Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-110/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə Açar sözlər:(özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X14 və X2 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X5, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs “X23” Şirkətinin nümayəndəsi X9 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(001)-1975/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarının və qərara əlavə edilmiş cizginin surətindən görünür ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m torpaq sahəsi alğı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir. 2.Torpaqların alğı-satqısına dair aktın surətindən görünür ki, İddiaçı Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı əsasında ona ayrılmış Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən torpaq sahəsi üçün 672 manat haqq ödəmişdir. 3.Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsinin 25 oktyabr 2019-cu il tarixli arayışın surətindən görünür ki, Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarına əsasən İddiaçı Xocasən Bələdiyyəsinin ərazisində faktiki istifadə etdiyi fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m ( hər kv.m üçün 2 manat 24 qəpik, cəmi 672 manat ödəməklə) torpaq sahəsi ayrılmışdır. 4.Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2020-ci il tarixli, 10/88 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsinin yerləşmə cizgisində miqyas, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən mübahisəli torpaq sahəsinin, yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə üst-ütə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti olub, “Binəqədi Oil” Əməliyyat şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri hüdudlarında yerləşib, sənaye təyinatlı torpaq kateqoriyalarına aiddir. Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsinin yerləşmə cizgisində miqyas, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı ilə İddiaçıfərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsi ilə hazırki iş üzrə Cavabdeh istifadəsində olan hasarlanmış torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc 75,68 manat, məhkəmə ekspertiza tədqiqatının dəyəri isə 50 manat təşkil edir. a)Birinci instansiya məhkəməsində icraat 5.İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli qərarı ilə Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin ərazisində fərdi ev tikmək üçün 300 kv.m torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin onun hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Xocəsən Bələdiyyənin 10 dekabr 2007ci il tarixli qərarı ilə Xocəsən Bələdiyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m torpaq sahəsi alğı-satqı yolu ilə onun mülkiyyətinə verilmiş, göstərilən ölçü və ünvana uyğun olaraq cizgi təqdim edilmişdir. Torpağın satış qiymətinə uyğun məbləğ bələdiyyə büdcəsinə ödənilmişdir. Bu günə qədər Xocasən Bələdiyyəsinə torpaq vergisi ödənilir, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 17 sentyabr 2019-cu il məktubundan görünür ki, sözügedən torpaq sahəsinin ayrılması Dövlət Arxivinin Bakı filialında mövcuddur. Torpaq sahəsinin bir hissəsi hasara alınmış, maddi imkan olmadığından tikinti işləri aparılmamışdır. 2019-cu il tarixdə, müəyyən işlərin görülməsi ilə əlaqədar torpaq sahəsinə baş çəkərkən məlum olmuşdur ki, Cavabdeh həmin torpaq sahəsində razılıq olmadan iddiaçıya məxsus torpaq sahəsində qanunsuz tikililər inşa etmiş, yarı qalmış hasarı tamamlayaraq torpağı zəbt etmişdir. Cavabdeh cizgiplanı üzrə koordinatları və sərhədləri naturada təyin edilmiş 3 sot torpaq sahəsinə giriş-çıxış yollarını bağlamış, dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh həmin torpaq sahəsindən çıxmır və qanunsuz tikilini sökmür. Qeyd edilən hal ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət olunmuş, araşdırılma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh torpaq sahəsini mülkiyyətçinin razılığı olmadan ələ keçirib özbaşına tutmuş, həmin torpaq sahəsində qanunsuz tikinti işləri apararaq onun torpaq üzərində sahiblik, istifadə, mülkiyyət hüququnu pozmuşdur. 7.Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Rüstəmli, iş № 2(001)-1975/2020) İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə alınmış mütəxəssis rəyinin dəyərini təşkil edən 75,68 (yetmiş beş manat, altmış səkkiz qəpik) məbləğində vəsaitin İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi ("xxxx" ASC-nin Xətai filialı, filialın kodu 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, benefisiarın adı Kadastr və Yerqur Layiha TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, Vöen **********), iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsaitin İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) qət edilmişdir. 8.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsi sahəsinin yerləşmə cizgisində miqyas, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən mübahisəli torpaq sahəsinin, yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə üst-ütə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti olub, “Binəqədi Oil” Əməliyyat şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri hüdudlarında yerləşib, sənaye təyinatlı torpaq kateqoriyalarına aiddir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin onun hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını tələb edən iddiaçının qeyd olunan torpaq sahəsi üzərində hər hansı hüququnun mövcud olduğu iş materialları ilə təsdiq olunmur. Əksinə, iş materialları ilə müəyyən olnur ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olan sənayə təyinatlı torpaq kateqoriyasına aiddir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi təmin edilə bilməz. Belə ki, həmin tələbi torpaq sahəsinin mülkiyyətçisi və ya ona qanuni əsaslarla sahiblik edən şəxs irəli sürə bilər, iddiaçının isə belə subyektiv hüququ mövcud deyil. 9.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1, 146.1, 152.1, 152.5, 157.8, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 119.1-cu maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 10.İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, əlavə olaraq qeyd olunur ki, məhkəmənin 22 sentyabr 2020-ci il tarixli iclasında yenidən ekspertizanın keçirilməsi barədə vəsatət verilsə də, məhkəmə tərəfindən təmin edilməmişdir. Həmçinin, məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh hazırda mübahisəli torpaq sahəsini X10 2014-cü il tarixdə hasarlanmış və darvaza ilə birlikdə 3500 manata “almış” lakin buna dair heç bir hüquq müəyyənedici sənəd yoxdur. 12.Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov, iş № 2(103)- 988/2021) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1975/2020 saylı, 22 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 13.Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, mübahisəsi gedən sahənin iddiaçının mülkiyyətinə verildiyi müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etməkməqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu mənada kollegiyanın qənaətinə görə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə, həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Kollegiya onu da qeyd etmişdir ki, iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də apelyasiya şikayətinin təmin olunması mümkün deyildir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Kassasiya instansiyası məhkəməsindəki icraat 15.İddiaçı Həsənzadə X1 şikayəti verərərk Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-988/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 16.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 noyabr 2021-ci il tarixli, 2(102)-5385/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək,Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-988/2021 nömrəli iş üzrə 25 yanvar 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və həmin hissədə işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki: 17.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. 18.Apelyasiya instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırır ki, “.. kollegiya onu da qeyd edir ki, iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəlindiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir.” 19.Lakin işin araşdırılmış halları onu təsdiq edir ki, apelyasiya instansiya məhkəməsi iddiaçının iddia tələbi ilə bağlı subyektiv hüququnun olub-olmamasının araşdırılması istiqamətində, iddiaçının apelyasiya şikayətinin dəlillərinə münasibətdə heç bir prosessual imkanlardan istifadə etməmişdir. 20.Belə ki, yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspert rəyində isə göstərilir ki, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsinin yerləşmə cizgisində miqyas, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən mübahisəli torpaq sahəsinin, yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə üst-ütə düşüb-düşməməsini müəyyən etmək mümkün olmaması qeyd edilmişdir. Ekspert öz növbəsində Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinə istinad etmişdir. 21.Lakin hər iki rəylə müəyyən olunur ki, torpaq sahəsinin əlavəsi olan sənədlə torpaq sahəsinin yerləşmə yeri hər hansı istinad nöqtəsindən məsafə göstərilmədiyi üçün rəy verilməsi mümkünsüz olmuşdur. 22.İddiaçı isə apelyasiya şikayətində və eyni zamanda kassasiya şikayətində təhqiqatın tam aparılmaması səbəbindən yenidən ekspertizanın təyin olunmasına israr etmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, torpaq sahəsinin iddiaçıya ayırmış müvafiq bələdiyyədən torpaq sahələrinin ayrılma koordinatlarının əldə edilməsi zəruri olmuşdur. 23.Qeyd edilməlidir ki, hazırkı mübahisə müvafiq bələdiyyə qərarlarına əsaslanaraq torpaq sahəsinə sahiblik və istifadə hüquqları əldə etdiklərini iddia edən iddiaçı və cavabdeh arasında yaranmışdır. Belə olan halda işin düzgün və hərtərəfli həll edilməsini şərtləndirən amil məhz hər iki tərəfə torpaq sahəsinin ayrılmasına əsas olan sənədi verən Bələdiyyənin işə cəlb edilməsi mütləq və zəruri olmuşdur. 24.Bütün bunlar isə baxılan iş üzrə iddiaçı tərəfin iddiasında və cavabdeh tərəfin etirazında istinad etdiyi dəlillərin araşdırılmaması və əsassız məhkəmə qətnaməsinin qəbul edilməsi ilə nəticələnmiş və mübahisə faktiki olaraq həll edilməmiş qoyulmuşdur. 25.Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. 26.İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. 27.İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən mübahisələndirilən torpaq sahəsinin yerləşmə yeri, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənədlərinə uyğun yerləşib-yerləşməməsi, cavabdehin faktiki istifadə üçün imkanlarının olub-olmaması, bu halların araşdırılması üçün müvafiq bələdiyyənin işə cəlb edilərək torpaq sahəsinin yerdə quruluşunu müəyyən edən sənədləri əldə edərək, yenidən məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinin məsələsini müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. c)Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat d)Məhkəmə icraatı iştirakçılarının izahatları 28.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, orada hasar tikilisi, darvaza var. İddiaçı hasarın və darvazanın söküntüsünü tələb edir. 29.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X11 izahatında qeyd etdi ki, cavabdeh oranı hasarlı vəziyyətdə almış, orada dəmir darvaza quraşdırılmışdır. Hasarın içərisində heç bir tikinti yoxdur, cavabdeh orada tikinti işləri aparmamışdır. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. 30.Müstəqil tələb irəli sürməyən 3-cü şəxs “X23” Şirkətinin nümayəndəsi X13 izahatında qeyd etdi ki, torpaq sahəsi “X23” Şirkətinin ərazi hüdudlarında yerləşir və Şirkət hər hansı tikinti işlərinin aparılmasının əleyhinədir. “X23” Şirkəti tərəfindən iddiaçının Bələdiyyə sənədinin etibarsızlığı ilə bağlı Bakı İnzibati Məhkəmədə iddia qaldırılmış, iddia mümkün sayılmamışdır. “X23” Şirkəti tərəfindən iddiaçı və cavabdehə qarşı torpaq sahəsindən çıxarılma ilə bağlı məhkəmədə iddia irəli sürülməmişdir. 31.Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 32.Maddə 13.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 33.Maddə 29.Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 34.60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 35.Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 36.Maddə 152.1.Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 37.Maddə 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 38.Maddə 157.8.Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 39.Maddə 158.4.Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 40.Maddə 165.1.Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 41.Maddə 239.2.Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 42.Maddə 43.2.1.Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 43.Maddə 2.2.İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 44.Maddə 16.1.Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 45.Maddə 16.2.Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. 46.Maddə 16.4.Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 47.Maddə 55.Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
48. 56-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 49.Maddə 111.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 50.“Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 3-cü bəndində əsasən məhkəmələrə izah olunmuşdur ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatla, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn formasını (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 51.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 52.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 53.Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri 54.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 55.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə alaraq qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərinibirinci instansiya məhkəməsinin qətnaməsinin tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
56.Kollegiya ilk olaraq qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 fevral 2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat, iddiaçı “X25” Şirkətinin cavabdeh Binəqədi rayon Xocasən Bələdiyyəsinə qarşı Binəqədi rayon Xocasən Bələdiyyəsinin İddiaçı istifadəsinə 300 kv.m torpaq sahəsinin ayrılması haqqında 32/02 saylı, 10 dekabr 2007-ci il tarixli qərarının qanunsuzluğunun tanınması tələbinə dair inzibati iş üzrə qəbul olunacaq məhkəmə aktı qanuni qüvvəyə minənə dayandırılmışdır. 57.Bakı İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2-1(112)-5710/2022 saylı qərardadı ilə iddiaçı “X25” Şirkətinin cavabdeh Binəqədi rayon Xocasən Bələdiyyəsinə qarşı Binəqədi rayon Xocasən Bələdiyyəsinin İddiaçı istifadəsinə 300 kv.m torpaq sahəsinin ayrılması haqqında 32/02 saylı, 10 dekabr 2007-ci il tarixli qərarının qanunsuzluğunun tanınması tələbinə dair iddiası mümkün sayılmamış, qeyd olunan qərardad 22 aprel 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. 58.Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 may 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. 59.Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarında qeyd olunanlar nəzərə alınaraq, mübahsiənin düzgün həlli üçün mübahisələndirilən torpaq sahəsinin yerləşmə yeri, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənədlərinə uyğun yerləşib-yerləşməməsi, cavabdehin faktiki istifadə üçün imkanlarının olub-olmaması kimi amillərin müəyyən edilməsi zəruri olduğundan qeyd olunan halların araşdırılması üçün məhkəmə kollegiyasının 22 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, rəy məhkəməyə daxil olmuşdur. 60.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin № 10/4461 saylı, 01 noyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəsis rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 saylı qərarı ilə Həsənzadə X19 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsinin yerləşmə cizgisində miqyas, hər hansı bir istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən ayrılmış torpaq sahəsinin, faktiki torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahəsinin Cavabdeh istifadəsində olan, hasarlanmış torpaq sahəsi olduğu və iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən torpaq sahəsinin elektron kadastr məlumat bazasına əsasən “X25” Şirkətinin ərazisinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyətində olduğu müəyyən olundu.
61. xx.xx.2022-ci il tarixdə məhkəmə kollgiyasının iclasında iştirak etmiş ekspert Elməddin Aslanlı bildirmişdir ki, ekspert rəyi mütəxəsis məsləhətinə əsasən verilmişdir. Mütəxəsis tərəfindən yazılı məsləhətdə Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsi 21 fevral 2022-ci il tarixli, 57/02 saylı məktubunun nəzərə alınmaması müəyyən olunur. Bu məsələ əlavə məhkəmə tikinti-texniki ekspertizanın keçirilməsi ilə aradan qaldırıla bilər. 62.Həmçinin xx.xx.2022-ci il tarixdə məhkəmə kollgiyasının iclasında iştirak etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin X4 mütəxəsisi X20 qeyd etmişdir ki, yazılı məsləhət işdə olan cizgiyə görə verilmişdir. Bakı şəhəri Binəqədi rayon Xocasən Bələdiyyəsi 21 fevral 2022-ci il tarixli, 57/02 saylı məktubu nəzərə alınmamışdır. Əgər iş materialları yenidən ekspertizaya göndərilərsə, qeyd olunan məsələyə qiymət veriləcəkdir. 63.Buna görə də məhkəmə kollegiyasının 07 dekabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin X8 mütəxəsis qismində işə cəlb edilməklə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə ekspert rəyi alınmışdır. 64.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin № 10/8631 saylı, 15 mart 2023-cü il tarixli ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsinə dair Xocasən Bələdiyyəsi tərəfindən tərtib edilmiş peyk çəkilişi və mövcud vəziyyətə uyğun planda göstərilən koordinatların, Cavabdeh faktiki istifadəsində olan, hasarlanmış mübahisəli torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olundu. Həmçinin müəyyən olundu ki, mübahisələndirilən 300 kv.m torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən “X25 S.A” Şirkətinin ərazisinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyətindədir. 65.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 66.“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. 67.Hüquqi nəzəriyyəyə görə subyektiv mənada hüquq normativ-aktlarda müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki halda iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. 68.Göründüyü kimi ekspert rəyi ilə müəyyən edilir ki, Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı əsasında iddiaçı X6 ayrılmış Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən 300 kv.m torpaq sahəsi ilə Cavabdeh faktiki istifadəsində olan, hasarlanmış mübahisəli torpaq sahəsi ilə üst-üstə düşür. 69.Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsi sahəsinin yerləşmə cizgisində miqyas, hər hansı bir istinad nöqtəsindən məsafə göstərilməməsi səbəbindən mübahisəli torpaq sahəsinin, yerləşmə cizgisində göstərilən torpaq sahəsi ilə üst-ütə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti olub, “Binəqədi Oil” Əməliyyat şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin sərhədləri hüdudlarında yerləşib, sənaye təyinatlı torpaq kateqoriyalarına aiddir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin onun hesabına sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını tələb edən iddiaçının qeyd olunan torpaq sahəsi üzərində hər hansı hüququnun mövcud olduğu iş materialları ilə təsdiq olunmur. 70.Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, iddiaçının mübahisələndirilən torpaq sahəsi ilə bağlı müvafiq subyektiv hüququ olmaqla, onun bu hüququ cavabdeh tərəfindən pozulmuşdur. İddiaçının barəsində mübhisəli torpaq sahəsi ilə bağlı Binəqədi rayon Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli, 32/02 nömrəli qərarı olsa da, cavabdehin həmin torpaq sahəsinə heç bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. 71.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. 72.Buna görə də, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməlidir. 73.Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisəli torpaq sahəsində hasar tikilisi və darvaza mövcuddur. Cavabdeh tərəf hasar daxilində heç bir tikinti işləri aparılmadığını bildirmiş, iddiaçı tərəf isə hasarın və darvazanın özbaşına tikili olmaqla, sökülməsini xahiş etmişdir. Buna görə də, kollegiya hesab edir ki, özbaşına tikili olan hasar və darvaza cavabdehin hesabına sökülməli, cavabdeh torpaq sahəsindən çıxarılmalıdır. 74.Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, elektron kadastr məlumat bazasına əsasən mübahisəli torpaq sahəsi “X25 S.A” Şirkətinin ərazisinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyətindədir. 75.Kollegiya qeyd edir ki, “X25 S.A” Şirkətinin gələcəkdə mübahisəli torpaq sahəsindən hüququ olmayan şəxslərin çıxarılması ilə bağlı tələb irəli sürmək hüququ vardır. 76.Məhkəmə kollegiyası hesab edir ki, MPM-in 119.1-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat Cavabdeh tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). 77.Həmçinin, iş üzrə alınmış mütəxəssis rəyinin dəyərini təşkil edən 75,68 (yetmiş beş manat, altmış səkkiz qəpik) məbləğində vəsait Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. ("xxxx" ASC-nin Xətai filialı, filialın kodu 200071, vöen **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, benefisiarın adı Kadastr və Yerqur Layiha TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, Vöen **********). 78.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(001)- 1975/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 10 dekabr 2007-ci il tarixli qərarı ilə fərdi ev tikmək üçün ayrılmış 300 kv.m torpaq sahəsində Cavabdeh tərəfindən özbaşına inşa edilmiş hasar, o cümlədən darvaza Cavabdeh hesabına sökülsün. Cavabdeh həmin torpaq sahəsindən çıxarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz yüz əlli) manat Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. İş üzrə alınmış mütəxəssis rəyinin dəyərini təşkil edən 75,68 (yetmiş beş manat, altmış səkkiz qəpik) məbləğində vəsait Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. ("xxxx" ASC-nin Xətai filialı, filialın kodu 200071, vöen **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, benefisiarın adı Kadastr və Yerqur Layiha TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, Vöen **********). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov