Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-125/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Əlizamin oğlunun, onun vəkili X3, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı Əlizamin oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə qarşı “işdən çıxarılmanın qanunsuz hesab edilməsi və işə bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1162/2019 saylı 30 aprel 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Əlizamin oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 23 yanvar 2019-cu il tarixli, 19 nömrəli əmrin ləğv edilməsi, işdən çıxarılmasının qanunsuz hesab edilməsi, N saylı Hərbi Hİssədə Axtarış Xilasedici Gəmilər divizionunun Xilasedici yedəyin (A640) elektromexanika döyüş hissəsinin manqa komandiri vəzifəsinə bərpa edilməsi və 23 yanvar 2019-cu il tarixdən itirilmiş orta aylı əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2001-ci ildən hərbi xidmət sahəsində işləmişdir. İşdən azad olunduğu günə kimi N saylı hərbi hissənin Axtarış Xilasedici Gəmilər divizionunun Xilasedici yedəyin (A640) elektromexanika döyüş hissəsinin mühərrikçilərin manqa komandiri işləmişdir. İşlədiyi müddət ərzində bir dəfə də olsa, xətası və ya intizam pozuntusu, tənbeh tədbiri olmamışdır. Bacardığı qədər hər zaman dəqiq işləməyə çalışmışdır.2018-ci ilin dekabr ayında N nömrəli hərbi hissə komandiri vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətovun 10.12.2018-ci il tarixli göndərişinə əsasən, hər keçirilən növbəti tibbi ekspertizasına göndərilmişdir. Bütün işçilər ildə azı bir dəfə bu cür müayinədən keçməlidirlər. Bu dəfə də hər zamanki kimi digər həmkarları ilə birgə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzində həmin müayinəyə getmiş, lakin müayinənin nəticələri ona qaranlıq qalmışdır. Belə ki, nəticələrə əsasən, ona aid qan və tük nümunələrində hansısa ona məlum olmayan qadağanedici maddənin izləri aşkar olunmuşdur. Heç bir zaman bu növ maddələr və ya qanunla qadağan olunan hər hansı digər bu qəbildən maddə qəbul etməmişdir. Ekspertizanın gəldiyi nəticə ilə qəti olaraq razı deyil, nəticələrin düzgün olmaması, hardasa mütləq şəkildə yanlışlığın olması qənaətindədir. Çünki ayrı cür izah edilə bilməz. Müayinə aparan həkimlərə müraciət edərək, səhv etdiklərini və onu təkrar müayinə etmələrini tələb etmişdir. Lakin, ona bildirmişlər ki, təkrar müayinənin aparılması üçün yeni göndəriş olmalıdır. Bu səbəbdən, dərhal rəhbərlikdən onu təkrar ekspertizaya göndərmələrini xahiş etmişdir. Hətta bildirmişdir ki, o, artıq 17 ildir ki, bu idarədə işləyir. Heç bir zaman belə bir hal, nə də kiminsə ondan şübhələnməsinə əsas verən hallar mövcud olmamışdır. Bundan əlavə, hər ilin sonunda icbari tibbi müayinəyə (ekspertizaya) getmişlər. Tibbi müayinənin vaxtını bilən məntiqli adam ən azından belə bir maddələr qəbul etməz. Yəni, onun qanında həqiqətən qadağan olunan maddələrin tapılması ya bir həkim yanlışlığının, ya da texniki avadanlığın səhvinin nəticəsidir. Bütün bunları rəhbərliyinə bildirib, onu təkrar ekspertizaya göndərilməsini xahiş etmiş, lakin cavablar gələn kimi, dərhal o, 22 yanvar 2019-cu il tarixdə, hər hansı təkrar yoxlanış və müayinə aparılmadan tutduğu vəzifədən azad edilmişdir. İşə götürənə dəfələrlə şifahi müraciət etsə də, bir nəticəsi olmamış və 14 fevral 2019-cu ildə rəsmi olaraq ekspertin verdiyi rəyin həqiqətə uyğun olmadığı təkrar ekspertizanın keçirilməsini xahiş etmişdir. Hesab edir ki, ekspertizanın nəticələrinə dəqiq əmin olmaq üçün, rəhbərlik, mütləq təkrar ekspertizanın aparılmasını təmin etməli idi. İşə götürənin bu hərəkəti, onda onun işdən çıxarılmağı üçün onların sadəcə bəhanə axtarması şübhələrini yaradır. O, ailəlidir, nümunəvi ailə başçısıdır. İki azyaşlı övlad tərbiyə edir. İş yerindən ona verilən xasiyyətnamədə də, o, müsbət xarakterizə edilir. Həmçinin göstərmişdir ki, ona işdən azad edilməyi barədə əmrin surəti, əmək kitabçası və digər son haqq-hesab sənədləri təqdim edilməmişdir. İşəgötürənin hansı normativ əsasla işdən azad edilməsi ona məlum deyil. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1162/2019 saylı 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədən işdən çıxarılmasının qanunsuz hesab edilməsini xahiş edərkən, məhz ekspert rəyinin tamamilə səhv və yanlış olmasına istinad etmişdir. Məhkəmə baxışı zamanı ekspert məhkəmə dəvət edilsə də təkrar ekspertiza təyin edilməmişdir. Halbuki təkrar ekspertiza aparılarsa əvvəl götürülmüş nümunələrdən istifadə olunacaq, bu isə ekspertin gəldiyi nəticənin yanlış və ya düzgün olmasına əminlik yaratmaqla, mövcud şübhələri tam aradan qaldıracaqdı. Digər tərəfdən cavabdeh tərəfindən onunla əmək müqaviləsinə xitam verilmənin nə hüquqi əsası mövcud olmuş nə də düzgün rəsmiləşdirilmişdir. Bundan başqa bioloji nümunələrdə aşkar edilmiş maddələrin hansl dərəcədə və hansı müddətdə sərxoşluq vəziyyətini yaradıbyaratmaması, habelə iş yerində həmin maddələri qəbul edilmə halının olmaması məhkəmə tərəfindən heç bir şəkildə araşdırılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qərardadı ilə Babayev X1 Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinə qarşı “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin 24.12.2018-ci il tarixli N574K rəyinin ləğv olunması” barədə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin icraatında olan işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək hazırki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 07 iyul 2021-ci il tarixli qərardadı ilə hazırki iş ürə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, müayinə olunan gün işdə olmamış, davamiyyət jurnalındakı imza ona məxsus deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, iddiaçı barəsində tərtib edilmiş əmr, əmək qanunvericiliyinin tələblərinə cavab vermir, həmçinin müayinə olunan vaxt iddiaçı işdə olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, əlavə olaraq bildirdi ki, iş materiallarında olan davamiyyət jurnalındakı imzadan da müəyyən edilir ki, müayinə vaxtı iddiaçı işdə olmuşdur, həmçinin aparılmış müayinə zamanı hər hansı pozuntuya yol verilməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Bununla yanaşı kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdaki nəticəyə gəlir. İş materiallarında olan İddiaçı Əlizamin oğlunun ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Əlizamin oğlu aşağıda göstərilən əmrlərə əsasən müxtəlif vəzifələrdə işləmişdir: Belə ki, o, 16.06.2003-cü il tarixli, 159 nömrəli əmrlə HDQ N saylı hərbi hissə AXGDun “A-640” xilasedici yedəyin motoristi vəzifəsinə işə qəbul edilmişdir. 03.09.2003-cü il tarixli, 229 nöməli əmrlə HDQ N saylı hərbi hissə HGD-un, “H-560” sükançı-siqnalçı vəzifəsinə işə qəbul edilmişdir. 03.09.2004-cü il tarixli, 221 nömrəli əmrlə “A-640” baş mühərrikçi vəzifəsinə keçirilmişdir. 09.06.2005-ci il tarixli, 158 nömrəli əmrlə “A-640” manqa komandiri vəzifəsinə keçirilmişdir. 07.03.2007-ci il tarixli, 65 nömrəli əmrlə təşkilatı ştat dəyişikliyi ilə əlaqədar, “A-640” gəmisinə manqa komandiri vəzifəsinə keçirilmişdir. 14.05.2014-cü il tarixli, 139 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. 16.03.2016-cı il tarixli, 77 nömrəli əmrə əsasən X4 X2 (A-640) sükançı-siqnalçı vəzifəsinə işə qəbul edilmişdir. 20.04.2016-cı il tarixli, 113 nömrəli əmrə əsasən ştat dəyişikliyi ilə əlaqədar olaraq Xilasedici Yedəyin (A-640) sükançı-siqnalçı vəzifəsinə işə qəbul edilmişdir. 05.07.2016-cı il tarixli, 192 nömrəli əmrə əsasən AXGD-nun Xilasedici Yedəyin (A-640) baş sükançı-siqnalçı vəzifəsinə işə qəbul edilmişdir. 30.09.2016-cı il tarixli, 282 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) əsasən işdən azad edilmişdir. 01.10.2016-cı il tarixli, 1 nömrəli əmrlə N nömrəli hərbi hissənin X4 X2in (“A-640”) manqa komandiri vəzifəsinə işə qəbul edilmişdir. 23.01.2019-cu il tarixli, 19 nömrəli əmrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “b” bəndinə (narkotik və psixotrop maddələr istifadə etdiyinə görə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşə əlavə edilmiş Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekispertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən verilən 574/K maddi sübutların tədqiqatı Aktından görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı Əlizamin oğlundan götürülmüş qan və tükün kütlə spektrometriyalı xromatoqrafiya metodu ilə tədqiqinə əsasən qan və tük nümunələrinin tərkibində Tetra – hidro kannabinol adlı maddənin izləri aşkar edilmiş, aşkarlanan bu preparatlar Çətənə (kannabis) bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. İş materiallarına əlavə edilmiş işçilərin və qulluqçuların davamiyyət jurnalından görünür ki, İddiaçı Əlizamin oğlu 13 dekabr 2018-ci il tarixində davamiyyət jurnalına imza etməklə işdə olmuşdur. İşdə olan N nömrəli hərbi hissənin komandiri tərəfindən imzalanmış 24.04.2019-cu il tarixli, 346 nömrəli arayışdan görünür ki, İddiaçı Əlizamin oğlu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekispertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən verilən 574 k nömrəli Aktda göstərildiyi kimi 13.12.2018-ci il tarixində Məhkəmə Tibbi Ekispertiza və Pataloji Anatomiya Mərkəzində müayinə başlamış, 24.12.2018-ci il tarixində müayinə müddəti başa çatmışdır. İddiaçı Əlizamin oğlu 2 noyabr 2018-ci il tarixli 283 nömrəli əmrə əsasən əmək məzuniyyətinə getmiş, 13 dekabr 2018-ci il tarixli 324 nömrəli əmrə əsasən məzuniyyətdən gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilmişdir. Bundan başqa İddiaçı Əlizamin oğlu əmək məzuniyyətində olduğu tarixləri onun (Məhkəmə Tibbi Ekispertiza və Pataloji Anatomiya Mərkəzində müayinədə olduğu tarixləri) məzuniyyətdə olduğu günlərə təsadüf etmir. İşçilərin işə davamiyyət jurnalında İddiaçı Əlizamin oğlunun 13 dekabr 2018-ci il tarixində imzası ilə işdə olması faktı öz təsdiqini tapmışdır. İşə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin 02.11.2018-ci il tarixli, 283 nömrəli əmrindən görünür ki, Axtarış-Xilasedici gəmiləri divizionunun Xilasedici Yedəyin (A640) elektromexaniki döyüş hissəsinin manqa komandiri İddiaçı Əlizamin oğluna 01.10.2017 - 01.10.2018 (2018-ci iş ili üçün) 2018-ci il noyabr ayının 02-dən 2018- ci ilin dekabr ayının 13-dək 41 (qırx bir) təqvim günü müddətinə əmək məzuniyyəti verilmiş və əmək məzuniyyəti dövründə bayram günləri nəzərə alınmaqla 13 dekabr 2018-ci il tarixdə işə başlaması əmr edilmişdir. İşdə olan N nömrəli hərbi hissə komandirinin 13.12.2018-ci il tarixli, 324 nömrəli əmrindən görünür ki, Axtarış-Xilasedici gəmiləri divizionunun Xilasedici Yedəyin (A640) elektromexaniki döyüş hissəsinin manqa komandiri İddiaçı Əlizamin oğlu 13 dekabr 2018ci il tarixdə əmək məzuniyyətindən gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilməsi əmr edilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı tərəfin vəsatəti ilə dindirilmiş Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin (Məhkəmə Kimya bölməsinin rəisi) eksperti X6 izahatında bildirmişdir ki, N nömrəli hərbi hissə komandiri vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətovun 10.12.2018-ci il tarixli, 3427N2 nömrəli göndərişi ilə İddiaçı və digər hərbi qulluqçular onlardan nümunələr götürülüb tədqiq edilməsi üçün Mərkəzə göndərilmişlər. Təlimata əsasən nümunələr götürülərkən 3 şahidin iştirakı ilə həmin şəxslərlə fərdi qaydada söhbətlər aparılır, onlardan nümunələr götürülənə qədərki 10 gün, hətta 1 ay ərzində, hər hansı dərman vasitələrini, o cümlədən ağrıkəsici preparatlar qəbul edibetməmələri soruşulur və onlara bunun səbəbi izah edilir. Belə ki, əgər şəxs hər hansı dərman preparatı qəbul etdiyini bildirərsə tədqiqatın aparılma üsulu fərqli olur, yəni bir neçə istiqamətdə tədqiqat aparılır, hər hansı dərmanı qəbul etməmişsə isə adi qaydada məhz hər hansı narkotik vasitənin qəbul edilibedilməməsi üzərindən tədqiqat aparılır. Hər hansı dərman preparatından istifadə etmə tədqiqatın nəticəsinə mənfi təsir göstərə bilir. Bu halların qarşısının alınması üçün bu fərdi söhbətlər aparılır. İddiaçılə də bu cür söhbət aparılmış və o, yalnız “nimesil” (ağrı kəsici) qəbul etdiyini bildirmişdir. Fərdi söhbətlər aparıldıqdan sonra götürülmüş nümunələrə əsasən məhkəmə kimyəvi ekspertizası keçirilmiş və 574/K nömrəli məhkəmə-kimyəvi Akt (Rəy) tərtib edilmişdir. Rəyə əsasən isə müəyyən edilmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı Əlizamin oğlundan götürülmüş qan və tükün kütlə spektrometriyalı xromatoqrafiya metodu ilə tədqiqinə əsasən qan və tük nümunələrinin tərkibində Tetra – hidro kannabinol adlı maddənin izləri aşkar edilmiş, aşkarlanan bu preparatlar Çətənə (kannabis) bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir. Həmçinin qeyd edir ki, şəxsdən götürülmüş nümunələr laboratoriyada 1 il müddətində saxlanıla bilir. Bu həm təlimatın tələbidir, həm də ziddiyyət yaranarsa 1 il müddətində təkrar rəyin verilməsi üçün əsasdır. Göstərdiklərinə əsasən tərəfindən verilmiş 574/K nömrəli məhkəmə-kimyəvi rəyini müdafiə edir və hesab edir ki, İddiaçılə fərdi söhbət aparılarkən bildirmiş olsa idi ki, o, təkcə “nimesil” deyil, başqa (iboprofen) ağrı kəsici dərmandan da istifadə edib, onlar tədqiqatı həmin qəbul edilmiş dərmanları da nəzərə alaraq aparmış olardılar. Onlara qəbul edilmiş dərman düzgün deyiləndə onlar həmin tədqiq etmə metodunu dəyişirlər. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Əlizamin oğlu 16.06.2003-cü il tarixdə, 159 nömrəli əmrlə HDQ N saylı hərbi hissə AXGD-un “A-640” xilasedici yedəyin motoristi vəzifəsinə işə qəbul edilmiş, sonradan müxtəlif vəzifələrdə işləmişdir. N nömrəli hərbi hissə komandiri vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətovun 10.12.2018-ci il tarixli, 3427N2 nömrəli göndərişi ilə, N nömrəli hərbi hissənin X4 X2in (“A-640”) manqa komandiri İddiaçı Əlizamin oğlunun narkotik vasitələr qəbul edib etməməsinin öyrənilməsi zərurəti yarandığından, o, 13.12.2018-ci il tarixdə Məhkəmə-kimya bölməsinə gətirilmiş İddiaçı Əlizamin oğlundan 10ml qan, 2qr tük və 40ml sidik nümunəsi götürülmüşdür. Aparılmış tədqiqat nəticəsində İddiaçı Əlizamin oğlundan götürülmüş qan və tükün kütlə spektrometriyalı xromatoqrafiya metodu ilə tədqiqinə əsasən qan və tük nümunələrinin tərkibində Tetra – hidro kannabinol adlı maddənin izləri aşkar edilmiş, aşkarlanan bu preparatlar Çətənə (kannabis) bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddə olması aşkar edilmişdir. 23.01.2019-cu il tarixli, 19 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72- ci maddəsinin “b” bəndinə (narkotik və psixotrop maddələr istifadə etdiyinə görə) əsasən İddiaçı Əlizamin oğlunun əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “b” bəndinə (narkotik və psixotrop maddələr istifadə etdiyinə görə) əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 23.01.2019-cu il tarixli, 19 nömrəli əmr düzgün olaraq Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekispertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən verilən 574/K “maddi sübutların tədqiqatı” Aktına istinad edilərək verildiyindən, iddiaçının həm iddia ərizəsində göstərdiyi, həm də məhkəmə iclasında gətirdiyi dəlillər əmrin ləğvi üçün əsas ola bilməz qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək və sair işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 11-ci maddəsinin “b” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndlərində göstərildiyi kimi, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 72-ci maddəsinin “b” bəndinə əsasən, alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunur. İş materialları ilə müəyyən edilir ki, Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekispertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən verilən 574/K “maddi sübutların tədqiqatı” Aktından görünür ki, “N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı Əlizamin oğlundan götürülmüş qan və tükün kütlə spektrometriyalı xromatoqrafiya metodu ilə tədqiqinə əsasən qan və tük nümunələrinin tərkibində Tetra – hidro kannabinol adlı maddənin izləri aşkar edilmiş, aşkarlanan bu preparatlar Çətənə (kannabis) bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddədir.” Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı izahatında həmçinin bildirmişdir ki, o, bir neçə hərbi qulluqçu ilə 13.12.2018-ci il tarixdə müayinədən keçməzdən öncə, öz aralarında söhbət etmişlər və tədqiqatın aparılması üçün nümunələrin verilməsini gözləyən şəxslərdən bəziləri bildirmişlər ki, “əgər aralarında hər hansı bir ağrıkəsici qəbul edən şəxs varsa bu barədə məlumat verməsin, çünki əgər dərman içdiyini kimsə bildirsə, bu hal tədqiqatın nəticəsinə mənfi təsir göstərə bilər.” O da buna görə ekspertlə söhbət zamanı yalnız “nimesil” qəbul etdiyini bildirmiş. Başqa dərman - “iboprofen” qəbul etdiyini bildirməmişdir. Həmin ağrı kəsici dərmanı qəbul etməsini gizlətməkdə məqsədi tədqiqatın nəticəsinin mənfi olacağından ehtiyat etməsi olmuşdur. Həmçinin qeyd etmişdir ki, o özü dərman adlarını bilmir, ona həmin dərmanı (ağrı kəsici) başı ağrıyan zaman yoldaşı alıb gətirmişdir. Göründüyü kimi iddiaçı onun “qan və tük nümunələrinin tərkibində Tetra – hidro kannabinol adlı maddənin izlərinin aşkar edilməsinə, aşkarlanan bu preparatların Çətənə (kannabis) bitkisindən alınan Marixuana, Həşiş və Həşiş qətranı adı ilə tanınan narkotik vasitələrin tərkibində əsas narkotik effekt yaradan maddə olmasına” dair Tədqiqatın nəticəsi olan Rəyə etiraz etmiş və bu nəticəni tədqiqatdan əvvəlki günlərdə özünün ağrıkəsici dərman “iboprofen” içməsi ilə əlaqələndirmişdir. Lakin iddiaçı tədqiqat üçün nümunələrin verilməsindən əvvəl digər hərbi qulluqçular ilə etdiyi söhbəti təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin müəyyən edilir ki, iddiaçının Tədqiqat üçün nümunələri götürməzdən əvvəl ekspertin ona hər hansı dərman vasitəsi qəbul etdiyi halda bunu bildirməli olduğunu, əks halda tədqiqatın nəticəsinə təsir göstərə biləcəyinə dair xəbərdarlıq etməsinə baxmayaraq, iddiaçının yalnız “nimesil” dərman vasitəsini qəbul etdiyini bildirməsini, digər “iboprofen” dərman vasitəsini tədqiqatın nəticəsinin mənfi olacağından ehtiyat etdiyi üçün bildirməməsi ağlabatan deyil və hazırda iddiaçı razılaşmadığı “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin 24.12.2018-ci il tarixli N574K rəyini mübahisələndirsə də həmin iddiası mümkün sayılmamış və qəbul edilmiş qərardad qanuni qüvvəsini almışdır. Digər tərəfdən iddiaçı 13 dekabr 2018-ci il tarixdə işdə olmamasını qeyd etsə də iş materiallarına əlavə edilmiş işçilərin və qulluqçuların davamiyyət jurnalından görünür ki, İddiaçı Əlizamin oğlu 13 dekabr 2018-ci il tarixində davamiyyət jurnalına imza etməklə işdə olmuşdur. Apellyasiya baxışı zamanı jurnalda olan imzanın ona məxsus olmadığını qeyd etsə də həmin halın təkzib edilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1162/2019 saylı 30 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-125/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-125/2021
08.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver