Məhkəmə qərarları › İş №2(103)-1207/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1207/2025

02.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1207/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimləri X5 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6209/2024 saylı, 6 dekabr 2024-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ: Ərizəçi Qədimov Ərizəçi Lalə Vaqif qızı maraqlı şəxs qismində cəlb etməklə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6- 01965 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-385/2023 saylı 2 avqust 2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6-01965 nömrəli barışıq sazişi “Tərəflər çıxış edən Maraqlı şəxs və Ərizəçi 28 mart 2018-ci il tarixində Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin 45 nömrəli akt ilə qeydə alınmış nikahın pozulmasını təsdiq və bəyan edirlər, razılaşırlar. Tərəflər birgə nikahdan anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X3 atası Ərizəçi himayəsində qalmasına razıdırlar” hissəsində təsdiq edilmişdir. Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6209/2024 saylı iş üzrə 6 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, ərizənin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barışıq sazişi onun iradəsini ifadə etmir ona görə ki, həmin sazişin mahiyyəti gizlədilərək aldatma yolu ilə imzalanmışdır, o, elə məzmunda bir sazişi imzalamaq niyyətində olmamış, xx.xx.2014-cü ildə doğulmuş övladı X6 atası, yəni Ərizəçi himayəsində qalmasına deyil, hər valideynin himayəsində qalmaqla sərbəst hərəkət etməsinə dair razılıq vermək istəmişdir, onun nümayəndəsi məhkəmədə guya “mən sazişi oxumamış və sazişlə tanış olmadan imzalamağım” kimi izahat verməmiş, onun izahatı təhrif olunmuş, adı əkilən sazişin aldatma yolu ilə imzalandığı barədə izahat vermişdir. O, mediasiya üçün cavabdehə təklif, nə də mediasiya təşkilatına ərizə verməmişdir. Cavabdeh onu birbaşa 2024-cü il oktyabrın 8-də Bakı 6 saylı Mediasiya Təşkilatına, mediatorun yanına dəvət etmiş, mediatorla öz aralarında necə danışdılar və barışıq sazişini necə tərtib etmələrindən onun xəbəri olmamış, oğlu Əlinin cavabdehin himayəsində alması, qızı Əminənin isə həm onun, həm də cavabdehin himayəsində olacağı, cavabdehin istənilən vaxt qızı Əminə ilə ünsiyyət yaradacağına etiraz etməmək barədə barışıq sazişini tərtib edib imza etməyini təklif etdilər və onu inandırdılar ki, hazırda azyaşlı Əminə onun yanında olduğundan, həmçinin atasının da himayəsində olmasına etiraz etmir kimi qeyd etməklə, yəni barışıq sazişinin mahiyyətini ondan gizlətməklə əslində yalnış məlumatlandırmış, o da onlara inanaraq barışıq sazişinə imza etsə də sazişin bir surəti ona verilməmiş və barışıq sazişinin tam olaraq onun istədiyi kimi olduğunu bildirmişlər. Azyaşlı xx.xx.2014-cü il təvəllüdlü X4 onun himayəsində saxlanması uşağın mənafeyinə daha uyğundur, onun ana qayğısına daha çox ehtiyacı vardır, aldatma olmadan onun belə bir sazişə imza etməyəcəyi cavabdehə qabaqcadan tam bəlli olduğundan, saziş barədə onu yanlış məlumatlandırmışlar. O, elə bir sazişi bağlamaq istəyində olmamışdır. Bakı 6 saylı Mediasiya Təşkilatında onunla cavabdeh Ərizəçi arasında xx.xx.2014-cü il təvəllüdlü X4 atasının himayəsində qalmasına razılıq verməyi barədə xx.xx.2024-cü il tarixli MSB/6-01965 №-li barışıq sazişi onun maraqlarının ziddinə tərtib olunmuş və cavabdeh həmin barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etdikdən sonra aldadıldığını başa düşmüşdür. xx.xx.2014-cü il təvəllüdlü X4 həm onun, həm də cavabdehin yanında sərbəst və öz istəyinə uyğun yaşamasına razılıq vermək istəmiş, lakin barışıq sazişi cavabdehin maraqlarına uyğun tərtib olunmuş və məzmunu barədə ona yanlış məlumat verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6-01965 nömrəli barışıq sazişinin “Tərəflər çıxış edən Maraqlı şəxs və Ərizəçi 28 mart 2018-ci il tarixində Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin 45 nömrəli akt ilə qeydə alınmış nikahın pozulmasını təsdiq və bəyan edirlər, razılaşırlar.” hissəsində təsdiq edilməsi” hissəsində ləğv edilməklə, həmin hissədə mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Belə ki, məcburi icra edilməsi üçün təsdiq edilməsi xahiş edilən xx.xx.2024-cü il tarixli MŞB/6-01965 nömrəli barışıq sazişinin məzmunundan görünür ki, tərəflər Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin 28 mart 2018-ci il tarixli 45 nömrəli akt ilə qeydə alınmış nikahın pozulmasını “təsdiq və bəyan etdiklərini” göstərmişlər. Nəzərə alınmalıdır ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraat qaydasında təsdiqlənməsinin məqsədi - razılaşmanın məcburi icrasını təmin etməkdən ibarətdir. Belə ki, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağlanılan qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyrimüəyyənliyin aradan qaldırılmasına yönəlir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin isə əsas cəhəti ondan ibarətdir ki, bu zaman tərəflərin iradə bəyanları məhkəməyə getmə potensialı olan mübahisənin tamamlanmasını təmin edir. Mediasiya prosesində bağlanan barışıq sazişi bağlandığı halda belə, əldə edilmiş razılaşma könüllü qaydada icra edilmədikdə və ya bu razılaşmanın könüllü icrasından imtina olunduqda, maraqlı tərəf barışıq sazişinin məcburi icrası üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edərək, bu məsələnin icra icraatı qaydasında həll edilməsini tələb edə bilər. Barışıq sazişinin hüquqi təbiəti və barışıq sazişinin nikahın pozulmasına təsiri ilə bağlı isə qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 16-cı maddəsinə görə nikaha xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19–21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilməli olması təsbit edilmişdir. Belə olduğu təqdirdə nikaha xitam verilməsi barədə bəndin barışıq sazişində nəzərdə tutulması hüquqi nəticə doğurmur və müvafiq qanunvericiliyə ziddir. Buna görə də tərəflərin ailə-hüquqi statusu barışıq sazişi ilə icra edilə bilən hüquqi öhdəlik kimi formalaşdırıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən “.... iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır.” Beləliklə, işə məhkəmədə və ya müvafiq icraat qaydasında baxılmalı olmadıqda həmin iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (icra, cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6209/2024 saylı, 6 dekabr 2024-cü il tarixli qətnaməsi “Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6-01965 nömrəli barışıq sazişinin “Tərəflər çıxış edən Maraqlı şəxs və Ərizəçi 28 mart 2018-ci il tarixində Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin 45 nömrəli akt ilə qeydə alınmış nikahın pozulmasını təsdiq və bəyan edirlər, razılaşırlar.” hissəsində təsdiq edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6209/2024 saylı, 6 dekabr 2024cü il tarixli qətnaməsi qismən - “Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6-01965 nömrəli barışıq sazişinin “Tərəflər çıxış edən Maraqlı şəxs və Ərizəçi 28 mart 2018-ci il tarixində Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin 45 nömrəli akt ilə qeydə alınmış nikahın pozulmasını təsdiq və bəyan edirlər, razılaşırlar.” hissəsində təsdiq edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar