Məhkəmə qərarları › İş №2(103)-1271/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1271/2023

01.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1271/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:əmlakın naturada bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(001)-174/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ünvan 1 ünvanında yerləşən 5 otaqlı mənzil iddiaçının xüsusi mülkiyyətində, ünvan 2 ünvanında yerləşən 29.7 kv.m olan qeyri-yaşayış sahəsi (zirzəmi) isə cavabdehin xüsusi mülkiyyətində olmuş və hər iki əmlak birgə nikah dövründə əldə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8976/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmaqla, birgə nikah dövründə əldə edilmiş əmlaklar üzərində tərəflərin ½ hissədə mülkiyyət hüququ tanınmışdır. Hazırda qeyd olunan mənzilin və qeyri-yaşayış sahəsinin ½ hissəsi iddiaçının xüsusi mülkiyyətindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölünməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, 4 saylı evin 58 saylı mənzilin və ünvan 2 ünvanında yerləşən 29.7 kv.m olan qeyri-yaşayış sahəsinin (zirzəminin) paylara mütənasib surətdə naturada bölünməsi, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə əmlakların açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, bölünmüş əmlaklardan istifadə edilməsi ilə bağlı tərəflər razılığa gələ bilmədiklərindən, iddiaçı özünə məxsus ½ hissədə payın satın alınması üçün xx.xx.2021-ci il tarixdə cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh əmlakın satın alınması ilə bağlı heç bir fikir bildirməmişdir. Bu səbəbdən də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, əmlakların naturada bölgüsünü deyil, yalnız açıq hərracda satılmasını və pulunun bölünməsini xahiş etmişdir.

5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 oktyabr 2022-ci il tarixli, 2(001)-174/2022 saylı qətnaməsi ilə (hakim Abbasova Günel) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, 4 saylı evin 58 saylı mənzili və ünvan 2 ünvanında yerləşən 29.7 kv.m olan qeyri-yaşayış sahəsi açıq hərracdan satılsın və satışdan əldə edilmiş məbləğ mülkiyyətçilərin paylarına uyğun olaraq (İddiaçı 1/2, Cavabdeh 1/2) bölünməsi, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, 4 saylı evin 58 saylı mənzilinin ilkin satış qiyməti 140 000 (bir yüz qırx min) manat məbləğində müəyyən edilməsi və ünvan 2 ünvanında yerləşən 29.7 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 25 000 (iyirmi beş min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli,2(001)-8976/2017saylı qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 4 saylı evin 58saylı mənzili və ünvan 2 ünvanında (zirzəmi) yerləşən29,7 kv/m qeyri-yaşayış sahəsi tərəflər arasında 1/2 hissədə bölünməklə həmin hissədə mülkiyyət hüquqları tanınmışdır. Lakin qətnamənin icra olunması, yəni məhkəmə qaydasında müəyyən olunmuş paylarn dövlət qeydiyyatlna alınması, tərəflərə paylarına müvafiq DƏDR-dən çıxarış verilməsi işdən görünmür. Belə olduqda tərəfin məhkəmədə hazırkı qaydada iddia qaldırmaq üçün subyektiv hüququ yaranmır. Əmlakın satılmasını tələb etmək, yəni sərəncam vermək üçün mülkiyyət hüququnun DƏDR-də qeydə alınması qanunvericiliyin tələbidir. Məhkəmə əmlakın naturada bölünməsi imkanını məhkəmə qaydasında həll etmədən, mübahisə edilən əmlakların açıq hərracda satılmasına qərar vermişdir. Hesab edirəm ki, paylı mülkiyyət tərəflər arasında bölünərkən, MM-nin 220-ci maddəsində nəzərdə tutulmuş ardıcıllığa əməl edilməlidir. İşdəki ekspert rəyinə gəldikdə isə mülki prosessual qanunvericiliyə əsasən ekspert rəyinin məhkəmə üçün qabaqcadan müəyyən olunmuş hüquqi qüvvəsi yoxdur. Mübahisələndirdiyi halda yuxarı instansiya məhkəməsi tərəflərin işdəki ekspertizanın rəyi ilə razılaşmaya, əlavə və ya təkrar ekspertiza təyin edə, fərqli rəy verilə bilər və beləliklə mübahisə edilən əmkakların naturada bölünməsi imkanı mümkünsüz deyil. Nəzərə almaq lazımdırki, mübahisələndirilən qeyri-yaşayış sahəsinin ayrı olmaqla iki giriş-çıxışı vardır. İndiki halda isə iddiaçı payli mülkiyyətin bölünməsi ardıcıllığına əməl etməmiş və işəbaxan məhkəmə də buna əhəmiyyət verməmişdir. Məhkəmə mübahisə predmetinə aid olmayan və iddiaçı tərəfin mübahisə etmədiyi hala da qiymət verərək, əmlakın naturada ayrılmasının mümkünsüzlüyünə qətnamədə qiymət vermişdir. Bununla məhkəmə verilmiş tələblərdən kənara çıxmış, tərəflərin prosessual hüquq bərabərliyi prinsipləri məhkəmə tərəfindən pozulmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı 05 yanvar 2023-ci il tarixli etirazı daxil olmuşdur. Etirazda qeyd edilir ki, Binəqədi rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2017-ci il tarixli 2 (001)-8976/2017 saylı qətnaməsi ilə qeyd olunan əmlaklar üzərində tərəflərin payları müəyyən edilmişdir. Tərəflər arasında əmlaklarla bağlı mübahisə olduğundan əmlaklara dair çıxarışın alınmasına ehtiyac yaranmamışdır. Digər tərəfdən, çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, 4 saylı evin 58 saylı mənzil tam mülkiyyət hüququ əsasında mənə məxsusdur. Bu səbəbdən də, mənim iddia qaldırmaq üçün subyektiv hüququm olmuşdur. şə məhkəmədə baxıldığı zamanı məhkəmənin təşəbbüsü ilə məhkəmə tikinti – texniki ekspertizası təyin edilmiş və xx.xx.2022-ci il tarixli, 10/6790 nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon, ev 4, 58 saylı mənzilin və ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (zirzəmi) paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada təcrid şəkildə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Ekspert rəyi apellyator tərəfindən mübahisələndirilməmiş, təkrar və əlavə ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verilməmişdir. Belə olan halda, tərəfindən haqlı olaraq, MPM 53-cü maddəsinə əsasən, iddia predmeti dəyişdirilmiş və məhkəmədən əmlakların açıq hərracdan satılması xahiş edilmişdir. İşə baxan Məhkəmə, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş, əmlakın naturada bölünüb-bölünməməsinin mümkünlüyünü müəyyən etmişdir. Məhkəmədə əmlakların naturada bölğüsü texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də, məhkəmə işə baxan zamanı qanunvericiliyin tələblərinə riayət etmişdir.

ç) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında Cavabdeh qeyd etdi ki, aralarında danışıq var və o, pulu hissə-hissə avqust ayına kimi ödəməyə razıdır

10. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə qeyd etdi ki, iddia ərizəsi də verilərkən cavabdeh eyni halları qeyd etmiş və 2 il vaxt istəmişdir. Demək olar ki, aradan 2 il vaxt keçmiş və cavabdeh bu barədə hələ də heç bir addım atmamışdır. Danışıqlar olsa da, barışığa nail olunmadı və pulun hissə-hissə ödənilməsinə razı deyillər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.

12. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

13. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

17. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya şikayəttinin məzmunundan göründüyü kimi, cavabdeh qətnamənin məhz iddianın təmin olunmuş hissəsinə münasibətdə ləğv olunmasını istəyir.

20. Cavabdeh qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri məhkəmə qaydasında müəyyən olunmuş paylarn dövlət qeydiyyata alınması, tərəflərə paylarına müvafiq DƏDRdən çıxarış verilməsinin işdən görünməmisidir. Buna münasibətdə kollegiya qeyd edir ki, işin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarışdan görünür ki, mülkiyyət hüququ üzrə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda istifadədə olan 29.7 kv.m ümümi, 29.7.kv.m əsas sahədən ibarət sahə Cavabdeh, ******* saylı çıxarışa əsasən isə ünvan 4 ünvanında yerləşən mənzil isə İddiaçı məxsusdur.

24. Cavabdehin apellyasiya şikayətinin digər dəlili qismində çıxış edən məhkəmənin əmlakın naturada bölünməsi imkanını məhkəmə qaydasında həll etmədən, mübahisə edilən əmlakların açıq hərracda satılmasına qərar verməsinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi əmlakın naturada bölünməsi məsələsini araşdırmış, araşdırma nəticəsində 20 may 2021-ci il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6790 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikrorayon, ev 4, 58 saylı mənzilin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada təcrid şəkildə bölünməsinin texniki cəhətdən mümkün deyildir. Bu zaman birinci instansiya məhkəməsi haqlı olaraq xüsusi biliyə malik olan ekspertin rəyini sübut kimi nəzərə almaqda haqlı olmuşdur.

25. Cavabdehin apellyasiya şikayətinin digər dəlili qismində çıxış edən iddiaçının paylı mülkiyyətin bölünməsi ardıcıllığına əməl etməməsi və işəbaxan məhkəmənin də buna əhəmiyyət verməməsi dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş üzrə verilmiş ekspertiza rəyinə əsasən əmlakların naturada bölünməsinin qeyri-mümkünlüyü bəlli olduqdan sona iddiaçı 15 mart 2022-ci il tarixində iddia dəqiqləşdirməsinə dair ərizə verərək, qanunvericiliklə müəyyən edilmiş qaydada əmlakların açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaitinin mülkiyyətçilərin paylarına münasib sürətdə, yəni bərabər hissədə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş, əmlakın naturada bölünübbölünməməsinin mümkünlüyünü müəyyən etmişdir.

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

27. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(001)- 174/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar