Məhkəmə qərarları › İş №2(103)-1221/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1221/2025

25.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1221/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 oktyabr 2024-cü il tarixli qətnamədən İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə1 və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin həcminin artırılması barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, vurulmuş maddi zərərin əvəzi olaraq 9.293,68 manat, “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə” ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 13 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 114 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “BAİC X7 1.5T 7DCT LV 5” markalı, **- GY-*** dövlət qeydiyyat nişanlı avtomobil dövlət reyestrində qeydə alınmalı olan daşına əmlak kimi iddiaçının arvadı X1 adına qeydiyyata alınmışdır. Əfsanə Muxtarova ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AZ/MİP/23/0059 saylı sığorta müqaviləsinə əsasən avtomobil tam sığortalanmışdır. Sığortanın müddətinin sonu xx.xx.2024-cü il tarix, saat 23:59 kimi müəyyən edilmişdir. Əfsanə Muxtarova xx.xx.2023-cü il tarixdə ölmüş, avtomobil vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə keçmişdir. Bundan sonra da qeyd edilən sığorta müqaviləsi qüvvədə olmuşdur. xx.xx.2024-cü il tarixdə Cavabdeh1 Cavabdeh2 məxsus olan “X7” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtomobil hazırkı iş üzrə tərəf olmayan şəxsə məxsus olmayan “Hyundai” markalı avtomobil ilə, həmin avtomobil isə iddiaçıya məxsus avtomobilə toqquşmuşdur. Nəticədə iddiaçıya məxsus avtomobil istismara yarasız hala düşmüşdür. Qeyd edilən yol-nəqliyyat hadisəsi ilə bağlı dövlət yol polisi tərəfindən müvafiq araşdırma aparılmış, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, hadisənin baş verməsində Cavabdeh1 təqsiri olmuşdur. İddiaçıya məxsus avtomobilə mütəxəssislər tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 13.249 manat pul vəsaiti tələb olunur (görülməli işlər 2.850 manat, dəyişdirilməli olan ehtiyat hissələri 8.378 manat, əlavə dəyər vergisi 2.021 manat). Qeyd edilən zərərdən "xxxx" ASC tərəfindən iddiaçıya 3.352 manat məbləğində icbari sığorta ödənişi həyata keçirmişdir. Hazırda cavabdehlərin iddiaçıya qalan borcu 9.293,68 manat təşkil edir. Bu məbləğin (9.293,68 – 7.876 =) 1.417,68 manat hissəsini əlavə dəyər vergisi təşkil edir. İddiaçı cavabdehlərə, o cümlədən cavabdeh ASC-yə dəfələrlə müraciət etsə də, ona dəymiş zərər (o cümlədən sığorta ödənişi) ödənilməmişdir. Bu səbəbdən də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 114 manat, “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə” ərizənin verilməsi üçün isə 13 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehlərin və üçüncü şəxsin iddiaya münasibəti barədə məlumat

3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və iddiaya yazılı münasibətlərini təqdim etməmişlər. Rayon Məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Cavabdeh "xxxx" ASC-nin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, sığorta müqaviləsində iddiaçının adı faydalanan şəxs kimi qeyd edilməmiş, ona sığorta ödənişinin edilməsi ilə bağlı öhdəlik nəzərdə tutulmamışdır. Bu səbəbdən iddiaçıya sığorta ödənişindən imtina edilməsi əsaslıdır.

5. İşə baxmış Rayon Məhkəməsi tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb olunmuş "xxxx" ASC-nin iddiaya dair mülahizəsində qeyd edilmişdir ki, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli "xxxx" ASC-də sığortalanan Cavabdeh1 idarə etdiyi avtomobil olduğundan tərəflərindən zərər dəymiş hər iki nəqliyyat vasitəsinə 5.000 manat məbləğində sığorta ödənişi mütənasib qaydada ödənilmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh "xxxx" ASC-dən 7.011 manat və ödənilmiş dövlət rüsumunun əvəzinin - 90,11 manatın tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sığortalı mərhum Əfsanə Muxtarova ilə iddiaçı nikah münasibətlərində olmuş, Əfsanə Muxtarovanın sığorta münasibətlərindəki hüquq və vəzifələrinə münasibətdə iddiaçının da səlahiyyətləri yaranmış, o, sığorta müqaviləsi üzrə faydalanan şəxsdir. X2 ölümündən sonra iddiaçı mərhum arvadının qanun üzrə vərəsəsi kimi rəsmi olaraq tanınmış, miras əmlakı (avtomobili) qəbul etmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı cavabdeh ASC-dən sığorta ödənişinin ödənilməsini tələb etməkdə haqlıdır. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın miqdarının müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10.363 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 7.713 manat, təmir-bərpa işlərinin qiyməti 2.650 manat kimi müəyyən edilmişdir. İddiaçıya məxsus avtomobilə dəymiş zərərin 3.352 manat məbləğində olan hissəsi Cavabdeh1 mülki məsuliyyətini “icbari sığorta” qaydasında sığortalamış "xxxx" ASC tərəfindən ödənilmişdir. Ona görə də cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalı olan sığorta ödənişinin miqdarı 7.011 manat müəyyən edilməlidir. d) apellyasiya şikayətləri barədə məlumat

8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, iddianın rədd edilməsi hissəsində qətnamənin ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Əsasları iddianın əsasları ilə eynilik təşkil edən iddiaçının apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, iddiaçının xeyrinə pul hər üç cavabdehdən tutulmalıdır. Bundan başqa ekspert rəyi ilə ziyanın məbləği düzgün qiymətləndirilməmişdir. İddia tam təmin edilməlidir.

10. Cavabdeh "xxxx" ASC də öz növbəsində qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam rədd edilməsini xahiş etmişdir.

11. İddiaya etirazın məzmununa uyğun əsaslandırılmış cavabdeh ASC-nin apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, vərəsəlik hüququ və mirasın qəbul edilməsi ilə bağlı normalarla sığorta münasibətlərini tənzimləyən normalar mülki hüququn ayrı-ayrı sahələrinə aid olan münasibətləri tənzimləyir və avtomobillərin “əmlak sığortası” üzrə yaranan münasibətlərdə bilavasitə sığortalı şəxsin avtomobili idarə etməsi ilə bağlı risklər tənzimlənir. Başqa şəxslərin sığortalanmış avtomobili idarə etməsi nəticəsində sığorta olunmuş avtomobilin zərərə məruz qalması ilə bağlı risklər sığorta təminatına aid deyil və bu risklər üzrə yaranan hüquqlar və vəzifələr vərəsəlik qaydasında başqa şəxslərə keçə bilməz. Lakin Rayon Məhkəməsi qətnamə çıxararkən mülki hüququn iki müstəqil sahəsinə aid olan münasibətləri eyniləşdirmiş və işin halları üzrə səhv nəticəyə gəlmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

12. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, iddiaçının apellyasiya şikayətini müdafiə etdi, cavabdehin apellyasiya şikayətinə etiraz etdi və iddia ərizəsinin, habelə iddiaçının apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi.

13. Cavabdehin "xxxx" ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, iddiaçının apellyasiya şikayətinə etiraz etdi, cavabdeh ASC-nin apellyasiya şikayətini müdafiə edərək, bu şikayətin məzmununa uyğun izahat verdi.

14. İş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və iş üzrə üçüncü şəxs olan "xxxx" ASC-nin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

15. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat

16. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

17. Belə ki, Gəncə Şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 252867 saylı “Nikah haqqında şəhadətnamədən” görünür ki, iddiaçı ilə X3 xx.xx.2006-cı il tarixdə nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra ərə Muxtarov, arvada isə Muxtarova soyadı verilmişdir.

18. İşdə olan sənədlərdən görünür ki, “BAİC X7 1.5T 7DCT LV 5” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil dövlət reyestrində qeydə alınmalı olan daşına əmlak kimi iddiaçının arvadı X1 adına qeydiyyata alınmışdır. Əfsanə Muxtarova ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AZ/MİP/23/0059 saylı sığorta müqaviləsinə əsasən avtomobil tam sığortalanmışdır. Sığortanın müddətinin sonu xx.xx.2024-cü il tarix, saat 23:59 kimi müəyyən edilmişdir. Sığorta şəhadətnaməsində sığortalı qismində Əfsanə Muxtarova, sığortaçı qismində "xxxx" ASC göstərilmişdir. “Faydalanan şəxs” qrafası boş saxlanılmışdır. “Səlahiyyətli sürücü” qrafasında yalnız yazılı etibarnaməyə əsasən ixtiyari sürücü qeyd olunmuşdur. Sığorta məbləği 48.000 manat, şərtsiz azadolma məbləği hər bir hadisə üzrə 100 manat, sığorta haqqı 1.632 manat müəyyən olunmuşdur. Avtonəqliyyat hadisəsi sığorta riskləri sırasında qeyd olunmuşdur. Sığorta şəhadətnaməsinin “şərtlər” bölməsinin 4-cü bəndinə əsasən, sığorta hadisəsi zamanı avtomobilin rəsmi servis mərkəzində təmir ediləcəyi nəzərdə tutulmuşdur.

19. Bakı Şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 380287 “Ölüm haqqında şəhadətnamədən” görünür ki, Əfsanə Muxtarova xx.xx.2023-cü il tarixdə ölmüşdür.

20. İşdə olan sənədlərdən görünür ki, “BAİC X7 1.5T 7DCT LV 5” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının adına verilmiş xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında iddiaçının mülkiyyətinə keçmişdir.

21. İşdə olan sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 Cavabdeh2 məxsus olan “X7” markalı, **-VB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtomobil hazırkı iş üzrə tərəf olmayan şəxsə məxsus olmayan “Hyundai” markalı avtomobil ilə, həmin avtomobil isə iddiaçıya məxsus avtomobilə toqquşmuşdur. Nəticədə iddiaçıya məxsus avtomobil istismara yarasız hala düşmüşdür. Qeyd edilən yol-nəqliyyat hadisəsi ilə bağlı dövlət yol polisi tərəfindən müvafiq araşdırma aparılmış, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, hadisənin baş verməsində Cavabdeh1 təqsiri olmuşdur. Buna görə də, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə edilmişdir.

22. Cavabdeh1 iş üzrə üçüncü şəxs olan "xxxx" ASC tərəfindən icbari qaydada sığortalandığı üçün, həmin ASC, xx.xx.2024-cü il tarixli “Ödəniş tapşırığı” ilə iddiaçıya 3.352 manat məbləğində ödəniş etmişdir.

23. İddiaçıya məxsus avtomobilə “X6” müəssisəsinin mütəxəssislər tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 13.249 manat pul vəsaiti tələb olunur (görülməli işlər 2.850 manat, dəyişdirilməli olan ehtiyat hissələri 8.378 manat, əlavə dəyər vergisi 2.021 manat). Bununla bağlı mütəxəssislər tərəfindən “Qüsur aktı” verilmişdir.

26. Cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış 708 saylı, xx.xx.2024cü il tarixli “Sığorta ödənişinin verilməsindən imtina olunması barədə bildirişindən” görünür ki, sığortaçı olan ASC ilə sığortalı olan Əfsanə Muxtarova arasında bağlanmış xx.xx.2023cü il tarixli sığorta müqaviləsi üzrə sığortalının hüquqları vərəsəliklə iddiaçıya keçməmişdir. Buna görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 919.1.2, 919.1.2.1 və 920.1-ci maddələrinə istinadən sığorta ödənişindən imtina olunur.

27. Bundan başqa iş materiallarından müəyyən edilir ki, iş üzrə digər cavabdehlər də, iddiaçıya dəymiş ziyanın ödənilməsindən yayınmışlar.

28. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 114 manat, “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə” ərizənin verilməsi üçün isə 13 manat məbləğində dövlət rüsumu ödəmişdir.

29. Göstərilənləri nəzərə alan Məhkəmə iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbinin cavabdeh "xxxx" ASC-yə aid hissəsinin əsaslılığı ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv edildikdə müqaviləyə vaxtından əvvəl xitam verilir (maddə 919.1.2.): əmlak sığortası müqaviləsini bağlamış sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri bu Məcəllə ilə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir (maddə 919.1.2.1.); icbari sığorta qanunlarında və ya müqavilədə başqa şərtlər müəyyən edilməmişdirsə, sığortalının hüquq və vəzifələri sığorta predmeti olan miras əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünün, həm də sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir (maddə 919.1.2.2.); başqa şəxsin xeyrinə həyat sığortası müqaviləsi bağlamış sığortalı vəfat etdikdə onun hüquq və vəzifələri xeyrinə sığorta müqaviləsi bağlanmış şəxsə təqdim edildikdən sonra ona özünün yazılı razılığı ilə keçir (maddə 919.1.2.3.); sığortalı olan hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə onun həmin müqavilə üzrə hüquq və vəzifələri müvafiq hüquq varisinə keçir (maddə 919.1.2.4.).

30. Göründüyü kimi, sığortalının vəfat etməsi halında onun hüquq və vəzifələrinin miras əmlakı qəbul etmiş vərəsəyə keçməsinin mühüm şərti bununla bağlı sığortaçının müqavilədə rəsmiləşdirilən razılığının olmasıdır.

31. Hazırki mübahisə üzrə sığorta münasibətlərinin əsasını təşkil edən xx.xx.2023cü il tarixli, AZ/MİP/23/0059 saylı “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsində” sığortaçı "xxxx" ASC-nin belə bir razılığının olması müəyyən edilmir.

32. Məhkəmə həmçinin qeyd edir ki, sığorta obyekti olan avtomobilin iddiaçı ilə onun arvadı olan sığortalı Əfsanə Muxtarovanın birgə nikah dövründə əldə olunması işin mübahisəsiz halıdır. Lakin bu hal özlüyündə iddiaçının sığorta olunan hesab edilməsi üçün kifayət etmir. Çünki sığorta müqaviləsində iddiaçının belə hüququnun olması təsbit edilməmişdir.

33. Belə ki, Mülki Məcəllənin tələblərinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (maddə 883.1.). Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir (maddə 884.3.). Sığorta müqaviləsi yazılı olaraq müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlanıla bilər (maddə 899.1.2.). Sığorta şəhadətnaməsində sığorta predmeti və onun olduğu yer, yaxud sığorta olunanın adı(fiziki şəxs olduqda həmçinin soyadı, atasının adı, doğum tarixi, fərdi identifikasiya nömrəsi, hüquqi şəxs olduqda həmçinin VÖEN-i) və ünvanı göstərilməlidir (maddə 902.1.3.). Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir (maddə 909.1.).

34. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli, 20 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının” 5.3-cü bəndinə əsasən, sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, buQaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlırisklər sığortalanmış hesab edilmir.

35. Qanunvericiliyin istinad edilən normalarından belə nəticəyə gəlmək olar ki, vərəsəlik hüququ və mirasın qəbul edilməsi ilə bağlı normalarla sığorta münasibətlərini tənzimləyən normalar mülki hüququn ayrı-ayrı sahələrinə aid olan münasibətləri tənzimləyir və avtomobillərin “əmlak sığortası” üzrə yaranan münasibətlərdə bilavasitə sığortalı şəxsin avtomobili idarə etməsi ilə bağlırisklər tənzimlənir. Başqa şəxslərin sığortalanmış avtomobili idarə etməsi nəticəsində sığorta olunmuş avtomobilin zərərə məruz qalması ilə bağlırisklər sığorta təminatına aid deyil və bu risklər üzrə yaranan hüquqlar və vəzifələr vərəsəlik qaydasında başqa şəxslərə keçə bilməz.

36. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-yə münasibətdə iddia əsassızdır. Rayon Məhkəməsi cavabdeh "xxxx" ASC-yə qarşı iddianı qismən də olsa əsaslı hesab etməkdə səhv nəticəyə gəlmişdir. Cavabdeh ASC-nin apellyasiya şikayəti əsaslıdır.

37. Məhkəmə iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbinin (sürücü) Cavabdeh1 və (sonuncunun idarə etdiyi avtomobilin mülkiyyətçisi) Cavabdeh2 aid hissəsinin əsaslılığı ilə bağlı bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1.).

38. Qeyd edilən maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçıya dəymiş maddi zərərin əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bu hissədə iddiaçının tələbi əsaslıdır.

39. Məhkəmə iddiaçıya dəymiş zərərin məbləği ilə bağlı qeyd edir ki, iddiaçı maddi zərərin əvəzi olaraq 9.293,68 manat məbləğində pulun ona ödənilməsini tələb edir.

40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən işə baxmış Rayon Məhkəməsinə verilmiş 9/7177 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında “İdeal Motors” (“X6” müəssisəsi) tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Qüsur aktındakı” məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla iddiaçıya məxsus “BAİC X7 1.5 7DCT LV” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 11.020 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 8.370 manat; təmir-bərpa işlərinin qiyməti – 2.650 manat. avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10.363 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 7.713 manat; təmir-bərpa işlərinin qiyməti – 2.650 manat.

41. Rəyin tədqiqat hissəsində avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməsi əsası kimi qeyd edilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən işlənib hazırlanmış metodikaya əsasən illik 4% (2-6%) aşınma nəzərə alınmaqla, 2 il (2022-2024) istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri təxminən 7.713 manat müəyyən edilir. Məhkəmə hesab edir ki, avtoehtiyat hissələrinə ümumilikdə köhnəlmə faizi tətbiq edilməsi üçün kifayət qədər əsas yoxdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bununla bağlı etiraz irəli sürməmiş və bu halı mübahisələndirməmişdir.

42. Məhkəmə bildirir ki, MPM-in tələblərinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88.) Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (maddə 103.1.). Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (maddə 103.2.).

43. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş zərərin məbləği köhnəlmə faizi tətbiq edilmədən verilmiş ekspert rəyinə uyğun 11.020 manat müəyyən edilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ödənilmiş 3.352 manat sığorta ödənişi həmin məbləğdən çıxılmaqla (11.020 – 3.352 =) 7.668 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir.

44. Bu baxımdan Məhkəmə iddiaçının verdiyi apellyasiya şikayətini qismən əsaslı hesab edir. g) apellyasiya baxışının nəticəsi

45. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddia tələbi cavabdeh "xxxx" ASC-yə münasibətdə əsassız, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə isə qismən əsaslıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri qismən əsaslı, cavabdeh "xxxx" ASCnin apellyasiya şikayətinin dəlilləri isə tam əsaslıdır.

46. MPM-in 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında qismən ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

47. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia 7.668 manat pulun ödənilməsi hissəsində təmin edildiyindən məhkəmə xərcləri MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən onlara aid edilməlidir. Bu məqsədlə onlardan iddia ərizəsinin, “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə” ərizənin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən xərc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməlidir. 48 Məhkəmə həmçinin bildirir ki, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edildiyindən və ona qarşı iddia rədd edildiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

49. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdirlər.

50. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 oktyabr 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiası qismən təmin edilsin. İddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq 8.668 (səkkiz min altı yüz altmış səkkiz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə məhkəmə xərcləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilsin. İddia ərizəsinin, “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə” ərizənin, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi (114 + 13 + 59,60=) 186 (yüz səksən altı) manat 60 (altmış) qəpik məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 57 (əlli yeddi) manat məbləğində pul İddiaçı tutularaq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz. İş üzrə digər şəxslər hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilməzlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar