Məhkəmə qərarları › İş №2(103)-125/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-125/2025

07.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-125/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, X7 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X3 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2, onun nümayəndəsi (vəkili) Vəkil2, digər Cavabdeh1 prosessual hüquq varisi X1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyul 2019-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 07 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2005-ci il tarixli, 18 saylı protokolu əsasında X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 09 sentyabr 2005-ci il tarixli 35805 saylı müqavilə üzrə İddiaçı istifadəsinə ayrılmışdır.

2. X2 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında bağlanmış 26 sentyabr 2001-ci il tarixli 10034 saylı müqavilənin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 25 may 2001-ci il tarixli sərəncamının 379 saylı protokolu əsasında Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha sahədən ibarət olan 3270 saylı bağ sahəsi istifadəyə verilmişdir.

3. X2 və İstismarı Birliyi ilə X4 arasında bağlanmış 26 sentyabr 2001-ci il tarixli 30081 saylı müqavilənin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 25 may 2001-ci il tarixli sərəncamının 379 saylı protokolu əsasında X7 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha sahədən ibarət olan 3270 a saylı bağ sahəsi istifadəyə verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh2, X7 və Cavabdeh1 qarşı məhkəməyə müraciət edərək cavabdehlərin torpaq sahəsindən çıxarılması və özbaşına tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsini iddiaçıya iş yerindən 1992-ci il tarixdə orderlə verilmişdir. xx.xx.2005-ci il tarixdə iddiaçı ilə bağ sahəsinə dair X2 və İstismarı Birliyi ilə 35805 saylı müqavilə bağlanmışdır. 1992-ci ildən İddiaçı torpaq sahəsindən fasiləsiz, etirazsız istifadə edir, ora 26 ildir ki, sahiblik edir. Hazırda o, özünə məxsus bağ sahəsini özəlləşdirmək istəyir. Bununla bağlı onun nümayəndəsi reyestr xidmətinə ərizə vermişdir. Reyestr xidmətinin əməkdaşları tərəfindən ona məxsus bağ sahəsində ölçü işləri aparılmış və məlum olmuşdur ki, cavabdeh ona məxsus bağ sahəsini öz bağ sahəsinə qataraq, daş hasar çəkmiş və ona məxsus ərazidə ev tikmişdir. Bu səbəbdən də, iddiaçı bağ sahəsini özəlləşdirə bilməmişdir. Bununla bağlı Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə ərizə ilə müraciət edilmiş, bölmədə onun torpaq sahəsinin qanunsuz zəbt edildiyi sübut edilmişdir. Kürdəxanı Bələdiyyəsi və Reyestr Xidmətinin əməkdaşları tərəfindən həmin ərazidə ölçü işləri aparılmış və cavabdehin ona məxsus torpaq sahəsini zəbt etdiyi, ev tikdiyi məlum olmuşdur. Hesab edir ki, cavabdeh onun torpağını qanunsuz olaraq zəbt etdiyindən oradan çıxarılmalı, özbaşına tikililər sökülməlidir. Buna görə məhkəmədən cavabdehin iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsindən çıxarılması, iddiaçının həmin torpaq sahəsinə köçürülməyi, ona məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli evin, köməkçi sahələrin və qanunsuz çəkilən daş hasarın cavabdehin hesabına sökülməsi və sökülmüş tikinti materiallarının cavabdehin hesabına oradan daşınmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

6. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh1 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsindən çıxarılması, iddiaçının həmin torpaq sahəsinə köçürülməyi, ona məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli evin, köməkçi sahələrin və qanunsuz çəkilən daş hasarın cavabdehlərin hesabına sökülməsi və sökülmüş tikinti materiallarının cavabdehlərin hesabına oradan daşınmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh1 vəkili və nümayəndəsi X5 bildirmişdir ki, sözügedən bağ sahəsi Cavabdeh1 deyil, Cavabdeh2 və X7 məxsusdur. Cavabdeh2 və X8 həmin 3270 və 3270 a saylı bağ sahələrinin idarə edilməsi üçün digər Cavabdeh1 etibarnamə vermişlər. Bundan başqa idddiaçının sözügedən bağ sahəsinə dair hüquqları dövlət qeydiyyatından keçmədiyi üçün İddiaçı qismində iddia qaldırmaq hüququ yoxdur. Çünki həmin bağ sahəsinin mövcud olubolmaması hazırda sübuta yetirilməmişdir. Həmçinin, iddiaçı öz iddia ərizəsində 26 il müddətinə həmin bağ sahəsinə fasiləsiz, etirazsız istifadə etmək fikrini ifadə etmişdir. Lakin iddiaçının mövcud olmayan, yalnız sənəd üzərində öz əksini tapmış hansısa bağ sahəsində (3270V) yaşaması, oradan fasiləsiz istifadə edilməsini təsdiqləyən heç bir mötəbər sübut mövcud deyildir. Qeyd edilən bağ sahəsində özbaşına tikinti aparılmasından söhbət gedə bilməz. X2 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 saylı bağ sahəsinin icarəyə verilməsi barədə 26 sentyabr 2001-ci il tarixli, 10054 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, həmin il ərzində də bağ evi inşa edilmişdir. Əgər cavabdehlər tərəfindən iddia ərizəsində göstərildiyi kimi iddiaçıya məxsus bağ sahəsi zəbt olunmuş olsaydı və iddiaçı 1992-ci ildən həmin bağ sahəsindən fasiləsiz istifadə etmişdirsə, cavabdehlər 2001-ci ildə orada tikinti aparan zaman mübahisəsiz olaraq, bağ sahəsi ilə əlaqədar öz hüququnun pozulduğunu bilməli idi. Qeyd edilənlərdən görünür ki, iddiaçı cavabdehlərə qarşı iddia qaldırmaq üçün iddia müddətinin ən yuxarı həddini belə buraxmışdır. Buna görə məhkəmədən İddiaçı cavabdehlər Cavabdeh2, X7 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsinə dair iddia tələbinin iddia müddəti tətbiq edilərək rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 mart 2019-cu il tarixli mütəxəssis rəyi ilə müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən 3270 V saylı bağ sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülsə də, arxiv çizgiləri olmadığından bağların bölgüsünə dair sxematik xəritədə miqyas və koordinat olmadığı üçün 3270, 3270 A və 3270 V saylı bağların dəqiq koordinatlarını müəyyən etmək mümkün deyil. Sözügedən bağ sahələrinin naturada faktiki olaraq, yerləşməsində uyğunsuzluq vardır. Mübahisələndirilən və naturada göstərilən bağ sahələrinin bir hissəsi 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə istinadən 3270 v və 3270 b saylı bağların ərazisinə düşür. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən torpaq sahəsindən Cavabdeh1 tərəfindən istifadə edilir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən bağ sahəsində iki mərtəbəli yaşayış evi, sanitar qovşaq, köməkçi tikili və yarımçıq tikili mövcuddur.

9. Məhkəmə Ekspertiza Mərkəzinin 22 aprel 2019-cu il tarixli 34237 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən bağ sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülsə də, arxiv çizgiləri olmadığından bağların bölgüsünə dair sxematik xəritədə miqyas və koordinat olmadığı üçün 3270, 3270 A və 3270 V saylı bağların dəqiq koordinatlarını müəyyən etmək mümkün deyil. Sözügedən bağ sahələrinin naturada faktiki olaraq yerləşməsində uyğunsuzluq vardır. Mübahisələndirilən və naturada göstərilən bağ sahələrinin bir hissəsi 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə istinadən 3270 v və 3270 b saylı bağların ərazisinə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən torpaq sahəsindən Cavabdeh1 tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən bağ sahəsində iki mərtəbəli yaşayış evi sanitar qovşaq, köməkçi tikili və yarımçıq tikili mövcuddur.

10. Sabunçu Rayon Məhkəməsinin (hakim İ.Burcayev) 2(008)-703/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2005-ci il tarixli, 18 saylı protokolu əsasında X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 09 sentyabr 2005-ci il tarixli 35805 saylı müqavilə üzrə İddiaçı istifadəsinə ayrılmışdır. İşə əlavə edilmiş mütəxəssis və ekspert rəylərindən və işə əlavə edilmiş digər materiallarda da göründüyü kimi həmin bağ sahəsi Cavabdeh1 tərəfindən zəbt edilmiş və cavabdehlər tərəfindən mübahisəli bağ sahəsində qanunsuz tikinti işləri aparılmışdır. Bununla iddiaçıya ona ayrılmış bağ sahəsindən istifadə etməyə maneələr yaradılaraq, onun hüquqları kobud şəkildə məhdudlaşdırılmışdır. Buna görə İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Mülki işin məhkəmə baxışı zamanı cavabdeh tərəfin vəkili iddia müddətinin hazırki işə tətbiq edilməklə, iddia tələbinin rədd edilməsini xahiş etsə də, iddia müddətinin keçməsi ilə bağlı hər hansı sübutlar təqdim etməmiş və izahatında bu tələbini əsaslandırmamışdır.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 152, 157, 372, 377-ci maddələrinə, «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin "Broniovski Polşaya qarşı" və «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» iş üzrə qərarlarına, F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdehlər qətnamədən birgə apellyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işin hallarını tam və hərtərəfli araşdırmamış, işdəki sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı etiraz verərək onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-İ.S.Şirinov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.C.Kazımov) 2(103)-16/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Həmin qətnamədən Cavabdeh2 kassasiya şikayəti vermişdir.

Kassasiya instansiyası məhkəməsində icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3062/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-16/2023 nömrəli, 11 aprel 2023-cü il tarixli qətnaməsi qismən – “Cavabdeh2 İddiaçı məxsus Bakı şəhəri Sabuçu rayon Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsindən çıxarılması, İddiaçı İsayıl oğlunun həmin torpaq sahəsinə köçürülməsi, iddiaçıya məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli ev, köməkçi sahələr və qanunsuz çəkilən daş hasarın Cavabdeh2 hesabına sökülməsi və sökülmüş materialların Cavabdeh2 hesabına daşınması, İddiaçı ona məxsus Bakı şəhəri Sabunçu rayon Ləhiş ərazisində 0,12 ha toraq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən hər hansı maneələrin yaradılmasına son qoyulmasına” aid hissədə ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdeh2 və onun nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

20. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi.

21. Cavabdeh1 prosessual hüquq varisi Cavabdeh2 isə apellyasiya şikayətinin əsaslı olduğunu bildirərək təmin olunmasını xahiş etdi.

22. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi kassasiya qaydasında yalnız “Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri Sabuçu rayon Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsindən çıxarılması, iddiaçının həmin torpaq sahəsinə köçürülməsi, iddiaçıya məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli ev, köməkçi sahələr və qanunsuz çəkilən daş hasarın Cavabdeh2 hesabına sökülməsi və sökülmüş materialların Cavabdeh2 hesabına daşınması, iddiaçının ona məxsus Bakı şəhəri Sabunçu rayon Ləhiş ərazisində 0,12 ha toraq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən hər hansı maneələrin yaradılmasına son qoyulması” hissəsində ləğv edildiyindən qətnamənin əsaslılığı da ancaq həmin hissədə yoxlanılır. Yəni, hazırkı apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız kassasiya qaydasında ləğv olunmuş həmin hissəsi təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv olunmaqla həmin hissədə iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.

27. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

28. Baxılan işdə İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin X2 və istismarı birliyinin 25 iyun 1990-cı il tarixli 4 saylı orderinə və X2 və İstismarı Birliyinin 09 sentyabr 2005-ci il tarixli müqaviləsinə istinad edərək, Bakı şəhər Sabunçu rayon Ləhiş ərazisində 0,12 ha torpaq sahəsi olan 3270 v saylı bağ torpaq sahəsinin onun istifadəsinə verildiyini, cavabdehlərin həmin sahəyə qanunsuz sahiblik etdiyini bildirərək, onlara qarşı torpaq sahəsindən çıxarma və özbaşına tikilinin sökülməsinə dair iddia tələbləri irəli sürmüşdür.

29. Cavabdeh2 mübahisəli sahənin uzun illər ərzində onun sahibliyində olduğunu, onlarla (Namiq Qulamov və Cavabdeh2) Bakı şəhər İcra Hakimiyyəti X2 və İstismarı Birliyinin 26 sentyabr 2001-ci il tarixdə müqavilə bağlandığını, həmin torpaq sahəsinin etibarnamə əsasında Cavabdeh1 verildiyini, torpaq sahəsi əldə ediləndən sonrakı bir il ərzində tikili inşa edildiyini və faktiki istifadə edildiyini, iddiaçının sənədlərinin qanunvericiliyə uyğun olmadığını (orderin əslinin mövcud olmadığı) qeyd edərək etiraz etmişlər.

30. Məhkəmə iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2005-ci il tarixli, 18 saylı protokolu əsasında X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 09 sentyabr 2005-ci il tarixli 35805 saylı müqavilə üzrə İddiaçı istifadəsinə ayrılmışdır. İşə əlavə edilmiş mütəxəssis və ekspert rəylərindən və işə əlavə edilmiş digər materiallarda da göründüyü kimi həmin bağ sahəsi Cavabdeh1 tərəfindən zəbt edilmiş və cavabdehlər tərəfindən mübahisəli bağ sahəsində qanunsuz tikinti işləri aparılmışdır. Bununla iddiaçıya ona ayrılmış bağ sahəsindən istifadə etməyə maneələr yaradılaraq, onun hüquqları kobud şəkildə məhdudlaşdırılmışdır. Buna görə İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin qismən yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, məhkəmələrin tədqiq etdiyi sübutların hər hansı biri ilə İddiaçı məxsus 3270 v saylı bağ torpaq sahəsi ilə Cavabdeh2 məxsus bağ torpaq sahəsinin üst-üstə düşməsi müəyyən olunmamışdır. Buna baxmayaraq, məhkəmələr faktiki olaraq özlərində müxtəlif vəziyyətləri əks etdirən, eyni zamanda faktiki olaraq bir-biri ilə ziddiyyət təşkil edən sübutlara istinad etməklə mübahisələndirilən torpaq sahəsinin İddiaçı ayrılmış torpaq sahəsi olması nəticəsinə gəlmişlər. Birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi kifayət qədər ziddiyyətlərin olması və iddianın düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin bağçılıq yoldaşlıq cəmiyyətləri üzrə ümumi plansxemi, hər bir bağ sahəsinin ayrılması zamanı müqavilənin əlavəsi olan plan-cizgi sənədlərinin aidiyyəti dövlət qurumundan alınması və zəruri olduqda müvafiq ekspertiza tədqiqatı aparılması imkanlarını tərəflərlə müzakirə etməmişlər.

32. Ali Məhkəmənin qərarının məzmunundan göründüyü kimi, qərarda yeni apellyasiya baxışı zamanı icra edilməli olan əsas göstərişlər bağ sahəsinin texniki sənədlərinin, yəni ümumi plan-sxemin, plan-cizgi sənədlərinin müvafiq icra hakimiyyəti orqanından (ƏMDX DƏDKR publik hüquqi şəxsi) tələb edilməsi və işdə olan ziddiyyətlərin aradan qaldırılması məqsədilə müvafiq ekspertiza təyin olunması məsələsinin müzakirə olunmasından ibarətdir.

33. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

34. Məhkəmə kollegiyası ilk növbədə xatırladır ki, birinci instansiya məhkəməsində işə baxılarkən də iş üzrə müvafiq mütəxəssis və ekspert rəyləri alınmışdır. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 27 mart 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən mübahisələndirilən bağ sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülsə də, arxiv cizgiləri olmadığından, bağların bölgüsünə dair sxematik xəritədə miqyas və koordinat olmadığı üçün 3270, 3270 a və 3270 v saylı bağların dəqiq koordinatlarını müəyyən etmək mümkün deyil. Sözügedən bağ sahələrinin naturada faktiki olaraq yerləşməsində uyğunsuzluqlar vardır. Mübahisələndirilən və naturada göstərilən bağ sahələrinin bir hissəsi 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə istinadən 3270v və 3270 b saylı bağların ərazisinə düşür. Bakı şəhəri Sabunçu rayon Ləhiş bağ massivində yerləşən mübahisələndirilən torpaq sahəsi cavabdeh X6 tərəfindən istifadə edilir. Bağ sahəsində iki mərtəbəli yaşayış evi, sanitar qovşaq, köməkçi tikili və yarımçıq tikili mövcuddur.

35. Məhkəmə Ekspertiza Mərkəzi 22 aprel 2019-cu il tarixdə məhz bu mütəxəssis rəyinə əsaslanmaqla eyni məzmunlu ekspert rəyi vermişdir.

36. Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərardadında istinad edilən xx.xx.2022-ci il tarixli ekspertiza rəyindən isə görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Bakı şəhəri Sabunçu rayon Ləhiş bağ sahəsi ünvanında yerləşən 3270 və 3270 a saylı bağ sahələri ümumi hasar daxilində olmaqla, sahəsinin 2502 kv.m təşkil etdiyi və bağ sahələrinin ara sərhədinə mişar daşından hündurluyü 0,4 m olan daş hasar tikilərək bir-birindən ayrıldığı müəyyən olunmuş, X4 3270 a saylı kimi iddia etdiyi bağ sahəsində 2 mərtəbəli bağ evinin və sanitar qovşağının, Cavabdeh2 3270 saylı kimi iddia etdiyi bağ sahəsində isə köməkçi tikilinin və natamam tikili mövcud olduğu müəyyən olunmuş, göstərilən bağ sahələrinin bir hissəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 3270 b və 3270 v saylı bağların ərazisinə uyğun gəldiyi müəyyən edilmişdir. Lakin iş üzrə keçirilmiş ekspertiza nəticəsində qeyd olunan hüquqmüəyyənedici sənədlərə əsasən iddiaçılara verilmiş bağ sahələri ilə üçüncü şəxsə (yəni İddiaçı) verilmiş bağ sahəsinin üst-üstə düşmə halı müəyyən edilməmişdir.

37. Yeni apellyasiya baxışı zamanı kassasiya məhkəməsinin məhkəmənin qərarında şərh edilən göstərişlər icra olunmaqla ilk növbədə mübahisəli bağ sahələrinə aid texniki sənədlər müvafiq icra hakimiyyəti orqanından (ƏMDX DƏDKR publik hüquqi şəxsi) tələb edildi və bundan sonra iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olundu. Ekspert qarşısında İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsi ilə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha sahədən ibarət olan 3270 saylı bağ sahəsi faktiki olaraq üst-üstə düşüb-düşməməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha sahədən ibarət olan 3270 saylı bağ sahəsinin mülkiyyətçisi Cavabdeh2 tərəfindən 3270 V saylı bağ sahəsi zəbt olunub-olunmaması barədə suallar qoyulmuşdur.

38. ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-7638/2024 saylı mütəxəssis rəyinə əsasən sözügedən ərazidə hasarlanma işləri plan üzrə aparılmadığından və bağ sahələri paylanarkən koordinat sistemində verilmədiyindən və 3270V saylı bağ sahəsinə dair arxiv cizgisi olmadığından BTK-nın sxemində ölçülər göstərilmədiyindən həmçinin sahə uzun müddətdir cavabdehlərin istifadəəisnndə olduğundan bağ sahələrinin faktiki sahələrinə uyğun arxiv cizgisi olmadığından nə qədər hissəsin üst-üstə düşüb-düşmədiyini dəqiqləşdirmək mümkün olmamışdır. Qeyd olunan 3270, 3270A və 3270V saylı bağ sahələrinin sənəd üzrə hər birinin sahəsi, 0,12 ha olduğu halda (cəmi 0,36 ha), mübahisələndirilən sahə cəmi 0,2502 hadır. Həmin sahədən faktiki 3270 və 3270A saylı bağ kimi istifadə olunan bağların sənəd üzrə sahələri çıxıldıqda 3270 V saylı bağın sahəsinə 0,0102 ha sahə qalır.

39. Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyul 2024-cü il və 30 yanvar 2025-ci il tarixli, ekspert rəyləri ilə həmin mütəxəssis rəyi əsas götürülərək müəyyən edilmişdir ki, mübahisəli bağlar sahəsi Kürdəxanı-Bilgəh yolunun (22.4-23.0 metr) kənarında yerləşir. Ümumi sahəsi 0,2502 ha təşkil edir. Sözügedən ərazidə hasarlanma işləri plan üzrə aparılmadığından və bağ sahələri paylanarkən koordinat sistemində verilmədiyindən və 3270V bağ sahəsinə dair arxiv cizgisi olmadığından, BTK-nın sxemində ölçülər göstərilmədiyindən, həmçinin sahə uzun müddətdir cavabdehlərin istifadəsində olduğundan bağ sahələrinin faktiki sahələrinə uyğun arxiv cizgisi olmadığından nə qədər hissəsin üst-üstə düşüb-düşmədiyini dəqiqləşdirmək mümkün olmadı. Bundan əlavə bağların bölgüsünə dair sxematik xəritədə ümumi 3270 saylı bağ kimi göstərilən sahənin bir hissəsinə xx.xx.1999-cu l tarixdə 3270Q saylı bağ sahəsi kimi 0,12 ha bağ sahəyə vətəndaş X9 adına 21913 saylı icarə müqaviləsi, sonradan isə bağ evinə qeydiyyat vəsiqəsi verilmişdir. Həmin 3270 Q saylı bağ sahəsinin arxiv cizgisində şərq hissəsindəki qonşu bağ kimi 3270 saylı bağ göstərilib. Vahid elektron kadastr baza məlumatların asasən bağ sahələri yeni çəkilmiş yolun kənarında yerləşir, ümumi hasarlar daxilindədir. Sözügedən ümumi ərazidə hasarlama bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmayıb. Belə ki, göstərilən ərazinin bir hissəsi 3270 V və 3270B saylı bağ sahələrinin ərazisinə düşür. Qeyd olunan 3270, 3270A və 3270V saylı bağ sahələrinin sənəd üzrə hər birinin sahəsi 0,12 ha olduğu halda (cəmi 0,36 ha), mübahisələndirilən sahə cəmi 0,2502 hadır. Həmin sahədən faktiki 3270 və 3270A saylı bağ kimi istifadə olunan bağların sənəd üzrə sahələri çıxıldıqda 3270 V saylı bağın sahəsinə 0,0102 ha sahə qalır.

40. MPM-ə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (maddə 101.7).

41. İş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqla, MPM-in 88-ci maddəsinə əsasən onların da məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Bununla yanaşı, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə və ya müvafiq dövlət orqanlarından rəylər almışsa, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir.

43. Kollegiya ekspert rəylərini işdə olan digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək, eləcə də işin müəyyən edilmiş hallarına əsaslanaraq bu qənaətə gəlir ki, iddiaçı ona məxsus bağ sahəsinin Cavabdeh2 məxsus bağ sahəsi ilə üst-üstə düşməsini və sonuncu tərəfindən bütünlüklə zəbt olunduğunu sübuta yetirə bilməmişdir. Belə ki, alınmış ekspert və mütəxəssis rəylərinə əsasən 3270, 3270A və 3270V saylı bağ sahələrinin sənəd üzrə hər birinin sahəsi 0,12 ha (cəmi 0,36 ha) olmalı olduğu halda, mübahisələndirilən sahənin cəmi 0,2502 ha təşkil etdiyi və bu sahədən faktiki 3270 və 3270A saylı bağ kimi istifadə olunan bağların sənəd üzrə sahələri çıxıldıqda 3270 V saylı bağın sahəsinə cəmi 0,0102 ha sahə qaldığı aydın olur. Deməli, iddiaçının mübahisələndirdiyi 0,12 ha torpaq sahəsinin yalnız 0,0102 ha hissəsi, yəni 102 kvm cavabdeh tərəfindən zəbt olunmaqla qanunsuz istifadə olunur.

44. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

45. Məhkəmə kollegiyası qeyd edir ki, 3270 və 3270 a saylı bağ sahələrinin ümumi hasar daxilində olmaqla sahəsinin 2502 kv.m təşkil etməsi hazırkı iş üzrə keçirilmiş ekspertiza və mütəxəssis rəyləri ilə yanaşı Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərardadında istinad edilən xx.xx.2022-ci il tarixli ekspertiza rəyi ilə də müəyyən olunmuşdur. Həmin rəydə 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə istinadən qeyd olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayon Ləhiş bağ sahəsi ünvanında yerləşən 3270 və 3270 a saylı bağ sahələri ümumi hasar daxilində olmaqla, sahəsinin 2502 kv.m təşkil etdiyi və bağ sahələrinin ara sərhədinə mişar daşından hündurluyü 0,4 m olan daş hasar tikilərək bir-birindən ayrıldığı müəyyən olunmuş, X4 3270 a saylı kimi iddia etdiyi bağ sahəsində 2 mərtəbəli bağ evinin və sanitar qovşağının, Cavabdeh2 3270 saylı kimi iddia etdiyi bağ sahəsində isə köməkçi tikilinin və natamam tikili mövcud olduğu müəyyən olunmuş, göstərilən bağ sahələrinin bir hissəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 3270 b və 3270 v saylı bağların ərazisinə uyğun gəldiyi müəyyən edilmişdir. Lakin iş üzrə keçirilmiş ekspertiza nəticəsində qeyd olunan hüquqmüəyyənedici sənədlərə əsasən iddiaçılara verilmiş bağ sahələri ilə üçüncü şəxsə (yəni İddiaçı) verilmiş bağ sahəsinin üst-üstə düşmə halı müəyyən edilməmişdir.

46. Məhkəmə kollegiyası iddiaçıya məxsus 3270 V saylı bağ sahəsinə aid 0,12 ha torpaq sahəsinin faktiki olaraq yerində möbcud olmamasının səbəbini araşdırarkən müəyyən etdi ki, ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-7638/2024 saylı mütəxəssis rəyindən də göründüyü kimi sözügedən ərazidə hasarlanma işləri plan üzrə aparılmamış, bağ sahələri paylanarkən koordinat sistemində verilməmiş, 3270 V bağ sahəsinə dair arxiv cizgisi olmamış, BTK-nın sxemində ölçülər göstərilməmişdir. Həmçinin, sahə uzun müddətdir cavabdehlərin istifadəsində olduğundan bağ sahələrinin faktiki sahələrinə uyğun arxiv cizgisi olmadığından nə qədər hissəsinin üst-üstə düşüb-düşmədiyini dəqiqləşdirmək də ekspert və mütəxəssis rəyləri ilə mümkün olmamışdır.

47. Mülki Məcəllənin 238.1-ci maddəsinin tələbinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir və torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Lakin yuxarıda qeyd olunduğu kimi, iddiaçıya məxsus 3270 V saylı bağ sahəsinin ərazi sərhədləri ilə bağlı səlahiyyətli dövlət orqanı tərəfindən bu günə qədər hər hansı sənəd verilməmişdir.

48. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

49. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübutetmə vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.

50. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

51. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

52. Qeyd edilənlərə əsasən Kollegiya belə qənaətə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə - Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri Sabuçu rayon Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsindən çıxarılması, iddiaçının həmin torpaq sahəsinə köçürülməsi, iddiaçıya məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli ev, köməkçi sahələr və qanunsuz çəkilən daş hasarın Cavabdeh2 hesabına sökülməsi və sökülmüş materialların Cavabdeh2 hesabına daşınması, iddiaçının ona məxsus Bakı şəhəri Sabunçu rayon Ləhiş ərazisində 0,12 ha toraq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən hər hansı maneələrin yaradılmasına son qoyulmasına aid hissədə ləğv olunmalı, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunmalı, Cavabdeh2 qanunsuz istifadə etdiyi və ekspert rəyi ilə iddiaçıya məxsus olduğu müəyyən edilmiş 0,0102 ha torpaq sahəsindən çıxarılmalıdır. Cavabdeh tərəf apellyasiya baxışı zamanı onlara aid olmayan həmin 0,0102 ha torpaq sahəsindən çıxmağa etiraz etmədiklərini bildirdilər.

53. Mülki Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

54. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh2 apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 iyul 2019-cü il tarixli qətnaməsi – “Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri Sabuçu rayon Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsindən çıxarılması, iddiaçının həmin torpaq sahəsinə köçürülməsi, iddiaçıya məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli ev, köməkçi sahələr və qanunsuz çəkilən daş hasarın Cavabdeh2 hesabına sökülməsi və sökülmüş materialların Cavabdeh2 hesabına daşınması, iddiaçının ona məxsus Bakı şəhəri Sabunçu rayon Ləhiş ərazisində 0,12 ha toraq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsindən istifadəsinə Cavabdeh2 tərəfindən hər hansı maneələrin yaradılmasına son qoyulması”na aid hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunsun. Cavabdeh2 iddiaçıya məxsus Bakı şəhəri Sabuçu rayonu Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsinin zəbt olunmuş 0,0102 ha hissəsindən çıxarılsın. İddia tələbi apellyasiya baxışının predmeti olan qalan hissədə təmin edilməsin. 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin 70 (yetmiş) manatı İddiaçı və 30 (otuz) manatı Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar