Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12020/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4512/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən B bloku (6-cı blok, №323) 58.5 kv.m.-lik 270 №-li mənzilin alğı-satqısına dair Cavabdeh ilə "xxxx" Fərdi Firması arasında bağlanmış 99/2018 №-li alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilə əsasında mənzilə verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4512/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı və vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilmişdir. Həmin Qanunun keçid müddəlarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişikliklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4512/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti 22.11.2021-ci il tarixdə birinci instansiya məhkəməsinin dəftərxanasına daxil olmuşdur. Lakin apellyasiya şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab vermir. Belə ki, oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Bundan başqa MPM-nin 363.1.5-ci maddələrinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbindən göründüyü kimi elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda İddiaçı və vəkili Vəkil (Vəkil elektron kabineti mövcuddur) tərəfindən təqdim edilmiş apellyasiya şikayəti bu qaydaya riayət olunmadan verilmişdir. MPM-nin 366.1-ci və 366.2-ci maddələrinə görə, Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4512/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-12020/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12020/2021
09.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver