Məhkəmə qərarları › İş №2(103)-11509/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11509/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11509/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bank) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə 18.02.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə illik 22%-lə 36 ay müddətinə 38 300 ABŞ dolları məbləğində kredit verildiyini, borcun təminatı olaraq cavabdehin mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 1 mərtəbəli, 89.4 kv.m ümumi, 73.4 kv.m yaşayış, 16.0 kv.m yardımçı sahəsi olan 17 nömrəli fərdi yaşayış evinin 18.02.2015-ci il tarixli ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü olunduğunu, 15.02.2021-ci il tarixinə Cavabdeh kredit müqaviləsi üzrə banka 31537,91 ABŞ dolları əsas, 33705,90 ABŞ dolları faiz, 7675,7 ABŞ dolları cərimə, kredit müqaviləsinin bitdiyi tarixdən 15.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 351,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla cəmi 73 270,73 ABŞ dolları borcunun yarandığını, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən boyun qaçırdığını bildirmiş, buna görə də cavabdehdən həmin borc məbləğlərinin, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 1 mərtəbəli, 89.4 kv.m ümumi, 73.4 kv.m yaşayış, 16.0 kv.m yardımçı sahəsi olan 17 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılması, borcun və məhkəmə xərclərinin satışdan əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi qaydada tutulması, fərdi yaşayış evinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra cavabdehin və digər şəxslərin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehin həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldıaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh 18.02.2015-ci il tarixli 27-SMEG-1-0-96-15 saylı kredit müqaviləsi üzrə 31 537,91 ABŞ dolları əsas, 16 312,85 ABŞ dolları faiz, 775,7 ABŞ dolları cərimə, kredit müqaviləsinin bitdiyi tarixdən 15.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 351,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla cəmi 48 977,16 (qırx səkkiz min doqquz yüz yetmiş yeddi dollar 16 sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun və 46,90 (qırx altı manat 90 qəpik) məhkəmə xərclərinin "xxxx" ASCnin xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 1 mərtəbəli, 89.4 kv.m ümumi, 73.4 kv.m yaşayış, 16.0 kv.m yardımçı sahəsi olan 17 nömrəli fərdi yaşayış evinə yönəldilərək ilkin satış qiyməti 55 000 (əlli beş min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş vəsait tələbin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsinin ümumi qaydada Cavabdeh tutulması, ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 1 mərtəbəli, 89.4 kv.m ümumi, 73.4 kv.m yaşayış, 16.0 kv.m yardımçı sahəsi olan 17 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində Cavabdeh evdən çıxarılması və evin boşadılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 33,50 (otuz üç manat 50 qəpik) manat hissəsinin Cavabdeh, 16,50 (on altı manat 50 qəpik) manat hissəsinin "xxxx" ASC-dən tutulub dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən, yəni iddianın təmin olunmadığı hissədə ləğv edilərək iddia tələblərinin tam təmin edilməsini xahiş etmiş, şikayətini məhkəmənin əsassız ekspert rəyinə istinad etməsi, ekspertin cavabdehin ödənişlərinin bir hissəsinin dəbbə borcuna silinməsini nəzərə almadığına əhəmiyyət vermədiyi, cərimə borcunun məbləğini tənasübsüz azaltdığı arqumentləri ilə əsaslandırmışdır. Qətnamədən Cavabdeh da apellyasiya şikayəti verərək onun ləğv olunmasını və borcunun məbləğinin düzgün hesablanması ilə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini borc məbləğlərinin düzgün hesablanmadığı arqumenti ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi və cavabdeh özlərinin apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tərəflərin mübahisələndirdiyi həcmdə yoxlanılması təşkil edir. Bu kontekstdə nəzərə alınmalıdır ki, iddiaçı bank apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunmasını xahiş etsə də, onun şikayətinin dəlilləri qətnamənin həmin hissədə tam yoxlanılmasına imkan vermir. Bankın şikayətinin dəlilləri cavabdehdən tutulan faiz və cərimə borcunun məbləğlərinin düzgün hesablanmadığına yönəlmişdir və bu səbəblə də qətnamə bankın şikayətinə əsasən yalnız həmin hissələrdə yoxlanıla bilər. Eyni şəkildə, cavabdehin şikayətinin dəlili də yalnız borcun məbləğinin düzgün hesablanmadığı barədədir; bu isə o deməkdir ki, qətnamə onun şikayəti üzrə də yalnız müvafiq hissədə yoxlanılacaqdır. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, cavabdehin şikayəti təmin olunmamalı, iddiaçı bankın şikayəti qismən təmin olunaraq qətnamə Cavabdeh tutulmalı olan cərimə borcunun və buna bağlı olaraq ümumilikdə tutulmalı olan borcun məbləğlərinə aid hissədə dəyişdirilməlidir. Belə ki, işin müəyyən olunan hallarına əsasən, banka Cavabdeh arasında 18.02.2015-ci il tarixdə bağlanmış 27-SMEG-1-0-96-15 saylı əsas kredit müqaviləsinə görə ona 36 ay müddətinə 38 300 ABŞ dolları məbləğində kredit verilmiş, kredit öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 1 mərtəbəli, 89.4 kv.m ümumi, 73.4 kv.m yaşayış, 16.0 kv.m yardımçı sahəsi olan 17 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Cavabdeh kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş, 15 fevral 2021-ci il tarixinə onun 31 537,91 ABŞ dolları əsas, 33 705,90 ABŞ dolları faiz, 7675,7 ABŞ dolları cərimə, kredit müqaviləsinin bitdiyi tarixdən 15.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 351,85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla cəmi 73 270,73 ABŞ dolları borcunun yarandığı hesablanmışdır. Birinci instansiya məhkəməsi təyin etdiyi ekspertiza rəyi əsasında müqavilənin müddətlərinin bitdiyi tarixə borcalanın əsas və faiz borclarının məbləğlərini müəyyən etmiş, məhz həmin rəyi əsas götürməklə və cərimə borcunun məbləğini mütənasib hesab etdiyi həddədək azaltmaqla müvafiq nəticəyə gəlmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Bankın təqdim etdiyi sənədləri ekspert rəyi ilə birlikdə təhlil edən kollegiya hesab edir ki, müvafiq rəylə razılaşmamaq üçün hər hansı əsas mövcud olmamış və birinci instansiya məhkəməsi kredit borcunun məbləğini Konstitusiya Məhkəməsinin göstərilən qərarındakı hüquqi mövqeyə uyğun olaraq müqavilə müddətinin bitdiyi tarixədək hesablamaqda haqlı olmuşdur. Qətnamənin bank tərəfindən mübahisələndirilən digər hissəsi, yəni cavabdehdən tutulmalı olan cərimə məbləğinin azaldılması hissəsi üzrə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, bank, Cavabdeh 31 537,91 ABŞ dolları olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə 7675,07 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, məhkəmə bu tənasübsüzliyin nisbətini düzgün müəyyənləşdirməmişdir. Kollegiya hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 1500 (min beş yüz) ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; 384.0.3-cü maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3637/2021 saylı iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsi “Cavabdeh 18.02.2015-ci il tarixli 27-SMEG-1-0-96-15 saylı kredit müqaviləsi üzrə 775,7 ABŞ dolları cərimə borcunun, ümumilikdə isə 48 977,16 ABŞ dolları borcun tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh 18.02.2015-ci il tarixli 27-SMEG-1-0-96-15 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə tutulmalı olan cərimə borcunun məbləğ 1500 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), ümumilikdə tutulmalı borcun məbləği isə 49 702,61 (qırx doqquz min yeddi yüz iki dollar 61 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) müəyyənləşdirilsin. Cavabdeh apellyasiya şikayəti təmin olunmasın və qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar