Məhkəmə qərarları › İş №2(103)-1132/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1132/2022

19.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1132/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Ərizəçı Ərizəçi nümayəndəsi eyni zamanda vəkili Vəkil, Maraqlı şəxs nümayəndəsi (rəisi) Şəfəq Salmanlının iştirakları ilə Ərizəçı Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edildiyi “şəxsin ölməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5289/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etdiyi “şəxsin ölmüş elan edilməsi” barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 1935-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi AZ-T № 011632 nömrəli doğum haqqında şəhadətnaməsinə əsasən o, xx.xx.1941-ci ildə anadan olmuş və anası X11r. Azərbaycan Respublikası Milli Arxiv idarəsinin 9/252 saylı, 25.06.2015-ci il tarixli məktubuna əsasən Məryəm xanım Əbdülbağı qızının 1912-ci ildə anadan olduğu və atasının X17 olduğu göstərilir. X19 24 sentyabr 2019-cu il tarixli AZ İ №977231 saylı ölüm haqqında şəhadətnaməyə əsasən 26 mart 1995-ci il tarixində vəfat etmişdir. Lakin Ərizəçi ana tərəfdən babası X8 vəfat etməsi barədə rəsmi sənəd onda mövcud deyildir. Nəzərə alınmalıdır ki, onun babası Azərbaycan Demokratik Respublikası dövründə Musavat partiyasının fəal iştirakçısı olduğu üçün 1927-ci ildə cinayət məsuliyyətinə cəlb edilmiş və 10 il müddətinə islah əmək düşərgəsinə göndərilmişdir. İctimai siyasi xadimlərə qarşı repressiya başladığı dövrdə 1935-ci ildə islah əmək düşərgəsində naməlum şəraitdə vəfat etdiyi ailəsinə bildirmiş, lakin harada dəfn edilməsi barədə məlumat verilməmiş, o cümlədən vəfat etməsi faktına dair hər hansı sənəd ailəsinə təqdim edilməmişdir. Qeyd olunan fakt akademik Ziya Büynadovun müəllifliyi ilə “Tarix” qazetinin 08.12.1990-cı ilə aid nəşrinin 2-ci vərəqəsində göstərilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan SSRİ yaradıldıqdan sonra həm dəfələrlə əlifba (ərəb, latın və kiril) dəyişikliyi aparıldığı və həmçinin soyadların məcburi dəyişdirilməsi ilə əlaqədar bəzi sənədlərdə X7 adı, soyadı və ata adı X4 göstərilmişdir. Hazırda X3 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi torpaq sahəsi 36 kv.m olan həyətlər 5 kv.m olan evin vərəsəlik qaydasında qəbulu məqsədilə onun ölüm faktının müəyyən edilməsi zəruridir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5289/2021 saylı, 13 oktyabr 2021ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Qətnamədən ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X7 (soyad dəyişikliyindən əvvəl X1) ölüm tarixi - 28 iyun 1937-ci il, ölüm yeri - Bakı şəhəri olması müvafiq sənədlərlə təsdiq olunduğu halda məhkəmə əsasız olaraq bu faktı nəzərə almamışdır. Belə ki, “Tarix” qazetinin 08.12.1990-cı ilə aid nəşrinin surəti məhkəməyə təqdim edilmişdir. X35 müəllifliyi ilə dərc olunmuş “Tarix” qazetinin 08.12.1990-cı ilə aid nəşrinin 2-ci vərəqəsində göstərilmişdir ki, X15 1927-ci ildə cinayət məsuliyyətinə cəlb edilmiş və 10 il müddətinə islah əmək düşərgəsinə göndərilmişdir. 10 il cəza çəkdikdən sonra X15 Bakı şəhərinə qayıtmışdır. Nəşrinin 3-cü vərəqəsində göstərilmişdir ki, X16 Azərbaycan SSRİ X45 Komissarlığının Xüsusi Üçlüyünün 26 iyun 1937-ci il tarixli Qərarı ilə güllənmə cəzası verilmişdir. Məmmədzadə ƏbdülbağıNasrulla oğlu 28 iyun 1937-ci il tarixində 0 saat, 50 dəqiqədə güllənərək öldürülmüşdür. Bundan başqa nəzərə alınmalıdır ki, Ərizəçi X15 ilə qohumluq faktı Milli Arxiv İdarəsindən verilmiş arayışlarla təsdiq edilir. Göründüyü kimi məhkəmə iş üzrə təqdim edilmiş sübutları o cümlədən şəxsin ölmüş elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini nəzərə almadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi eyni zamanda vəkili Vəkil ərizənin, eləcə də apellyasiya şikayətinin məzmuna uyğun izahat verərək əlavə olaraq bildirdi ki, əsli təqdim edilmiş “Tarix” qəzetinin müvafiq nəşrlərindən görünür ki, X2 1927-ci il tarixdə cinayət məsuliyyətinə cəlb edilmiş, sonradan isə barəsində güllələnmə əmri verilmişdir. Bütün bunlar işin faktiki halları ilə də təsdiq edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq ərizəni rədd etmişdir. Həmçinin təqdim edilmiş sənədlərdə ölüm faktının müəyyən edilməsinin xahiş edildiyi şəxsin ad soyadlarında olan ziddiyyətlərin aradan qaldırılması üçün müraciətləri olmamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi (rəisi) Şəfəq Salmanlı ərizəçi tərəfindən lazımi sənədlər təqdim edilmədiyindən onun müraciətinin təmin edilmədiyi və mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bidlirmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda ərizəçinin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X37 ifadəsində bildirmişdir ki, mərhum X12 onun babasının atasıdır. Mərhum X12 1927-ci ildə represiyaya göndərilmiş, 1935-ci ildə güllələnib öldürülmüşdür. İş materiallarında olan Səbail rayon qeydiyyat şöbəsinin arxivi tərəfindən verilmiş arayışından görünür ki, X31 və X10 nikahlarının pozulması haqqında 09 iyun 1959-cu il tarixli 170 №li akt qeydi saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxivinin 02.02.2015-ci il məktubundan görünür ki, Bakı şəhər oktyabr rayon sovetinin İcraiyyə Komitəsinin maliyyə şöbəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1933-1934-cü illərə dair torpaq vergisi almaq və vergi daxil olması hesab kartoçkalarında qeyd olunur ki, Məmmədyarov küçəsi, ev 69 ünvanında yerləşən ümumi torpaq sahəsi 36 kv.m, həyətlər - 5 kv.m olan evin sahibi X13 olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxivinin 25.06.2015-ci il məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin Bakı şəhəri Cümə məscidinin sənədlərində Məryəm xanım Əbdülbağı qızının doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi:1912-ci il, valideynləri: atası- X18. Anası – Mədinə xanım Mirzə Əbülqasım qızı. İş materiallarında olan Bak şəhəri Səbail rayon qeydiyyat şöbəsinin 24.09.2019-cu il tarixli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X19 26.03.1995-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06.04.1995-ci il tarixdə 203 №-ilə qeyd edilmişdir. Ölümün səbəbi kəskin ürək damar çatmamazlığıdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən, hesab etmişdir ki, Ərizəçi ana tərəfdən babası X8 1935-ci ildə vəfat etməsi bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir və məhkəmə araşdırması zamanı da bu, öz təsdiqini tapmamışdır. Şahid ifadəsinə münasibətdə isə Birinci instansiya məhkəməsi hesab etmişdir ki, şahid ifadəsi iş materialları ilə öz təsdiqini tapmadığı üçün sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, hazırda ərizəçinin - X6 (soyad dəyişikliyindən əvvəl X2) 1935-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi tələbi sübut olunmaması əsası ilə deyil, həmin ərizə ilə hazırki mərhələdə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması əsası ilə ərizə rədd edilməlidir. Belə ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. İş materiallarında olan ərizəçi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Milli Arxivinin 02.02.2015-ci il məktubunda Məmmədyarov küçəsi, ev 69 ünvanında yerləşən ümumi torpaq sahəsi 36 kv.m, həyətlər - 5 kv.m olan evin sahibi kimi X7 olması; Azərbaycan Respublikasının Milli Arxivinin 25.06.2015-ci il məktubunda - Məryəm xanım Əbdülbağı qızının atasının - X5 qeyd edilməsi, eləcə də X35 müəllifliyi ilə dərc olunmuş “Tarix” qazetinin 08.12.1990-cı ilə aid nəşrlərində X14 kimi qeyd olunmuşdur. Göründüyü kimi ərizəçi tərəfindən təqdim edilmiş sənədlərdə ərizəçinin ölüm faktının müəyyən edilməsini tələb etdiyi şəxsin ad soyadlarında müxtəliflik olmuşdur ki, ərizəçinin həmin şəxsə münasibətdə qohumluq faktı eləcə də şəxsin sənədlərdə adı keçən şəxslə eyni olması müəyyən edilmir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin hazırda faktın müəyyən edilməsi barədə ərizə verməkdə subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyanın qənaətinə görə, yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi ərizəni rədd edərkən qətnaməni düzgün əsaslandırmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi ilk növbədə məhkəməyə müraciət edərək ölüm faktının müəyyən edilməsini xahiş etdiyi şəxslə qohumluq və təqdim etdiyi sənədlərdə adı keçən şəxslə eyni şəxs olması faktının müəyyən edilməsinə nail olduqdan sonra, hazırki məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizənin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2 və 385.1.4-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Ərizəçı Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5289/2021 saylı, 13 oktyabr 2021ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçı Ərizəçi maraqlı şəxs qisməndə Maraqlı şəxs cəlb edildiyi X6 (soyad dəyişikliyindən əvvəl X2) 1935-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar