Məhkəmə qərarları › İş №2(103)-1098/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1098/2022

16.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1098/2022 16.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka dair çıxarışın ləğv olunması və daşınmaz əmlaka ½ hissədə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1181 saylı bağ evinin və onun yerləşdiyi 0,25 ha torpaq sahəsinin cavabdeh İddiaçı xüsusi mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən 15.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli (daşınmaz əmlakın reyestr nömrəsi: ******************) çıxarışın ləğv olunması və onun həmin 1181 saylı bağ evinə və onun yerləşdiyi 0,25 ha torpaq sahəsinə ½ hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Mahmudova, iş № 2(008)-2938/21) iddia rədd olunmuşdur. Hazırda iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiasının təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1181 saylı bağ evi babası Qafar Əhmədovun xüsusi mülkiyyətində, bağ evinin yerləşdiyi 0,25 ha torpaq sahəsi isə istifadəsində olmuşdur. Babası vəfat etdikdən sonra həmin bağ evi və onun həyətyanı torpaq sahəsindən mərhumun ailə üzvləri, o cümlədən anası X3 və dayısı Cavabdeh2 birgə istifadə etmişlər. Bir müddət sonra həmin əmlakdan istifadə ilə bağlı onların arasında ixtilaf yaranmış, nəticədə, dayısı bağ sahəsindən istifadə ilə bağlı anasına maneələr yaratmağa başlamışdır. Bununla bağlı anasının sözügedən bağ evinə köçürülməsinə dair iddia ərizəsi Lenin (Sabunçu) Rayon Məhkəməsinin 13.05.1989-cu il tarixli, 2-331 saylı qətnaməsi ilə təmin edilmiş, Cavabdeh2 isə Marina Qasımovanın bağ sahəsindən istifadə hüququnun itirilməsinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. 1989-cu il tarixdə dayısı Cavabdeh2 bağ evinin açarlarını anası X2 vermiş, həmin ilin yay aylarından etibarən onlar Nardaran qəsəbəsində yerləşən bağ evindən və sahəsindən müntəzəm surətdə istifadə etmişlər. Anası həmin bağ sahəsinin 12,5 ha hissəsinin onun istifadəsində olması ilə bağlı keçmiş Bağlar idarəsi ilə müqavilə bağladığı vaxtdan etibarən bütün rüsumları və kommunal ödənişləri özünün və qardaşı cavabdeh Vaqif Qafarovun adından həyata keçirmişdir. 1992-ci il tarixdə baş vermiş yanğın nəticəsində 1181 saylı bağ evi yararsız vəziyyətə düşdüyünə görə, o, şəxsi vəsaiti hesabına təxminən 65.000 ABŞ dolları xərc çəkərək evi əsaslı təmir etdirmiş, 2007-ci ildə isə 12.000 ABŞ dolları xərc çəkərək bağ sahəsinin ətrafındakı yararsız vəziyyətə düşmüş hasarı daş hasarla əvəz etmişdir. O, 2005-ci ildən daimi yaşamaq üçün həmin bağ evinə köçmüş və həmin vaxtdan ailəsi ilə birlikdə orada yaşayır. 2013-cü ildə anası vəfat etmişdir. 2017-ci ildə dayısı - Cavabdeh2la həmin bağ evinin və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsini həyata keçirmək barədə razılığa gəlmiş, bununla bağlı o, mübahisəli bağ sahəsinə aid əlində olan bütün sənədləri, o cümlədən bağ sahəsinə dair müqavilələri bu məqsədlə etibarnamə verdikləri vəkillərə təqdim etmişdir. Lakin sonradan dayısı Cavabdeh2 məhkəməyə müraciətin müəyyən səbəblərdən baş tutmadığını, gələcəkdə bununla bağlı iddia qaldırılacağını, sənədlərin hələlik vəkillərdə qalmasının məqsədəuyğun olduğunu bildirmiş, o isə bununla razılaşmış, sənədlər bir daha ona qaytarılmamışdır. Təxminən 2021-ci ilin fevral ayında Cavabdeh2 mübahisəli bağ evinin və 0,25 ha bağ sahəsinin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olduğunu və həmin əmlakı satmaq istədiyini bildirərək, ona ya evi təklif etdiyi yüksək qiymətə almağı, ya da evi tərk etməyi tələb etmişdir. O, anası ilə özünün mübahisəli bağ evinə və sahəsinə payçı olduğunu, həmin evdə 1989-cu ildən fasilələrlə, 2005-ci il tarixdən daimi yaşadıqlarını, yanğından sonra evin təmirini, daha sonra isə bağ sahəsinə hasar çəkilməsini öz vəsaitləri hesabına həyata keçirdiklərini, orada yaşadıqları müddətdə bütün kommunal ödənişləri və vergiləri ödəmələrinə istinad edərək, mübahisəli bağ sahəsi barədə cavabdehə çıxarış verilməsini düzgün hesab etmədiyini, həmin çıxarışın ləğv olunmasını, sözügedən bağ sahəsinin və evinin ½ hissəsinə mülkiyyət hüququnun tanınmasını zəruri hesab edir. İddia ərizəsinə etirazında cavabdeh iddia tələbini qanunsuz və əsassız hesab edərək bildirmişdir ki, sözügedən bağ sahəsi ona 1987-ci ildə Bakı Bağlar İdarəsi tərəfindən müqavilə əsasında verilmiş və ailə üzvləri ilə orada yaşamışdır. İddiaçı anasının sağlığında yay aylarında bəzən bağa qonaq qismində gəlmişdir. İddiaçı əvvəllər də, indi də ünvan 1 ünvanında qeydiyyatda olmuş və ailəsi ilə orada yaşamışdır. İddiaçı və ailə üzvləri heç vaxt bağda daimi yaşamamış, qeydiyyata düşməmişdir. İddiaçı 2017-ci ildə boşandığına görə, ondan bağda həm mühafizəçi kimi qalmaq, həm də yaşamaq üçün icazə istəmiş, o da humanistlik göstərərək iddiaçının bağda müvəqqəti mühafizəçi kimi qalmasına icazə vermiş, üstəlik ona hər ay maaş da ödəmişdir. İddiaçının 1992-ci ildə bağ sahəsinin təmir-bərpasına 65.000 ABŞ dolları xərc çəkməsini iddia etməsi isə absurddur. Belə ki, həmin vaxt iddiaçının 13 yaşı olmuş və həmin yaşda o qədər vəsait xərcləməsi mümkün deyil. Eləcə də, iddiaçının 2005-ci ildən mübahisəli bağ sahəsində yaşaması və 2007-ci ildə oranın hasarlanmasına 12.000 ABŞ dolları xərcləməsi də həqiqəti əks etdirmir. Ona məxsus daşınmaz əmlakın ½ hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınmasını tələb etməsi həmin bağın satılmasına süni əngəl yaratmaq məqsədi daşıyır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini işin hallarının tam araşdırılmaması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması əsaslandırmışdır. Apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, iddiaçı mübahisəli bağ sahəsinə dair cavabdehin adına çıxarış verilməsi üçün əsas olmuş 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 26.12.2017-ci il tarixli qərarından apellyasiya şikayəti vermiş və hazırda həmin şikayət apellyasiya instansiyası məhkəməsinin icraatındadır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 27 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Bağlar İdarəsi ilə Cavabdeh2 arasında bağlanmış 18.07.1987-ci il tarixli, 7328 saylı müqaviləyə əsasən Nardaran qəsəbəsində yerləşən 1181 saylı bağ evi və 0,25 ha bağ sahəsi Cavabdeh2 10 illik müddətə icarəyə verilmişdir. 2 saylı Bakı inzibati-İqtisadi Məhkəməsinin 26.12.2017-ci il tarixli qərarı ilə Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 saylı bağın yerləşdiyi 0,25 ha torpaq sahəsinə və oradakı 51,5 kv.m yaşayış sahəsindən, 4,6 kv.m köməkçi sahədən ibarət olan 3 otaqlı tikiliyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair reyesrdən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həmin məhkəmə qərarını icra edərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1181 saylı bağ evini və onun yerləşdiyi 0,25 ha torpaq sahəsini Cavabdeh2 adına mülkiyyət hüququ üzrə qeydə alımış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15.07.2019cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış vermişdir. Hazırda mübahisə predmeti olan bağ evi və onun yerləşdiyi torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarından həmçinin görünür ki, Lenin (indiki Sabunçu) Rayon Məhkəməsinin 18.05.1988-ci il tarixli qətnaməsi ilə iddiaçının anası X1 Nardaran qəsəbəsindəki 1181 saylı bağ sahəsinə köçürülməsinə dair iddiası təmin edilmiş, Cavabdeh2 X1 bağ sahəsindən istifadə hüququnun itirilməsinə dair qarşılıqlı iddiası isə təmin edilməmişdir. Sözügedən qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Bağlar təsərrüfatı idarəsi ilə X3 arasında bağlanmış 19153 saylı, 24.11.1998-ci il tarixli müqaviləyə əsasən Nardaran qəsəbəsində 1181 a saylı, 0,12 ha bağ sahəsi 10 il müddətinə X2 icarəyə verilmişdir. İddiaçı məhz bu fakta və mübahisəli bağ sahəsində yaşamasına istinad edərək hazırkı iş üzrə tələblə məhkəməyə müraciət etmişdir. Onun tələbi Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 1181 saylı bağ evinin və onun yerləşdiyi 0,25 ha torpaq sahəsinin cavabdeh İddiaçı xüsusi mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən 15.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması və onun həmin 1181 saylı bağ evinə və onun yerləşdiyi 0,25 ha torpaq sahəsinə ½ hissədə mülkiyyət hüququnun tanınması barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və bu zaman gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1-ci maddələri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarına istinad edərək bu qənaətə gəlmişdir ki, mübahisəli bağ sahəsinə və onun yerləşdiyi torpaq sahəsinə dair cavabdehin adına çıxarış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.12.2017-ci il tarixli qərarı əsasında verildiyindən, yəni çıxarışın verilməsinin qanuni əsası kimi qüvvədə olan məhkəmə qərarı çıxış etdiyindən iddia əsassız sayılmalı və rədd edilməlidir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlilləri yuxarıda qeyd olunduğu kimi, işin hallarının tam araşdırılmaması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması barədədir. Apelyatorun qənaətinə görə məhkəmə Mülki Məcəllənin 157.1, 178.6, 179.2-ci, “Torpaq islahatı haqqında” Qanunun 9,10-cu maddələrinin, MPMnin 88-ci maddəsinin tələblərini pozmuş, həmin normaları düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası bu dəlilləri əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin halları tam, obyektiv, hərtərəfli araşdırılmış, işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmişdir. Hazırkı mübahisəyə adı çəkilən maddi hüquq normalarının tətbiqi qeyri mümkündür. Belə ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi və bağ evi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və nə qədər ki, həmin məhkəmə qərarı qüvvədədir çıxarışın ləğv olunması və iddiaçının mübahisələndirdiyi 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması qeyrimümkündür. Məhkəmənin qənaətinə görə iddiaçının qaldırdığı bütün bu məsələlərə, o cümlədən cavabdehin mübahisəli 0,25 ha torpaq sahəsinə və həmin sahədə yerləşən bağ evinə tam mülkiyyət hüququnun əsaslı olmamasına yalnız inzibati icraat qaydasında baxılmış həmin iş üzrə icraatda qiymət verilə bilər. Apellyasiya şikayətində qeyd olunduğu kimi, iddiaçı artıq həmin məhkəmə qərarından apellyasiya şikayəti vermişdir və iş apellyasiya instansiyası məhkəməsinin icraatındadır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının apellyasiya şikayəti üzrə həmin işə inzibati icraat qaydasında baxılması hazırkı mülki iş üzrə icraatın davam etdirilməsinə mane olmur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin bütün dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər formal mülahizə xarakteri daşımaqla məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 27 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar