Məhkəmə qərarları › İş №2(103)-16/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-16/2023

11.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-16/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 Əlibala oğlu və qeyrilərinə qarşı “torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “torpaq sahəsindən çıxarılma və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh2 Əlibala oğlu və Cavabdeh1 və onların, həmçinin cavabdeh X4 vəkili Vəkil2 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-703/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Cavabdeh2, X6 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, X4 və Cavabdeh1 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsindən çıxarılması, iddiaçının həmin torpaq sahəsinə köçürülməyi, ona məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli evin, köməkçi sahələrin və qanunsuz çəkilən daş hasarın cavabdehlərin hesabına sökülməsi və sökülmüş tikinti materiallarının cavabdehlərin hesabına oradan daşınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. Sabunçu Rayon Məhkəməsinin 2(008)-703/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi (hakim İmran Burcayev) ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh2, X9 və Cavabdeh1 İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsindən çıxarılması, İddiaçı həmin torpaq sahəsinə köçürülməsi, iddiaçıya məxsus torpaq sahəsində inşa edilən iki mərtəbəli ev, köməkçi sahələr və qanunsuz çəkilən daş hasar cavabdehlərin hesabına sökülməsi və sökülmüş tikinti materiallarının cavabdehlərin hesabına oradan daşınması, İddiaçı ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsindən istifadəsinə cavabdehlər Cavabdeh2, X9 və Cavabdeh1 tərəfindən hər hansı maneələrin yaradılmasına son qoyulması qərara alınmışdır.

3. Cavabdehlər qətnamədən birgə apelyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-14308/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh2, X9, Cavabdeh1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “orderin etibarsız hesab edilməsi tələbi” nə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır.

5. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-153/2022 saylı, 17 iyul 2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2, X9, Cavabdeh1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “orderin etibarsız hesab olunması” tələbinə dair inzibati iş üzrə iddiası mümkün sayılmamışdır.

6. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 icraatın təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-57/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2, X6 və Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və onların həmçinin cavabdeh N.Qulamovun vəkili Vəkil2 ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

10. Sabunçu RPİ-nin 42-ci PB-nin 03 sentyabr 2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, X5 izahatında bildirmişdir ki, “...Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 2005-ci il tarixdə İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsi verilmişdir. 2008-ci il tarixdə həmin bağı qonşu bağın sahibi, yəni 3270 saylı bağın sahibi Cavabdeh1 qanunsuz olaraq zəbt etmiş, hasarlayıb öz bağına birləşdirmiş və içərisində iki mərtəbəli ev tikmişdir.”

11. Həmin qərara əsasən, X12 və X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması təmin edilməmişdir.

12. Bakı şəhəri Kürdəxanı bələdiyyəsinin 83 saylı, xx.xx.8018-ci il tarixli məktubunun surətindən görünür ki, Bələdiyyənin Torpaq və İdarəetmə şöbəsinin əməkdaşları Ləhiş bağ massivində yerləşən 3270 və 3270 V saylı bağ sahələrində yoxlama və ölçü işləri aparmışlar. Yoxlama zamanı keçmiş X8 tərəfindən hazırlanmış Ləhiş bağlar massivinin sxematik xəritəsinə istinadən, hazırda eyni hasar içərisində olan 3270 V saylı bağ sahəsi Bilgəh-Sumqayıt Avtomobil yolunun kənarında, 3270 saylı bağ sahəsi isə onun cənub hissəsində olmalı olduğu müəyyən edilmişdir. Bundan başqa ölçü zamanı 3270V saylı 1200 kv.m bağ sahəsində 110 kv.m mərtəbəli ev və köməkçi tikililər inşa edilmişdir. X8 tərəfindən İddiaçı 13 yanvar 2005-ci il tarixdə 3270 V saylı bağ sahəsində hasar tikintisinə verilmiş icazə vərəqəsinə əlavə olunmuş sahənin sxemində də 3270 saylı bağ sahəsi, 3270 V saylı bağ sahəsinin cənubunda yerləşdiyi göstərilmişdir.

13. X3 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 09 sentyabr 2005-ci il tarixli 35805 saylı müqavilənin surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2005-ci il tarixli, 18 saylı protokolu əsasında İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsi istifadəyə verilmişdir.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 19 iyul 2018-ci il tarixli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 3270 V saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə baxılmış, aparılan araşdırma zamanı sözügedən bağ sahəsinin qonşu 3270 saylı bağ sahəsi ilə ümumi hasar daxilində olduğu və həmin ərazinin digər fiziki şəxs tərəfindən hasarlandığı məlum olmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır.

15. Maştağa qəsəbəsi üzrə nümayəndəliyin 16 sentyabr 2018-ci il tarixli 5467 saylı arayışın surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağ ərazisində yerləşən 3270 saylı bağ sahəsində özü tərəfindən tikilmiş evdə qeydiyyatsız yaşayır.

16. X3 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında bağlanmış 26 sentyabr 2001-ci il tarixli 10034 saylı müqavilənin surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 25 may 2001-ci il tarixli sərəncamının 379 saylı protokolu əsasında Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha sahədən ibarət olan 3270 saylı bağ sahəsi istifadəyə verilmişdir.

17. X3 və İstismarı Birliyi ilə X4 arasında bağlanmış 26 sentyabr 2001-ci il tarixli 30081 saylı müqavilənin surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 25 may 2001-ci il tarixli sərəncamının 379 saylı protokolu əsasında X6 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha sahədən ibarət olan 3270 a saylı bağ sahəsi istifadəyə verilmişdir.

18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Cavabdeh2 ünvanlanmış 11 iyul 2018-ci il tarixli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 3270 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə baxılmış, aparılan araşdırma zamanı sxematik xəritəyə əsasən bağ sahəsinin bir hissəsinin 3270 v saylı bağın ərazisinə düşdüyü müəyyən edilmişdir. Belə ki, mərzçəkmə işlərinin görülməsi və arxiv cizgisinə uyğun notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədə uyğundur. Qeyd olunan nöqsanlara görə hüquqların qeydiyyatından imtina edilmişdir.

19. Sabunçu RPİ-nin 42-ci PB-nin 19 oktyabr 2018-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi” barədə qərarının surətindən görünür ki, X12 və X1 şikayəti əsasında Sabunçu RPİ-nin 42-ci PB-nin təhqiqatçısı Bəhram Bəhramovun xx.xx.2018-ci il tarixli qərarı ləğv edilmişdir.

20. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 mart 2019-cu il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən bağ sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülsə də, arxiv çizgiləri olmadığından bağların bölgüsünə dair sxematik xəritədə miqyas və koordinat olmadığı üçün 3270, 3270 A və 3270 V saylı bağların dəqiq koordinatlarını müəyyən etmək mümkün deyil. Sözügedən bağ sahələrinin naturada faktiki olaraq, yerləşməsində uyğunsuzluq vardır. Mübahisələndirilən və naturada göstərilən bağ sahələrinin bir hissəsi 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə istinadən 3270 v və 3270 b saylı bağların ərazisinə düşür. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən torpaq sahəsindən Cavabdeh1 tərəfindən istifadə edilir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən bağ sahəsində iki mərtəbəli yaşayış evi sanitar qovşaq, köməkçi tikili və yarımçıq tikili mövcuddur.

21. Məhkəmə Ekspertiza Mərkəzinin 22 aprel 2019-cu il tarixli 34237 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən bağ sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülsə də, arxiv çizgiləri olmadığından bağların bölgüsünə dair sxematik xəritədə miqyas və koordinat olmadığı üçün 3270, 3270 A və 3270 V saylı bağların dəqiq koordinatlarını müəyyən etmək mümkün deyil. Sözügedən bağ sahələrinin naturada faktiki olaraq, yerləşməsində uyğunsuzluq vardır. Mübahisələndirilən və naturada göstərilən bağ sahələrinin bir hissəsi 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə istinadən 3270 v və 3270 b saylı bağların ərazisinə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən torpaq sahəsindən Cavabdeh1 tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən mübahisələndirilən bağ sahəsində iki mərtəbəli yaşayış evi sanitar qovşaq, köməkçi tikili və yarımçıq tikili mövcuddur.

22. Bakı şəhər prokurorluğunun 27 may 2019-cu il tarixli qərarının surətindən görünür ki, X12 və X1 müraciəti əsasında toplanmış material üzrə Sabunçu RPİ-nin İŞ tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar ləğv edilmişdir.

23. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, o, həmin bağ sahəsinin sahə rəisi olmuşdur. Sözügedən bağ saələri 1990-cı ildə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə ayrılmışdır. 3270 ilə 3270 v fərqli bağ sahələridir. 2000-ci ilə kimi həmin torpaq sahələri boş olmuşdur. Sonradan Qulamov qardaşları ilə müqavilə bağlanmışdır. 3270 saylı bağın sahibi 3270 v saylı bağ sahəsini künc tərəfdən zəbt etmişdir.

24. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilən X10 bildirmişdir ki, 1990-cı ildə bağlar idarəsinin qərarı ilə 42 nəfərə torpaq sahəsi verilmişdir, onlardan biri də Cavabdeh1 idi. 2001-ci ildə Cavabdeh1 ev tikmişdir və həmin tikinti işləri 1 ilə yaxın davam etmişdir. Həmin bağ sahəsinin nömrəsini bilmir. Orada tikinti aparılarkən tikinti işlərinin dayandırılması ilə bağlı heç bir xəbərdarlıq edilməmişdir. Tətbiq edilən maddi hüquq normaları:

25. Azərbaycan Respublikasinin Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

26. .Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

27. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».

28. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər.

29. Avropa İnsan Hüquqları Məhkəməsi «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.

30. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Tətbiq edilən prosessual hüquq normaları:

31. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

32. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, , Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 3270 V saylı bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 09 sentyabr 2005-ci il tarixli, 18 saylı protokolu əsasında X3 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 09 sentyabr 2005-ci il tarixli 35805 saylı müqavilə üzrə İddiaçı istifadəsinə ayrılmışdır. Aparılmış araşdırmalar zamanı tədqiq olunmuş mütəxəssis və ekspert rəylərindən, eləcə də işə əlavə edilmiş digər materiallarda da görünüdüyü kimi həmin bağ sahəsi Cavabdeh1 tərəfindən zəbt edilmiş və cavabdehlər tərəfindən iddiaçıya aid bağ sahəsində qanunsuz tikinti işləri aparılmış, bununla da iddiaçıya ayrılmış və qanuni əsaslarla ona məxsus bağ sahəsindən istifadə etməyə maneələr yaradılaraq, onun hüquqları pozulmuşdur.

35. Belə olan halda, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biri olduğundan və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunduğundan rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur, cabadehlərin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

36. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehlərin özünə aid edilməlidir.

38. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh2, X9 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-703/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehlərin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar