Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11010/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-148/2021 saylı iş üzrə 03 sentyabr 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 Əhmədovnaya, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.04.2015-ci il tarixli **********26515/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 1a №-li, 9 mərtəbəli binanın 3-cü mərtəbəsində mülkiyyətində olan 75,15 m2 ümumi, 48,05 m2 yaşayış, 27,1 m2 yardımçı sahədən ibarət, 4 otaqlı 114 №-li mənzilinə tutma yönəldilməsi, mənzilin açıq hərracda satılması və 15.04.2015-ci il tarixli **********26515 №-li kredit müqaviləsi üzrə Borc alan Cavabdeh1 iddiaçı ASC İddiaçıı qarşısında 37 800 (otuz yeddi min səkkiz yüz) ABŞ dolları məbləğində əsas borc, 3 951,61 (üç min doqquz yüz əlli bir ABŞ dolları 61 sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği və 15.04.2019-cu il tarixdən 01.05.2019-cu il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 84 (səksən dörd) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, cəmi 41 835,61 (qırx bir min səkkiz yüz otuz beş ABŞ dolları 61 sent) ABŞ dolları və 01.05.2019-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 12 (on iki) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçıının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən iddiaçının xeyrinə tutulması və mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 və Cavabdeh8, onların ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(008)-148/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 15.04.2015-ci il tarixli, **********26515 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 37800 ABŞ dolları əsas, müqavilənin bitdiyi müddətə 3938.89 sent faiz borcu, 4137 ABŞ dolları müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 45875 (qırx beş min səkkiz yüz yetmiş beş) ABŞ dolları, 89 (səksən doqquz) sent məbləğində borc pul (ödəniş gününə olan manat məzənnəsi ilə), məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 12 (on) manat rüsumu tutularaq İddiaçı ASC-nin hesabına köçürülməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 114 saylı mənzilə yönəldilərək açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait İddiaçı ASC-nin hesabına ödənilməsi, ipoteka predmeti olan, ünvan 1 ünvanında yerləşən 114 saylı mənzilə ilkin satış qiyməti 103000 (yüz üç min) manat müəyyən edilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh2 qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ekpert rəyləri üzrə cəmi 340 (üç yüz qırx) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-148/2021 saylı iş üzrə 03 sentyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-148/2021 saylı, 23.06.2021-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh1 verdiyi şikayətində qərardının ləğv edilməsini xahiş etmişidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-148/2021 saylı iş üzrə 04 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 148/2021 saylı iş üzrə 03 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, Cavabdeh1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(008)-148/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləyə uyğunluğunun yenidən yoxlanılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırılmışdır ki, özügedən qətnamə Cavabdeh1 iddia ərizəsində qeyd edilən ünvana xəbərnaməli məktubla göndərilmiş və onun tərəfindən 17.07.2021-ci il tarixdə şəxsən özü tərəfindən imza edilməklə qəbul edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə 19.08.2021-ci il tarixdə müraciət etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(008)-148/2021 saylı qətnaməsi 25 iyun 2021-ci il tarixli məktub ilə Cavabdeh1 və iş üzrə digər tərəflərə göndərilmiş, Cavabdeh1 17.07.2021-ci il tarixdə xəbərnaməyə imza etməklə məhkəmənin qeyd edilən qətnaməsini rəsmi qaydada qəbul etmişdir. Cavabdeh1 qətnamədən 13.08.2021-ci il tarixdə (səhvən 13.03.2021-ci il yazılmışdır) poçt şöbəsinə təqdim etmişdir. Kollegiya qeyd edir ki, Cavabdeh1 tərəfindən apellyasiya şikayətnin rəsmi qaydada 13.08.2021-ci il tarixdə poçt şöbəsinə təqdim edildiyindən onun tərəfindən qanunla müəyyən edilmiş müddət ötürülməmişdir. Apellyasiya şikayətinin 19.08.2021-ci il tarixdə məhkəməyə daxil olması Cavabdeh1 məhkəməyə müraciət hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi səhvən sözügedən qətnamədən verilmiş apellyasiya şikayətini geri qaytarmaqla Cavabdeh1 məhkəməyə müraciət etmək hüququndan məhrum etmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarındakı məhkəmə müdafiəsi hüququnun təbiəti ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “...məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir...Konstitusiyanın 60cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatı məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva edir. Müvafiq məhkəmə orqanı hər hansı ağlabatan əsaslar və ya səbəblər olmadan, eləcə də artıq tətbiq edilən hüquqi mövqeyi nəzərə almadan formalaşmış təcrübədən kənara çıxdıqda, yaxud da bu hüquqi mövqeyi düzgün təfsir və ya tətbiq etmədikdə də, məhkəmə aktı qanunsuz hesab edilə bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ ilə həmçinin müəyyən edilmişdir ki, məhkəməyə müraciət etmək hüququ mütləq deyil və müəyyən məhdudiyyətlərə, xüsusən şikayətlərin qəbul edilənliyinə münasibətdə müəyyən məhdudiyyətlərə məruz qala bilər. Dövlətlər bununla bağlı müəyyən mülahizə sərbəstliyinə malik olsalar da, həmin hüquqlarından elə tərzdə istifadə etməlidirlər ki, bu, məhkəməyə müraciət etmək hüququnu onun mahiyyətinə toxunacaq dərəcədə məhdudlaşdırmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Kollegiya qeyd edir ki, heç bir halda məhkəməyə müraciət hüququ məhdudlaşdırılmamalıdır. Bu hüquq şəxsin prosessual hüququnun lazımi ünsürü qüvvəsinə malik olaraq şəxsin hüquq və azadlıqlarının keyfiyyətli dərəcədə müdafisinə xidmət etməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməli, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla adı çəkilən qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləyə uyğunluğunun yenidən yoxlanılması üçün mülki iş həmin rayon məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi müəyyən edən 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-148/2021 saylı iş üzrə 03 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, Cavabdeh1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(008)-148/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləyə uyğunluğunun yenidən yoxlanılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-148/2021 saylı iş üzrə 03 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Cavabdeh1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(008)-148/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləyə uyğunluğunun yenidən yoxlanılması üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11010/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11010/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver