Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-116/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxxxxxxxx» ASC-nin Cavabdeh qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(011)-3091/2018 saylı qətnaməsindən cavabdeh tərəfindənverilmişapellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxx» ASC Cavabdeh qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 14924,94 manat əsas borcun, 1086,06 manat faiz borcunun, 3000 manat cərimənin, cəmi 19011 manat pulun, bildirişin qeydə alınması üçün 31 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun tutulması, tutmanın cavabdehə məxsus Kürdəmir rayonu, Muradxan kəndində yerləşən 6,04125 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın hərracdan satılması və əldə olunan pul vəsaiti hesabına 19011 manat borcun və 61 manat pul vəsaitinin ödənilməsi, əldə olunmuş pul vəsaiti borcun ödənilməsinə yetərli olmazsa, qalan borcun cavabdehdən tutulması, ipoteka qoyulmuş əmlakın ilkin satış qiymətinin müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, illik 6 faiz olmaqla 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh öhdəliklərinin icrasının təmini kimi özünə məxsus Kürdəmir rayonu, Muradxan kəndində yerləşən 6,04125 ha torpaq sahəsini bank qarşısında ipoteka ilə yüklü etmiş, bununla bağlı tərəflər arasında xx xxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş, həmçinin edilmiş xəbərdarlıqlara baxmayaraq kredit borcunu ödəməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(011)- 3091/2018 saylı qətnaməsi ilə (hakim Rəşad Həsənov) iddia ərizəsi qismən təmin olunmuş, cavabdehdən iddiaçının xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 14924,94 manat əsas borc, 1083,94 manat faiz borcu, 300 manat cərimə olmaqla, cəmi 16308,88 manat kredit borcunun, həmçinin bildirişin qeydə alınması üçün 31 manat xidmət haqqının və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun tutulması, tutmanın cavabdehə məxsus Kürdəmir rayonu, Muradxan kəndində yerləşən 6,04125 ha torpaq sahəsinə yönəldilməsi, ilkin satış qiyməti 18000 manat olmaqla açıq hərracdan satılması və əldə olunan pul vəsaiti hesabına 16308,88 manat kredit borcunun, bildirişin qeydə alınması üçün 31 manat xidmət haqqının və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun iddiaçıya iddianın qalan hissədə təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri olan 145 manat pulun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv olunmasını, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, kredit borcunun düzgün hesablanmaması, borcun şişirdilməsi, həyata keçirdiyi ödənişlərin nəzərə alınmaması, təkrar ekspertizanın təyin olunmalı olması, ipotekanın ilkin satış qiymətinin düzgün müəyyən olunmaması və s. kimiəsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq,iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,əlavə olaraq göstərmişdir ki,cavabdeh kredit borcunu ödəməkdən və qətnaməni icra etməkdən yayınmaq üçün formal şikayət vermiş,həmçinin formal əsaslarla kredit və ipoteka müqavilələrini digər məhkəmədə mübahisələndirmiş, bu səbəbdən də hazırki iş üzrə icraat dayandırılmış, lakin iddiası təmin olunmamışdır. Cavabdehin məqsədi vaxtı süni yolla uzatmaq,kreditin ödənişindən yayınmaqdır.Cavabdeh apellyasiya şikayətinə ödənişləri,həmçinin ipoteka qoyulmuş torpaq sahəsinin dəyəri ilə bağlı hər hansı sübut əlavə etməmişdir.Halbuki,birinci instansiya məhkəməsində müvafiq ekspertizalar təyin edilmiş,kredit borcunun məbləği və ipotekanın ilkin satış qiyməti obyektiv müəyyənləşdirilmişdir,bu səbəbdən də iddia qismən təmin olunmuşdur.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə rəsmi qaydada məlumat verilmiş,lakin məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2015-ci il tarixli kredit və ipoteka müqavilələrinin bağlanması, cavabdehə 36 ay müddətinə, illik 6 faiz olmaqla 15000 manat məbləğində kredit verilməsi işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda,cavabdeh müstəqil qaydada xx xxxxxx 2015-ci il tarixli kredit və ipoteka müqavilələrini mübahisələndirsə də,Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06mart 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmamış, qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış, cavabdehin apellyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. MPM-nin 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunverici başqa məhkəmənin başqa iş üzrə müəyyən etdiyi halları (faktları) o halda preyudisial hallar, yəni doğruluğu başqa məhkəmələr üçün məcburi olan hallar sayılırlar ki, onlar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsində müəyyən olunsunlar və baxılmış iş üzrə iştirakçı olan şəxslərə aid olsunlar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdeh apellyasiya şikayətində kredit borcunun düzgün hesablanmamasını, şişirdilməsini göstərmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişlər. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2018-ci il tarixli, 10944 saylı rəyinə əsasən, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin xx xxxxxx 2018-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) əsas borcu 14925 manat, faiz borcu 595,90 manat təşkil etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi ekspertiza təyin etməklə kredit borcunun məbləğini dəqiqləşdirmiş, əsas borcun 14925 manat təşkil etməsi müəyyən olunmuşdur ki, bu da iddia tələbi ilə (14924,94 manat) uyğunluq təşkil etmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı ekspertiza rəyi daxil olduqdan sonra MPM-nin 53-cü maddəsinə əsasən faizlərin miqdarını artıraraq 1086,06 manat həddində tələb etmişdir. Belə ki, kredit müqaviləsinin müddəti xx xxxxxx 2018-ci il tarixədək müəyyən olunmuş, faizlər isə müddət daxilində, yəni xx xxxxxx 2018-ci il tarixə mövcud vəziyyətdə tələb olunmuşdur. Ekspertiza rəyi ilə ilk tələb üzrə faizlərin xx xxxxxx 2018-ci il tarixə (əvvəlki maliyyə arayışında göstərilən tarixə) olan məbləği uyğunluq təşkil etdiyindən (tələb 598,02 manat olmuş, ekspertiza rəyi ilə həmin məbləğ təsdiq olunmuşdur) məhkəmə kollegiyası kredit müqaviləsi müddəti daxilində tələb olunan 1086,06 manat faizlərlə razılaşmışdır. Eyni zamanda, həmin faizlər işdə olan digər sübutlarla da (kredit müqaviləsi, ödəniş cədvəli və s.) tam təsdiq olunur. Cavabdeh isə apellyasiya şikayətində ekspertiza rəyi ilə razılaşmamasının konkret əsaslarını göstərməmiş, məhkəmə baxışı zamanı ekspertiza rəyinə şübhə yaranmamışdır. Cavabdeh apellyasiya şikayətində həmçinin ipoteka qoyulmuş mənzilinin dəyərinin düzgün müəyyən olunmamasını göstərmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı ipotekanın dəyərinin obyektiv müəyyən olunması üçün qiymətləndirici dəvət olunmuşdur. Belə ki, «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan «xxxxxxxxxxxxx» MMC tərəfindən tərtib edilən xx xxx 2018-ci il tarixli rəyi ilə ipoteka qoyulmuş torpaq sahəsinin dəyərinin 18000 manat təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə əsasən ipotekanın ilkin satış qiymətinin müəyyən olunması istiqamətində zəruri və obyektiv tədbirlər görmüşdür. Cavabdeh isə apellyasiya şikayətində ipoteka qoyulmuş əmlakın dəyərinin daha artıq olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi,cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə,məhkəmə kollegiyası işin faktiki hallarını,işdə olan sübutları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «xxxxxxxxxx» ASC-nin Cavabdeh qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(011)-3091/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(011)- 3091/2018 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-116/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-116/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver