Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1268/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Elşən Zeynalov və cavabdehin nümayəndəsi Orxan Əlizadənin iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “işə çıxmağın təmin edilməsi, əmək haqqının ödənilməsi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı Cavabdeh ASC Suraxanı Rayon Sukanal İdarəsinin Debitor borclarla iş qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsində işləyib. Suraxanı Rayon Sukanal İdarəsi rəisinin 23.04.2021-ci il tarixli, 17/k nömrəli əmri ilə əmr edilib ki, onunla olan əmək müqaviləsi ləğv edilsin. Buna əsas kimi iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması, yəni heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi göstərilib. Hüquqi əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad olunub. İddiaçı həmin əmri başqa işdə mübahisələndirib, mübahisə üzrə qətnamə qəbul olunsa da hələ qanuni qüvvəyə minməyib. Hazırkı iddia həmin mübahisədən əvvəl qaldırılıb. Belə ki, iddia məhkəməyə 20.10.2020-ci il tarixdə verilib. Həmin zaman hələ əmək müqaviləsinin ləğv edilməsi barədə əmr verilməmişdir. Əmək müqaviləsinin ləğvi barədə əmr 6 ay sonra - 23.04.2021ci il tarixdə verilib. Tələb və onun həlli: İddia ərizəsində 3 tələb irəli sürülüb: 1) iddiaçının işə çıxması təmin edilsin; 2) işə çıxdığı tarixə qədər ödənilməmiş əmək haqqı ödənilsin; 3) mənəvi zərərin əvəzi kimi 3.000 manat ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Elşən Zeynalov apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi Orxan Əlizadə isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamənin yoxlanılması: Hazırkı əmək mübahisəsi ona görə yaranıb ki, iddiaçı “Covid-19” pandemiyasına görə iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilməsini işəgötürəndən tələb edib. O, tələbini belə əsaslandırıb ki, iki azyaşlı uşağı var, işə gəlmək üçün uşaqlarını bağçaya qoymalıdır, lakin pandemiyaya görə bağçalar fəaliyyət göstərmir. Bundan başqa, işə gəlmək üçün uşaqları qohumlara tapşıra bilmir, çünki özünün və ərinin valideynləri yoxdur, əri isə qazanc əldə etmək üçün işə getməyə məcburdur. Lakin tərəflərin arasında iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilməsi ilə bağlı razılıq əldə olunmayıb. Daha sonra onlar qarşılıqlı olaraq bir-birlərini ittham ediblər. İşəgötürən işçini işə gəlməməkdə, işçi isə qarşı tərəfi onu iş yerinə buraxmamaqda ittiham edib. İddiada 3 tələb olduğuna görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. 1-ci tələb: Bu tələb iddiaçının işə çıxmasının təmin edilməsi barədədir. Bu tələb təmin edilə bilməz. Çünki tələbin irəli sürülməsindən sonra vəziyyət dəyişib: əmək müqaviləsinin ləğvi barədə əmr verilib. İddiaçı həmin əmri mübahisələndirib və işə bərpa olunmasını tələb edib. Əmək müqaviləsinin ləğvi ilə bağlı mübahisə iddiaçının xeyrinə yekunlaşarsa, onun işə çıxması həmin qətnamənin icrası zamanı təmin olunacaq. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsindən görünür ki, belə əmək mübahisəsini həll edən məhkəmə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edir. Bu zaman “işçinin vəzifəsinə bərpa edilməsi ” deyiləndə həm də işə çıxmanın təmin edilməsi nəzərdə tutulur. 2-ci tələb: Bu tələb iddiaçının işə çıxdığı tarixə qədər ödənilməmiş əmək haqqının ödənilməsi barədədir. Tələb təmin olunmalıdır. Belə ki, iddiaçı bildirir ki, 04.05.2020-ci il tarixdən 11.03.2021-ci il tarixədək ona əmək haqqı ödənilməyib. Cavabdeh bunu təkzib etməyib. Ona görə də hesab olunur ki, həmin məlumat həqiqidir. Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndindən görünür ki, qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. İddiaçının göstərdiyi dövrdə (04.05.2020-ci il tarixdən 11.03.2021-ci il tarixədək olan dövrdə) onun əmək müqaviləsi qüvvədə olub, bu isə o mənanı verir ki, həmin müqavilədən əmələ gələn hüquq - əmək haqqı almaq hüququ da qüvvədə olub. İşçi bu hüquqdan o halda məhrum edilə bilər ki, üzrlü səbəb olmadan əmək vəzifələrinin icrasından imtina etsin. Səbəb barədə fikir ayrılığı var. Belə ki, iddiaçı iddia edir ki, işə gəlsə də işə davamiyyət jurnalını imzalamasına və əmək funksiyalarının icrasına imkan verilməyib. Əks tərəf isə buna etiraz edir ki, bildirir ki, iddiaçı işə gəlməyib. Məhkəmə qeyd edir ki, səbəb məsələsinə münasibətdə kimin haqlı olmasından asılı olmayaraq iddiaçıya əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Baş nazirinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə ünvanladığı 16.03.2020-ci il tarixli, 1/384 nömrəli məktubda koronavirus infenksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək məqsədilə tapşırıqlar verilib. Tapşırıqlardan biri ondan ibarətdir ki, öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilməlidir. İddiaçının öhdəsində iki uşaq var, onlar 2015 və 2016-cı il təvəllüdlü olmaqla azyaşlıdır. İddiaçının müraciətinə baxmayaraq işəgötürən ona güzəşt tətbiq etməyib. Belə ki, güzəştin tətbiq edilməsi və ya tətbiq edilməsindən imtina edilməsi və bunun səbəbi barədə işəgötürən tərəfindən iddiaçıya rəsmi cavab verilməyib. Bu isə hüquqi müəyyənlik prinsipinə uyğun sayılmır, çünki işçi iş davamiyyətində güzəştin tətbiq edilməməsinin səbəbini bilmədiyinə görə necə davranacağını müəyyənləşdirə bilmir. Odur ki, məhkəmə iddiaçının öhdəsində iki azyaşlı uşağının olmasını, ölkədə koronavirus infenksiyasınma qarşı mübarizə tədbirlərinin həyata keçirilməsini, bununla əlaqədar bağçaların qapanamasını, hətta bir müddət məhkəmələrin fəaliyyətinə məhdudiyyətin tətbiq edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı göstərilən dövrdə əmək vəzifələrini üzrlü səbəbdən icra edə bilməyib. Ona görə də Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndininin göstərişinə uyğun olaraq iddiaçıya əmək haqqı ödənilməlidir. 3-ci tələb: Bu tələb mənəvi zərərin əvəzi kimi 3.000 manat ödənilməsi barədədir. Tələb onunla əsaslandırılıb ki, iddiaçıya mənəvi zərər vurulub. Lakin iddiaçının mənəvi sarsıntı keçirməsi və ya iztirab çəkməsi təsdiq olunmur. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, tələb təmin oluna bilməz. Beləliklə, birinci instansya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. İddiaçı 04.05.2020-ci il tarixdən 11.03.2021-ci il tarixədək ödənilməyən əmək haqqı Cavabdeh ASC tərəfindən ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1268/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1268/2022
04.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver