Məhkəmə qərarları › İş №2(103)-1225/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1225/2025

24.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1225/2025 24.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Ərizəçi “şəxsin ölüm faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-6429/2024 nömrəli qərardadından Ərizəçi şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.Ərizədə tələb olunub ki, ərizəçinin atası X1 xx.xx.2024-cü ildə ölməsi faktı müəyyən edilsin və bu barədə şəhadətnamə verilməsi Nizami Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. 2.Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, ərazi aidiyyəti qaydalarına görə, ərizəyə Yasamal RM-də baxılmalı deyil. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizələrə ərizəçinin yaşadığı yerin məhkəməsində baxılmalıdır, “Elektron məhkəmə” informasiya sistemində olan, ərizəçinin şəxsiyyət vəsiqəsinə dair məlumatlardan görünür ki, o, Nizami rayonunda yaşayış yeri üzrə qeydiyyatdadır. 3.Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət onunla əsaslandırılıb ki, ərizəçi Yasamal rayonunda yaşayış yeri üzrə qeydiyyatdadır, bu, DİN-nin arayışı ilə təsdiq olunur. 4.Yasamal RM şikayətə baxaraq onu təmin etməyib və şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 5.Şikayət təmin olunmalıdır. 6.Belə ki, AR Mülki Prosessual Məcəlləsinin 37-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Ərizəçi ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bu, DİN-nin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışı ilə təsdiq olunur. Ona görə də işə Yasamal RM-də baxılmalıdır. 7.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə görə, yaşayış yerini müəyyən edən sənəd AR vətəndaşı barədə yalnız AR vətəndaşının şəxsiyyət vəsiqəsidir. Birinci instansiya məhkəməsi həmin maddədəki “yalnız” ifadəsinə istinad edərək hesab edib ki, ərizəçinin yaşayış yeri yalnız onun şəxsiyyət vəsiqəsinə əsasən müəyyən edilməlidir. Lakin “yalnız”ın mənası odur ki, yaşayış yerinin müəyyən edilməsi üçün vətəndaşdan başqa sənəd tələb oluna bilməz. Bunu 3-cü maddənin sonuncu hissəsinin göstərişi təsdiq edir: “Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz”. Həmin “yalnız” mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi zamanı DİN-nin arayışına istinad etməyi qadağan etmir. 8.Mülki işin ərazi aidiyyəti müəyyən edilərkən şəxsiyyət vəsiqəsi ilə DİN-nin arayışı arasında ziddiyyət yarandıqda DİN-nin arayışı əsas götürülməlidir, bir şərtlə ki, DİN-nin arayışının tarixi şəxsiyyət vəsiqəsinin tarixindən sonraya aid olsun. Çünki yaşayış yeri üzrə qeydiyyat haqqında məlumatın mənbəyi DİN-dir, şəxsiyyət vəsiqəsi DİN-nin məlumatı əsasında tərtib edilir, vətəndaş yaşayış yerini dəyişdikdə və digər bu kimi hallarda şəxsiyyət vəsiqəsindəki məlumatların yenilənməsi vaxtında aparılmadığına görə, belə zidiyyət yarana bilir. 9.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-6429/2024 nömrəli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar