Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1171/2020 17.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 oktyabr 2019-cu il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Bank, onunla Cavabdeh1 arasında 27.06.2014-cü il tarixdə bağlanmış Dİ-024-AZN №-li “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 32.861 manat, əsas borc məbləğinə hesablanmış faiz borcun ödənilməsi məqsədi ilə 7.020,03 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 346,11 manat, cəmi isə 40.227,14 manat, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, “Tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdeh E.Rrüstəm-zadə və sonuncunun öhdəliklərinin icrasına zamin durmuş Cavabdeh2 tutularaq ona ödənilməsi; tələbin ipoteka predmetinə - Cavabdeh1 mülkiyyətində olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsində yerləşən 3 nömrəli evin 88 nömrəli mənzilinə yönəldilməsi; mənzilin açıq hərracdan satılması; satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi; həmin məbləğ borcun ödənilməsinə kifayət etmədiyi halda ödənilməmiş qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması; mənzil satıldığı halda Cavabdeh1 həmin mənzilə olan hüquqlarına xitam verilməsi, cavabdehin həmin mənzildən 1 aydan gec olmayaraq çıxarılması və mənzilin boşaldılaraq iddiaçı Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında 27.06.2014cü il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, E. Rüstəm-zadəyə, kreditdən istifadəyə görə illik 16 faiz dərəcəsi ilə 120 ay müddətinə 36.000 manat məbləğində kredit verilmişdir. Bank tərəfindən verilmiş kreditin ödənilməsinin təminatı olaraq Cavabdeh2 borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasına zamin durmuş və bu barədə tərəflər arasında 27.06.2014-cü il tarixdə “Zaminlik müqaviləsi” bağlanmışdır. Həmçinin borcalan olan Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin təminatı olaraq .Rüstəm-zadə özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə onunla Bank arasında 27.06.2014-cü il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Qeyd olunanlara baxmayaraq, Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, kredit və ona hesablanmış faizləri ödəməmişdir. Nəticədə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 Banka 3.861 manat əsas, 7.020,03 manat faiz borcu yaranmışdır. Bundan əlavə, borcun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən Cavabdeh1 346,11 manat məbləğində cərimə (dəbbə) tətbiq edilmişdir. Bank tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdehlər borcu ödəməmişlər. Bank da bu səbəbdən, hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddianın verilməsi üçün 30 manat, habelə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 17.10.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı Bank ilə cavabdeh E.Rüstə-zadə arasında 27.06.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 32.861 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 7.020,03 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 346,11 manat məbləğində borcun, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, “Tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehlərdən tutularaq Banka ödənilməsini; tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsini; mənzilin ilkin satış qiymətinin 52.000 manat müəyyən edilməklə açıq hərracdan satılmasını; satışdan əldə olunacaq pul vəsaiti hesabına cavabdehlərin Banka olan borcunun ödənilməsini; borc ödənildikdən sonra artıq qalan məbləğin Cavabdeh1 qaytarılmasını, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və onun iştirakını təmin etməklə iddianın ağlabatan və ədalətli həddə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 lazımi qaydada məlumat verməmiş, onun məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bundan başqa, iddiaçı tərəfindən şişirdilmiş məbləğdə borcun tutulması barədə tələb irəli sürülmüş, Rayon Məhkəməsi isə bu hala əhəmiyyət verməmiş, iş üzrə müvafiq ekspertiza təyin etməmiş və nəticədə həmin hissədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti vermiş Cavabdeh1 və iş üzrə digər Cavabdeh2 apellyasiya baxışının yeri və vaxtı barədə xəbərdar olunsalar da, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iddia qismən təmin edilsə də, iddiaçı Bank, iddianın bir hissəsinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh1 isə qətnaməni qismən, yəni qətnamənin “borcun məbləğinin müəyyən edilməsi” hissəsini mübahisələndirmişdir. Cavabdeh2 isə qətnamədən, ümumiyyətlə, apellyasiya şikayəti verməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1, digər cavabdehin adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. Cavabdeh1 digər Cavabdeh2 nə faktiki, nə də ki, qanuni nümayəndəsi deyil. Məhkəmə, MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin əsaslılığını yalnız Cavabdeh1 aid və onun mübahisələndirdiyi, yəni tələb olunan borc məbləğlərinin müəyyən edilməsi hissəsində yoxlamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 17.10.2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bank ilə Cavabdeh1 arasında bağlanmış 27.06.2014-cü il tarixli “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh1 kreditdən istifadəyə görə illik 16 faiz dərəcəsi ilə, 120 ay müddətinə 36.000 məbləğində kredit verilmişdır. Tərəflər arasında bağlanmış 27.06.2014-cü il tarixli “İpoteka müqaviləsindən” görünür ki, Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərinin icrasının təminatı olaraq özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu yüklülük dövlət reyestrində qeydə alınmışdır. İşin hallarından və apellyasiya şikayətinin məzmunundan görünür ki, Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, Banka olan borcunu razılaşdırılmış qaydada ödəməmişdir. Bank, borcun ödənilməsini tələb etsə də, borc ödənilməmiş qalmışdır. Bank tərəfindən təqdim edilmiş “Maliyyə arayışından” görünür ki, Ə.Mehdiyevin 24.04.2018-ci il tarixə Banka 32.861 manat əsas borcu, 7.020,03 manat faiz borcu, 346,11 manat cərimə borcu vardır. “Ödəniş qəbzindən” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən 30 manat, tutmanın ipotekaya yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki halda Cavabdeh1 üzərinə düşür. Cavabdeh1 isə Banka olan borcunun ödənilməsini nəinki sübuta yetirə bilmir. O, ümumiyyətlə, bu halı mübahisələndirmir. Cavabdeh1 apellyasiya şikayətində bildirir ki, Bankın ondan tutulmasını tələb etdiyi borc düzgün hesablanmamış, Rayon Məhkəməsi isə bu tələbə düzgün qiymət verməmiş, tələb olunan borcun düzgün məbləğini araşdırmamış, iş üzrə ekspertiza təyin etməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 iddiaçı Banka olan borcunun daha az olmasını təsdiq edə və Bankın hesablamalarını şübhə altına ala biləcək sübutları, ən azından adi riyazi hesablamanı məhkəmələrə təqdim etməmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi mülki prosessual qanunvericiliyin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, müəyyən olunur ki, Cavabdeh1 Bank qarşısında vaxtında və lazımi qaydada icra edilməmiş öhdəlikləri var və o, bu öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyır. Çünki Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Borcalan Cavabdeh1 Bank qarşısında icra edilməmiş öhdəliklərinin olması təsdiq olunduğundan, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəflər arasında bağlanmış “Kredit müqaviləsi” üzrə tələb olunan əsas borcun ödənilməsi məqsədi ilə 32.861 manat, faiz borcunun ödənilməsi məqsədi ilə 7.020,03 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbə) ödənilməsi məqsədi ilə 346,11 manat məbləğində pulun Bankın xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə əsassızdır. Cavabdeh1 apellyasiya şikayətində göstərir ki, Rayon Məhkəməsi məhkəmə iclasının yeri və vaxtı barədə ona lazımi qaydada məlumat göndərməmiş, onun məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bununla bağlı Məhkəmə bildirir ki, MPM-nin 185-ci maddəsinin mənasına görə, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır (maddə 185.3.). Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır (maddə 185.4.). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (maddə 185.5.). Çünki iş materiallarında olan bildiriş məktubundan görünür ki, Rayon Məhkəməsi tərəfindən Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Göründüyü kimi, Rayon Məhkəməsi, MPM-nin 185-ci maddəsinin tələblərini pozmamış, qətnaməni çəkişmə şəraitində qəbul etmişdir. Apellyasiya şikayətinin müzpakirə olunan dəlili əsassızdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmetini təşkil etdiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmetini təşkil edən hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 oktyabr 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-1171/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1171/2020
17.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver