Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11927/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq Bankı“ Cavabdeh1, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra yaşayış sahəsindən çıxarma” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6919/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "xxxx" Cavabdeh1, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra yaşayış sahəsindən çıxarma barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.09.2021-ci il tarixli, 2(011)-6919/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli, 2(011)-6919/2021 saylı qərardadı ilə geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadını ləğv edilməsi və iddia ərizəsinin geri qaytarılması barədə qərardaddan verilmiş şikayət baxılması üçün icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birnci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən istinad etdiyi əsasla razılaşmadıqları üçün həmin qərardaddan şikayət verilsə də, hakim yenidən eyni əsaslarla qərardaddan şikayəti geri qaytarmışdır. Bu isə Bankın məhkəmə müdafiəsi hüququnu kobud şəkildə pozur və demək olar ki, Bankın şikayətinə yuxarı instansiya məhkəməsi tərəfindən qiymət verilməsini qeyri mümkün edir. Bundan başqa məhkəmə iddia ərizəsinin və onun geri qaytarılması barədə verilmiş qərardaddan şikayətin Bankın səlahiyyətli şəxsi tərəfindən imzalanmadığı qənaətinə gəlməsinə baxmayaraq, mülki iş üzrə sənədləri müvafiq olaraq elektron məhkəmə informasiya sistemində yaradılmış ASC “Xalq” Bankının elektron kabinetində yerləşdirmişdir. Belə ki, məhkəmə iddia ərizəsinin və onun geri qaytarılması barədə qərardaddan verilmiş şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmadığı ilə bağlı mövqeyini əsaslı hesab edirsə, həmin mülki iş üzrə materilları müvafiq olaraq iddia ərizəsini imzalayan şəxsin elektron məhkəmə informasiya sistemində yaradılmış müvafiq elektron kabinetinə yerləşdirməli idi. Bu isə bir daha məhkəmənin mövqeyinin yanlış olması barədə qənaətə gəlinməsinə imkan verir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli, 2(011)-6919/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərardadı ilə işə yazılı icraat qaydasında deyil, məhkəmə iclasında baxılması barədə vəsatəti rədd edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandığından ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmış, həmin qərardaddan verilmiş şikayət isə qanunla müəyyən edilmiş qaydada imzalanmaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunanlara istinad etməklə birinci instansiya məhkəməsi əsassız nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi ASC “Xalq” Bankının adından K.N.Məcidov tərəfindən verilmiş etibarnamə əsasında N.F.Bədirxanov tərəfindən imzalanmışdır. K.Məcidovun səlahiyyətlərinə dair sübutlar isə elektron məhkəmə informasiya sistemindən əldə edilməsi eləcə də məhkəmə iclası təyin etməklə müvafiq sənədləri iddiaçıdan tələb etmə imkanı olsa da birinci instansiya məhkəməsi süründürməçiliyə yol verməklə, iddia ərizəsini geri qaytardıqdan sonra eyni əsasla qərardaddan verilmiş şikayəti də geri qaytarmışdır. Göründüyü kimi bu formada iddia ərizəsinin və şikayətin geri qaytarılması süründürməçiliyə əsas yaradır. Şikayətə apellyasiya qaydasında baxılması zamanı elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan göründüyü kimi K.Məcidovun etibarnamə vermək səlahiyyətləri mövcud olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməklə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6919/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli və şikayətə yenidən baxılması mülki işin materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Xalq Bankı“ ASC-nin şikayəti təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6919/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş şikayətə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-11927/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11927/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver