Məhkəmə qərarları › İş №2(103)-11916/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11916/2021

08.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11916/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərardadından ərizəçi X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: Ərizəçi X1 “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərardadı ilə (hakim V.Quliyev, iş № 2(005)-4756/2021) ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Ərizəçi qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin icraata qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizə ilə bərabər məhkəməyə şəxsiyyət vəsiqənin surətini, həmçinin barəsində ölüm faktının müəyyən edilməsi xahiş olunan şəxsin şəxsiyyət vəsiqəsinin surətini və aralarında bağlanmış nikah faktını təsdiq edən nikah haqqında şəhadətnamənin surətini əlavə etmişdir. Həmin şəxslə nikaha xitam verilməmiş, həmin nikahdan sonra digər nikaha daxil olmamışdır. Ərizə yazılarkən tərəfindən diqqətsizlik edilmiş, hüquqi bilikləri zəif olması səbəbindən mexaniki olaraq soyadı Ələkbərova yerinə Qədirli yazılmışdır. Bu səhv sırf mexaniki xarakter daşıyır və təqdim edilmiş sənədlərin surətindən mexaniki yanlışlığa yol verilməsi aydın görünür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi geri qaytararkən qeyd etmişdir ki, ərizəçi ərizənin forma və məzmununa riayət etməyərək maraqlı şəxsin adını ərizəsinə əlavə etməmişdir. Bununla da mülki porosessual qanunvericiliyin tələblərinə uyğun olaraq forma və məzmuna riayət etmədən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formaya və məzmuna riayət edilmədiyi halda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə - hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar