Məhkəmə qərarları › İş №2(103)-11168/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11168/2021

29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11168/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Ləğvetmə Prosesində olan "xxxx" ASC-nin "xxxx" MMC-nə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərardadının ləğvi ilə bağlı iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizə (şikayət) üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Ləğvetmə Prosesində olan "xxxx" ASC-nin "xxxx" MMC-nə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun tutulması” tələblərinə dair iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmış, iddiaçının həmin qərardadın ləğv olunması barədə ərizəsini qərardaddan verilən şikayət kimi qiymətləndirən birinci instansiya məhkəməsi 15 oktyabr 2021-ci il tarixli qərardadla onu təmin etməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.5-ci maddəsinə görə, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6-cı və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir; 260.6-cı maddəsinə görə isə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, prosessual qanunvericilik işdə iştirak edən şəxslər üçün iddianın Məcəllənin 259.0.6-cı və 259.0.7-ci maddələrində göstərilən əsaslarla baxılmamış saxlanılması ilə bağlı qərardadlara münasibətdə iki mümkün davranış imkanı verir. Birinci halda (MPM-in 260.5-ci maddəsi) işdə iştirak edən şəxslər məhkəmənin mövqeyi ilə razılaşaraq iddianın baxılmamış saxlanılmasına səbəb olan hal(lar)ın üzürlü hesab olunması və işə baxılmasının davam etdirilməsi barədə məhkəməyə müraciət edə bilərlər bu halda baxılmamış saxlama qərardadının ləğvi üçün əsas kimi qərardaddan verilmiş şikayət çıxış etmir. MPM-in 260.6-cı maddəsində nəzərdə tutulmuş ikinci hal isə işdə iştirak edən şəxslərin işin baxılmamış saxlanılmasına dair məhkəmənin mövqeyi ilə razılaşmayaraq ümumi qaydada şikayət vermələri imkanını nəzərdə tutur. Tərəflər (maraqlı şəxslər) bu imkandan istifadə etmək istədikdə, məhkəməyə müraciətləri şikayət formasında etməli, qərardadın qanunsuzluğu və əsassızlığı ilə bağlı mövqelərini göstərməlidirlər. Öz növbəsində məhkəmə tərəfindən həmin şikayətlərə MPM-in 267-269cu maddəsində nəzərdə tutulmuş qaydada baxılaraq müvafiq qərardadlar qəbul edilməlidir. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi əslində iddianın baxılmamış saxlanılması barədə qərardaddan şikayət verməmiş, MPM-nin 260.5-ci maddəsinin verdiyi imkandan istifadə edərək digər məhkəmə prosesində olduğundan məhkəməyə gələ bilmədiyi haqqında məlumat verməklə qərardadın ləğvini istəmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsinin iradə ifadəsinin həqiqi məzmununu nəzərə almamış, MPM-in 260.6-cı maddəsində nəzərdə tutulmuş qaydada qərardaddan şikayət verilmədiyi halda, düzgün olmayaraq MPM-in 269cu maddəsini tətbiq edərək olmayan şikayətin təmin edilməməsinə dair qərardad çıxarmış və işi baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Əslində isə iddiaçının nümayəndəsinin ərizəsi ilə bağlı MPM-in 260.5-ci maddəsində nəzərdə tutulmuş qaydada işin baxılmamış saxlanılması qərardadının ləğv edilməsinin məqsədəmüvafiq olub-olmadığı məsələsi həll edilməli idi. Məhz bununla bağlı qəbul edilmiş qərardaddan isə tərəflərin, o cümlədən iddiaçının şikayət vermə hüququ vardır. Digər tərəfdən qeyd olunmalıdır ki, iddiaçının nümayəndəsinin sözügedən ərizəsi şikayət kimi qiymətləndiriləcəyi təqdirdə də apellyasiyanın mümkünlüyü üçün əsas yoxdur; belə ki, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir halbuki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.5-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanmasından şikayət verilərkən 50 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qərardadın çıxarılması zamanı qüvvədə olmuş “Dövlət rüsumu haqqında” haqqında Qanunun 8..4.2-ci maddəsində də, iddianın baxılmamış saxlanmasından şikayət verilərkən 20 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu nəzərdə tutulmuşdu. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərardadının ləğvi ilə bağlı iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizə (şikayət) üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş bu qərardadın əsaslındırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla ərizəyə Mülki-Prosessual Məcəllənin 260.5-ci maddəsinə uyğun olaraq baxılması, yaxud şikayətin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar