Məhkəmə qərarları › İş №2(103)-1211/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1211/2022

03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1211/2022 03.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdehlərin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İsmayıl qızına qarşı kredit borcunun qaytarılması, tytmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4992/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və Cavabdeh2 İsmayıl qızına qarşı “kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 82775,27 manat təşkil edir. Bundan 30958,92 manat əsas, 2430,90 manat faiz, 37680,85 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixl Plenum qərarına əsasən hesablanmış 11704,60 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 İsmayıl qızına məxsus olan Bakı şəhəri. Nərimanov rayonu, X3 küçəsi, ev 18, 76 nömrəli mənzilə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetiniıı satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, “AmrahBank" ASC-nin Gənclik filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 102/İK-l saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 17 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 50.000 AZN məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi DƏDRX-in xx.xx.2012-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 İsmayıl qızına məxsus Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 18. 76 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə borc alan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixli 102/İKl saylı İpoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə DƏDRX tərəfindən xx.xx.2012-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********227 saylı 05 avqust 2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəllər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin tələb və etirazları üzrə dəlillərini araşdırmadan, müvafiq məhkəmə ekspertizaları təyin etmədən yalnız cavabdehin təqdim etdiyi sübutları mötəbər hesab edərək qətnamə çıxarmışdır. İlk öncə, cavabdehin təqdim etdiyi sənədlərin (yüklülükdən azad məktubu, bankın daşınmaz əmlakın reyestr idarəsinə müraciət məktubu və ödəniş qəbzləri) həqiqiliyini müəyyənləşdirmək üçün daşınmaz əmlakın müvafiq ərazilərinə, eləcə də iddiaçı bankın ləğvedicisinə sorğular ünvanlamalı və həmin sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsinin mümkünlüyunu nəzərdən keçirməli idi. Daha sonra, mahkəmə təqdim edilmiş sənədlər üzrə, qəbul etdiyi qətnamənin qanuniliyini təmin etmək üçün iddiaçı tərəfin təqdim etdiyi sübutları və iddianın əsasını təkzib edən sübutların mötəbərliyini müqayisəli şəkildə təhlil etməzdən əvvəl mülki işə alavə edilmiş sanadlər üzrə məhkəmə xətşünaslıq və texniki ekspertizalar təyin etməli idi. Bundan sonra, məhkəmə iclası gedişində tərəflərin izahatlarına əsasən, Bank adından cavabdehlərə sənəd təqdim etmiş şəxslərin şahid qismində dindirilməsini təmin etməli və işin halları ilə bağlı açıq qalan sualları öz qətnməsində göstərməli idi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsinin xahiş etmişdir Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qeyd etmişdir ki, müqavilədə 50.000 manat qeyd olunsa da, faktiki olaraq cavabdehə 10.000 manat kredit verilmiş, həmin məbləği cavabdeh qısa müddətdə 11.300 manat ödəməklə bağlamış və ipoteka ilə yüklü edilmiş əmlak da Bankın razılığı və məktubu ilə yüklülükdən azad olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı şikayət verməklə iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli 102/İK-1 nömrəli bank hesabı və kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASC-nin Azadlıq filialından illik faiz dərəcəsi 24% olmaqla 17 ay müddətinə 50.000 manat məbləğində kredit verilməsi razılaşdırılmışdır. Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2012-ci il tarixli 102/İK-1 nömrəli bank hesabı və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 30958,92 Manat əsas borcu, 2430,90 Manat faiz borcu, 37680,85 manat kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 11704,60 Manat olmaqla, cəmi 82775,27 Manat borcu qalmışdır. İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış 14 avqust 2012-ci il tarixli, 102/İK-1 saylı sonrakı ipoteka müqaviləsinin məzmunundan görünür ki, xx.xx.2012-ci il tarixli 102/İK-1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan və ipoteka müqaviləsi bağlanarkən 100.000 manata qiymətləndirilən Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 18, m.76 ünvanında yerləşən ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC xx.xx.2014-cü il tarixli AB-11-1220 nömrəli məktubla AR DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh1 banka olan kredit borcunun bağlanması ilə əlaqədar olaraq, İddiaçı ASC-nin “Gənclik” filialı Sizdən xahir edir ki, Cavabdeh2 İsmayıl qızına məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi ev 18 (çıxarışın seriyası MA ******* №-li, reyestr nömrəsi (**********05-05101- 093048) ünvanında yerləşən 76 nömrəli mənzilin girovdan azad edilməsini qeydiyyata alınması xahiş edilmişdir. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli 9/698 nömrəli rəydə göstərilmişdir ki, Cavabdeh1 tərəfindən İddiaçı ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2014-cü il tarixə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) əsas borc üzrə - 30.958,91 manat; faiz borcu üzrə 2.430,90 manat. Qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış və ödəniş qəbzlərinin məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən 14 avqust 2012-ci il tarixli 102/İK-1 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdən sonrakı dövrdə ödəniş aparılmamışdır. AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş ...5736 saylı, məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi. 18 saylı evin, 76 saylı mənzili İddiaçı ASC-nin Goranboy filialının ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli müraciətinə əsasən ipoteka ilə yüklü edilmiş və ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarxili müraciətinə əsasən qeyd olunan ipotekanın dövlət qeydiyyatı ləğv edilmişdir. Sonradan sözügedən əmlak İddiaçı ASC-nin Goranboy filialının ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli müraciətinə əsasən yenidən ipoteka ilə yüklü edilmiş və ləğv porsesində olan İddiaçı ASC-nin ********* qedyiyyat nömrəli, xx.xx.2014-cü il tarixli müraciətinə əsasən ipotekanın dövlət qeydiyyatı ləğv edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1). Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan maddənin dispozisiya şərtlərindən göründüyü kimi, iddianın təmin olunması üçün ilk növbədə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləğin cavabdehə verildiyi sübuta yetirilməlidir. Baxılan iş üzrə iddiaçı tərəfindən tələb edilən borcun yaranmasına səbəb olan pul vəsaitinin hansı məbləğdə və nə vaxt cavabdehə verilməsi barədə hər hansı sübut - pulun cavabdehə verildiyini təsdiq edən kassa məxaric orderi təqdim olunmamışdır. Halbuki MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin nəzərə alınmalıdır ki, MPM-ə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (maddə 106.2). Hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur (maddə 184.2). Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə pulun cavabdehə verildiyi ilə bağlı sübutetmə yükü üzərinə düşən iddiaçı tərəfindən bu məsələyə hər hansı aydınlıq gətirilmədiyindən işdə olan ekspert rəyi də mübahisənin həlli üçün əhəmiyyətini itirir. Digər tərəfdən kollegiya qeyd edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmiş olmasa idi, bank tərəfindən mənzilin girovdan azad edilməsi üçün Azərbaycan Respublikasının Əmək Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilməzdi və mənzil yüklülükdən azad edilməzdi. Məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə kollegiyası xüsusi ilə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları və tələbləri baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, apelyatorun şikayətində irəli sürdükləri ilə bağlı kollegiya qeyd edir ki, nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına yuxarıda qeyd olunan arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4992/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar