Məhkəmə qərarları › İş №2(103)-11456/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11456/2021

14.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11456/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv edilməsi, bağ sahəsinin mülkiyyətə qaytarılması, dövlət reyestrindən çıxarışın verilməsi və pul” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(007)-3092/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Abdulüsüm oğluna qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv edilməsi, bağ sahəsinin mülkiyyətə qaytarılması, dövlət reyestrindən çıxarışın verilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış əsasında ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsini aralarında olan müqavilənin şərtlərini pozmaqla üçüncü şəxslərə satmışdır. Bu səbəbdən də o, həmin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, Cavabdeh2 ilə onun arasında 21 may 2021-ci il tarixli “hüquqların əvəzli qaydada ötürülməsinə dair” müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsi barəsində bütün hüquqların ötürülməsi barəsində etibarnamənin verilməsinin əvəzi olaraq Cavabdeh2 10000 (on min) manat məbləğində pulun və xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan aktla müəyyənləşdirilmiş 95000 (doxsan beş min) manat dəyərində olan tikinti materiallarını ona verməli idi. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, Cavabdeh2 10 iyun 2021-ci il tarixinə qədər İddiaçı 10000 (on min) manat məbləğində pul ödəməyi öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, Cavabdeh2 22 avqust 2021-ci il tarixinə qədər İddiaçı aktla müəyyən edilmiş tikinti materiallarını təhvil verməyi öz öhdəsinə götürmüşdür. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, cavabdehə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinə dair bütün hüquqların ötürülməsi barədə etibarnamə versə də, cavabdeh müqavilənin 3.2 və 3.3-cü bəndlərində nəzərdə tutulan öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, cavabdeh ona 10 iyun 2021-ci il tarixinə qədər ödəniş etməli olsa da, müxtəlif bəhanələrlə bundan yayınmışdır. Həmçinin, o, 22 avqust 2021-ci il tarixinə qədər ona verməli olduğu tikinti materiallarını da təhvil verə bilməyəcəyini bildirmişdir. Hesab edir ki, onun bu hərəkətləri tamamilə aralarında olan razılaşmaya ziddir. Cavabdeh2 AN-İ seriyalı, ******* saylı 22 may 2021-ci il tarixli alğı-satqı müqaviləsini onun adından imzalamışdır. Bununla da həmin əmlak Cavabdeh1 mülkiyyətinə keçmişdir. “Hüquqların əvəzli qaydada ötürülməsinə dair” 21 may 2021-ci il tarixli müqavilənin 6.3-cü bəndində qeyd edilmişdir: “Əgər Cavabdeh2 bu müqavilə ilə müəyyən edilən öhdəliklərini tam həcmdə yerinə yetirməzsə, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsi barəsində etdiyi bütün hərəkətlər və bağladığı bütün müqavilələr etibarsız hesab ediləcəkdir. Belə olan halda, üçüncü şəxslər qaşısında bütün məsuliyyəti Cavabdeh2 daşıyır”. Göründüyü kimi, cavabdeh aralarında olan müqavilə ilə müəyyən olunan vəzifələrini yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsini AN-İ seriyalı ******* saylı 22 may 2021-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. 21 may 2021-ci il tarixli “hüquqların əvəzli qaydada ötürülməsinə dair” müqavilənin 6.4-cü maddəsinə əsasən, tərəflərdən hər biri bu müqavilənin şərtlərinin pozulmasına görə 30000 (otuz min) manat məbləğində təzminat ödəməlidir. İşin faktiki hallarından da göründüyü kimi, Cavabdeh2 müqavilə üzrə öhdəliklərini qəsdən icra etməmişdir. Bu səbəbdən də o, həmin müqavilənin 6.4-cü maddəsinin tələblərinə əsasən təzminat olaraq ona 30000 (otuz min) manat məbləğində pul ödəməlidir. Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinin alğı-satqısına dair AN-İ seriyalı ******* saylı 22 may 2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinin onun mülkiyyətinə geri qaytarılması və ona həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və Cavabdeh2 30000 (otuz min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(007)-3092/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 Abdulüsüm oğlu arasında bağlanmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinin alğı-satqısına dair AN-İ seriyalı, ******* saylı, 22 may 2021-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməsi və Cavabdeh1 Abdulüsüm oğluna Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsi İddiaçı mülkiyyətinə qaytarılması və ona həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi, Cavabdeh2 30.000 (otuz min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd olunan tələblərindən göründüyü kimi əqdlər təmsilçi vasitəsilə ilə də bağlana bilər. Etibarnamə əsasında iradə ifadəsinin ötürülməsini yalnız iki hal istisna edir: 1. Etibarnamənin özünün etibar edənin iradəsinə zidd olaraq əldə edilməsi və ya onun etibarlılığını şübhə altına almağa imkan verən digər halların mövcud olması; 2. Etibarnamənin onunla verilmiş səlahiyyətin icrasından daha əvvəl ləğv edilməsi. Etibarnamənin hüquqi qüvvəsinin olmaması etibar edilən şəxsin etibar edən şəxsin adından hərəkət etmək hüququnu istisna edir. Hüquqi qüvvəsi xətm edilmiş etibarnamə hər hansı hüquqi nəticə yarada bilməz. İkitərəfli əqdin bağlanması zamanı tərəflərdən ən azı birinin təmsilçisinin etibarnaməsi üzrə səlahiyyətlərinə xitam verilmişsə həmin müqavilənin bağlanması üçün müqavilə tərəflərinin razılaşdırılmış iradə ifadəsinin müəyyən edilməsi mümkünsüzdür. Çünki müqavilə tərəfi müqavilənin bağlanması anında şəxsən iştirak etmədiyi halda, səlahiyyətsiz təmsilçi (etibarnamə üzrə səlahiyyətlərinə xitam verilmiş təmsilçi) həmin müqavilə tərəfinin iradə ifadəsini digər tərəfə bildirə bilməz. Hazırkı iddia ərizəsi üzrə bağışlama müqavilələrinin bağlandığı etibarnamənin etibarsız hesab etmək üçün, obyektiv halların heç biri mövcud olmamışdır. Lakin birinci instansiya məhkəməsi öz fərziyyələri əsasında heç bir konkret hüquq normasına istinad etmədən etibarnamə əsasında bağlanmış alğı-satqı müqaviləsini etibarsız hesab etmişdir. İddiaçı Cavabdeh2 etibarnamə vermiş etibarnaməni şəxsən imzalamış, onun məzmunundan xəbəri olmuş, əqdlərin bağlanmasına yönələn iradə ifadəsi olmuş və cavabdeh də iddiaçının iradə ifadəsinə uyğun hərəkətlər etmişdir. Bundan başqa İddiaçı alğı-satqı müqaviləsi bağlanarkən notariusda olmuş və həmin müqavilədən məlumatlı olmuşdur. Pulun 20000 manatı da müqavilə bağlandıqdan sonra İddiaçı verilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Lakin hazırda cavabdehin Cavabdeh1 iddiaçı qarşısında hər hansı təqsirindən söhbət gedə bilməz. Göründüyü kimi mübahisə iddiaçı və Cavabdeh2 arasındadır. Cavabdeh1 Abdulüsüm oğlu İddiaçı qarşı heç bir qanun pozuntusuna yol verməmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsi Cavabdeh1 Abdulüsüm oğlunun məsuliyyətini istisna edir. Odur ki, məhkəmənin qanunvericiliyin tələblərini düzgün nəzərə almaması açıq-aşkar aydındır. Göründüyü kimi İddiaçı notariusda alğı-satqı müqaviləsinin bağlanmasında iştirak etmiş və həmin müqavilədən məlumatlı olmuşdur. Pulun 20000 manatı da müqavilə bağlandıqdan sonra İddiaçı verilmişdir. Odur ki, İddiaçı tərəfindən qanunvericiliyin tələbləri pozularaq iddia qaldırıldığı halda, məhkəmədə kobud pozuntuya yol verərək, 20000 manat pulun alğı-satqı müqaviləsi nəticəsində iddiaçıya verilməsini təsdiq etsədə, lakin həmin pulun Cavabdeh1 Abdulüsüm oğluna qaytarılması məsələsinə qətnamədə toxunmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsi, şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı və Cavabdeh1 apellyasiya şikayətini qəbul etməmişlər və şikayətin rədd edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki məhkəmə baxışının hədləri birinci instansiya məhkəməsinin qətnamənin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə aid hissəsində əsaslığının yoxlanılması təşkil edir. Digər Cavabdeh2 apellyasiya şikayəti vermədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsi qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, hazırkı mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsi İddiaçı tam pay hüququ üzrə mülkiyyətində olmuşdur. İddiaçı ilə Cavabdeh2 arasında “Hüquqların əvəzli qaydada ötürülməsinə dair” 21 may 2021-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış əsasında özünə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsi barəsində bütün hüquqların ötürülməsi barəsində Cavabdeh2 etibarnamə vermişdir. Qeyd olunan müqavilə tərəflərin və şahidlərin iştirakları ilə imzalanmışdır. Növbəti gün, yəni, 22 may 2021-ci il tarixdə Cavabdeh2 etibarnamə əsasənda, İddiaçı notarisuda iştirakı ilə Cavabdeh1 Abdulüsüm oğlu ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinə dair alğı-satqı müqaviləsi bağlamış, 55.000 manat müqabilində həmin bağ sahəsini Cavabdeh1 satmış və əldə etdiyi 55.000 manat puldan 20.000 manat hissəni notariat kontorunda iddiaçıya vermişdir. Qeyd olunan 55.000 manat pul vəsaitinin notariusun depozit hesabına köçürülməsi mədaxil qəbzi ilə təsdiq edilir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Cavabdeh2 İddiaçı ilə bağladığı “Hüquqların əvəzli qaydada ötürülməsi” barədə 21 may 2021-ci il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, iddia tələbi “Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinin alğı-satqısına dair AN-İ seriyalı ******* saylı 22 may 2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinin onun mülkiyyətinə geri qaytarılması və ona həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” hissəsində təmin edilməlidir. İddiaçının tələbinin “Cavabdeh2 30.000 (otuz min) manat məbləğində pulun tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Hüquqların əvəzli qaydada ötürülməsi” barədə 21 may 2021-ci il tarixli müqavilənin 6.4-cü bəndinə əsasən, tərəflərdən hər biri bu müqavilənin şərtlərinin pozulmasına görə 30000 (otuz min) manat məbləğində təzminat ödəməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tələbinə əsasən «Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.» Həmin Məcəllənin 337.2-ci madəsinə görə «Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.» Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən «Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.» Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Mülki işin mübahisə olunmayan halları ondan ibarətdir ki, iş materiallarında olan alğı-satqı müqaviləsindən göründüyü kimi, tərəflər mübahisəli müqaviləni imzalamış, öz iradə ifadələrini bildirmiş və müqavilə üzrə nəzərdə tutulmuş şərtlərlə bağlı öz razılıqlarını bildirmişlər. Müqavilə öhdəliklərinin icra edilməməsi isə müqavillənin qanunvericiliyin tələbləri ilə pozulmasını və etibarsızlığını ehtiva etmir. İddiaçı mübahisəli alğı-satqı müqaviləsi bağlanan zaman notariat kontorunda iştirak etmiş, lakin Cavabdeh2 etibarnamə verdiyindən müqaviləni özü imzalamamışdır. İddiaçı apellyasiya instansiyası məhkəməsində verdiyi izahata görə, o notariat kontorunda Cavabdeh2 20000 manat pul almışdır. Belə olan halda 21 may 2021-ci il tarixli müqavilə qanunvericiliyin tələbləri nəzərə alınmaqla bağlanmış və müqavilənin etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməli və iddia tələbləri alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(007)-3092/2021 saylı qətnaməsi “AN-İ seriyalı ******* saylı 22 may 2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar