Məhkəmə qərarları › İş №2(103)-124/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-124/2023

15.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-124/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətə müdaxiləyə son qoyulmaqla maneənin aradan qaldırılması, tikintinin sökülməsi” tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı qarşı “pəncərələrin bağlanması” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə, birləşdirilmiş üş üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması və s.” tələbinə dair iş üzrə (Açar sözlər: mülkiyyətə müdaxiləyə son qoyulmaqla maneənin aradan qaldırılması, tikintinin sökülməsi, pəncərənin bağlanması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), İx oğlu və Sx oğlundan ibarət tərkibdə, Sm oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə və birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətə müdaxiləyə son qoyulmaqla maneənin aradan qaldırılması, tikintinin sökülməsi” tələbinə dair ilkin, Cavabdeh1 İddiaçı qarşı “pəncərələrin bağlanması” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-634/2021 nömrəli qətnaməsindən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri; birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1667/2022 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Binəqədi rayonu, Aydınbəyov küçəsi, 44 nömrəli evi A (87.1 kv.m) və Q (38.4 kv.m) tikilisindən ibarət olmaqla, 6 yaşayış otağından ibarətdir. A tikilisinin 2 otağı Cavabdeh3, digər 2 otağı İddiaçı, Q tikilisi isə ümumilikdə X1 adına xüsusi mülkiyyət hüququ üzrə dövlət reyestrində qeyiyyata alınmışdır. Cavabdeh3 və İddiaçı mülkiyyətində olan otaqların üzərində texniki pasportda nəzərdə tutulmayan əlavə mərtəbə inşa edilmiş, həmçinin evin bir divarı 1 metr kənara çəkilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İlk iddia üzrə İddiaçı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən iki otaqdan, ümumi sahəsi 39.3 kv.m-dən ibarət yaşayış evinin qarşısında mərtəbələr və bütün tikili boyu cavabdehlər tərəfindən qanunsuz inşa edilən tikilinin, pəncərəsinin qarşısında inşa edilmiş dəmir pilləkənin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsi və pəncərələrinin qarşısında qanunsuz bərkidilmiş taxta və digər maneənin sökülməsi, əmlakından maneəsiz istifadə edə bilmək imkanının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İlk iddia üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən iki otaqdan, ümumi sahəsi 39.3 kv.m-dən ibarət yaşayış evi onun mülkiyyətindədir və hüquqları Bakı şəhər Tİ MHQ İdarəsinin Seriya FN,010070 saylı 19 sentyabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən rəsmən tanınmışdır. Əmlakı alqısatqı yolu ilə almışdır və aldığı qaydada da istifadə edir. Mənzilin bir otağının pəncərə hissəsi həyətə baxır və otağa işıq yalnız oradan düşür. Bu 40 kv.m yaxın olan evin yeganə pəncərəsidir. Diametri 1 kv.m x 1 kv.m olan bu pəncərədən yaşadığı evin havası və işıqlığı təmin olunur. Lakin müəyyən müddətdir ki, qonşuluqda yaşayan iş üzrə Cavabdeh1 və onun oğlu Cavabdeh2 qanunsuz və yolverilməz zorakı hərəkətlərinin nəticəsində əmlakından istifadə hüquqları pozulmuş, mənzilin pəncərəsi bağlandığından ağır psixoloji sarsıntılara və mənəvi təsirlərə məruz qalmışdır. Həmin şəxslər qanunsuz olaraq onun divarına xələl gətirərək dəmir konstruksiyalı pilləkəni dəmir və betonla onun divarına bərkitmiş, pəncərəsini bütövlükdə bağlamışlar. Bunun nəticəsində evinin havası və işığının qarşısı tam şəkildə alınmışdır. Pilləkən isə divarına bitişik olduğu üçün pilləkəndə hərəkət zamanı evi silkələnir. Bu da onlara böyük narahatlıq yaradır. Evinin strukturunu pozan qanunsuz veranda və nəyəsə bənzər tikinti apararkən o, etirazını bildirmişdir. Lakin cavabdehin nalayiq söyüşləri və fiziki təzyiqi ilə rastlaşdığından hüquq mühafizə orqanlarına müraciət etmişdir. Qadın inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. O, ikinci dəfə Binəqədi Rayon İcra Başçısının adına tikintinin dayandırılması haqqında məktub ünvanlamış və həmin gün Qəsəbə sovetinin sədrini baxış üçün gətirtmişdir. Lakin əks tərəfin nalayiq davranışı üzündən müvafiq tədbirlər görülmədiyindən hazırda məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. Belə ki, Sona adlı şəxsin və oğlunun hədə və söyüşlərindən çəkinən dövlət rəsmiləri, polislər heç bir tədbir görmürlər və onun ailəsi, yaşayışı təhlükə altına düşmüşdür. İcra hakimiyyətindən vəziyyətə baxış üçün gəldikləri zaman Sona adlı şəxs pol ağacını əlinə alaraq onların üstünə hücum çəkib onun evinin pəncərəsinin şüşələrini şvabra taxtası ilə sındırıb, pəncərəni yağışdan qoruyan kazıroku əyərək yararsız vəziyyətə salmış, böyük taxta fanerka pəncərənin qarşısına yerləşdirmişlər. Onun şəxsiyyətinə alçaldıcı söyüşlər söyərək, ölümlə hədələmişlər. O, 102 xidmətinə zəng vuraraq polis çağırmışdır. Polis bölməsindən gələn polis işçiləri də bu səhnəni öz gözləri ilə görmüş, lakin polis işçiləri də, İcra nümayəndələri də Sona adlı şəxsdən qorxduqlarını etiraf etmişlər. Onun şikayətləri, qonşular içində təhqir olunmağı, nalayiq küçə söyüşləri ilə söyülməyi kağız üzərində qalmışdır. Evi də qaranlıq, havasız zirzəmiyə dönmüşdür. Evləri onlara məzar olmuşdur. Artıq bu evdə yaşamağa gücləri qalmamışdır. Özü ikinci qrup əlil, yoldaşı birinci qrup əlil, yataq xəstəsidir. Oğlu isə ikinci qrup əlil, epilepsiya xəstəsidir. Ona görə də məhkəmənin qanuni müdaxiləsi vacibdir. Əmlakının pəncərəsinin tutulmasının qarşısı açılmalı, maneə götürülməli, qanunsuz tikinti sökülməli və həyətdən ümumi istifadə təmin olunmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

4. Cavabdeh1 İddiaçı qarşı “pəncərələrin bağlanması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 44 ünvanında yerləşən evin onun ünvan 3anında yerləşən həyətinə baxan pəncərələrinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, həmin evi dördüncü adamdır ki, alır. Bu vaxta qədər heç bir qonşu ilə münasibətlərində narazılıq olmamışdır. Lakin cavabdeh neçə ildən sonra 1996-cı ildə qoyulmuş dəmir pilləkənin götürülməsini tələb edir. Bu isə heç başa düşülən deyil. Cavabdeh spirtli içki içir və söyüş söyməyə başlayır, onları ölümlə hədələyir, arvadı psixi xəstədir, onu səsi bütün günü onların sakit yaşamağına imkan vermir. Oğlu siqareti çəkib onların həyətinə atır. Belə olduğu təqdirdə, onun həyətinə baxan pəncərələrin bağlanmasını tələb etmək fikrinə gəlmişdir. Göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi xahiş edilmişdir.

6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 5291/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/3726 nömrəli ekspertiza rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 44 saylı fərdi yaşayış evinin ilk iddia üzrə İddiaçı xüsusi mülkiyyətində olan «A» tikilisinin 39,3 m2 hissəsinin qarşısında cavabdehlər tərəfindən dəmir pilləkan və taxtadan səddin quraşdırıldığı müəyyən edilir. Quraşdırılan taxtadan sədd İddiaçı məxsus hissədən istifadəyə etməyə maneə törətmədiyi, lakin otağın havalandırmasına və təbii işıqlandırılmasına mənfi təsir göstərdiyi müəyyən edilir. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 44 saylı fərdi yaşayış evinin ilk iddia üzrə İddiaçı xüsusi mülkiyyətində olan «A» tikilisinin 39,3 m2 hissəsində faktiki olaraq pəncərəsinin olduğu və həmin pəncərənin X2 məxsus «A» tikilisinin 2 otaqdan ibarət həyətə tərəf açıldığı müəyyən edilir.

7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 634/2021 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2974 nömrəli ekspertiza rəyinə əsasən cavabdehlər tərəfindən Texniki pasportda öz əksini tapmayan aşağıdakı tikililər inşa olunmuşdur: mülkiyyətlərində olan bir mərtəbəli tikilinin üzərində ikinci mərtəbənin inşa olunması; ikinci mərtəbəyə qalxmaq üçün dəmir materialdan pilləkanın quraşdırılması; pilləkan meydançasının yaradılması və üzərinə dam örtüyünün vurulması; iddiaçının faktiki istifadəsində olan tikilinin pəncərəsinin taxta materiallar ilə bağlanması. Cavabdehlər tərəfindən görülmüş işlər iddiaçının faktiki istifadəsində olan tikilinin təbii işıqlandırılmasını təmin edən yeganə pəncərənin tamamilə bağlanılmasına, bununla da tikilinin otaqlarına günəş işığının düşməsinin qarşısının alınmasına səbəb olmuşdur. Texniki pasportda iddiaçının mülkiyyətində olan 3 nömrəli otağın cavabdehlərin həyətyanı sahələrinə tərəf olan divarında pəncərə nəzərdə tutulmuşdur. Həmçinin qeyd olunur ki, faktiki vəziyyətdə aparılmış konstruktiv dəyişiklik səbəbindən sözügedən divarın yeri cavabdehlərin həyətyanı torpaq sahələrinə doğru 1 metr yeri dəyişdirilmişdir (3 nömrəli otağın uzunluğu 1 metr artırılmışdır).

8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 634/2021 nömrəli qətnaməsi ilə (hakim F.E.Hətəmzadə) İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətə müdaxiləyə son qoyulmaqla maneənin aradan qaldırılması, tikintinin sökülməsi” tələbinə dair ilkin iddiasının qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən iki otaqdan, ümumi sahəsi 39.3 kv.m-dən ibarət yaşayış evinin pəncərəsinin qarşısına bərkidilmiş taxta materialların Cavabdeh3 hesabına sökülməsi və İddiaçı əmlakından maneəsiz istifadə hüququnun bərpa edilməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 İddiaçı qarşı “pəncərələrin bağlanması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh1 aid edilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 150 manatın 50 manatının İddiaçı, 100 manatının isə Cavabdeh3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh3 tərəfindən iddiaçıya məxsus yaşayış sahəsinin pəncərəsinin qarşısında taxta materialların bərkidilməsi həmin mənzilə daxil olan havanın və günəş işığının qarşısını aldığından, cavabdehin hərəkəti nəticəsində iddiaçının mənzilindən dinc istifadə etmək, sanitariya-gigiyena və ekoloji tələblərə cavab verən şəraitdə özünə məxsus yaşayış sahəsində yaşamaq hüququ pozulmuş, bununla da iddiaçının qanuni mənafeyinə xələl gətirilmişdir.

10. Ona görə də məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab etmiş və belə qənaətə gəlmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən iki otaqdan, ümumi sahəsi 39.3 kv.m-dən ibarət yaşayış evinin pəncərəsinin qarşısına bərkidilmiş taxta materiallar Cavabdeh3 hesabına sökülməli və iddiaçının əmlakından maneəsiz istifadə hüququ bərpa edilməli, iddia digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə isə təmin edilməməlidir. Belə ki, Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus pəncərənin taxta materiallarla bərkitməsi və iddiaçının əmlakından istifadə edilməsinə maneə yaratmaları iş materialları ilə öz təsdiqini tapmamışdır.

11. Məhkəmə, iddiaçının iddia tələbinin cavabdehlər tərəfindən ünvan 1 ünvanında yerləşən iki otaqdan, ümumi sahəsi 39.3 kv.m-dən ibarət yaşayış evinin qarşısında mərtəbələr və bütün tikili boyu cavabdehlər tərəfindən qanunsuz inşa edilən tikilinin, habelə həmin tikiliyə qalxan dəmir pilləkənin cavabdehlərin öz hesabına sökülməsi hissəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbləri bu hissələrdə təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırki iş üzrə isə iddiaçının bununla bağlı hər hansı hüquqlarının məhdudlaşdırılmadığı müəyyən olunur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, belə olan halda özbaşına tikintinin sökülməsi ilə bağlı tələbləri yalnız müvafiq icra hakimiyyəti orqanları qaldıra bilərlər. Bununla belə nəzərə alınmalıdır ki, sözügedən pilləkənın sökülməsi cavabdehlərin istifadəsində olan əmlakdan istifadə imkanlarını aradan qaldıracaqdır ki, bu da onların hədsiz məhrumiyyətlərə məruz qalmaları ilə nəticələnə bilər.

12. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı isə qeyd etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Aydınbəyov küçəsi, 44 nömrəli evinin “A” tikilisində olan 2 otaqdan ibarət yaşayış sahəsi mülkiyyət hüququ ilə Cavabdeh1 deyil, Cavabdeh3 məxsusdur. Belə olan halda isə, qarşılıqlı iddiaçı qarşılıqlı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyil.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Mülki Məcəllənin 16.1, 139.1, 152.1, 157.4, 170.1, 170.2, 180.1, 180.2, 180.4, 560.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 15-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli Prenum Qərarına, Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Birləşdirilmiş mülki iş üzrə:

14. Cavabdeh3 İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun mülkiyyətində olan yaşayış sahəsinə yaradılmış maneənin aradan qaldırılması, onun həyətində cavabdeh tərəfindən açılmış pəncərənin cavabdehin hesabına sökülərək bağlanması və onun həyətyanı sahəsində cavabdeh tərəfindən inşa edilmiş evin divarının cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 iddiaçının mülkiyyətindədir. Cavabdeh həmin evin qonşuluğunda yaşayır, iddiaçının öz mülkiyyətindən sərbəst istifadəsinə imkan vermir. Belə ki, cavabdehin evi 1 metrdən artıq hissədə iddiaçıya aid həyətin sahəsinə düşür, yəni iddiaçıya aid sahə zəbt edilmişdir. Bundan başqa, cavabdeh iddiaçıya aid olan sahədən pəncərə açmışdır. Bu pəncərə iddiaçıya maneçilik törədir, belə ki, iddiaçı öz həyətində rahat gəzə bilmir, habelə, cavabdehin evindəki səs-küy iddiaçının evindən rahatlıqla eşidilir ki, bu da iddiaçıya rahat yaşamağa maneədir. Buna görə də, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.

16. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 1667/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3152 nömrəli ekspertiza rəyinə əsasən ünvan 4 ünvanında yerləşən, Cavabdeh3, İddiaçı və X1 paylı mülkiyyətində olan fərdi yaşayış evi üzrə İddiaçı tərəfindən iş materiallarında olan texniki pasportun göstəricilərindən əlavə özünün istifadəsində olan torpaq sahəsində A literli yaşayış evinə bitişik və üzərində əlavə tikililər inşa olunmuş, həmçinin Cavabdeh3 istifadəsində olan həyətyanı sahəyə doğru 1,1x1,2 m. və 1,0x1,3 m. ölçüdə pəncərə boşluğu açılmışdır. İddiaçı tərəfindən inşa olunmuş tikililər Cavabdeh3 istifadəsində olan evin pəncərələri qarşısında yerləşmədiyini nəzərə alaraq, həmin tikililər Cavabdeh3 yaşayış evinə düşən təbii işıqlandırmanın və havalandırmanın qarşısını kəsmir. Lakin, İddiaçı tərəfindən inşa olunmuş əlavə tikililər Cavabdeh3 məxsus hissədən istifadəyə maneə törədib-törətməməsinin müəyyən olunması tikinti ekspertinin səlahiyyətlərinə aid deyildir.

17. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 1667/2022 nömrəli qətnaməsi ilə (hakim E.M.Mustafayev) iddia tələbi rədd edilmişdir.

18. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hazırki iddia tələbində iddiaçı cavabdehin onun istifadəsində olan torpaq sahəsində 1 metrdən artıq hissədə daxil olmaqla tikili inşa etdiyini, beləliklə ona aid torpaq sahəsini zəbt etdiyini, habelə həmin sahəyə pəncərə açmaqla onun özünə aid torpaqdan sərbəst istifadəsinə maneə yaratdığını göstərsə də, iş üzrə verilmiş ekspert rəyində İddiaçı tərəfindən texniki parportda göstərilənlərdən əlavə tikililərin məhz İddiaçı məxsus sahədə aparıldığı göstərilmişdir. Hazırki halda iddia ərizəsində göstərilənlər, yəni cavabdehin inşa etdiyi tikilinin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi, habelə, cavabdeh tərəfindən açılmış pəncərənin iddiaçıya özünə aid torpaq sahəsindən sərbəst istifadəyə maneçilik törətməsi iş üzrə müəyyən edilmir. Əksinə, əldə olunmuş ekspert rəyində İddiaçı tərəfindən inşa olunmuş tikililərin Cavabdeh3 istifadəsində olan evin pəncərələri qarşısında yerləşmədiyini nəzərə alaraq, həmin tikililərin Cavabdeh3 yaşayış evinə düşən təbii işıqlandırmanın və havalandırmanın qarşısını kəsmədiyi müəyyən olunmuşdur. İddiaçı tərəfindən aparılmış tikinti işlərinin iddiaçının hüquqlarını hansı qaydada və formada pozduğuna dair heç bir mötəbər sübut təqdim edilməmişdir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 158.4, 164.1ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

20. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-634/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və Cavabdeh3 ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər.

21. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə münaqişənin yaranmasına səbəb olan dəmir pilləkənin yerinin dəyişdirilərək onun pəncərəsi qarşısına qoyulmasını və ora taxtadan maneə bərkildilməsini tam əminliklə görərək istinad etsə də, pilləkənin sökülməsini təmin etməyərək maddi-hüquq normasının düzgün tətbiqindən yayınmışdır. Qətnamənin əsaslandırma hissəsində qeyd edilmişdir ki, “yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Göründüyü kimi, Cavabdeh3 tərəfindən iddiaçıya məxsus yaşayış sahəsinin pəncərəsinin qarşısında taxta materialların bərkidilməsi həmin mənzilə daxil olan havanın və günəş işığının qarşısını alır.” Buna baxmayaraq, maneəni yaradan halı aradan qaldırmaqdan yayınmışdır. Halbuki, təqdim olunan fotoşəkillərdən aşkar görünür ki,dəmir pilləkənin yeri məqsədli olaraq dəyişdirilmişdir. İşə baxan məhkəmə hazırda mübahisələndirilən qətnamənin qət etdi hissəsində İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən iki otaqdan, ümumi sahəsi 39.3 kv.m-dən ibarət yaşayış evinin pəncərəsinin qarşısına bərkidilmiş taxta materialların Cavabdeh3 hesabına sökülməsi və İddiaçı əmlakından maneəsiz istifadə hüququnun bərpa edilməsini qeyd edərək pozuntunu müəyyən etsə də, mübahisə dövründə məhkəmə tərəfindən qoyulmuş qadağaya baxmayaraq inşaat işlərinin davam etdirilməsinə, dəmir pilləkənin pəncərəyə dayandırılmasına və onların məcburi sökülməli olmasına əhəmiyyət verməmişdir. Göstərilənlərə əsasən qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və ilk iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.

22. Cavabdeh3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə pəncərənin qarşısına bərkidilmiş taxtaların onun həyətində olduğunu nəzərə almamışdır. Belə ki, o, həmin taxtanı öz həyətində, öz mülkiyyətində olan torpaq sahəsində bərkitmişdir. İddiaçının həmin pəncərənin bağlanmasını tələb etməyə subyektiv hüququnun olması araşdırılmamışdır. Çünki iddiaçı onun mülkiyyətində olan sahədə qanunsuz açdığı pəncərəni mübahisələndirir. Buna isə heç bir hüququ yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən halların işin nəticəsinə uyğun gəlməməsi onunla əsaslandırılır ki, ekspert rəyini məhkəmə sübut kimi qiymətləndirsə də, nəzərə almamışdır. İddiaçının evi onun mülkiyyətində olan torpaq sahəsinə bir metr keçmişdir. Belə olan halda zəbt olunmuş torpaq sahəsində hansı əsasla pəncərənin açılması aydınlaşdırılmamışdır. Həmin pəncərənin onun həyətində olmasının nəticələri qeyd olunmamışdır. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir.

23. Birləşdirilmiş mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1667/2022 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, artıq digər mülki işdə olan qətnamədə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin zəbt olunması qətnamənin özü ilə sübut olunur. Cavabdehin tikilisi bir metrdən çox onun ərazisinə daxil olmuş, iddiaçının evinin divarı faktiki olaraq cavabdehin bir metr mülkiyyətinə daxil olmuşdur. Məhkəmə tərəfindən buna əhəmiyyət verilməmişdir. Açılmış pəncərə iddiaçıya həyətində rahat yaşamaq və rahat gəzməyə imkan vermir. İddiaçı ona məxsus həyətyanı torpaq sahəsini zəbt etməsilə onun mülkiyyət hüquqları məhdudlaşdırılmışdır. Bu maneə aradan qaldırılmalıdır. Məhkəmə bu məsələni aydınlaşdırmamışdır. Ekspert rəyi verilsə də, məhkəmə ekspert qarşısında bununla bağlı heç bir sual qoymamışdır. Ümumiyyətlə, birinci instansiya məhkəməsinin qətnaməsində iddianın təmin olunmaması ilə bağlı göstərilən hallar işin nəticəsinə uyğun deyil. Sübutlar sadalanmış, lakin düzgün qiymət verilməmişdir. İşdə olan sübutlarla iddia tam təmin olunmalı idi. Çünki ekspert rəyində pəncərələrin açıldığı müəyyən olunur. Lakin ekspert bunun səlahiyyətlərinə aid olmamasını bildirir. Ancaq tikinti eksperti dəqiq nəticəyə gələ bilərdi. Tikintinin hansı əsasla aparılması, qonşular arasında məsafənin olması, pəncərələrin maneçilik törədibtörətməməsi barədə rəyi ekspert verə bilər. Lakin bu dəfə ekspert bundan yayınmışdır. Nəzərə almaq lazımdır ki, işdə digər ekspert rəyinə əsaslanmış məhkəmə qətnaməsi mövcud idi. Ancaq məhkəmə bu sübutlar əsasında düzgün nəticəyə gəlməmişdir.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 1755/2023 saylı qərardadı ilə mülki işlər baxılması üçün bir icraatda birləşdirilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə və birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Həmçinin bildirdi ki, o, evi hazırki olduğu vəziyyətdə almış, yalnız 2011-ci ildə dam örtüyünü dəyişmişdir. Əvvəl evin mülkiyyətçisi cavabdehin anası idi, mansard onunla razılıq əldə edildikdən sonra tikilmişdir.

28. Məhkəmə iclasında cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, İddiaçı öncə evin divarı qabağa çəkilmişdir.

29. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1, Cavabdeh2 rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.3.4.-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

32. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Hazırkı işdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-634/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edildiyindən, İddiaçı apellyasiya şikayətində qətnaməni ilk iddianın təmin edilməyən hissəsində, Cavabdeh3 isə ilk iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən, həmin qətnamənin əsaslılığı ilk iddiaya münasibətdə tam yoxlanılır.

36. Birləşdirilmiş mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1667/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmadığından, iddiaçı Cavabdeh3 qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnamələri dəyişdirilmədən saxlanılmalıdır.

38. Belə ki, iş materiallarından, tərəflərin izahatlarından, habelə işə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən yerində müayinə zamanı müşahidə edilənlərdən aydın olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Aydınbəyov küçəsi, 44 nömrəli evi A (87.1 kv.m) və Q (38.4 kv.m) tikilisindən ibarət olmaqla, 6 yaşayış otağından ibarətdir. A tikilisinin 2 otağı Cavabdeh3, digər 2 otağı İddiaçı, Q tikilisi isə ümumilikdə X1 adına xüsusi mülkiyyət hüququ üzrə dövlət reyestrində qeyiyyata alınmışdır. Cavabdeh3 və İddiaçı mülkiyyətində olan otaqların üzərində texniki pasportda nəzərdə tutulmayan əlavə mərtəbə inşa edilmiş, həmçinin evin bir divarı 1 metr kənara çəkilmişdir.

39. İddiaçı xüsusi mülkiyyətində olan «A» tikilisinin 39,3 m2 hissəsinin qarşısında divara bərkidilmiş dəmir pilləkan və taxtadan sədd quraşdırılmışdır. Taxtadan sədd İddiaçı məxsus otaqlardan birinin yeganə pəncərəsidir və pəncərənin bağlanması otağın havalandırmasının və təbii işıqlandırılmasının qarşısını alır. Həmin pəncərə texniki pasporta nəzərdə tutulsa da, evin divarı 1 metr kənara çəkildiyindən pəncərə də həmin yeni divarda inşa edilmişdir.

40. Həmçinin müəyyən edilmişdir ki, həyətyanı torpaq sahəsinin texniki pasportda nəzərdə tutulmayan qaydada bölgüsü aparılmış, İddiaçı məxsus otaqların texniki pasportda əks olunan girişi ləğv edilmiş, evin 1 metr kənara çəkilən divarının davamı olaraq küçəyə qədər hasar çəkilərək həyətyanı sahə iki yerə ayrılmiş, nəticədə hər iki şəxsə məxsus mülkiyyətə giriş küçədən həyətə daxil olmaqla həyata keçirilir.

41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən inşa edilən tikili, habelə həmin tikiliyə qalxan dəmir pilləkən iddiaçının hər hansı hüquqlarını məhdudlaşdırmır. Birinci instansiya məhkəməsi bu hissələrdə iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

42. Belə ki, hazırki vəziyyətdə hər iki tərəfin mülkiyyətində olan otaqların üzərində qeyri-qanuni mərtəbə inşa edilmiş, hər tərəf də özünə məxsus otaqların üzərində olan mərtəbədən istifadə edir. Yəni, cavabdehin mülkiyyətində olan otaqların üzərində olan mərtəbələrin mövcudluğu iddiaçının hüquqlarını hər hansı formada məhdudlaşdırmır, onun öz mülkiyyətində olan daşınmaz əmlak üzərində hüquqlarını həyata keçirməyə maneələr yaratmır. Belə olan halda, cavabdehə məxsus tikilinin sökülməsi ilə bağlı tələbləri yalnız müvafiq icra hakimiyyəti orqanları qaldıra bilər.

43. Yuxarıda da qeyd olunduğu kimi, tərəflər həyətyanı torpaq sahəsinin texniki pasportda nəzərdə tutulmayan qaydada bölgüsünü aparmışlar. İddiaçı öz ikinci mərtəbəsinə qalxmaq imkanı öz həyətindən, Cavabdeh3 öz ikinci mərtəbəsinə qalxmaq imkanı isə öz həyətindəndir. Lakin, cavabdeh bunu evin 1 metr kənara çəkilən divarına bərkidilən pilləkən vasitəsilə həyata keçirə bilir. Hazırki vəziyyətdə həmin pilləkənin ləğv edilməsi tərəflər arasında qeyri-bərabər vəziyyətin yaranmasına, cavabdehlərin sahibliyində olan əmlakdan istifadə imkanını aradan qaldıracaqdır ki, bu da onların hədsiz məhrumiyyətlərə məruz qalmaları ilə nəticələnə bilər.

44. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, pilləkən bərkidilmiş divarın özü iddiaçının mülkiyyətində olan otaqların qanuni (yəni texniki pasportda nəzərdə tutulan) divarı deyil ki, iddiaçı onun mülkiyyətində olan daşınmaz əmlakın tərkib hissəsi olan divara müdaxilənin aradan qaldırılmasını tələb etməyə subyektiv hüququ olsun. Tərəflərin izahatları ilə də müəyyən edilir ki, həmin divar iddiaçı ora köçməmişdən öncə inşa edilmişdir.

45. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edir.

46. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk olaraq qeyd edir ki, işdə olan dövlət reyestrindən çıxarışa əsasən tərəflərin mülkiyyətində olan evin həyətyanı torpaq sahəsi dövlət mülkiyyətindədir, tərəflərin həmin torpaq sahəsi üzərində istifadə hüquqları vardır. Cavabdehin mülkiyyətində hər hansı torpaq sahəsi mövcud deyil ki, iddiaçı da həmin torpaq sahəsində hər hansı tikinti işləri aparsın, o cümlədən pəncərə açsın.

47. Bundan əlavə, Cavabdeh3 özü də məhkəmə iclasında bildirmişdir ki, pəncərənin yerləşdiyi 1 metr kənara çəkilmiş divar iddiaçı ora köçməmişdən əvvəl mövcud idi, yəni iddiaçı həmin divarı inşa etməmişdir. Həmin divarın qeyri-qanuniliyinin cavabdeh tərəfindən əvvəllər mübahisələndirildiyi də iş materialları ilə təsdiq olunmur.

48. Lakin Cavabdeh3 tərəfindən iddiaçıya məxsus yaşayış sahəsinin yeganə pəncərəsinin qarşısında taxta materialların bərkidilməsi həmin mənzilə daxil olan havanın və günəş işığının qarşısını aldığından, cavabdehin bu hərəkəti nəticəsində iddiaçının mənzilindən sanitariya-gigiyena və ekoloji tələblərə cavab verən şəraitdə istifadə hüququ məhdudlaşdırılmışdır.

49. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, həmin taxta materiallar Cavabdeh3 hesabına sökülməli və iddiaçının əmlakından maneəsiz istifadə hüququ bərpa edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri əsassızdır.

50. Birləşdirilmiş mülki iş üzrə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

51. Belə ki, həmin iş üzrə iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı iddia tələbində olan yaşayış sahəsinə yaradılmış maneənin aradan qaldırılmasını, onun həyətində cavabdeh tərəfindən açılmış pəncərənin cavabdehin hesabına sökülərək bağlanmasını və onun həyətyanı sahəsində cavabdeh tərəfindən inşa edilmiş evin divarının cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

52. Məhkəmə kollegiyası pəncərənin bağlanması və divarın sökülməsi ilə bağlı yuxarıda ifadə edilən hüquqi mövqeyə əlavə olaraq onu da qeyd edir ki, həmin pəncərə evin texniki pasportunda nəzərdə tutulduğundan, evin divarı 1 metr kənara çəkilməyəcəyi təqdirdə də mövcud olacaqdı və iddiaçının faktiki istifadəsində olan həyətyanı sahəyə doğru açılacaqdı. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin “açılmış pəncərə həyətində rahat yaşamaq və rahat gəzməyə imkan vermir” dəlili ilə də razılaşmayaraq həmin dəlili də əsassız hesab edir.

53. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və hazırki mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnamələri mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-634/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə (ilk iddiaya münasibətdə) dəyişdirilmədən saxlanılsın. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1667/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləğləri tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar