Məhkəmə qərarları › İş №2(103)-1189/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1189/2023

17.02.2023 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1189/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: icarə müqaviləsinin ləğv edilməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(008)-5684/2021 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаqaşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. 07 fevral 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nobel prospekti, 1212-ci məhəllə 15 ünvanında yerləşən sahəsi 82.4 kv/m olan 91 nömrəli ofisi Cavabdeh MMC-yə icarəyə verməyi, icarəçi isə müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam və vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3cü bəndinə əsasən icarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətə uzadılmış hesab edilir. Müqavilənin 5-ci bəndinə əsasən aylıq icarə haqqı 1300 manat təşkil edir.

2. İddiaçı tərəfindən Cavabdeh MMC-nə ünvanlanmış 10 mart 2021-ci il tarixli bildirişdən görünür ki, MMC tərəflər arasında bağlanmış 07 fevral 2020-ci il tarixli icarə müqaviləsinin 1 ay sonra ləğv olunacağı və yaranmış 11300 manat borcun ödənilməsi barədə xəbərdar olunmuşdur.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 07 fevral 2020-ci il tarixli icarə müqaviləsinin ləğv olunması, Bakı şəhəri, Nobel prospekti, 1212-ci məhəllə 15 ünvanında yerləşən sahəsi 82.4 kv/m olan 91 nömrəli ofisin boşaldılması, iddiaçıya ödənilməli olan 11300 manat və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 07 fevral 2020-ci il tarixli icarə müqaviləsinin ləğv olunması, Bakı şəhəri, Nobel prospekti, 1212-ci məhəllə 15 ünvanında yerləşən sahəsi 82.4 kv/m olan 91 nömrəli ofisin boşaldılması, iddiaçıya ödənilməli olan 17800 manat və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdehə müqavilənin ləğv edilməsi və borcun ödənilməsi barədə rəsmi bildiriş göndərilmiş, bildiriş cavabdehə xx.xx.2021-ci il tarixdə rəsmi təqdim olunsa da bildirişə hər hansı münasibət bildirilməmiş və heç bir vəsait ödənilməmişdir. Bu səbəbdən, iddiaçı müqavilə üzrə ödənişin məhkəmə yolu ilə təmin edilməsi məcburiyyətində qalmışdır. Bundan başqa cavabdehə aid ofis mebeli hələ də icarəyə verilmiş ofisdə qalmaqda davam edir. Özlərinə məxsus mebelin ofisdən aparılmasını tələb edilsə də, yenə də cavabdeh tərəfindən heç bir reaksiya olmamışdır. Qeyd olunan borc məbləği 07 fevral 2020-ci il tarixdən 07 sentyabr 2021-ci il tarixədək hesablanmış icarə haqqıdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(008)- 5684/2021 nömrəli qətnaməsinə əsasən iddia təmin olunmuşdur.

7. Qətnamənin əsaslarına görə, Cavabdeh MMC iddiaçı ilə bağladığı 07 fevral 2020-ci il tarixli icarə müqaviləsi ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə həmin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda tərəflər arasında bağlanmış müqavilənin ləğvi üçün əsaslar yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilə ləğv edildiyi təqdirdə mübahisəli qeyri-yaşayış sahəsi boşaldılmalı və iddiaçıya təhvil verilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2, 390.1, 421.1, 421.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instaniyası məhkəməsi tərəfindən iddiaya baxılarkən prosessual qaydalara, xüsusilə cavabdehin çəkişmə prinsipindən irəli gələn məhkəmədə iştirakının təmin olunması şərtinə riayət edilməmişdir. Cavabdeh MMC artıq 2020-ci ilin dekabr ayından etibarən iddiaçını xəbərdar edib icarə sahəsini tərk etsə də, iddiaçı əsassız olaraq pandemiya şəraitinə görə icarə sahəsini başqa şəxslərə təhvil verilməməsi yükünü cavabdehin üzərinə qoyur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi.

13. İddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin olunmamasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə və ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; Maddə 700.3. Əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir;

15. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 13.1. İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər.

16. MPM: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin; Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 167.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.1. işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilir; Maddə 173. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında baxıldığı hallar istisna olmaqla, işə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər; Maddə 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar; Maddə 185.2. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun; Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: Maddə 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulduğu üçün, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv elilməlidir.

19. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cavabdehin hüquqi ünvanı ünvan 2a məhkəmə bildirişi göndərsə də, bildirişi göndərsə də, cavabdehin bildirişi aldığını təsdiq edən sənəd iş materiallarında mövcud deyildir. Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə cavabdehin adına SMS-bildiriş göndərilməsi görünsə də, həmin SMS-bildirişdəki mobil telefon nömrəsinin də kimə məxsus olması müəyyən deyil. Bundan başqa, məhkəmənin bildirişləri iddiaçının nümayəndəsinin elektron kabinetinə yerləşdirmək imkanı olsa da, bu imkandan istifadə olunmamışdır.

20. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipi pozulmuşdur və qətnamənin ləğvi MPM-in 385.1.1. və 387.2.2-ci maddələrinin birbaşa tələbidir. Bu hissədə məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşır.

21. İddia ərizəsinin məzmunundan görünür ki, tələb 3 hissədən ibarətdir: - tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi; - icarə haqqının ödənilməsi, - qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılması;

22. Tələbin 1-ci hissəsi (tərəflər arasında bağlanmış icarə müqaviləsinin ləğv edilməsi) ilə bağlı məhkəmə koolegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3-cü bəndində icarə müddətinin 07 fevral 2021-ci il tarixədək müəyyən edilməsi və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddətinin daha 1 il müddətə uzadılması nəzərdə tutulduğundan 07 fevral 2021-ci il tarixdən əvvəl tərəflər müqavilənin müddətinin pozulmasına dair heç bir təklif irəli sürmədiklərinə görə istənilən halda müddət 07 fevral 2022-ci il tarixdə başa çatmışdır.

23. Hal – hazırda müqavilənin müddəti başa çatdığından məhkəmə kollegiyası hesab edir ki, artıq müqavilə mövcud deyildir və buna görə də iddia həmin hissədə təmin oluna bilməz.

24. Tərəflər arasında icarə müqaviləsi bağlanması, cavabdehin icarə obyektindən istifadə etməsi, bunun nəticəsində müqavilə üzrə aylıq icarə haqqı ödənişlərinin ödənilməsi barədə öhdəliyinin yaranması işin mübahisəsiz halıdır.

25. Cavabdehin apellyasiya şikayəti ilə mübahisələndirdiyi yeganə məqam onların 2020-ci ilin dekabr ayında iddiaçını xəbərdar etməklə icarə obyektindən çıxmasıdır. Lakin, cavabdeh həmin dəlili əsaslandırmamış, nəinki bu xüsusatı, ümumiyyətlə müqavilənin bağlandığı dövrdən icarə haqqının hər hansı bir hissəsinin ödənilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.

26. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddianın digər hissələrdə (icarə haqqının ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması) təmin olunması üçün əsaslar mövcuddur.

27. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri normalar baxımından işin halları ilə qismən təsdiq olunur, dəlillər qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilən qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.

28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(008)- 5684/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(008)- 5684/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehnə qarşı müqavilənin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. Bakı şəhəri, Nobel prospekti, 1212-ci məhəllə, 15 ünvanında yerləşən, sahəsi 82,4 kv.m olan 91 saylı ofis Cavabdeh tərəfindən boşaldılsın. 17800 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasimov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar