Məhkəmə qərarları › İş №2(103)-125/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-125/2022

18.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-125/2022 18.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli 2(1001)- 281/2019 saylı qətnaməsindən üçüncü şəxs ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim M.Rüstəmli) İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə və "xxxx" MMC-yə qarşı iddiası qismən təmin edilərək, "xxxx" MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, 10 saylı fərdi yaşayış evinin ½ hissəsinin (bundan sonra – ipoteka predmeti) 100000 manata qiymətləndirilməsinə dair 06 avqust 2015-ci il tarixli, 15-722 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”ın etibarsız hesab edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, daşınmaz əmlak bazarındakı qiymət artımını nəzərə alaraq, 2015-ci ildə 100000(yüz min) manat dəyərində qiymətləndirilmiş ipoteka predmetinin 2019-cu ildə 30000 manatdan yüksək qiymətləndirilməsi əsassızdır. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən, məruzəçi), A.İmanov və V.Sadıqov, 2(103)- 10849/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-281/2019 saylı iş üzrə 27 may 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmış, işin apellyasiya baxışı zamanı təyin edilmiş qiymətləndirilməsi üzrə 130 (yüz otuz) manat məhkəmə xərci üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3563/20 saylı 04 avqust 2020-ci il tarixli qərarı ilə üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 03 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3563/20 saylı 04 avqust 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, hazırkı işdə məhkəmələr iddiaçının qanunla qorunan hansı hüquqlarının və maraqlarının pozulmasını müəyyən edə bilməmişlər. İddia tələbindən və ümumiyyətlə mülki işdən aydın deyil ki, iddiaçı hansı səbəbdən 2015-ci ildə həyata keçirilmiş “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabatın etibarsız hesab edilməsini tələb edir. Çünki, işə baxan məhkəmələr aydınlaşdırmamışlar ki, ipoteka ilə yüklü edilmiş mübahisəli əmlaka tutma yönəldikdən sonra hərracda satıldı, ya yox. İddiaçı 2015-ci ildə keçirilmiş qiymətləndirmənin etibarsızlığını tələb edir və əmlakın hərracda satışa çıxarılması üçün yeni qiymət təyin edilmir. İşdə hərracın keçirilməsi barədə məlumat yoxdur. Əgər hərrac keçirilməmişdirsə, onda onun keçirilməsi üçün əmlakın ilkin satış qiyməti müəyyən edilməlidir. Yox, əgər artıq hərrac keçirilmişdirsə, onda 2015-ci ildə keçirilmiş qiymətləndirmənin mübahisələndirməyə heç bir lüzum qalmır. Nəzərə almaq lazımdır ki, hər hansı iddianı qaldırmaqla məhkəmədə müdafiə hüququndan istifadə etmək yalnız o halda yolveriləndir ki, şəxsin həmin iddiaya hüquqi marağı müəyyən olunsun. Başqa sözlə, hüquqi müdafiəyə olan ehtiyacdan o zaman söz edilə bilər ki, şəxsə münasibətdə onun hüquqi vəziyyətində dəyişiklik yaradacaq hər hansı müdaxiləyə yol verilmiş olsun. Şəxsin hüquqi vəziyyətinin strukturunu isə bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və.s. Eyni zamanda qeyd edilməlidir ki, şəxsin hüquqi müdafiəyə ehtiyacının olub-olmadığını müəyyənləşdirərkən onun nail olmaq istədiyi yekun məqsədə çatmaq üçün hüquqi müdafiənin düzgün vasitələrindən istifadə edib-etmədiyi də nəzərə alınmalıdır. Bu isə iddiaçıdan nail olmaq istədiyi yekun məqsədə daha əlverişli və birbaşa yolla çatmağa xidmət edən iddia qaldırmağı tələb edir. Bu mənada, kollegiya hesab ki, iddiaçının hazırkı iddiaya hüquqi marağının mövcudluğunu müəyyən etmək üçün mübahisələndirilən qiymətləndirmə rəyinin onun hüquqi vəziyyətinə təsir edib-etmədiyi halı, eləcə də qaldırılmış iddianın onun nail olmaq istədiyi yekun məqsədinə çatmasına nə dərəcədə xidmət edib-etmədiyi aydınlaşdırılmalıdır Cavabdehin kassasiya şikayətində aydın qeyd edilməsə də, bəzi məqamlardan belə qənaət hasil olur ki, ipoteka ilə yüklü edilmiş əmlak artıq 2015ci ildə hərrac vasitəsi ilə satılmışdır. Əmlak həqiqətən həmin tarixdə satılmışdırsa "xxxx" MMC-nin mütəxəssisi İ.Bəşirov tərəfindən verilmiş “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabatın etibarsız hesab edilməsi iddiaçıya nəyi vəd etməsi aydın deyil. Eyni zamanda, hətta əmlak satılmamışdırsa belə, 2015-ci ildə keçirilmiş qiymətləndirmənin indi mübahisələndirilməsi və əmlakın hərraca çıxarılması üçün ilkin qiymətin müəyyən edilməməsi yenə qanunsuz və əsassızdır. Yenə də belə tələbə zərurət yoxdur, çünki əmlak hələ hərraca çıxarılmayıbsa iddiaçı uzun qiymətləndirmədən uzun müddət keçməsi, əmlakların dəyərində baş verən dəyişiklikləri nəzərə alaraq icra icraatı qaydasında əmlakın yenidən qiymətləndirilməsini tələb edə bilər, tələbi təmin olunmadığı təqdirdə hüquqlarını məhkəmə qaydasında müdafiə edə bilər. “İcra haqqında” Qanunun 29-cu maddəsinin müddəalarından çıxış etməklə icra icraatının tərəfləri özlərinin əldə etdikləri qiymətləndirmə rəylərini icra məmuruna təqdim etməklə həmin qiymətin ilkin satış edə, eləcə də icra məmurunun sifarişi əsasında rəyin əsassızlığına dair mülahizələrini təqdim edə bilərlər. Bundan başqa, iddiaçı qiymətləndirməni o əsasla mübahisələndirir ki, onun əmlakı real dəyərindən aşağı qiymətə hərraca çıxarılmışdır. Məhkəmələr iddianı ona görə təmin etmişlər ki, həmin əmlakın qiymətləndirilən tarixə (2015-ci il tarixə) real bazar dəyəri 100.000 manat deyil, 130.000 manat təşkil etmişdir. Yenə də, həmin əsasla iddianın təmin olunması iddiaçıya heç nə vəd etmir. Çünki, əmlakın ilkin satış qiyməti müəyyən edilərkən əmlakın real bazar qiyməti deyil, onun likvid qiyməti əsas tutulur. Nəzəri olaraq hesab etsə ki, həmin əmlak satılmamışdır, onda əmlakın hazırkı likvid qiyməti əmlakın satışa çıxarılan qiymətinə təqribən bərabər olur. Ona görə ki, işdə olan məlumatlardan belə aydın olur ki, həmin əmlakın qiymətləndirmə keçirilən dövrdə likvid dəyərinin 108.000 manat məbləğində olması müəyyən edilmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti dedikdə ipoteka predmeti olan əmlakın likvid qiyməti nəzərdə tutulur. Ona görə işə yenidən baxılarkən qiymətləndirmənin iddiaçıya hansı səbəbdən lazım olduğu aydınlaşdırılmalı, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, 10 saylı fərdi yaşayış evinin ½ hissəsinin artıq hərraca çıxarılıb-çıxarılmadığı, hərracda satılıb-satılmadığı müəyyən edilməli və bundan sonra mübahisəyə qiymət verilməlidir. Əmlakın 2015-ci ildə artıq hərraca çıxarılaraq satıldığı müəyyən edilərsə hazırkı iddianın əsaslılığına qiymət verilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, əmlakın təkrar hərraca çıxarılacağı təqdirdə onun likvid qiyməti ilə hərraca çıxarıldığı qiymət arasındakı fərqin nə qədər təşkil etməsi əhəmiyyət kəsb etmirsə, belə prosedurların (qiymətləndirmənin etibarsız hesab olunması, sonradan yeni qiymətləndirmə keçirilməsi, hərracın etibarsız hesab olunması iddiaları, onlara baxılması, təmin olunacağı təqdirdə yeni hərrac keçirilməsi və.s.) yenidən təkrarlanmasının tərəflərin və maraqlı şəxslərin (ola bilər ki, əmlakı 3-cü şəxs hərrac vasitəsilə əldə etmişdir) mənafeləri baxımından məqsədəmüvafiqliyini yoxlamalıdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7265/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə ipoteka predmeti olan - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, 10 saylı fərdi yaşayış evinin ½ hissəsinin 2015-ci ilin avqust ayına olan likvid dəyərinin və hazırda mövcud olan likvid dəyərinin müəyyənləşdirilməsi üçün müstəqil qiymətləndirici təyin edilməsi və qiymətləndirmənin aparılmasının "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmış və MMC-nin 23.02.2021-ci il tarixli rəyinə əsasən 2015-ci ilə 120000, hazırda isə 140000 manat olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiricinin təkrar rəyi alınmalı olduğu qənaətinə gəlmiş və 2(103)-616 saylı, 05 may 2021-ci il tarixli qərardadı ilə ipoteka predmeti olan - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, 10 saylı fərdi yaşayış evinin ½ hissəsinin 2015-ci ilin avqust ayına, 2017-ci ilin iyun ayına və hazırda mövcud olan likvid dəyərinin müəyyən edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinini 1 saylı Bakı Ərazi İdarəsindən mütəxəssis (ekspert) rəyinin alınması qərara alınmış və rəy alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinin verilməsi üçün 550 (beş yüz əlli) manat məbləğində xidmət haqqının ödənilməsi barədə məktubu dəftərxana vasitəsilə məhkəməyə daxil olmuşdur. Həmin məktub əsasında xidmət haqqının ödənilməsi barədə bildiriş İddiaçı və 3-cü şəxs ləğv prosesində olan "xxxx" ASC-yə göndərilmişdir. 3-cü şəxs ləğv prosesində olan "xxxx" ASC məhkəməyə ünvanladığı məktubunda mütəxəssis rəyinin verilməsi üçün 550 (beş yüz əlli) manat məbləğində xidmət haqqının İddiaçı tərəfindən ödənilməsini məqsədəmüvafiq hesab etdiklərini bildirmiş, iddiaçı tərəfindən isə xidmət haqqının qabaqcadan ödənilməsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-616/2021 saylı, 05 may 2021-ci il tarixli qərardadı icrasız qaldığından, 2(103)-616 saylı, 09 dekabr 2021-ci il tarixli qərardadı ilə ipoteka predmeti olan - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, 10 saylı fərdi yaşayış evinin ½ hissəsinin 2015-ci ilin avqust ayına, 2017-ci ilin iyun ayına və hazırda mövcud olan likvid dəyərinin müəyyən edilməsi üçün "xxxx" MMC-dən mütəxəssis (ekspert) rəyinin alınması qərara alınmışdır. "xxxx" MMC-nin 15 dekabr 2021-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, 10 saylı fərdi yaşayış evinin ½ hissəsinin 2015-ci ilin avqust ayına likvid dəyəri 108000 manat, 2017-ci ilin iyun ayına 101000 manat və hazırda mövcud olan likvid dəyərinin isə 91000 manat təşkil etdiyi göstərilmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 3, 7, 8 və 10-cu maddələrinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, "xxxx" MMCnin 06 avqust 2015-ci il tarixli, 15-722 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”ında qiymətləndirmənin fakt üzrə aparılması öz əksini tapsa da, əmlakın foto və sxemlərlə təsviri həyata keçirilməmiş, tərəflərdən(sifarişçidən) zəruri olan sənədlər tələb edilməmiş, əlavə məlumat və izahatlar alınmamış, qiymətləndirmə yalınz kağız üzərində aparılmışdır. “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Həmin Qanunun 61.1-ci və 61.2-ci maddələrinə görə isə borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 6-cı maddəsinə əsasən qiymətləndirici tərəfindən obyektin qiymətləndirilməsi üçün əsas sifarişçi ilə bağladığı müqavilədir. Mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır.Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburi olduğundan kassasiya instansiya məhkəməsinin iş üzrə yuxarıda qeyd olunan qərarında olan məcburi göstərişlərinin icrası ilə əlaqədar alınmış “Daşınar və Daşınmaz Əmlakların Satışı X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 və 29 dekabr 2021-ci il tarixli məktublarının və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27 may 2021-ci il tarixli məktubunun məzmunundan bəlli olur ki, ipoteka ilə yüklü edilmiş mübahisəli fərdi yaşayış evinə dair ilkin hərracın keçirilməsi 05 iyun 2017-ci il saat 11:00 təyin olunmuşdur. Ancaq iddiaçı hazırki iddia ərizəsi ilə 26 may 2017-ci il tarixdə məhkəməyə müraciət etdiyindən Binəqədi rayon İcra Şöbəsinin 09 iyun 2017-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6107/14 saylı, 12.11.2014-cü il tarixli icra sənədi üzrə icraat dayandırılmış və bu barədə Hərrac Mərkəzinə məlumat verilmişdir. Bununla əlaqədar, hal-hazıradək təkrar hərrac keçirilmədiyindən mübahisəli fərdi yaşayış evi də hərracda satılmamış, bu günədək iddiaçının mülkiyyətində qalmışdır. İkincisi, mübahisəli fərdi yaşayış evinin "xxxx" MMC-nin 06 avqust 2015-ci il tarixli, 15-722 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”ına əsasən ilkin satış qiyməti 100000(yüz min) manat müəyyən edilərək ilkin hərracın keçirilməsi 05 iyun 2017-ci il saat 11:00-a təyin olunmuşdur. Ancaq iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6107/14 saylı, 12.11.2014-cü il tarixli icra sənədi üzrə 2 il, 7 ay sonra keçirilməsi planlaşdırılan bu hərracın dayandırılmasına nail olmaq üçün 26 may 2017-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Binəqədi rayon İcra Şöbəsinin 09 iyun 2017-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6107/14 saylı, 12.11.2014-cü il tarixli icra sənədi üzrə icraat dayandırıldığından uzun illər ərzində, yəni 7 ildən artıq bir müddətdə qətnamə icra olunmamış vəziyyətdə, hərrac isə 5 ilə yaxın müddətdə keçirilməmiş qalmışdır. Bu cür vəziyyətdə, əslində iddiaçının məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququ olsa da bu hüquqdan pis niyyətlə, başqalarına zərər vurmaqla istifadə edilməsi də yolverilməzdir. Çünki, iddiaçı ipoteka predmeti olan evin hərracda satılmasını əgər xoş niyyətlə istəmirsə yaxud əmlakın ilkin satış qiyməti həqiqətən onun mənafeyinə ziddirsə, onda 7 ildən artıq bir dövrdə dövlətin adından çıxarılmış məhkəmə aktı üzrə borc da heç olmasa qismən də olsa icra edilmiş olmalı idi, ancaq borc da ödənilməmişdir. Demək, iddiaçı nə icra sənədi üzrə borcun ödənilməsində, nədə ipoteka predmeti olan evin satılmasında maraqlı deyil. Əlbətdə, bu vəziyyət iddiaçını məmnun etməyə bilməz, ancaq mülki hüquq münasibətlərinin digər iştirakçısı olan banka zərər vurmaqda davam edir ki, bu da yolverilməzdir. Üçüncüsü, iddiaçı qiymətləndirməni o əsasla mübahisələndirir ki, onun əmlakı real dəyərindən aşağı qiymətə hərraca çıxarılmışdır. Birinci instansiya məhkəməsi iddianı ona görə təmin etmişdir ki, həmin əmlakın qiymətləndirilən tarixə (2015-ci il tarixə) real bazar dəyəri 100.000 manat deyil, 130.000 manat təşkil etmişdir. Yenə də, həmin əsasla iddianın təmin olunması iddiaçıya heç nə vəd edə bilməz. Çünki, əmlakın ilkin satış qiyməti müəyyən edilərkən əmlakın real bazar qiyməti deyil, onun likvid qiyməti əsas tutulur. Apellyasiya baxışı zamanı da alınmış, daşınmaz əmlak bazarında nüfuzlu qiymətləndirici şirkət olan "xxxx" MMC-nin 15 dekabr 2021-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsi, 10 saylı fərdi yaşayış evinin 2015ci ilin avqust ayına likvid dəyəri 108000 manat, 2017-ci ilin iyun ayına 101000 manat və hazırda mövcud olan likvid dəyərinin isə 91000 manat təşkil etdiyi göstərilmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti dedikdə ipoteka predmeti olan əmlakın likvid qiyməti nəzərdə tutulur. Göründüyü kimi, bu faktın özü də hazırki iddianın əsassızlığına dəlalət və bu vasitə ilə icra sənədinin icra olunmasına maneçilik yaratmağa xidmət edir. Çünki, fərdi yaşayış evinin ilkin hərraca çıxarıldığı satış qiyməti, hazırki likvid dəyərindən 9000 manat yuxarıdır. Bu faktın özü iddiaçının mənafeyinə daha uyğundur. Əks halda, yəni "xxxx" MMCnin 06 avqust 2015-ci il tarixli, 15-722 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”ın ləğv ediləcəyi təqdirdə, ipoteka predmeti olan fərdi yaşayış evi hazırki likvid dəyərinə əsasən hərraca çıxarılmalı olacaq ki, bu da açıq-aşkar iddiaçının mənafeyi ilə ilə uzlaşmır. Dördüncüsü, ən azından iddiaçı da bu illər ərzində ipoteka predmeti olan evin likvid dəyəri barədə özü də hansısa sübutu məhkəməyə təqdim edə bilərdi, ancaq etməmiş, etməkdə maraqlı olmadığı da işdən açıq-aşkar görünür. Bu cür vəziyyətdə birinci instansya məhkəməsinin iş üzrə gəldiyi nəticənin əsassız olduğu bir daha təsdiq olunur. Ona görə də hazırki iddianın təmin edilməsi həm də ipoteka saxlayanın mənafeyi baxımından məqsədəmüvafiq deyildir. Çünki, 8 ilə yaxındır ki, dövlətin adından çıxarılmış məhkəmə aktına əsasən ona ödənilməli olan pul vəsaitini məhz borclu şəxsin və iddiaçının təqsiri üzündən əldə edə bilmir. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1, 385.1.2, və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, üçüncü şəxs Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli 2(1001)-281/2019 saylı qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X1” məhdud məsuliyyətli cəmiyyətinə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə qarşı əmlakın qiymətləndirilməsi barədə mütəxəssisin verdiyi hesabatın etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi barədə iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Üçüncü şəxs Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli 2(1001)-281/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X1” məhdud məsuliyyətli cəmiyyətinə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə qarşı əmlakın qiymətləndirilməsi barədə mütəxəssisin verdiyi hesabatın etibarsız hesab edilməsi və əmlakın yenidən qiymətləndirilməsi barədə iddiası təmin edilməsin. Qiymətləndiricinin xidmət haqqı 300(üç yüz) manat İddiaçı alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: ********** H h № AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S W.İ.F T BİK. İBAZAZ2X hesabına, 200(iki yüz) manat alınaraq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar