Məhkəmə qərarları › İş №2(103)-11517/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11517/2021

17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11517/2021 17.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab olunması barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 23.09.2021ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçının mülkiyyətində olan, Astara rayonu, Kakalos kəndində 0,08 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 114,2 kv.m olan 2 mərtəbəli, 2 otaqlı yaşayış evinə dair 08.04.2021-ci ildə "xxxx" MMC tərəfindən keçirilmiş hərrac etibarsız hesab olunsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddia onunla əsaslandırılıb ki, ev hərracda 38.250 manata satılıb, bu qiymət ədalətsizdir, evin dəyərindən dəfələrlə aşağıdır. Evin hərracda satış qiyməti məhkəmə qətnaməsi ilə müəyyən edilib, qətnamə isə qanuni qüvvəyə minib. Belə ki, ev "xxxx" ASC-dən iddiaçı tərəfindən alınmış kreditin təminatı üçün ipoteka ilə yüklü edilib. Kredit öhdəliyi pozulduğuna görə evə tutma yönəldilməsi barədə qətnamə qəbul olunub. Qətnamə bankın iddiası əsasında Astara Rayon Məhkəməsi tərəfindən 2(018)-961/2015 nömrəli iş üzrə 24.12.2015-ci il tarixdə qəbul olunub. Qətnamədə evin ilkin satış qiyməti 60.000 manat müəyyən edilib. Daha sonra cavabdeh tərəfindən hərrac keçirilib. Birinci hərrac baş tutmadığına görə ev ilkin satış qiymətindən (60.000 manatdan) 15 faiz aşağı qiymətlə (51.000 manata) təkrar hərraca çıxarılıb. Təkrar hərrac da baş tutmadığına görə hərracın təşkilatçısı banka təklif edib ki, evi təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymətə (38.250 manata) alsın. Bank təklifi qəbul edib, hərracın təşkilatçısı isə 08.04.2021-cı il tarixdə protokol tərtib etməklə evin həmin qiymətə bank tərəfindən əldə edilməsini rəsmiləşdirib. Bu, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinin göstərişinə uyğundur. Göründüyü kimi, iddia əsassızdır. Ona görə də birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 23.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar