Məhkəmə qərarları › İş №2(103)-11553/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11553/2021

30.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11553/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-5183/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-5183/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılıb yekun qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyi tətbiq edərkən hazırki iddia üzrə tərəflərin hansı ailə münasibətlərində olduğunu əsaslandırmamışdır. Məhkəmə ailə münasibətlərinin nədən ibarət olduğu açıqlanan “Mediasiya haqqında” Qanunun 26-cı maddəsini nəzərə almamış, tərəflər arasında heç bir ailə münasibəti olmamasına baxmayaraq, bu qanunun 28.1-ci maddəsini hazırki mübahisəyə münasibətdə düzgün tətbiq etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-5183/2021 saylı, 03 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmiş, cavabdehin nümayəndəsi və vəkili vəsatətlə müraciət edərək cavabdeh Bakı şəhəri, Nəsimi rayonu Səməd Vurğun küçəsi 667 məhəlləsi ev 88 giriş 1 məənzil 10 ünvanında qeydiyyatda olduğundan hazırki mübahisəyə mahiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 152.1.6-1-ci maddələrinə və 2021-ci il iyulun 1-dən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə istinad edərək bu qənaətə gəlmişdir ki, iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Çünki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsassdır. Əvvəla, Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sesiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsində isə göstərilir ki, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sesiyasında iştirak etməlidirlər. İddia ərizəsinin məzmununda hazırki mübahisənin ailə yaxud əmək münasibətlərindən irəli gələn mübahisə olduğu görünmür. Bu cür vəziyyətdə tərəflər ilkin mediasiya sesiyasında iştirak etməyə məcbur edilə bilməz. Buna görə də, məhkəmə MPM-in 152.1.6-1-ci maddəsinə əsasən, yəni həmin maddənin tələblərinə riayət edilmədiyinə görə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmamışdır. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-5183/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli və növbəti prosessual hərəkətlərin edilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-5183/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin edilməsi üçün iş materialları Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar