Sabunçu Rayon Balaxanı Bələdiyyəsinin nümayəndəsi X3 bildirdi ki, mübahisəli torpaq sahəsi Bələdiyyənin inzibati ərazisi olsa da dövlət torpaqlarına aiddir. Həmin torpaq sahəsinin iddiaçıya yaxud cavabdehə məxsus olması barədə dəqiq məlumat verə bilmir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh1 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə Cavabdeh1, eləcə də 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Balaxanı Bələdiyyəsinin 28.11.2003-cu il tarixli 125/A saylı sərəncam əsasında İddiaçı şəxsi mülk tikmək üçün ayrılmış torpaq sahəsi ilə Balaxanı Bələdiyyəsinin 24.12.2007-ci il tarixli 554/07 saylı qərarı əsasında Cavabdeh1 fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə ayrılması nəzərdə tutulan torpaq sahəsi eynidir. Beləliklə, məlum olur ki, bir torpaq sahəsi ilə bağlı inzibati orqan iki fərqli inzibati akt qəbul etmişdir və hal-hazırda hər iki inizbati aktdan hansının qanunun tələblərinə uyğun olaraq qəbul edilməsi tərəflərin heç biri tərəfindən inzibati məhkəmədə mübahisləndirilməmiş və hər iki inzibati aktın hüquqi qüvvəsi mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 və Bakı şəhəri Sabunçu rayon Balaxanı Bələdiyyəsinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “maneənin aradan qaldırılması və torpaq sahəsinin çıxarılma” dair hazırki iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə iddiaçının cavabdehlərin əməllərində cinayətin tərkib əlamətlərinə işarə edən kifayət qədər dəlillər olduğundan prokurora bu barədə məlumat verməklə barələrində xüsusi qərardad qəbul edilməsinə dair vəsatətinə münasibət bildirərək qeyd edir ki, məhkəmə araşdırılması zamanı cavabdehlərin əməlində cinayət tərkibinin əlamətlərinə dəlalət edən kifayət qədər sübutlar olmadığından vəsatət təmin edilməməlidir. İş materiallarında olan: Sabunçu rayon Balaxanı Bələdiyyəsinin 28 noyabr 2003-cü il tarixli sərəncamından görünür ki, İddiaçı ərizə ilə Balaxanı Bələdiyyəsinə müraciət edərək bildirmişdir ki, Yeni Balaxanı yaşayış sahəsində yerləşən 600 kv.m torpaq sahəsindən istifadə etdiyinə görə torpaq vergisinə cəlb edilmə onun adına rəsmiləşdirilsin, Balaxanı qəsəbəsi, Yeni yaşayış massivi, H.Əliyev 86 ünvanında şəxsi mülk tikmək üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 09/3-153 saylı, 14 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin Cavabdeh1 torpaq sahəsi ayrılması barədə 08.06.2007-ci il tarixli 13 saylı qərarının Ədliyyə Nazirliyinin X2 qeydiyyata alınıb-alınmaması və bələdiyyə qərarlarının hansı tarixdən etibarən Mərkəzdə qeydiyyata alındığı barədə məlumatın təqdim edilməsinə dair məktuba baxılmışdır. Bildirilir ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunu 13.05.2003- cü il tarixdə qəbul olunmuş və həmin qanunun 6-cı maddəsinə əsasən mütləq təqdim olunmalı bələdiyyə aktları inzibati nəzarət icraatı qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə təqdim edilmişdir. Qeyd olunur ki, Balaxanı Bələdiyyəsinin 08.06.2007-ci il tarixli 13 nömrəli qərarı X2 aşkar edilməmişdir. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 09/3-142 saylı, 19 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Sabunçu rayonu Balaxanı bələdiyyəsinin 28.11.2003-cü il taqrixli 125/A nömrəli və 24.12.2007-ci il tarixli 554/07 nömrəli qərarlarının X2 qeydiyyata alınıb-alınmaması barədə sorğuya baxılaraq bildirilir ki, sorğuda göstərilən qərarlar X2 aşkar edilməmişdir. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 09/5-216 saylı, 18.09.2021-ci il tarixli Vəkil2 ünvanlanmış məktubundan görünür ki, bələdiyyələr tərəfindən göndərilmiş ilk qərar (iclas protokolu) 2004-cü ilin may ayından qeydiyyata alınmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmağından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar torpaq sahəsindən Cavabdeh1 tərəfindən onun istifadəsinə yaradılmış maneələr aradan qaldırılmaqla, Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması və onun torpaq sahəsinə dair istifadə və sahiblik hüquqlarının bərpa olunması hissəsində Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İV hissəsinin, Mülki Məcəllənin 152.1, 203.5-ci, Torpaq Məcəlləsinin 55, 66.2, 67, 68, 111-ci , “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2 və 6.5-ci maddələrinin dispozisiya şərtləri ilə uzlaşmır. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən bu hissədə iddia rədd edilərkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Əvvəla, apellyasiya icraatı zamanı hazırki iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1095/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mübahisəli 600 kv.m torpaq sahəsinin mülkiyyət növü, yəni dövlət, bələdiyyə yaxud xüsusi mülkiyyətdə olması və hansı şəxsin yaxud qurumun sahibliyində yaxud istifadəsində olduğu, kateqoriyası və təyinatı barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsdən və 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis rəyi alınması qərara alınmış, qərardadın icrasının təmin olunması barədə 1 saylı Bakı Ərazi İdarəsinin 03 mart 2022-ci il tarixli məlumatında göstərilir ki, İdarənin elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mübahisəli 600 kv.m torpaq sahəsi X6 Kombinatı Sovxozunun ərazisi daxilindədir. Torpaq sahəsinin qeydiyyatı barədə bazada məlumat aşkar edilməmişdir. Eyni zamanda bildirilir ki, Bakı şəhəri üzrə Bələdiyyə torpaqlarının xəritə məlumatlarının təsdiq edilməsi məsələləri yekunlaşmadığı üçün İdarənin elektron kadastr bazasında sözügedən ərazinin bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid olması barədə məlumat yoxdur. Qeyd olunan məlumatla təsdiq olunur ki, mübahisəli torpaq sahəsi ümumiyyətlə Bələdiyyənin mülkiyyətində yaxud sahibliyində və istifadəsində olmamışdır. Bu cür vəziyyətdə Balaxanı Bələdiyyəsinin mübahisəli torpaq sahəsini müxtəlif illərdə, əvvəlcə iddiaçıya, bundan bir neçə il sonra cavabdehə ayırmasının hüquqi əsası olmamışdır. Demək, istər iddiaçının, istərsə də cavabdehin mübahisəli torpaq sahəsinə hər hansı bir hüququ yarana bilməzdi. Torpaq sahəsinə hansısa hüquqları yaranmadığı üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquq da yaranmamışdır. Hazırki iddianın rədd olunması o demək deyil ki, Cavabdeh1 həmin torpaq sahəsinə hansısa hüququ mövcuddur yaxud bu iddianın rədd olunması ona torpaq sahəsinə dair hansısa üstünlük yaxud imtiyaz verə bilər. Əlbətdə ki, cavabdehin də həmin torpaq sahəsi üzərində heç bir hüquqi mövcud deyildir. Ən azından həm də ona görə ki, Ədliyyə Nazirliyi X2 Sabunçu rayonu Balaxanı Bələdiyyəsinin Cavabdeh1 torpaq sahəsi ayrılması barədə 08.06.2007-ci il tarixli 13 saylı qərarı aşkar edilməmişdir. Başqa sözlə Bələdiyyə tərəfindən cavabdehə qanuni əsaslarla torpaq sahəsi ayrılmış olsaydı mütləq təqdim olunmalı bələdiyyə aktları kimi həmin qərar inzibati nəzarət icraatı qaydasında baxılması üçün Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə təqdim edilərdi. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, tərəflər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda torpaq sahəsi əldə edilməsinin qanunvericiliyin imperativ tələblərinə uyğun xüsusi prosedur qaydalara uyğun həyata keçirilməli olması institutunun yaranmasına da zərurət və əsas olmazdı. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4454/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4454/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1095/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1095/2022
25.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver