Məhkəmə qərarları › İş №2(103)-1277/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1277/2023

20.02.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1277/2023 20.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1, Bakı 3 saylı Mediasiya Təşkilatı, "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) barışıq sazişinin təsdiq edilməsi barədə iş üzrə (Açar sözlər: “barışıq sazişinin təsdiq edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil3, Maraqlı şəxs1 nümayəndəsi və vəkili Vəkil2, Maraqlı şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1, 3 saylı Mediasiya Təşkilatı və "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) barışıq sazişinin təsdiq edilməsi tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3926/2022 saylı qətnaməsindən Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Maraqlı şəxs1 ilə Ərizəçi xx.xx.2015-ci il tarixdə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər.

2. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X4 doğulmuşdur.

3. ünvan 1 ünvanında yerləşən 579 saylı mənzil xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Maraqlı şəxs1 adına xx.xx.2021-ci il tarixdə Dövlət reyestrində rəsmiləşdirilmişdir.

4. Həmin mənzil borcalan Maraqlı şəxs1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.

5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(004)- 6444/2021 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 579 saylı mənzilin və “Ford Focus” minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı nəqliyyat vasitəsinin ½ hissəsində iddiaçı Ərizəçi, ½ hissəsində cavabdeh Maraqlı şəxs1 paylarının müəyyən edilməsi, həmin mənzillə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan kredit ödənişləri tərəflərin paylarına uyğun olaraq, yəni ½ hissədə Ərizəçi, ½ hissədə Maraqlı şəxs1 vəsaiti hesabına ödənilməsi qət edilmişdir.

6. Maraqlı şəxs1 ilə Ərizəçi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində barışıq razılaşması haqqında müqavilə (barışıq sazişi) bağlamışlar.

7. Həmin müqavilə üzrə Ərizəçi öhdəsinə götürmüşdür ki, Maraqlı şəxs1 mülkiyyətində olan ünvan 1 ünvanındakı 579 saylı mənzilin, həmçinin mənzilə dair kredit öhdəliyinin Ərizəçi adına keçməsinə və öz payından imtina etməsinə dair razılıq verməsi, tərəflərin birgə nikahlarından doğulmuş X2 anası Ərizəçi himayəsinə verilməsinə razılıq verməsi, eləcə də X1 üçün hər ay qazancının və digər gəlirlərinin 1⁄4 hissəsi miqdarında aliment ödəməyə razılıq verməsi və məhkəmədən dərhal sonra ödənilməsi müqabilində mülkiyyətində olan “Ford Fokus” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin bütövlükdə Maraqlı şəxs1 mülkiyyətinə keçməsinə razılıq verir, eləcə də övladları X2 atası Maraqlı şəxs1 ilə hər həftənin bazar günü saat 17:00-dan 22:00-dək ünsiyyətdə olmasına (Ərizəçi iştirakı olmadan) razılıq verir.

8. Həmin müqavilə üzrə Maraqlı şəxs1 öhdəsinə götürür ki, Ərizəçi mülkiyyətində olan “Ford Fokus” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobili bütövlükdə Maraqlı şəxs1 mülkiyyətinə keçməsinə razılıq verməsi, eləcə də tərəflərin birgə nikahlarından doğulmuş X2 atası Maraqlı şəxs1 ilə hər həftənin bazar günü saat 17:00-dan 22:00-dək ünsiyyətdə olmasına (Ərizəçi iştirakı olmadan) razılıq verməsi müqabilində mülkiyyətində olan ünvan 1 ünvanındakı 579 saylı mənzilin, həmçinin mənzilə dair kredit öhdəliyinin və öz payından imtina etməsinə dair Ərizəçi adına keçməsinə, tərəflərin birgə nikahlarından doğulmuş X2 anası Ərizəçi himayəsinə verilməsinə, eləcə də X1 üçün hər ay qazancının və digər gəlirlərinin 1⁄4 hissəsi miqdarında aliment təyinatı göstərilməklə (aliment olduğu) və hər ay ayrılıqda (ümumi məbləğ kimi yox, hər ay ayrıca olaraq) göstərilməklə dərhal ödəsin.

9. Barışıq sazişi notarial qaydada təsdiq edildikdən sonra 10 gün müddətində Maraqlı şəxs1 hazırki sazişdə göstərilən mənzilin Ərizəçi adına keçirilməsinə razılıq barədə ərizə verir. Ərizəçi isə mənzilin onun adına keçməsinə razılıq barədə ərizə verir. Eləcə də 10 gün müddətində Ərizəçi mülkiyyətində olan “Ford Fokus” markalı **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobili Maraqlı şəxs1 bağışlayır. Mənzilin və avtomobilin addan-ada keçməsi ilə bağlı yaranan bütün xərclər Ərizəçi tərəfindən ödənilir; Barışıq sazişi imzalanaraq notarial qaydada təsdiq edildikdən sonra bir-birlərinə qarşı birgə nikah dövründə əldə edilmiş əmlaka dair hər hansı tələb irəli sürməyəcəklər; Saziş notarial qaydada təsdiq edildikdən dərhal sonra tərəflər müvafiq ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək 2(004)-272/2022 saylı mülki iş üzrə tərəflər arasında razılaşma əldə edildiyini, mülki iş üzrə icraatın təzələnərək işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş edəcəklər. Ərizə ilə birlikdə barışıq sazişi də məhkəməyə tədqim ediləcəkdir; 2(004)-272/2022 saylı mülki iş üzrə icraat təzələndikdən sonra Maraqlı şəxs1 ilə Ərizəçi irəli sürdüyü iddia tələblərinin etirafı barədə məhkəməyə ərizə təqdim edir və məhkəmə qərarları elan edildikdən sonra Maraqlı şəxs1 həmin vaxtadək yığılan və ödəməli olduğu aliment məbləğini Ərizəçi dərhal ödəyir; 5. Maraqlı şəxs1 öhdəsinə götürür ki, ünvan 1 ünvanındakı 579 saylı mənzil Ərizəçi mülkiyyətinə keçdikdən sonra 3 ay müddətində həmin mənzildən pasport qeydiyyatından çıxacaqdır.

10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 272/2022 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan X2 anasının himayəsinə verilməsi və eləcə də X1 üçün hər ay qazancının və digər gəlirlərinin 1⁄4 hissəsi miqdarında alimentin Maraqlı şəxs1 tutularaq Ərizəçi ödənilməsi qət edilmişdir.

11. Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs1 (ikinci tərəf) xx.xx.2022-ci il tarixdə Bakı 3 saylı Mediasiya Təşkilatında MŞB/3-00844 nömrəli mediasiya işi üzrə barışıq sazişi bağlamışlar.

12. Barışıq sazişinin şərtləri aşağdakılardan ibarət olmuşdur:

1. İkinci tərəf ünvan 1 ünvanındakı 579 saylı mənzilində olan payından Birinci tərəfin xeyrinə imtina edir və mənzilin Birinci tərəfin adına keçməsinə etiraz etmir.

2. İkinci tərəf ünvan 1 ünvanındakı 579 saylı mənzili ilə bağlı ipoteka öhdəliyinin Birinci tərəfin adına keçməsinə etiraz etmir.

3. Birinci tərəf ünvan 1 ünvanındakı 579 saylı mənzilin onun adına keçməsinə, mənzilə dair kredit öhdəliyinin onun adına keçməsinə etiraz etmir.

4. Tərəflər bundan əvvəl aralarında bağlanmış 18 yanvar 2022-ci il tarixli Barışıq Sazişinin müddəalarını bir daha təsdiq edirlər.

a) Birinci instansiya məhkəməsində icraat

13. Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1 və 3 saylı Mediasiya Təşkilatı cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/3-00844 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, birinci tərəf qismində ikinci tərəf Maraqlı şəxs1 ilə birlikdə aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Müraciət əsasında MŞB/3-00844 saylı mediasiya işi açılmış və baxılması üçün mediatora həvalə edilmişdir. Mediatorun iştirakı ilə mübahisənin müzakirəsi zamanı Maraqlı şəxs1 ilə müəyyən razılaşma olmuş və bu barədə aralarında barışıq sazişi imzalanmışdır. Barışıq sazişi onların və mediatorun imzaları ilə təsdiq olunmuş və təşkilatın möhürü ilə möhürlənmişdir. Lakin buna baxmayaraq Maraqlı şəxs1 tərəfindən sazişin şərtləri icra olunmamışdır. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir.

15. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 3926/2022 saylı qətnaməsi ilə (hakim G.Əkbərli) ərizənin təmin edilməsi, Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/3-00844 nömrəli barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir.

16. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər mediasiya prosesi nəticəsində “əmlak” tələbi üzrə razılığa gələrək xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlamış, saziş eyni tarixdə tərəflər, həmçinin mediator tərəfindən imzalanaraq qüvvəyə minmiş və tərəflər üçün məcburi xarakter daşımışdır. Sazişə əsasən Maraqlı şəxs1 3 ay müddətinə ünvan 1 ünvanındakı 579 saylı mənzildən qeydiyyatdan çıxmalı olduğu halda hələ də həmin ünvanda qeydiyyatdadır. Beləliklə, maraqlı şəxs Sazişdən irəli gələn öhdəliklərini hazıradək icra etməmişdir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17, 355-23.1, 355-24, 355-25.2, 355-25.3, 355-26, 355-26.2-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 31.4, 33.4, 34.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən Maraqlı şəxs1 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsinə dair qətnamənin qəbul edilməsi xahiş edilmişdir.

19. Apellyasiya şikayətini maraqlı şəxs onunla əsaslandırmışdır ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə ona qanunla müəyyən edilmiş qaydada məlumat verilməmiş, iştirakı qanunsuz olaraq təmin edilməmişdir. Bu isə hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün birbaşa əsasdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə özünün istinad etdiyi normaların tələblərini pozmuş, iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Ərizəçi tərəfindən məhkəməyə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı müraciət edilsə də, sazişin onun tərəfindən icra edilməməsi, yaxud könüllü icra edilməməsi ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə qəbul etdiyi qətnamədə guya tərəfindən mənzildən qeydiyyatdan çıxmağı ilə bağlı öhdəliyi yerinə yetirmədiyini qeyd etsə də, nəzərə almamışdır ki, həmin sazişdə onun mənzilin ərizəçinin mülkiyyətinə keçdikdən 3 ay sonra qeydiyyatdan çıxmağı nəzərdə tutulmuşdur. Ərizəçinin mediasiya təşkilatına etdiyi müraciətdən də görmək olar ki, o, nə mediasiyaya müraciət etməzdən əvvəl, nə də sonra tərəfindən qeyd olunan şərti yerinə yetirməməyini qeyd etməmişdir. Ərizəçi ümumiyyətlə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət edəcəyini ondan gizlətmiş, guya ipoteka saxlayan bankın tələbi belə olmuşdur ki, mənzilin Ərizəçi adına keçirilməsi üçün aralarında bağlanmış barışıq sazişinin mediasiya təşkilatında təsdiqlənməsi zəruridir. Ona görə də o, mediasiya təşkilatında barışıq sazişinin bağlanılmasına etiraz etməmişdir. Lakin ərizəçi məhkəməyə müraciət edərək, yalnız barışıq sazişinin “özünə lazım olan” hissəsinin təsdiq edilməsini xahiş etmiş, məhkəmə isə əsassız olaraq məhkəmədə onun iştirakını təmin etmədən, barışıq sazişinin bütün şərtlərini deyil, yalnız iddiaçının istədiyi şərtləri təsdiq etmişdir ki, bu da yolverilməzdir və məhkəmənin qətnamədə istinad etdiyi normaların tələblərinə ziddir. Qeyd etmək istəyir ki, hazırki iş üzrə ərizəçi ilə aralarında barışıq sazişinin bağlanılmasına baxmayaraq, barışıq sazişi ilə bağlı müzakirələrin getdiyi ərəfələrdə, yənə də ona hər hansı bir məlumat vermədən, məhkəmədə onun iştirakı təmin edilmədən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin qəbul edilməsinə nail olmuşdur. Qətnamə qəbul edildikdən sonra da, qətnamənin mövcudluğu ondan gizlədilmişdir. Ərizəçi barışıq sazişi ilə bütövlükdə onun adına keçirməsini öhdəsinə götürdüyü “Ford Focus “minik markalı, **-VF-*** qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı nəqliyyat vasitəsinin ½ paylara bölünməsinə nail olmuş, daha sonra isə onu aldadaraq ünvan 1 ünvanında yerləşən 579 saylı mənzilin hazırkı qətnamə ilə öz adına keçirilməsini təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Ərizəçi apellyasiya şikayətinə dair etiraz ərizəsi göndərərək göstərmişdir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləsinin 2 saylı Əlavəsi olan apellyasiya şikayətinin forma və məzmununa uyğun deyildir. Həmçinin, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs vaxtında xəbəri olmasına baxmayaraq, qanunla nəzərdə tutulmuş müddət çərçivəsində ondan apellyasiya şikayəti verməmişdir. Eyni zamanda, ərizəçi dəfələrlə həmin qətnaməni maraqlı şəxslə müzakirə etmiş və bu hal maraqlı şəxsin apellyasiya şikayətində öz əksini tapmışdır. Hesab edir ki, apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətini qeyrimümkün hesab etməli və apellyasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılmasına dair qərardad qəbul etməlidir. Apellyasiya şikayətinə gəlincə maraqlı şəxs şikayəti yalnız iki arqumentlə əsaslandırmışdır: 1) məhkəmə iclaslarının vaxtı və yeri barədə ona qanunla müəyyən edilmiş qaydada məlumat verilməmiş, maraqlı şəxs olaraq iştirakı qanunsuz olaraq təmin edilməmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasları barədə maraqlı şəxsin şəxsi istifadəsində olan mobil telefon nömrəsinə SMS göndərilmiş, eyni zamanda məhkəmə iclasının başlamasından öncə məhkəmənin məsul şəxsi tərəfindən maraqlı şəxsə zəng edilərək məhkəmə iclasına gəlib-gəlməməsi aydınlaşdırılmışdır. Bütün bunlar ona dəlalət edir ki, maraqlı şəxs məhkəmə iclaslarından xəbərdar olmuş, sadəcə məhkəmə iclaslarında iştirak etməkdən yayınmışdır. Hazırki arqument sadəcə mülki mübahisənin məhkəmə müddətini uzatmaq xarakteri daşıyır və tamamilə əsassızdır; 2) ərizəçi tərəfindən məhkəməyə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı müraciət edilsə də, sazişin onun tərəfindən icra edilməməsi, yaxud könüllü icra edilməməsi ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Barışıq sazişi xx.xx.2022-ci il tarixdə bağlansa da və tərəflər üzərinə götürdükləri öhdəlikləri barışıq sazişi təsdiq olunduğu andan icrasına başlamalı olsalar da, maraqlı şəxs barışıq sazişi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və xx.xx.2022-ci il tarixədək (ərizəçi həmin tarixdə barışıq sazişinin təsdiqi üçün məhkəməyə müraciət etmişdir) hər hansı bir hərəkət etməmişdir. Belə ki, 3 aya yaxın bir müddətdə nə sazişin 1-ci bəndində göstərildiyi kimi – mənzilə olan payından ərizəçinin xeyrinə imtina etməsi ilə bağlı hüquqmüəyyənedici iradə ifadəsi bildirmiş, nə də ki, sazişin 2-ci bəndində göstərilən – mənzil ilə bağlı ipoteka öhdəliyinin ərizəçinin adına keçməsinə etiraz etməməsinə dair banka hər hansı bir müraciət etmişdir. Ümumiyyətlə, sözügedən barışıq sazişinin maraqlı şəxsin dediyi kimi, icra edirsə, yaxud etmişsə, o zaman bunu sübut etmək maraqlı şəxsin üzərinə düşür və o, bunu sübut edəcək sübutu apellyasiya şikayətinə əlavə etməli idi. Bundan başqa, maraqlı şəxsin barışıq sazişinin şərtlərini yerinə yetirməməsi ilə bağlı digər sübut – Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsindən maraqlı şəxsin apellyasiya şikayəti verərək, iddia tələbinin rədd edilməsini xahiş etməsidir. Bu da öz növbəsində maraqlı şəxsin hazırki barışıq sazişinin şərtlərini nəinki yerinə yetirməsinə, ümumiyyətlə qəbul etməməsinə dəlalət edir. Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək, bir neçə əlavə bəndlərin məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsinə əlavə edilməsini məhkəmədən xahiş etmişdir. Bu da maraqlı şəxsin həmin qətnaməni qəbul etməsinə, yalnız ona bəzi şərtlərin əlavə olunmasına zərurət gördüyü anlamına gəlir. Məhkəmə tərəfindən maraqlı şəxsin izahla bağlı ərizəsi xx.xx.2022-ci il tarixli qərardadla təmin olunmadıqdan (maraqlı şəxs həmin qərardadı da mübahisələndirmişdir) sonra maraqlı şəxs heç bir tutarlı əsas olmadan məhz qətnaməni mübahisələndirmişdir. Beləliklə, maraqlı şəxsin apellyasiya şikayətində irəli sürdüyü arqumentlər heç bir sübuta əsaslanmadığından əsassız sayılmalı və apellyasiya şikayəti rədd edilməlidir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs1 nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahişi etdi.

23. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi bildirdi ki, bank Maraqlı şəxs1 ilə ipoteka müqaviləsi bağlamışdır. Bu müqavilə İpoteka və Kredit Zəmanət Fondunun ayırdığı kredit xətti üzrə verildiyi üçün, bu şərtlər Fondun şəxslərə ayıra biləcək kreditlərin tələblərinə uyğun olmalıdır. Əgər uyğun olmazsa, bank qəbul etməz və fond da öz növbəsində təsdiq etməz. Ərizəçi iki ildir cari krediti ödəyir və bizdə olan məlumata görə “Pasha Construction” da işləyir. Fondla müzakirələr aparmışıq, əgər tələblər uyğundursa və məhkəmə qərarı olarsa biz icra edə bilərik. Hazırki mərhədə kreditin və öhdəliyin Ərizəçi keçməsinə hər hansı məhdudiyyət yoxdur. Bizim bununla bağlı etirazımız yoxdur.

24. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər maraqlı şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

26. Maddə 30.1. İpoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

28. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

29. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.

30. Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.

31. Maddə 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır.

32. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

33. Maddə 355-26.1.2. Barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Hazırkı işdə ərizə təmin olunduğundan, cavabdeh şikayətində qətnaməni tam mübahisələndirdiyindən qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin, ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizəçinin ərizəsi təmin edilməməlidir.

41. Məhkəmə kollegiyası ilk olaraq apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarına əsasən, birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, maraqlı şəxs tərəfindən apellyasiya şikayəti mülkiprosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilmiş və şikayət həmin qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun tərtib edilmişdir.

42. Bundan başqa, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülkiprosessual qanunvericiliyin yuxarıda istinad olunan imperativ tələblərinə əsasən, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

43. Ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunan barışıq sazişindən görünür ki, barışıq sazişinin tərəfləri kreditoru (ipoteka saxlayanı), o cümlədən İpoteka və Kredit Zəmanət Fondunu mediasiyada iştirak etməyə dəvət etmədən ipoteka ilə yüklü edilən mənzilə olan paydan digər şəxsin xeyrinə imtina edilməsi, kredit və ipoteka öhdəliyinin digər tərəfə keçməsi barədə razılıq əldə etmiş, bununla da kreditorun (ipoteka saxlayanın) huquqlarına toxunulan mübahisə üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlamışlar.

44. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almayaraq mülki-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq barışıq sazişini təsdiq etmişdir.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, eləcə də maddi və prosessual hüquq normaları pozulmuş, bunun nəticəsi olaraq məhkəmənin gəldiyi qənaət qanuni və əsaslı olmamışdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Maraqlı şəxs1 apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3926/2022 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1, 3 saylı Mediasiya Təşkilatı və "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) barışıq sazişinin təsdiq edilməsi tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar