Məhkəmə qərarları › İş №2(103)-1217/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1217/2022

21.01.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1217/2022 21.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqına qarşı “əmək haqqının və maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 29.10.2021-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, əlavə əmək haqqı kimi 12.300 manat, maddi zərərin əvəzi kimi 1.144 manat və mediasiya prosesinin tətbiqi üçün ödənilmiş haqqın əvəzi kimi 51 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. İddiaçı tələbini belə əsaslandırıb ki, 08.05.2019-cu ildən cavabdeh təşkilatda şöbə rəisi vəzifəsində çalışıb. 22.05.2020-ci ildə "xxxx" Sığorta Şirkətinə verilmiş lisenziya Mərkəzi Bank tərəfindən ləğv edilib və iflas prosesi başlanıb. Cavabdeh təşkilatın rəhbəri Rəşad Əhmədov ləğvetmə prosesində həmin şirkətin ləğvetmə komissiyasının sədri olub. Rəşad Əhmədov ona bildirmişdir ki, 21 avqustdan cavabdeh təşkilatdakı işi ilə yanaşı sığorta şirkətinin ləğvetməsi ilə də məşğul olacaq, bunun müqabilində ona hər ay əlavə əmək haqqı veriləcək. O, bu təkliflə razılaşmış və avqust ayından etibarən gündəlik fəaliyyət kimi sığorta şirkətinin ofisinə işə çıxmağa başlamışdır. Ayın tamamında əmək haqqı barədə Rəşad Əhmədova məlumat verdikdə, o, bildirmişdir ki, gələn ay hər 2 maaş birlikdə karta köçürüləcək. Bu minvalla 4 ay orda işləməsinə baxmayaraq Rəşad Əhmədov ona ödənilməli olan məbləği ödəməmişdir. Bundan əlavə, sığorta şirkətinin ləğvetmə prosesinə cəlb edildiyi müddət ərzində 1.144 manat məbləğində əlavə xərc çəkərək maddi ziyana düşmüşdür. Bu məbləğə çalışdığı müddət ərzində avtomobilin parklanması və nahar edilməsi üçün çəkilən xərci daxildir. Belə ki, cavabdeh təşkilatda çalışdığı zaman parklama xərcini aylıq ödəyirdi, sığorta şirkəti ilə bağlı fəaliyyəti zamanı isı günə 5 manat ödəyirdi. Eyni qayda nahar xərclərinə də aiddir. Cavabdeh təşkilatda aylıq əmək haqqı 3.300 manat təşkil edir. Sığorta şirkətində 4 ay işləmişdir. Hesab edir ki, 12.300 manat əlavə əmək haqqı, o cümlədən dəymiş ziyanın əvəzi olaraq 1.144 manat vəsait ona ödənilməlidir Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflərin arasında əmək münasibəti olub, İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqında Hüquqi təminat və sığorta hadisələri şöbəsinin rəisi vəzifəsində çalışıb. Şərti olaraq belə hesab olunsa ki, iddiaçının istinad etdiyi hallar həqiqidir, belə vəziyyətdə iddia cavabdeh “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqına münasibətdə təmin edilə bilməz. Çünki iddiaçı əmək münasibətinə əsaslanaraq əlavə əmək haqqı və zərərin əvəzinin ödənilməsini tələb edir. Lakin həmin işin (yerinə yetirildiyi iddia edilən işin) iddiaçının əmək funksiyasına və cavabdehin fəaliyyətinə hər hansı aidiyyəti olmayıb. Əmək Məcəlləsinin 160-cı maddəsi müxtəlif işlər üzrə əmək funksiyası yerinə yetirilərkən əməyin ödənilməsi qaydalarını, Əmək Məcəlləsinin 161-ci maddəsi isə peşələr (vəzifələr) əvəz edildikdə əməyin ödənilməsi qaydalarını müəyyən edib. Həmin qaydalar hazırkı mübahisəyə o halda tətbiq edilə bilər ki, iddiaçının nəzərdə tutduğu iş (yerinə yetirildiyi iddia edilən iş) onun əmək funksiyasına aid olsun və ya iddiaçının əvəz etdiyi peşənin (vəzifənin) cavabdeh hüquqi şəxsin fəaliyyətinə aidiyyəti olsun. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 29.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar