Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11078/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “krediti müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-532/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə aralarında bağlanmış 18.11.2014-cü il tarixli 107-N-2875 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 iddiaçının xeyrinə 2288,76 manat əsas borc, 2316,88 manat faiz borcu, 1217,36 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi 18.11.2017-ci il tarixdən sonra 4982,52 manat əldən çıxmış fayda olmaqla, cəmi 10805,52 manat borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlakə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının manatın tutulması, tutmanın vəfat etmiş girovqoyan X2 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi, ev 40 ünvanında yerləşən 13.32 kv.m. yaşayış sahəsi olan mənzilə yönəldilərək, açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıASC-nin “Nərimanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış 18.11.2014-cü il tarixli 107-N-2875 saylı kredit müqaviləsinə əsasən borcalana illik 24 faiz dərəcəsi ilə 23000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq girovqoyan (vəfat etmiş) X2 vərəsələrinə (Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4) məxsus ünvan 1 ünvanında yerləşən 13.32 kv.m. yaşayış sahəsi olan mənzil 18.11.2014-cü il tarixli, 107-2875/İPM saylı ipoteka müqaviləsinə əsasən bankın ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun banka 2288,76 manat əsas borc, 2316,88 manat faiz borcu, 1217,36 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi 18.11.2017-ci il tarixdən sonra 4982,52 manat əldən çıxmış fayda olmaqla, cəmi 10805,52 manat məbləğində borcu yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-532/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18.11.2014-cü il tarixli 107-N-2875 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 18.11.2014-cü il tarixli, ***-**** saylı kredit müqaviləsinə əsasən 2288,76 manat əsas borc, 2182,33 manat faiz borcu, 117,36 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi 18.11.2017-ci il tarixdən sonra 4282,52 manat əldən çıxmış fayda olmaqla, cəmi 8836,97 (səkkiz min səkkiz yüz otuz altı manat 97 qəpik) manat borc, 40 (qırx) manat məhkəmə xərci və 350 (üç yü əlli) manat qiymətləndirmə xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutma ipoteka predmeti olan, tam mülkiyyət hüququ ilə X6 məxsus, Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi, ev 40 ünvanında yerləşən 13.32 kv.m. yaşayış sahəsi olan mənzilə yönəldilməsi və ilkin satış qiyməti 68000 (altmış səkkiz min) manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaiti iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi, ev 40 ünvanında yerləşən 13.32 kv.m. yaşayış sahəsi olan mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində tərk etmədikləri halda cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 80 (səksən) manat hissəsinin Cavabdeh1, 20 (iyirmi) manat hissəsi İddiaçı ASC-dən tutulub dövlət büdcəsinə köçürülməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə ekspertiza rəyini, müvafiq bank hesabına ödənişləri, həmçinin 18.11.2017-ci il tarixdən sonra ödənişləri nəzərə almadan, hətta bank əsas və faiz borcu cavabdeh tərəfindən ödəndiyi təqdirdə iddiadan imtina barədə şifahi bildirməsini və bu barədə hakimin məlumatı olmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsi kimi iddia tələbini müdafiə edərək, iddiaçının mənafeyinə uyğun qətnamə qəbul etmişdir. Bundan başqa qeyd edir ki, "xxxx" ASC-nin “Nərimanov” filialı ilə aralarında 18 noyabr 2014-cü il tarixli 107-N-2875 nömrəli kredit müqaviləsinə əsasən ona illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 23000 (iyirmi üç min) manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliyini yerinə yetirərək 18 noyabr 2014-cü il tarixdən sonrakı növbəti aylarda krediti ödəmişdir. Müqavilə üzrə öhdəliyinin az hissəsini manatın devalyasiyasınadək (2015-ci ilin dekabrınadək), daha çox hissəsini isə manatın devalyasiyasından sonra ödənişlər etmişdir. Eyni zamanda 18 noyabr 2014-cü il tarixdən 2015-ci ilin dekabr 21-dək olan müddətdə kredit borcum 17 min manatdan aşağı olmuşdur. İddiaçı ASC-nin nümayəndəsi ona kredit müqaviləsinin Azərbaycan Respublikasının Prezident “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın təsir dairəsinə düşdüyünü və fərmana əsasən kompensasiyanın hesablandığını və qalmış kredit borcunun restruktruzasiya olunacağı barədə məlumat versə də daha sonra bundan imtina etmişlər. Məhkəmə baxışı zamanı mübahisəli kredit müqaviləsi fərmanın təsir dairəsinə düşməsi səbəbi ilə işin geri qaytarılması barədə vəsatət verilsə də hakim əsassız olaraq vəsatəti rədd etmişdir. Hakim qeyd olunan fərmanı nəzərə almadan, banka bu barədə müvafiq təkliflər etmədən bankın xeyrinə qanunsuz olaraq qətnamə çıxarmaqda tələsmişdir. Həmçinin məhkəmə qanunvericiliyin tələblərini pozmuş, həm faizlərin, həm də cərimələrin, həmçinin əldən çıxmış faydanın hesablanması zəruriliyini öz qətnaməsində əsaslandıra bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehlə bağlanmış kredit müqaviləsi məlum fərmanın təsiri altına düşsə də cavabdeh banka müraciət etməmişdir, halbuki 2019-cu ilin dekabr ayına qədər müraciət edilməli idi. Bundan başqa 2017-ci ildən sonra faiz hesablansa da sonradan dayandırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə mübahisələndirilən hissədə yoxlanılması təşkil edir, belə ki, qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində borc məbləği mübahisələndirilmiş, iddiaçı eləcə də digər cavabdehlər isə qətnaməni mübahisələndirməmişlər. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq kollegiya aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan İddiaçı ASC ilə X5 arasında bağlanmış 18.11.2014-cü il tarixli, ***- **** saylı kredit müqaviləsinin surətindən görünür ki, borcalana 36 ay müddəlinə, illik 24 faiz dərəcəsi ilə 23000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə X3 arasında bağlanmış 18.11.2014-cü il tarixli, 107-2875/İPM saylı ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi tam mülkiyyət hüququ üzrə ipoteka qoyana məxsus, Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi, ev 40 ünvanında yerləşən 13.32 kv.m. yaşayış sahəsi olan mənzil ipoteka qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi, ev 40 ünvanında yerləşən 13.32 kv.m. yaşayış sahəsi olan mənzil 18.11.2014cü il tarixli, ***-**** saylı kredit müqaviləsinin təminatı kimi 20.11.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 198 nömrəli reyestr kitabının 20750 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 10.04.2018-ci il tarixdə ipotekaqoyana göndərilmiş, 30.04.2018-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nə təqdim olunmuş və qeydiyyata alınmışdır. İpoteka bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh1 18.11.2014-cü il tarixli, ***-**** saylı kredit müqaviləsi üzrə borcu 2288,76 manat əsas borc, 2316,88 manat faiz borcu, 1217,36 manat cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi 18.11.2017-ci il tarixdən sonra 4982,52 manat əldən çıxmış fayda olmaqla, cəmi 10805,52 manat təşkil edir. İş materiallarında olan 02.03.2021-ci il tarixli, 9/559 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatı zamanı hesabdan çıxarış məlumatları, 18.11.2014-cü il tarixli, ***-**** saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, 18.11.2017-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-nə olan borcu aşağıdaki kimi müəyyən edilmişdir, o cümlədən: - əsas borc üzrə- 7630,38 manat; faiz borcu üzrə- 2182,33 manat. 11.09.2020-ci iı tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu aşağıdaki kimi müəyyən olunur, o cümlədən: əsas borc üzrə- 2030,38 manat; faiz borcu üzrə- 2218,14 manat. İş materiallarında olan 27.08.2020-ci il tarixli İddiaçı ASC-nin xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 bank tərəfindən borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş və bununla da işin məhkəməyə qədər həlli qaydasına riayət olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 25.08.2021-ci il tarixli, 158 saylı hesabatına əsasən ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi, ev 40 ünvanında yerləşən 13.32 kv.m. yaşayış sahəsi olan mənzilin bazar dəyəri 72000 manat, likvid dəyəri isə 68000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən görünür ki, 02.02.2018-ci il tarixdə vəfat etmiş miras qoyan X1 miras qalmış Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi, ev 40 ünvanında yerləşən 13.32 kv.m. yaşayış sahəsi olan mənzilə dair onun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 vərəsəlik şəhadətnaməsi verilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinə dair mahiyyəti üzrə gəldiyi nəticə ilə razılaşsa da borc məbləğinin müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmır. Belə ki, işin yuxarıda sadalanan faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən “kredit müqaviləsi” üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Bununla yanaşı birinci instansiya məhkəməsi borc məbləğini müəyyən etmək üçün iş üzrə ekspertiza təyin edilmişdir. Təqdim edilmiş rəyə əsasən cavabdehin müqavilə üzrə 18.11.2017-ci il tarixə, yəni müqavilənin qüvvədə olduğu vaxta qədər 7630,38 manat, 11.09.2020-ci iı tarixədək olan, yəni müqavilə müddəti bitəndən – iddia tələbi ilə məhkəməyə müraciət edilənə qədər əsas borc üzrə- 2030,38 manat müəyyən edilmişdir. Göründüyü kimi əsas borc ekspert rəyi ilə 2030,38 manat müəyyən edilsə də birinci instansiya məhkəməsi əsassız olaraq əsas borcu - iddia tələbində göstərilən həcmdə təmin etmişdir. Halbuki istinad edilən ekspert rəyini şübhə altın alan hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddia tələbinin faiz borcuna dair hissəsi ilə bağlı qeyd edir ki, faiz borcu müqavilənin qüvvədə olduğu vaxta qədər hesablandığından birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini düzgün olaraq 2182,33 manat həcmində təmin etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ekspert rəyi ilə 11.09.2020-ci iı tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borc - 2218,14 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi bu hissədə də əsassız olaraq heç bir əsaslandırma aparmadan iddia tələbini həmin hissədə 4282,52 manat həcmində təmin etmişdir. Halbuki Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsı Plenumunun 24 dekabr 2014-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsının 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi -müddəalarının şərh edilməsınə dair qərarında qeyd edilmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Göründüyü kimi iddia tələbi gecikdirilmiş günlər üçün 5 faiz olmaqla pulun tutulması hissəsində qismən 2218.14 manat vəsaətin tutulması hissəsində əsası olmuşdur. Çünki müqavilə müddəti 18.11.2017-ci il tarixdə bitmiş, iddia tələbi isə 21.09.2020-ci il tarixdə verilmişdir və həmin dövr üçün illik 5 faiz məbləğinin hesablanması xüsusi bilik tələb etdiyindən məhz ekspert rəyinə əsasən müqavilə müddətinin bitdiyi tarixdən illik 5 faizlə hesablanmaqla cavabdehdən tutulan məbləğ 2218.14 manat müəyyən edilməlidir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi dəbbə pulunu mütənasib hesab etdiyi 117,36 manat həddinə qədər azaltmışdır. Kollegiyanın qənaətinə görə işin halları baxımından həmin məbləğin əsas borca mütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətli hesab olunmalıdır. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini əsas borc və illik 5 faizlə hesablanmaqla banka olan borc hissəsində düzgün qənaətə gəlmədiyindən qətnamə həmin hissələrdə dəyişdirilməlidir. Apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 27 mart 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (21.02.2015- ci və 21.12.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği qırx beş gün müddətində müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməlidir. Azərbaycan Respublikası Mərkəzi Bankın “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 6.16-cı bəndində göstərilmişdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə əsasən ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edilmişdir. Banklar isə Palatanın (hazırda Mərkəzi Bankın) müəyyən etdiyi pul məbləğini siyahıya alınmış şəxslərə ödənilməsini təmin edirlər. Beləliklə, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını Banklar müəyyən etmirlər. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı restrukturizasiya ilə bağlı müəyyən olunmuş müddət daxilində iddiaçıya müraciət etməsi iş materialları ilə müəyyən edilmir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 tutulası kredit müqaviləsi üzrə əsas borc, illik 5 faizlə hesablanmalı faiz borcunun və cəmi borcun müəyyən edilməsi hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-532/2021 saylı, 19 avqust 2021-ci il tarixli qətnaməsi - Cavabdeh1 18.11.2014-cü il tarixli, ***-**** saylı kredit müqaviləsinə əsasən əsas borc və illik 5 faizlə hesablanmış faiz borcunun, həmçinin cəmi borcun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh1 18.11.2014-cü il tarixli, ***-**** saylı kredit müqaviləsinə əsasən 2030,38 (ikimin otuz manat, otuz altı qəpik) manat əsas borc, kredit müqaviləsinin müddətinin bitdiyi 18.11.2017-ci il tarixdən sonra 2218.14 (iki min iki yüz on səkkiz manat, on dörd qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun, cəmi 6547,85 (altı min beş yüz qırx yeddi manat, səksən beş qəpik) manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-11078/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11078/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver