Məhkəmə qərarları › İş №2(103)-11218/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11218/2021

01.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11218/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Qədirli Vasif Vaqif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-248/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “ümumi mülkiyyətdə olan yaşayış sahəsinin bölünməsi” tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməklə onun payına düşən hissənin ayrılması və cavabdeh tərəfindən həmin hissədən istifadəyə şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, 23.05.1990-cı ildə mübahisəli mənzilin ½ hissəsi alqı-satqı əsasında tərəflərin valideynləri tərəfindən alınmış və həmin tarixdən də orada yaşamağa başlamışlar. Valideynləri vəfat etdikdən sonra iddiaçının qardaşı, yəni cavabdeh öz ailəsi ilə birlikdə həmin evə köçərək orada yaşamağa başlamış, iddiaçının həmin evdə miras payının olmasına baxmayaraq ona bu paydan istifadə etməyinə imkan verməmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/6 hissəsinə iddiaçının payı müəyən edilmiş, bunun əsasında mənzilə dair müvafiq çıxarış verilmişdir. Buna baxmayaraq iddiaçı mülkiyyətində olan yaşayış sahəsindən istifadə edə bilmir. Bu səbəbdən də iddiaçı yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsi və həmin sahəyə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-248/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edimiş, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 10 (on) manat dövlət rüsumunun iddiaçının özünə aid edilmısi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni İddiaçı Yaqb qızının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi hissəsində ləğv edilərək, iddia tələbinin bu hissədə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iddianın təmin edilməsi hissəsində maddi və prsessual hüquq normalarının pozulması ilə çıxarıldığından apellyasiya qaydasında ləğv edilməlidir. Məhkəmə iş üzrə nəticəyə gələrkən faktiki hallara istinad etməmişdir. Belə ki, müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 26.09.2007-ci il tarixli, 333 nömrəli Sərəncamına əsasən onun təqdim etdiyi layihə əsasında sözügedən ünvandakı evin sökülərək yerinə inşa edilmiş yeni, iki mərtəbəli və mansard mərtəbəsi olan fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin ev tərəfindən inşa edilmişdir. Göründüyü kimi, həmin evin tikintisi üçün tərəfindən qanunvericiliyin hər hansı bir norması pozulmamış və bunun əsasında yerli icra hakimiyyəti tərəfindən müvafiq sərəncam verilmişdir. Mübahisəli fərdi yaşayış evinin iddiaçıya düşən 1/6 hissədəki payı naturada bölündükdə cəmi 9 kvadrat metr sahənin ona aid olunduğu müəyyən olunur. Hər bir halda tərəfindən iddiaçıya həmin hissədən imtina etməsi və həmçinin iddia tələbindən imtina etməsi üçün 15000 manat məbləğində kompensasiya təklif edilmişdir ki, iddiaçı bu təklifi qəbul etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Qədirli Vasif Vaqif oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, cavabdeh isə qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-248/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/6 hissəsi ********** qeydiyyat nömrəsi ilə İddiaçı məxsudur və bu hüquq ona 27.06.2019-cu il tarixdə verilmişdir. Mənzilin qalan 2/6 hissəsi Cavabdeh (qeydiyyat nömrəsi **********), ½ hissəsi isə Əzizov Firudin İbrahim oğluna (qeydiyyat nömrəsi 30/12724) məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08.04.2021-ci il tarixli 10/4275 saylı ekspert rəyindən məlum olur ki, ünvan 2 ünvanında yerləşən paylı mülkiyyətə daxil olan fərdi yaşayış evi sökülərək yerində 3 mərtəbəli fərdi yaşayış evi inşa olunduğunu nəzərə alaraq, mənzilin naturada ayrılmasına dair tədqiqat aparılması mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 10066/2017 saylı, 11.08.2017-ci il tarixli qətnaməsinə əsasən, mübahisəli ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin mütəxəsisləri tərəfindən baxış keçirilməsinə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Qətnamə icra olunması üçün müvafiq icra şöbəsi göndərilmiş, nəticədə qətnamə icra məmurunun 17.04.2019- cu il tarixdə tərtib etdiyi aktla təmin edilmişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 26.09.2007-ci il tarixli, 333 nömrəli Sərəncamına əsasən, Cavabdeh anası Məmmədova Ceyran Məmməd Hüseyn qızına məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ənvər Əlixanov küçəsində yerləşən 63/67 saylı evin sökülüb layihə əsasında yenidən inşa edilmiş iki mərtəbəli, zirzəmili, mansardlı fərdi yaşayış evinin rəsmiləşdirilməsi üçün müraciət etmişdir və evin tikinti üçün müvafiq razılığı verilmişdir. Məhkəmə iddia tələbinin evə küçürülmə hissəsinə münasibətdə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, işin materiallarından da aşkar surətdə göründüyü kimi iddiaçı və cavabdeh mübahisəli mənzilin paylı mülkiyyətçiləridirlər, yəni mübahisəli mənzildə 1/6 və 2/6 hissə pay ilə bölünmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd edilən normanın göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evin paylı mülkiyyətçisidir və həmin evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olubolmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı (mənzildə yaşamaq səlahiyyəti versəyidi)bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olubolmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzim etmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qeyd olunan maddi hüquq normalarına əsasən iddiaçı mübahisəli mənzilə köçürülməsinin tələb etməkdə haqlı olduğundan, iddia bu hissədə təmin edilməli, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evdə cavabdeh kimi iddiaçının da pay hüququ olduğundan cavabdehin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçının da bu hüququ realizə etməsi məqsədə müvafiqdir. Bunun əksini düşünülməsi iddiaçının hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmiş olardı. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri qeyd edilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-c maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-248/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-248/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar