Məhkəmə qərarları › İş №2(103)-126/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-126/2022

11.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-126/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh Qılman oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Qılman oğluna qarşı (Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “zəbt olunmuş torpaq sahəsinin boşaldılması və faktiki sahibliyə qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli 2(008)- 369/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Qılman oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin 22 aprel 1991-ci il tarixli, 5/353 nömrəli qərarı ilə verilmiş 04 saylı order əsasında Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları ərazisində yerləşən 777 nömrəli bağ sahəsinin cavabdeh tərəfindən boşaldılması və həmin bağ sahəsinin naturada ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 06 iyul 2019-cu il tarixdə ölmüş, məhkəmə onu hüquq varisi olan X9 ilə əvəz etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 22.04.1991-ci il tarixli 5/353 nömrəli qərarı əsasında Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağları ərazisində yerləşən və sahəsi 0,12 ha olan 777 nömrəli bağ sahəsi ölçülərək naturada İddiaçı mərhum həyat yoldaşı X3 təhvil verilmiş və həmin bağ sahəsinə dair ona Bağlar Təsərrüfatı İdarəsinin 04 saylı orderi təqdim edilmişdir. Bundan sonra İddiaçı mərhum həyat yoldaşı Ə.A.Ağayev həmin bağ sahəsini hasarlamış və ərazidə bir sıra aqrotexniki işlər görməklə torpağı münbit vəziyyətə gətirmişdir. Bütün bu işlər üçün xeyli miqdarda vəsait xərclənmişdir. Lakin mərhum Ə.A.Ağayev maddi imkansızlıq ucbatından bağ sahəsində tikinti işləri apara bilməmişdir. Sonra mərhum Ə.A.Ağayevin bağda olmamasından istifadə edən cavabdeh onun bağını qanunsuz yolla zəbt etmişdir. İddiaçı səlahiyyətli nümayəndəsi kimi mərhumun oğlu X9 cavabdehdən bağ sahəsini boşaltmağı dəfələrlə tələb etsə də, o bağ sahəsinə dair hansısa bələdiyyə sənədini təqdim etməklə, “... bura mənim torpağımdır və mən buranı pul verib almışam...” deməklə kifayətlənərək iddiaçının tələblərinə məhəl qoymamışdır. Məlum olduğu kimi iddiaçının öz bağından istifadə və faktiki sahiblik hüququ cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, bu bağ sahəsi iddiaçının mərhum həyat yoldaşına daha əvvəlki tarixdə qanunvericiliyə uyğun qaydada ayrılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli 2(008)- 369/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X8 bağlar sahəsindəki 220 nömrəli kooperativ tərəfindən 04 nömrəli orderlə Bakı şəhər İcraiyyə Komitəsinin 22 aprel 1991-ci il tarixli 5-353 nömrəli qərarına əsasən X4 Ləhiş bağlar sahəsində 220 nömrəli BTK nəzdində ayrılmış 0,12 hektar olan 777 nömrəli bağ sahəsinin Cavabdeh Qılman oğlu tərəfindən boşaldılması və həmin bağ sahəsinin naturada X7 qaytarılması, qətnamənin icrasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Bakı Layihə-Tədqiqat İdarəsinin mühəndisi tərəfindən müəyyən edilmiş 777 nömrəli bağ sahəsinin faktiki yerləşmə sxemi (döngə nöqtələrinin koordinatları) üzrə həyata keçirilməsi, Cavabdeh Qılman oğlundan 20 manat məbləğində dövlət rüsumunun tutularaq X7 ödənilməsi, Cavabdeh Qılman oğlundan mütəxəssis rəyi üzrə tədqiqatın dəyəri olaraq 133,25 manatın tutularaq "xxxx" MMC-nin (Kapital Bank ASC Xətai filialının kodu 200071, VÖEN **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, VÖEN **********, Hesab AZ23AİİB********************) hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları pozulmuşdur. Kürdəxanı Bələdiyyəsi həmin sahəni ona icarəyə verərkən həmin sahə tam boş vəziyyətdə olmuşdur. 3600 kv.m torpaq sahəsinin ona ayrılması barədə 1551A saylı torpaq icarə müqaviləsi mövcuddur. Əgər Bağ təsərrüfatı idarələri ləğv edilərək Arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verilmişdirsə, müraciətdə qeyd edilən sualın cavablandırılması mümkün olmamışdırsa, hansısa MMC-nin cavabını məhkəmə sübut kimi qəbul edə bilməz, yenidən ekspertiza təyin edilməlidir. İddiaçı iddia edir ki, onun ailəsinə 1991-ci ildə torpaq sahəsi verilmişdir, 16 il ərzində iddiaçı həmin torpaq sahəsindən təyinatı üzrə nə üçün istifadə etməmişdir. İddiaçıya torpaq sahəsi verildikdən 16 il sonra ona da torpaq sahəi ayrılmışdır. Artıq 12 ilə yaxındır ki, həmin torpaq sahəsi onun istifadəsindədir, orada yaşayış üçün ev tikdirmişdir. İddiaçı iddia müddətini də ötürmüşdür. Məhkəmə iclasında cavabdeh apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, nə də bunun üzrlü səbəbdən baş verməsini bildirməmişdir. Odur ki, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, X5 ilə X1 ilə 11.10.1964-cü il tarixdə evlənmişlər, 16.10.2974-cü il tarixdə X9 doğulmuşdur. X5 18.05.1996-cı il tarixdə, İddiaçı isə 06.07.2019-cu il tarixdə ölmüşlər. İş materiallarında olan Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X8 bağlar sahəsindəki 220 nömrəli kooperativ tərəfindən verilmiş 04 nömrəli orderdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 22 aprel 1991-ci il tarixli 5-353 nömrəli qərarına əsasən X4 Ləhiş bağlar sahəsində 220 nömrəli BTK nəzdində sahəsi 0,12 hektar olan 777 nömrəli bağ sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin 20 noyabr 2007-ci il tarixli qərarından və 30 noyabr 2007-ci il tarixli 1551 A saylı torpaq icarəsi müqaviləsindən görünür ki, Kürdəxanı qəsəbəsinin şimal-şərq hissəsində yerləşən sahəsi 3600 kv.m olan torpaq sahəsi Cavabdeh Qılman oğlunun icarəsinə verilmişdir. Birinci instansiya məhkəməsinin 18 iyun 2019-cu il tarixli 2(008)-3868/2019 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, qərardadın icrası ilə əlaqədar tədqiqat obyektinə keçirilmiş baxış və aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, mübahisələndirilən, İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X8 bağlar sahəsindəki 220 nömrəli kooperativ tərəfindən 04 nömrəli orderlə Bakı şəhər İcraiyyə Komitəsinin 22 aprel 1991-ci il tarixli 5-353 nömrəli qərarına əsasən X4 Ləhiş bağlar sahəsində 220 nömrəli BTK nəzdində ayrılmış sahəsi 0,12 hektar olan 777 nömrəli bağ sahəsinin və Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı bələdiyyəsinin 20 noyabr 2007-ci il tarixli qərarına əsasən Cavabdeh Qılman oğlunun icarəsinə verilmiş Kürdəxanı qəsəbəsinin şimal-şərq hissəsində yerləşən sahəsi 3600 kv.m olan torpaq sahəsinin texniki sənədlərinin təqdim edilməməsi səbəbindən mübahisələndirilən bağ sahələrinin sərhədlərinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmənin 31 yanvar 2020-ci il tarixli 2(008)-3868/2019 nömrəli məktubunun icrası ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi arayışda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ Təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyindən müraciətdə qeyd edilən sualın cavablandırılması mümkün olmadığı üçün müraciətlə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu verilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya aşağıda qeyd edildiyi kimi cavab verilmişdir. Bildirilir ki, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mübahisəli yerdə təyin etdiyi koordinatlar üzrə yerləşən ərazi Ləhiş bağ massivi 777 və 778 saylı bağ sahələrinin yerinə uyğundur. Azərbaycan Respbulikası Bələdiyyələrlə İş Mərkəzinin 12.06.2019-cu il tarixli 09/5- 82 nömrəli məktubundan görünür ki, Cavabdeh Qılman oğluna 3600 kv.m. torpaq sahəsinin icarəyə verilməsi haqqında Sabunçu rayonu Kürdəxanı bələdiyyəsinin 20.11.2007-ci il tarixli 1551A nömrəli qərarı ilə və 30.11.2007-ci il tarixli 1551A nömrəli torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi (protokolu) X2 daxil olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu verilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən kollegiyanın ünvanladığı sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İdarənin elektron kadastr baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən göstərilən (iddia olunan) sahə 777 saylı bağ nömrəsinə uyğun gəlir (777 və 778 saylı bağ sahələrinin sxematik xəritəsinin surəti əlavə edilmişdir). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 29.09.21-ci il tarixli məktubunda göstərilmişdir ki, İdarənin elektron kadastr baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin təyin etdiyi koordinatlar üzrə 0,12 ha sahə Ləhiş bağlar massivində 777 saylı bağın bir hissəsidir. Ümumi 0,36 ha sahə isə 777 və 778 saylı bağların ərazisinə uyğundur. Kollegiyanın 03.08.2021-ci il tarixli məktubunun icrası ilə bağlı "xxxx" MMC-nin arayışında göstərilmişdir ki, əlavə edilmiş bağların nömrə ardıcıllığı qeyd edilmiş sxem miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilmiş sxem olmadığından bu sxemlə Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X8 bağlar sahəsindəki 220 nömrəli Kooperativ tərəfindən verilmiş 04 nömrəli order ilə Bakı şəhər İcraiyyə Komitəsinin 22 aprel 1991-ci il tarixli 5-353 nömrəli qərarına əsasən X4 (iddiaçının atası) ayrılmış Ləhiş bağlar sahəsində 220 nömrəli BTK nəzdində sahəsi 0,12 ha olan 777 nömrəli bağ sahəsinin dəqiq hüdudları ilə yerləşdiyi yerin müəyyən edilməsi mümkün deyil. Lakin sxemin oxunaqlı hissəsində bağ nömrələrinin ardıcıllığına əsasən və qonşu bağlara verilmiş çıxarış və texniki sənədlərə əsasən eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmiş təkrar sorğunun cavabına əsasən mübahisələndirilən torpaq sahəsinin yerləşdiyi ərazi sxematik sxemdə 777 nömrəli bağ sahəsinə uyğun gəlir. Kürdəxanı Bələdiyyəsinin 20.11.2007-ci il tarixli qərarı ilə Cavabdehnun icarəsinə verilmiş torpaq sahəsinə dair heç bir texniki sənədin təqdim edilməməsi və yuxarıda qeyd edildiyi kimi müraciətə əlavə edilmiş bağların nömrə ardıcıllığı qeyd edilmiş sxem miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilmiş sxem olmadığından 777 nömrəli bağ sahəsinin sərhədləri ilə Cavabdehnun icarəsinə verilmiş Kürdəxanı qəsəbəsinin şimal-şərq hissəsində yerləşən sahəsi 3600 kv.m torpaq sahəsinin sərhədlərinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31.03.2022-ci il tarixli 10/803 nömrəli ekspert rəyinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin 26.11.2021-ci il tarixli **********86 nömrəli mütəxəssis arayışında qeyd olunanlara əsasən bağların nömrə ardıcıllığı qeyd edilmiş sxem miqyassız, koordinatsız olduğundan, hər hansı istinad nöqtəsindən məsafə göstərilmiş sxem olmadığından bu sxemlə Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X8 bağlar sahəsindəki 220 nömrəli Kooperativ tərəfindən verilmiş 04 nömrəli order ilə Bakı şəhər İcraiyyə Komitəsinin 22 aprel 1991-ci il tarixli 5-353 nömrəli qərarına əsasən X4 (iddiaçının atası) ayrılmış Ləhiş bağlar sahəsində 220 nömrəli BTK nəzdində sahəsi 0,12 ha olan 777 nömrəli bağ sahəsinin dəqiq hüdudları ilə yerləşdiyi yerin müəyyən edilməsi mümkün deyil. Lakin sxemin oxunaqlı hissəsində bağ nömrələrinin ardıcıllığına əsasən və qonşu bağlara verilmiş çıxarış və texniki sənədlərə əsasən, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmiş təkrar sorğunun cavabına əsasən mübahisələndirilən torpaq sahəsinin yerləşdiyi ərazi sxematik sxemdə 777 nömrəli bağ sahəsinə uyğun gəlir. Kürdəxanı Bələdiyyəsinin 20.11.2007-ci il tarixli qərarı ilə Cavabdehnun icarəsinə verilmiş torpaq sahəsinə dair heç bir texniki sənədin təqdim edilməməsi və yuxarıda qeyd edildiyi kimi müraciətə əlavə edilmiş bağların nömrə ardıcıllığı qeyd edilmiş sxem miqyassız, koordinatsız olmaqla, hər hansı istinad nöqtəsindən məsafə göstərilmiş sxem olmadığından 777 nömrəli bağ sahəsinin sərhədləri ilə Cavabdehnun icarəsinə verilmiş Kürdəxanı qəsəbəsinin şimal-şərq hissəsində yerləşən sahəsi 3600 kv.m torpaq sahəsinin sərhədlərinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, mübahisəli torpaq sahəsinin cavabdehin istifadəsində olmasına baxmayaraq, sonuncu həmin torpaq sahəsinin onun qanuni istifadəsində olmasını təsdiq edən müvafiq sübutları təqdim etməmiş və bununla da cavabdehin mübahisəli torpaq sahəsi üzərində hüququnun olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur. Göründüyü kimi, mütəxəssis İ.Şərifov tərəfindən tərtib olunmuş 0,12 ha torpaq sahəsinin faktiki yerləşmə sxemi hüquqmüəyyənedici sənəd əsasında yox, mərhum İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi olduğu üçün Kollegiya tərəfindən təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mütəxəssis rəyi və ekspert rəy ilə də müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik sxemində 777 nömrəli bağ sahəsinə uyğun gəlir, iddiaçının iddia etdiyi deyil, ona ayrılmış torpaq sahəsi mübahisələndirilən ərazidə yerləşir və həmin torpaq sahəsi də cavabdehin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslıdır, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır. İddia müddəti ilə cavabdehin dəlillərinin əsassız sayılması barədə də məhkəmə haqlı olaraq göstərmişdir ki, mülkiyyəçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-369/2020 saylı iş üzrə 18 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat Cavabdeh Qılman oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar