Məhkəmə qərarları › İş №2(103)-10990/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10990/2021

02.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10990/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-66/2020 saylı, 04 oktyabr 2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ə.Rəhimov küçəsi, döngə 7 ünvanda İddiaçı istifadəsində olan 3 otaqdan, 1 mətbəxdən və evə giriş hissədə üstü örtülü, yanları açıq sahədən ibarət yaşayış evinin həyətyanı sahəsində mətbəx tikilisinin qarşısında inşa edilmiş uzunluğu 9,8 metr, eni 6,0 metr olan bir mərtəbəli tikili (ev) Cavabdeh2 tərəfindən sökülməsi, 5 metr eni, 6 metr uzunluğu olan üstü örtülü yanları açıq hissə və sanitar qovşaq Cavabdeh1 hesabına əvvəlki vəziyyətinə qaytarılması, həmin sahədən istifadə etməyə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılması və maneə yaratmaq onlara qadağan edilməsi və Cavabdeh2 həmin sahədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-66/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərardadına əsasən cavabdeh tərəfinən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən qaytarılmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 yenidən qətnamədən apellyasiya şikayəti vermiş və prosessual müddətin bərpasına dair vəsatət ilə məhkəməyə müraciət etmiş, ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qətnaməsi cavabdehin faktiki yaşadığı və mübahisə predmeti olan ünvan 1 ünvanına deyil, şəxsin qeydiyyatda olduğu, lakin yaşamadığı Balakən rayonu, Qazma kəndinə göndərilmiş və adıçəkilən qətnamənin kim tərəfindən qəbul edildiyi ona məlum olmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-66/2020 saylı, 04 oktyabr 2021-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 qərardaddan şikayət vermiş, məhkəmədən qərardadın ləğv edilməsini, apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin üzrlü sayılıb bərpa edilməsinə və tərəfindən verilmiş apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət prosessual müddətin bərpasına dair ərizə ilə eyni məzmunda əsaslandırılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-66/2020 saylı, 15 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə vəsatəti rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-66/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qətnaməsi 22 sentyabr 2020-ci il tarixli məktubla Cavabdeh2 ünvanına göndərilmiş və iş materiallarına əlavə edilmiş xəbərnamədən də görünür ki, adıçəkilən qətnamə cavbdeh Cavabdeh2 ərəfindən 06 noyabr 2020-ci il tarixdə qəbul edilmiş və imzalanmışdır. Lakin Cavabdeh2 qətnaməni yenidən rəsmi qaydada ona verilməsini xahiş etmiş və 01 iyun 2021-ci ildə təkrarən qəbul etmişdir. Həmçinin xəbərnamənidə qətnaməni “Lələyev E” tərəfindən rəsmi şəkildə qəbul edilməsi yazılmış və imzalanmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsasdır. Əvvəla, şikayətə əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 7(008)-109/2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 Səbail Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli 1(009)-37/2020 saylı hökmünə əsasən 1 il, 11 ay, 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, həmin hökmə əsasən barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli tədbir təyin edilmiş, yalınz 13 fevral 2021-ci ildə məcburi müalicə ləğv edilmişdir. Ancaq məhkəmə Mülki Prosessual Məccələsinin 269-cu maddəsinin tələblərinə əsasən şikayətə baxarkən özünün 2(003)-66/2020 saylı, 15 oktyabr 2021-ci il tarixli qərardadında Cavabdeh2 məhkəmə baxışı və yekun məhkəmə aktı tərəflərə göndərilən vaxt narkoloji dispanserdə məcburi müalicədə olduğunu sübut edən sənədin şikayətə əlavə edilmədiyini göstərərək, şikayəti təmin etməmişdir. Şikayətə əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 7(008)-109/2021-ci il tarixli qərarında Cavabdeh2 qapalı müəssisədə məcburi müalicədə olduğu və 13.02.2021-ci ildə bu müalicənin ləğv edildiyi təsdiq olunur. Bununla yanaşı, məhkəmə baxışı zamanı və yekun məhkəmə aktı tərəflərə göndərilən vaxt Cavabdeh2 narkoloji dispanserdə məcburi müalicədə olmadığı da təsdiq olunmur. Demək, şikayətin bu dəlilini tam yoxlamadan vəsatətin rədd edilməsi də düzgün olmamışdır. Ona görə də bu hal yoxlanılmalıdır. Bu halı yoxlamadan vəsatətin rədd edilməsi isə şəxsin əsassız olaraq məhkəmə müdafiəsindən istifadə etmək hüququnu pozulmasına səbəb ola bilər. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-66/2020 saylı, 04 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilsin. İş üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-66/2020 saylı, 04 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar