Məhkəmə qərarları › İş №2(103)-11978/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11978/2019

11.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11978/2019 11.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X3 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs “xxxxx” MTK-nın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin, “xxxxx” MTK-nın və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmişapellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Yasamal rayon İcra və Probasiya şöbəsinin icraata xitam verilməsi haqqında xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, cavabdehlər Yasamal rayon İcra və Probasiya şöbəsi və Cavabdeh2 tərəfindən ünvan 1 saylı ünvanında yerləşən binanın 2-ci blokunun 10-cu mərtəbəsində olan 52 saylı mənzilin boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, tələbinin dəqiqləşməsi barədə ərizə verərək, Cavabdeh2 ünvan 2 saylı ünvanında yerləşən binanın 2-ci blokunun 10-cu mərtəbəsində olan 52 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh2, apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, mübahisəli mənzil Cavabdeh2 Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmurları tərəfindən məcburi icra hərəkətləri qaydasında təhvil verilmişdir. Belə olan halda, həmin iddia tələbləri üzrə cavabdehliyi Cavabdeh2 yox, Yasamal rayon İcra və Probasiya şöbəsi daşımalı idi. Eyni zamanda iddiaçının tələblərində 52 saylı mənzil kimi qeyd etdiyi mənzil Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin icrası qaydasında 53 saylı mənzil kimi cavabdehə təhvil verilmişdir. Ona görə də iddiaçının ərizəsində qeyd etdiyi 52 saylı mənzilin və icra hərəkətləri ilə ona təhvil verilmiş 53 saylı mənzilin eyni mənzil olması məhkəmə iclasında dəfələrlə tərəflərindən məhkəmənin nəzərinə çatdırılmışdır. Bu faktın əyani formada sübut edilməsi üçün icra hərəkətlərini həyata keçirmiş icra məmurunun məhkəmə prosesinə cəlb edilməsi, mübahisəli mənzilə yerində baxış keçirilməsi barədə verdikləri vəsatətə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir. Əslində iddia ərizəsində göstərilən 52 saylı mənzilin icra hərəkətləri ilə ona təhvil verilmiş 53 saylı mənzillə eyni mənzil olması, yəni hazırkı mübahisənin eyni mənzil barəsində getdiyi iddia ərizəsinin özündən belə məlum idi. Sadəcə məhkəmə bu faktı nəzərə almaq istəməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və nümayəndəsi, apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər. İddiaçı və nümayəndəsi isə, apellyasiya şikayətinə etiraz edərək bildirdilər ki, İddiaçı məxsus 52 nömrəli mənzilin Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Cavabdeh2 verilmiş mənzilə heç bir aidiyyəti yoxdur. Binada 53 nömrəli mənzil vardır, o da mübahisəli mənzillə üzbə-üz yerləşən və üçüncü şəxs Xəqani Hüseynovun yaşadığı mənzildir. Həmin mənzil əvəzinə icra məmurlarının 52 nömrəli mənzili cavabdehə vermələri doğru olmamışdır. İddiaçı, 52 nömrəli mənzili xx.xx.2018-ci il tarixli müqavilə ilə dəyərini ödəyərək almışdır. Ona görə də, cavabdehin həmin mənzildən çıxarılması barədə qətnamə əsaslıdır və qüvvəsində saxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs “xxxxx” MTK-nın nümayəndəsi bildirmişdir ki, mübahisə predmeti olan mənzil 52 nömrəli olmaqla İddiaçı məxsusdur və cavabdehə aidiyyəti yoxdur. Məhkəmə qətnaməsi ilə Cavabdeh2 verilməli olan 53 nömrəli mənzil isə onunla üzbə-üz yerləşən və hazırda Xəqani Hüseynova məxsus mənzildir. 53 nömrəli mənzilin Xəqani Hüseynova satılması barədə müqavilə və digər sənədləri hazırda təqdim edə bilmir. Nümayəndə, göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər üçüncü şəxslər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, xx.xx.2006-cı il tarixli akta əsasən ünvan 3 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasından 53 saylı mənzil də daxil olmaqla 20 mənzilin satış səlahiyyəti Rövşən Rüstəmova verilmiş və akt xxxxx Hüseynov tərəfindən imzalanmışdır. xxxxx Hüseynov ilə Azər Mirzəyev arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən, həmin binanın 52 saylı mənzili Azər Mirzəyevə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdeh xxxxx Hüseynova qarşı iddia təmin edilərək, həmin binadakı 53 saylı mənzilin qanuni nümayəndələri Cavabdeh2 olan iddiaçılar Fidan Rüstəmova və Cəfərsadiq Rüstəmzadəyə təhvil verilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2015-ci il tarixli aktından görünür ki, həmin qətnamənin icrası çərçivəsində Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 2-ci Dairəvi küçəsi 2 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasında komendant X5 iştirakı ilə hazırkı mübahisəli mənzil 53 saylı mənzil kimi Cavabdeh2 təhvil verilmişdir. İcra zamanı məhkəmə qətnaməsinə əsasən Cavabdeh2 verilməli olan 53 nömrəli mənzil kimi mübahisə predmeti olan (hazırda İddiaçı 52 nömrə ilə ona məxsus olduğunu iddia etdiyi) mənzil göstərilməklə təqdim edilmiş və qəbul olunmuşdur. Bundan sonra həmin mənzilin Cavabdeh2 təhvil verilməsi Yasamal rayon İcra şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2016-cı ildə binanın komendantı Cavid Seyidovun iştirakı ilə yenidən aktlaşdırılmışdır. xx.xx.2018-ci il tarixdə “xxxxx” MTK-nın sədri Tural Hüseynov ilə İddiaçı arasındabağlanmış müqaviləyə görə mübahisə predmeti olan yaşayış sahəsi 52 saylı mənzil kimi İddiaçı verilmişdir. Sözügedən mənzilə dair yaranmış mübahisə ilə əlaqədar Yasamal rayon İcra şöbəsinin icra məmurları, xx.xx.2019-cu ildə polis əməkdaşlarının iştirakı ilə mənzili bir daha 53 saylı mənzil kimi Cavabdeh2 təqdim etmişlər və xx.xx.2019-cu il tarixdə icra sənədi üzrə icraata xitam verilmişdir. Qeyd olunanlar iddia ərizəsi, tərəflərin izahatları, xx.xx.2006-cı il tarixli aktın surəti, xx.xx.2006-cı il tarixli müqavilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1868/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi, Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il, xx.xx.2019-cu il tarixli aktları, “xxxxx” MTK ilə İddiaçı arasındabağlanmış xx.xx.2018-ci il tarixli, 52 saylı müqavilə, Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi haqqında qərarı və işdə olan digər sənədlərlə təsdiq olunur. Hazırda iddiaçı, ona məxsus 52 saylı mənzilin məhkəmə qətnaməsinin icrası zamanı səhvən Cavabdeh2 verildiyini bildirərək, cavabdehin mübahisəli mənzildən çıxarılmasını və mənzilin ona təhvil veriməsini tələb edir. Cavabdeh isə, mübahisəli mənzilin məhkəmə qətnaməsinin icrası çərçivəsində 53 nömrəli mənzil kimi icra məmurlarının aktları əsasında ona təhvil verildiyini və onun tərəfindən qəbul olunduğunu bildirərək iddiaya etiraz edir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, iş materialları və şahid ifadələri ilə sübut olunur ki, İddiaçı, ünvan 4 saylı ünvanda yerləşən binanın 2-ci blokunun 10-cu mərtəbəsində olan 52 saylı mənzilin hüquqi sahibidir. Cavabdeh2 isə mübahisə predmeti olan 52 saylı mənzil üzərində qanunla qorunan subyektiv hüququ yoxdur və bu halda həmin mənzildə məskunlaşması iddiaçının hüquqlarını pozur. Kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq aşağıdakılara əsasən hesab edir ki, iddia rədd edilməlidir. Əvvəla, iddiaçı və üçüncü şəxs “xxxxx” MTK, ünvan 3 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasında mənzillərin müvafiq dövlət orqanı tərəfindən rəsmi qeydə alınma ilə nömrələnməsini təsdiqləyən sübutları təqdim etməmişlər. Başqa sözlə, mübahisəli mənzilin nömrəsinin 53 deyil, 52 olmasına dair dövlət orqanında qeydə alınmış rəsmi məlumat işdə mövcud deyil. Bundan əlavə, “xxxxx” MTK, binadakı 53 nömrəli mənzilin mübahisəli yaşayış sahəsi ilə üzbə-üz yerləşməklə İddiaçı məxsus olduğunu bildirsə də, nə iddiaçı, nə MTK, nə də İddiaçı 53 nömrəli mənzilin sonuncuya (hansı tarixdə və əsasla) satılması haqında müqavilə və digər təsdiqedici sənədləri məhkəməyə verməmişlər. Bu hallar ona dəlalət edir ki, iddia tərəfi mübahisəli yaşayış sahəsinin məhz 52 nömrəli mənzil olduğunu təsdiqləyən mötəbər və kifayətedici sübutları təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bundan əlavə, Kollegiya nəzərə alır ki, mübahisəli mənzil cavabdehə məhkəmə qətnaməsinin icrası çərçivəsində Yasamal rayon İcra və Probasiya şöbəsinin aktları əsasında verilmişdir. Həmin sənədlər ünvan 3 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasından 53 saylı mənzilin “xxxxx” MTK tərəfindən Cavabdeh2 təhvil verilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin icrasını təmin etmiş aktlardır. Məhkəmə qərarının icra məmurları tərəfindən borclu və tələbkarın razılıqları əsasında qeyd edilən formada icra edilməsi (53 nömrəli mənzil kimi mübahisə predmeti olan mənzilin təqdim və qəbul olunması) həmin mübahisə üzrə ədalət mühakiməsinin başa çatmasına dəlalət edir. Odur ki, məhkəmə qətnaməsinin icrasına dair həmin aktlar ləğv olunmadan cavabdehin mənzildən məhrum edilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Hüquqi müəyyənlik prinsipi ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan hər kəs qanunvericilikdə təsbit olunmuş hüquqlarının toxunulmazlığından, o cümlədən məhkəmə qətnaməsinin icrası çərçivəsində dövlət orqanının aktı əsasında təqdim və qəbul edilmiş icranın qanunla müəyyən olunmuş əsaslar olmadan etibarsız sayılmayacağından əmin olmalıdır. Heç kəs hüquqlarının pozulmasını daimi olaraq gözləməyə və ya istənilən anda onların pozula biləcəyini güman etməyə məcbur edilə bilməz. Hazırda iddiaçı və “xxxxx” MTK, mübahisəli sahənin xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən 52 nömrəli mənzil kimi Azər Mirzəyevə, xx.xx.2018-ci il tarixli müqavilə əsasında İddiaçı satılmaqla sonuncuya məxsus olmasını bildirsələr də, Kollegiya aşağıdakılara əsasən hesab edir ki, bu hallar iddianın təmin olunması üçün əsas deyil. Belə ki, mübahisəli mənzil, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi icra olunarkən məhz “xxxxx” MTK tərəfindən 53 nömrəli mənzil kimi cavabdehə təqdim olunmuşdur. Çünki, mənzilin təhvil-təslimində MTK-nın əməkdaşı (komendantı) Cavid Seyidov iştirak etməklə, mübahisəli yaşayış sahəsinin 53 nömrəli mənzil olaraq Cavabdeh2 verilməsinə dair icra məmurları tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli aktlara imza etmişdir. Odur ki, mübahisəli yaşayış sahəsi hətta 52 nömrəli mənzil olsa belə, borclu “xxxxx” MTK, xx.xx.2015-ci il tarixdə onu məhkəmə qətnaməsi üzrə tələbkara verilməli olan 53 nömrəli mənzil kimi təqdim etdiyi və Cavabdeh2 tərəfindən icra bu şəkildə qəbul edilərək mənzil sahibliyə təhvil alındığı üçün onun üzərində cavabdehin qanuni hüquqları yaranmışdır. Çünki, Cavabdeh2, kreditor kimi başqa icranı qəbul etmək hüququna malik idi. Mülki Məcəllənin 435-ci maddəsinə görə, kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. Belə olan halda, borclu “xxxxx” MTK-nın mübahisəli mənzili (eyni əşyanı) bir neçə şəxsə - Azər Mirzəyevə, (müqavilə əsasında) sonra Cavabdeh2 (məhkəmə qətnaməsinin icrası çərçivəsində tərtib olunmuş aktla), ondan sonra isə İddiaçı (müqavilə əsasında) vermək öhdəliyini üzərinə götürmüş sayılır. Bu halda əşyanın kimə məxsusluğu qanunvericilikdə aydın şəkildə tənzimlənmişdir. Mülki Məcəllənin 452.1-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Çünki, borclunun artıq başqasının mülkiyyətinə keçmiş (verilmiş) əşyanı kreditora verməsi obyektiv səbəbdən mümkün deyil. Bu baxımdan əşyanın üçüncü şəxsin sahibliyinə verilməsi faktı müəyyən edildiyi təqdirdə alıcılardan (kreditorlardan) hansının müqaviləni daha əvvəl bağlamasının hüquqən əhəmiyyəti yoxdur. Çünki, qanun, müqavilələrin tarixini o halda həlledici sayır ki, əşya nə onu tələb edən kreditora, nə də üçüncü şəxsə verilməmiş olsun (əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur). Baxılan işin faktiki hallarından görünür ki, mübahisəli mənzilə dair Azər Mirzəyevlə xx.xx.2006-cı il tarixli müqavilə bağlanmış olsa belə, əşyanın A.Mirzəyevin sahibliyinə verildiyini təsdiqləyən sübutlar təqdim olunmamışdır. Həmin yaşayış sahəsi xx.xx.2015-ci il tarixdə boş mənzil kimi Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsinin icrası çərçivəsində Cavabdeh2 təqdim olunduğu və onun tərəfindən bu icra qəbul edilməklə mənzil təhvil alındığı üçün həmin tarixdən etibarən cavabdehin mübahisəli yaşayış sahəsi üzərində qanuni hüquqları meydana gəlmişdir. İddiaçı müqaviləsi isə mənzil cavabdehə təhvil verildikdən sonra, yəni xx.xx.2018-ci il tarixdə tərtiblənmişdir. Odur ki, mübahisəli mənzil üzərində Cavabdeh2 hüququ İddiaçı müqaviləsindən daha əvvəl yaranmış və cavabdeh, yaşayış sahəsini qanuni əsaslarla əldə etmişdir. Kollegiya nəzərə alır ki, “xxxxx” MTKnın sözügedən mənzili xx.xx.2015-ci il tarixdə Cavabdeh2 təhvil verdikdən, habelə bu faktı icra məmurlarının tərtib etdikləri xx.xx.2016-cı il tarixli aktla yenidən təsdiqlədikdən sonra xx.xx.2018-ci il tarixdə həmin mənzili İddiaçı adına sənədləşdirməsi dürüstlük qaydasına uyğun deyil. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu səbəbdən bir şəxsin öz davranışı ilə qarşı tərəfdə güvən oyandırdıqdan sonra bu davranışa və güvənə zidd davranması hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci, 560.2-ci və 560.3.4-cü maddələrinə görə, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Bu baxımdan “xxxxx” MTK-nın Cavabdeh2 təhvil verdiyi mənzili sonradan İddiaçı adına sənədləşdirməsi və hazırkı mübahisədə mənzilin cavabdehə aid olmadığını bildirməsi Cavabdeh2 münasibətdə əvvəl oyandırdığı güvənə zidd rəftar olmaqla hüquqdan sui-istifadədir. Göstərilənlərə əsasən, Kollegiya bu nəticəyə gəlir ki, mübahisə predmeti olan mənzil Cavabdeh2 məxsus olduğu üçün onun mənzildən çıxarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına və qanunvericiliyə uyğun deyil. Ona görə də qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi həmin qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin2(004)-3406/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh2 qarşı, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin, “xxxxx” MTK-nın və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Hakim Zaur Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar