Məhkəmə qərarları › İş №2(103)-11592/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11592/2021

26.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11592/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili Nümayəndə, cavabdehin vəkili Ümman Salehzadənin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ticarət obyektinin boşaldılması barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, ünvan 1 ünvanında yerləşən, ticarət obyekti (mağaza) kimi istifadə edilən tikili boşaldılsın və boş vəziyyətdə iddiaçıya təhvil verilsin. İddia ərizəsinin verilməsi ilə eyni zamanda iddiaçı “iddianı təmin etmə tədbiri barədə” ərizə ilə Xəzər RM-nə müraciət edib. Ərizədə xahiş olunub ki, ticarət obyekti (mağaza) kimi istifadə olunan həmin tikilinin üzərinə həbs qoyulsun, həmin tikilidə fəaliyyət göstərilməsi cavabdehə və başqa şəxslərə qadağan olunsun. Xəzər RM-nin 30.09.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə təmin olunsun, ərizədə göstərilən qadağa tətbiq edilsin. Bundan sonra cavabdeh ərizə ilə Xəzər RM-nə müraciət edərək həmin qərardadın ləğv edilməsini xahiş edib. Xəzər RM-nin 19.10.2021-ci il tarixli qərardadı ilə qərara alınıb ki, cavabdehin ərizəsi qismən təmin olunsun, hazırkı iş üzrə Xəzər RM-nin 30.09.2021-ci il tarixli qərardadına əsasən tətbiq edilən iddianı təmin etmə tədbiri ləğv edilsin, ərizənin qalan hissəsi təmin edilməsin. Bundan sonra isə iddiaçı şikayət verərək xahiş edib ki, Xəzər RM-nin 19.10.2021-ci il tarixli qərardadı ləğv olunsun. Şikayət təmin edilə bilməz. Belə ki, iddiaçının verdiyi “iddianı təmin etmə tədbiri barədə” ərizədə göstərilən tədbir iddianı təmin etmə tədbirinin (müvəqqəti təminat tədbirinin) məqsədinə uyğun gəlmir. Mülki-Prosessual Məcəllənin 157-ci maddəsinin əvvəlki redaksiyasından görünür ki, iddianı təmin etmə tədbirinin məqsədi qətnamənin gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edən halları aradan qaldırmaqdan ibarətdir. Əgər gələcəkdə iddiaçının xeyrinə qətnamə qəbul olunarsa cavabdehin hazırkı hərəkəti (tikilidən ticarət obyekti kimi istifadəni davam etdirməsi) qətnamənin icrasını, yəni tikilinin boşaldılmasını və boş vəziyyətdə iddiaçıya verilməsini çətinləşdirmir və ya qeyri-mümkün etmir. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin etmə tədbirinin ləğv edilməsi barədə qərardad qəbul edib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar