Məhkəmə qərarları › İş №2(103)-11037/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11037/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11037/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli qərardadından cavabdeh "xxxx" MMC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli, 2(006)- 305/2019 saylı qətnaməsi ilə 26.912 manat pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən alınıb İddiaçı ödənilməsi qət edilmiş, iddianın Cavabdeh2 aid qalan hissəsi əsassız olduğundan rədd olunmuşdur. Həmin qətnamədən cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Nəsimi Rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli qərardadı ilə (hakim C.Tağıyev, iş N 2(006)-305/19) cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh "xxxx" MMC şikayət vermiş və şikayətində qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda göstərilən nöqsanları qəbul etmir, ona görə ki, apellyasiya şikayətinin qaytarılması barədə qərardad qəbul edilsə də, apellyasiya şikayti və ona əlavə olunmuş sənədlər faktiki olaraq qaytarılmamış, yalnız Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilən 04.12.2020-ci il tarixli qərardad verilmişdir. Rüsumun Nəsimi rayonuna deyil, Yasamal rayonuna köçürülməsi halı da düz deyil. Ona görə ki, məhkəmələrə ödənilən rüsumlar bir hesabda cəmləndiyindən, hesab edir ki, rüsumun hara ödənilməsi əhəmiyyət kəsb etməməli və əsası odur ki, kim tərəfindən və hansı təyinat üzrə ödənilib. Qərardad qanuni və qərəzlidir. Yalnız onlar işin hansı yerdə olması barədə müraciət etdikdən sonra qərardadı cavabdehə vermişlər. Buradan da məhkəmənin qərəzlilik prinsipi özünü göstərir. Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, işdə iştirak edən şəxslər üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytararkən qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qətnaməsi cavabdeh "xxxx" MMC-nin direktoru X1 tərəfindən qəbul edilsə də, həmin qətnamədən apellyasiya şikayəti Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə 01.12.2020-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, cavabdeh "xxxx" MMC tərəfindən apelyasiya şikayətinin verilməsi müddəti ötürülmüş, habelə apelyasiya şikayətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsi və bərpası barədə ərizə əlavə edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, apelyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, dövlət rüsumu 06.11.2020-ci il tarixdə ödənilmiş, hesab sahibi “Yenes” şirkəti olmaqla odənişin təyinatı “iddianın predmetinə dair üçüncü şəxslərin işə qoşulması barədə - hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələr” üçün verilməsi kimi göstərilmişdir. Həmçinin, dövlət rüsumu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh şikayətində göstərdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin 158-ci vərəqində olan məktubun üzərində olan qeyddən görünür ki, cavabdeh "xxxx" MMC-nin direktoru X1 qətnamənin surətini 29.07.2020-ci il tarixdə rəsmi qaydada imza etməklə almış, lakin cavabdeh qanunla müəyyən edilmiş bir ay ərzində apellyasiya şikayəti verməmiş, həmin müddət keçdikdən sonra verilən apellyasiya şikayəti isə məhkəməyə 01.12.2020-ci il tarixdə daxil olmuşdur. Apellyasiya şikayətinə əlavə olunmuş poçt qəbzində isə həmin şikayətin 23.09.2020-ci il tarixdə rabitə müəssisəsinə təqdim olunduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin 23.09.2020-ci il tarixdə verildiyi qəbul olunsa belə, apellyasiya şikayəti vermə müddəti hər bir halda ötürülmüşdür və buraxılmış müddətin bərpası barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası MPM-in 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh "xxxx" MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar